Əli Cəfəroğlu – ” Həsrətdə qalan tar” (hekayə)

1   Həsrətdə qalan tar

(hekayə)                      

Görəsən, tar kövrələrmi? Deyəcəksiz, yox! Mən də elə düşünürdüm. Amma bu əhvalatı eşidəndə inandım ki, kövrəlir, özü də səssiz-səmirsiz…

Qərb otelinin alt mərtəbəsində yerləşən çayxanada məktəb direktoru işləyən dostumla oturmuşduq. Hərdən işdən sonra bura gəlir, çay süfrəsi arxasında söhbət edir, həm də şahmat oynayırdıq. Ədəbi mühitdə baş verən yeniliklərdən danışır, şair və yazıçıların əsərlərini müzakirə edirdik. Həzin və kövrək şeirlər yazan müəllimin, həm də şairin yeni yazdığı şeirlərini dinləmək mənə ləzzət edir, bundan zövq alırdım.

Bir gün yenə görüşdük. O, eynəyini gözünə keçirib xəyala dalmışdı. Mən sükutu pozub xəbər aldım:

- Əsgər müəllim, sən dünyagörmüş adamsan. Uzun illər Rusiyada yaşamış, şəhər və kəndləri qarış-qarış gəzmis, çoxlu insanla ünsiyyətdə olmusan. Yəqin ki, həyatında maraqlı hadisələr az deyil.

- Əlbəttə! – deyə o, təsdiq əlaməti olaraq başını tərpətdi.

- Əgər elədirsə, birini danış, – deyə xahiş etdim.

O, bir qədər dalğın görkəm aldı. Arxaya söykənib gözlərini yumdu, nə isə düşündü. Orta boylu, dolu bədənli, ağbəniz, nazik bığlı, saçları bir qədər ağarmış və seyrəlmiş bu insan gəncliyində peşəkar idmanla məşğul olmuş, müxtəlif yarışlarda qalib gəlmişdi. Oamətini düz tutaraq yeriyir, hamı ilə səmimi davranır, gənclərə öyüd-nəsihət verməkdən mənəvi zövq alırdı.

Əsgər müəllim söhbərtinə başladı.

- Hə, bir əhvalat söyləyim. Məncə maraqlıdır. Onu deyim ki, olmuş hadisədir, -  əlini masaya dayadı və sözünə davam etdi: – Bir neçə ilin söhbətidir. Onda müəllim işləyirdim. Əmək haqqım bir qədər az olduğundan ticarətlə məşğul olmağa başlamışdım. Bu sahədə əlim gətirir, yaxşı dolanırdım. Doğrusu, narazılığım yox idi. Qazandığım pulla özümə ikimərtəbəli ev tikmiş, övladlarıma ail təhsil vermiş, oğul-qızımı ev-eşik sahibi etmişdim. Ancaq bir gün işlər elə  gətirdi ki, böyük bir bəlaya düşdüm. Belə ki, şərikim, həm də dostum mənə xəyanət edib bütün pulları mənimsəmiş, ölkəni tərk etmişdi. Evdə olan hər şeyi – çürbəcür bahalı xalçaları, müxtəlif qab-qacağı, televizor, kompyuter, mebel dəstini satmalı oldum. Yalnız zalın baş tərəfində, şkafın üstündə yerləşən tarı satmağa əlim gəlmədi. Çünki tar mənə çox əziz idi. Neçə il idi ki, mənimlə yoldaşlıq edirdi. Onu göz -bəbəyi kimi qoruyur, heç kəsə etibar etmirdim. Kədərlənəndə tarda ifa etməyi sevir, əlimə götürəndə dərdlərimi unudur, sanki başqa aləmə gedirdim.

Amma nə fayda. Xeyli borc götürdüm, satdığım əşyaların pulunu verdim, həmin məbləği ödəyə bilmədiyimə görə tarı satmağa məcbur oldum. Nə qədər ağlasam, sızlasam da. Həmin gecə ürəyim əməlli-başlı ağrıdı, bundan çox pərişan oldum.

Onu deyim ki, tarı satmaq istəyimi musiqi məktəbinin direktoru Qabil müəllimə çatdırdım. O da müştəri tapacağına söz verdi. Söhbətdən  bir neçə gün sonra dostum, ailəvi gediş-gəliş etdiyimiz Qulu müəllim həyat yoldaşı ilə birlikdə evimə gəldi. O, rayonda idarə müdiri işləyirdi.

- Əsgər müəllim, eşitdim, tarı satmaq istəyirsən, oğlum musiqi məktəbinin  tar bölməsinə gedir. Ona görə almaq istəyirəm. Satırsan? –deyə xəbər aldı.

- Hə, satıram, Qulu.

- Bəs, neçəyə verirsən?

- Bu tarı Bakıdan yüz əlli ABŞ dollarına, qabını isə əlavə olaraq əlli dollara almışam.

Qulu müəllim dedi:

-Hamısına yüz əli dollar verirəm. Razısan?

Mən cavab verdim:

- Vallah, mən aldığım qiymətə, öz qiymətinə verirəm. Axı iki yüz dollar edir?!

- O isə əda ilə dedi:

- Əşi, dost deyilik?! Nə olsun ki, belə almısan. Verdiyim bəsindir. Qabla birlikdə aparıram.

Onun qaba rəftarından sarsıldım. O, bilirdi ki, mənə təcili pul lazımdır. Həmin gündən üç gün əvvəl borc pul istəmişdim, sızlayıb demişdi ki, oğlumun canı, yoxdur, kasıbçılıqdır. Ona görə  belə həyasızlıq edirdi. Amma hisslrimi cilovlayıb narazılığımı büruzə vermədim. Həmin qiymətə razılaşıb tarı verdim.

Üstündən bir müddət keçdi. “Dostları”ım bizə gəldi və dedilər ki, tar çalmır.

Mən söylədim ki, elə şey ola bilməz. Necə yəni, tarın səsi çıxmır?!

-Sənimi aldadırıq, – deyə bildirdilər.

Onların evinə getdik. Tarı əziz bir dost kimi əlimə götürdüm və yoxladım. Gördüm, doğrudan, çalmır. Həmin an düşündüm, görəsən tara nə ediblər? Mən tarı belə vəziyyətdə verməmişəm, axı. Tarı toz basmışdı, sanki uzaq bir küncə tullayıb, təmizliyinə diqqət verməmişdilər. Odur ki, tarın belə halındən çox pərişan oldum və satdığım üçün özümü qınamağa başladım. Dedim, elə mənə haqq olur. Niyə satırdın, çalmır.

Tarı götürüb evə gəldim. Qış ayları idi. Otaqda qızdırıcı vardı və qaz gur yanırdı. Ona görə içəridə istilikdən narazılıq etmək olmazdı. Tarı səliqə ilə silib təmizlədim, sığallayıb balam kimi bağrıma basdım. Köhnə yerinə qoydum. Geriyə çəkilb baxdım, uşaq tək kövrəldim. Amma nə fayda, artıq mənim deyildi.

Bir sözlə, tar bütün gecəni orada qaldı. Səhər nə olsa, yaxşıdır. Yerimdən qalxan kimi tara yaxınlaşdım, onu qucaqladım, sinəmə aldım. Simlərinə vuran kimi tar çalmağa başladı. Bu, nəydi? Möcüzəydimi? Tar çalırdı…

Nə isə. yanıqlı bir hava ifa etdim. Tar əlimdə, barmaqlarımda elə həzin, kövrək və kədərlə səslənirdi ki?! Mən donub qalmış, özümdə deyildim.

Nəhayət, götürüb onların evinə getdim və ər-arvadın yanında yanıqlı bir mahnı ifa etdim. Hətta onlar da təəccüb etdilər. Dedim, tarı soyuğa vermişdiz, tar xəstələnmişdi, onu müalicə etdim. Bir daha soyuqlatmayın!

Bu sözü deyəndə gözlərim yaşardı. Ağlamağımı görməsinlər, deyə, üzümü yana çevirib çıxdım.

Bilirsən, qəribə nə oldu? O oldu ki, bir müddət sonra yenə tarın  çalmadığını bildirdilər. – Oğlumuzu Gəncədə liseyə yerləşdirmişik. O, çıxıb gedib, daha musiqi məktəbində oxumur. Ancaq dünən evə gəlmişdi Tarı əlinə götürdü ki, ifa etsin, nə qədər cəhd etsə də, yenə çalmadı.

Mən acıqla cavab verdim:

-Bəs, deməmişdim, tarı xəstələndirməyin.

Ev sahibi dedi:

-Əsgər müəllim, bizlik nə var ki?

Bir söz deməyib tarı qoltuğuma vurub evə gətirdim. Baxımsız qalmış tarı yenə silib təmizlədim, simlərini köklədim, çalmadı, səsi çıxmadı. Götürüb bu dəfə də əvvəlki yerinə qoydum, Qazı daha gur yandırdım. Dedim, qoy soyuqdəyməsi çıxsın, özünə gəlsin. Amma bu dəfə səhərə qədər gözləməyə səbrim çatmadı. Ürəyimdə neçə illərdən bəri qubar başlamış tar həsrətimi doyunca söndürməyə qərar verdim, elə hey fasiləsiz çaldım. Evdəkilər təəccüb qaldılar, sənə nə olub? Nə yaman yanıqlı çalırsan? Onlara cavab verdim ki, siz başa düşməzsiz, işinizdə olun.

Onda dərk etdim ki, xəstəliyin adı həsrət xəstəliyidir. Tar məndən ötrü xiffət çəkir. İnandırım səni, bu kiçik alət köksünü sinəmə qoyub əməlli-başlı ağlayırdı. Bu hissi ilk dəfə keçirdiyimə görə nadanların əlində qalmasına dözə bilmirdim. Ona görə gecə başımı yastığa qoyub doyunca ağladım və Müşfiqin həyəcanlı çağırışı, onun ürək çırpıntıları mənə gün kimi aydın oldu.

- Müəllim, başını ağrıtdım, – deyə o, dilləndi.

- Nə danışırsan, Əsgər müəllim, davam et, çox maraqlı əhvalatdır, -deyə cavab verdim.

- Hə. Bunun üstündən bir müddət keçdi. Onlar yenə bizə gəldilər. Gəlişlərinin səbəbini soruşanda tarı satmaq istədiklərini bildirdilər.

Mən xəbər aldım:

- Neçəyə satırsız?

İdarə müdiri hırıldayıb dedi:

- Altı yüz ABŞ dollarına.

Mən dəhşətə gəldim:

-Necə yəni, altı yüz dollar. Axı sizə yüz əlli dollara vermişdim.

O,  üzünü turşutdu:

- Nə olsun? Sən elə vermişdin, biz belə veririk.

- Heç olmasa, iki yüzə verin alım.

- Nə danışırsan? Görmürsən, qiymətlər qalxıb. Altı yüzdən bir qəpik də olsa, aşağı vermirik.

Onların bu hərəkətinə pərişan olsam da, əlavə etməyi özümə borc bildim:

-Bəs, dostluq?! Tarı sizə satmağa məcbur qalanda, aldığım qiymətdən aşağı verdim. Unutmamısız ki? Bun dostluğun xatirinə etmişdim.

Cavabları daha kəskin oldu:

-Nə dostluq, müəllim? Bizə pul lazımdır. Oğlumuzun təhsil haqqını keçirmək lazımdır.

Mən astadan:

- Mənim o qədər pulum yoxdur! – dedim və həmişəlik olaraq evlərini tərk etdim.

Bundan sonra harada tar səsi eşidirəmsə, həsrətdə qalan tarım yadıma düşür və çox kədərlənirəm. Əminəm ki, tar da elə mənim kimi kövrəlir. Özü də səssiz-səmirsiz..

                                         

 

Əli    Cəfəroğlu (Əliyev),

Prezident təqaüdçüsü, yazıçı-publisist, Azərbaycan

Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Ağstafa rayon

Təhsil Şöbəsinin aparıcı məsləhətçisi

e-mail:Ali.cafaroqlu@mail.ru

mob.tel:050-265-88-29

 

 

 

 

 

Yazıya 829 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.