Rafiq ODAYın şeirləri

rafiq oday

 

ÖZGEÇMİŞ

Rafiq ODAY (Bayramov Rafiq Hüseyn oğlu) 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədridir. ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorudur. Azərbaycan Respublikasının “Əməkdar jurnalisti”dir. Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Portalının (edebiyyat-az.com) təsisçisi və direktorudur. Qardaş Türkiyə Cümhuriyyətində  fəaliyyət göstərən “Kümbet”  (Tokat Şairler ve Yazarlar Derneği yayın organı) və “Usare” (Ebrar Vakfı Kültür yayını) dərgilərinin Azərbaycan təmsilcisinin Başkanıdır. ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatıdır.

“Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək”, “Kütləvi informasiya vasitələrinin inkişafına dəstək” layihələrini həyata keçirən ilk AZƏRBAYCANLI ŞAİRDİR.

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsi çərçivəsində  şeirləri  “Kümbet” (Tokat şəhəri), “Kardelen” (Bilcek şəhəri) mədəniyyət və ədəbiyyatyönümlü dərgilərində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

 

 

QALMADI

 

Bu gün olanlar oldu ta,
Sabaha nəsə qalmadı.
Yollar yoxuşa dirəndi,
Getməyə kəsə qalmadı.

 

Son ümid də axtalandı,
Gözlərdə qan laxtalandı.
Fələk satan, bəxt alandı, –
Biz düşdük nəhsə, qalmadı.

 

Dan söküldü, qürub getdi,
Yalandan vay qurub getdi.
Gedənlər hayqırıb getdi,
Bir söz də pəsə qalmadı.

 

Gülüm, saçların qulacdı,
Baxdım – gözümdə gül açdı.
Dünya yaxşıya qol açdı, –
Heç zaman pisə qalmadı.

 

Bu son bir başlanğıc ola,
Eşidən başdan qıc ola,
Kim görüb ki, eşq qocala, –
Adəmdən bizə qalmadı.

 

DÜNYA BELƏ DÜNYADI…

 

Lənət olsun gərdişinə,
Gözdən salmaq vərdişinə,
Keçirdisə, gər, dişinə, –
Qurtulmağa ümid yoxdu.

 

Ömrə-günə dərd ələnib,
Edib bizi pərt, ələnib…
Düşmən elə pərdələnib,
Yırtılmağa ümid yoxdu.

 

İynədən, bizdən keçib ta,
Gəl sən də bizdə, keçib ta…
Bizimki bizdən keçib ta, –
Sırtılmağa ümid yoxdu.

 

ÖLMƏDİM

 

Nələr görmədim – tələdən
qarmağa kimi – ölmədim.
Başımdan basdılar, girdim
torpağa kimi – ölmədim.

 

Dedim, gendən az hür, tula,
Pozulmasın hüzur, tula.
İlan ağzından qurtulan
qurbağa kimi – ölmədim.

 

Atılsan çöptək səbətə,
Çox olar qoşan şəbədə.
Adam oldum mən təpədən
dırnağa kimi – ölmədim!

 

ARTIQ

 

Yeni dünya düzəninin
Təməli görünür artıq.
Şeytanların, iblislərin
Əməli görünür artıq.

 

Bu sözə qul oldu bizlər:
“Nəfsi toxlar əyilməzlər”.
Min illərlə yeyilməzlər,
Yeməli görünür artıq.

 

Bir “Xəndək” var, bir “Xeybər” var,
Gör nə qədər bixəbər var.
Nə “xeyir”dən bir xəbər var,
Nə “bəli” görünür artıq.

 

Sonu varmış sabahların,
Göyə bülənd bu ahların,
Yerli, yersiz günahların,
Bədəli görünür artıq.

 

 

 

KEŞİK ÇƏKİR

 

Qucaq açdi gülə sinəm,
Bəlkə bir az gülə sinəm.
Gözlərimin giləsinə
Bir damla yaş keşik çəkir.

 

Həyadan yana tər sinə,
Üz qızara, tər isinə.
Yaxşı ki, deyil tərsinə, –
Ayağa baş keşik çəkir.

 

Üzdü xəyanət canımı,
Yurda əmanət canımı.
Namərd kəsdirib yanımı,
Əlində daş keşik çəkir.

 

Alsa ruhunu dərd ələ,
Budur ən böyük dərd elə,
Olub bir sürü dərd ilə,
Bağrım badaş, keşik çəkir.

 

Ahım haradan haraya…
Yetiş, Yaradan, haraya,
Ölümü qoyub araya,
Göz ilə qaş keşik çəkir.

 

AĞRIYIR

 

Dərd əkib, qəm biçməkdən,
Qol yerindən ağrıyır.
Kasıb yoxdan, harınsa
Bol yerindən ağrıyır.

 

Gözlərim oyum-oyum,
Nə baxdım ki, nə doyum?!
Canımı hara qoyum? –
Sol yerindən ağrıyır.

 

İçimə damcılayır
Çölümün qançırları.
Kürəyim qamçıların
Zol yerindən ağrıyır.

 

Yerə girən boy sızlar,
Kök inləyər, soy sızlar.
Bədəsillər, soysuzlar
Döl yerindən ağrıyır.

 

Dünya məhbəs, qəfəs dar,
Ya al, ya ver – nəfəs dar.
Cəmi yaranmış ki var –
“Ol” yerindən ağrıyır.

 

Rafiq ODAY.

 

 

Yazıya 713 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.