Elşən Əzim – “28- DİLIMİZDƏKİ MAY, ŞÜURUMUZDAKI APREL”

Elşən Əzim - "Qəm bu qədər şirin olmaz, Doymur Elşən Əzim səndən"Və ya sonuncu komsomolun etirafları
Bu yazını yazmağa məni Cümhuriyyət günü paylaşdığım bir status, daha doğrusu o statusa olan reaksiyalar vadar etdi. Sosial şəbəkədə yazdığım iki cümlə ilə sovet dövrünün fəsadlarının, həmin dövrdən qalmış bəzi ənənələrin, şüurumuzda özünə yer eləmiş naftalin qoxulu düşüncələrin çağdaş cəmiyyətimiz üçün zərərlərli olduğunu işaıqlandırmağa çalışmışdım. Hər şeyə xırda məişət çərçivəsindən baxan bir dəstə cahil bu tale yüklü iki cümləyə özlərinə yaraşan biçimdə don geydirərək hörmət etdiyim şəxsləri üzərimə qaldırmağa çalışdılar. Özü də sosial şəbəkə müstəvisində də deyil, elə əsiri olduqları məişətin ən aşağı qatlarında… Və bu yazını yazmaqda məqsədim dünyaya baxışı hər hansı bir regionun gələnkləri çərçivəsindən kənara çıxa bilməyən, nəinki regionun, bir dərənin, nəinki bir dərənin, dərənin dərinliyindəki bir kəndin, nəinki bir kəndin, kəndin içərisindəki bir məhəllənin səviyyəsindən o yana keçə bilməyən mütrüflərə cavab vermək deyil, yarımçıq qalmış fikrlərimi tamamlamaqdır
Hərdən yarızarafat, yarıgerçək deyirəm ki, sonuncu oktyabryat yaş həddi ilə bağlı təqaüdə çıxanda cəmiyyətimizdəki bütün çolaq tərəflər sağalacaq. Təxmini hesablamama görə, sonuncu oktyabryatın indi 35 yaşı olar. Mən isə sonuncu oktyabryat deyiləm, dəqiq deyə bilərəm ki, sonuncu komsomollardan biriyəm. Deməli yaxamı qırağa çəkməyim doğru olmaz. “Bu günahdan bir azca da məndə var” etirafında bulunmağım yerinə düşər. (Naşı dərzilərin bu sözlərimə də don biçməməkləri üçün deyim ki, rəhmətlik atam da kommunist olub və Sovet dövrünün ziyalılarından, elm və təhsil adamlarından, böyük şəxsiyyətlərindən, İctimai siyasi xadimlərindən danışmıram. Hədəfim o dövrün xırda məmurcuqları, məddah şair və yazıçılarıdır)
Keçmiş sovet respublikalarının əksəriyyətində sosialist dövrünə aid olan, sosalizm realizmi deyilən qondarma ədəbi cərəyanın təsirindən çıxa bilməyən ədəbiyyatdan imtina edilib. Biz isə ədəbi zövqümüzü korlayan, söz sənətinin dərinləklərinə enməkdə bizə mane olan, 1937 qoxulu əsərləri hələ də övladlarımıza öyrədirik, onların da ədbi zövqlərini alt-üst edirik. Unuduruq ki, az-çox bədii təfəkkürü olan bir qələm sahibinin sətiraltı laylara varan iki cümləsini doğru anlamamağımızın da səbəbi məhz sözü ideologiya maşınına çevirərək bayağılaşdıran sovet cəmiyyəti olub. Yalnız 70-80-ci illərdə ədəbiyyat bir qədər azad nəfəs almağa başladı ki, bu şəraiti də uzaqgörən siyasətçi, Ulu öndər Heydər Əliyev yaratdı.
Bu gün çağdaş cəmiyyətimizin ən yüksək səviyyədə mübarizə apardığı neqativ hallar Sovetin lazımsız mirasları deyilmi? Bu gün ölkə başçısının başlatdığı çoxşaxəli islahatların kökündə dayanan əsas məzmun köhnəfikirliliyin, gerizəkalılığın qarşısını almaq deyilmi? Bütün sahələrdə və mənə daha yaxın olan təhsil sahəsində baş verən inqilabi dəyişiklilərin, yaradılmaqda olan şəffaf mühitin, kadr islahatlarının əsas mayyitəi yeni düşüncənin, modern təfəkkürün oturuşmasına doğru atılan adddımlar hesab edilmirmi?
Təhsil demişkən, əziz oxucum, illər öncə yaddaşımda ləkə, ürəyimdə çat kimi qalan bir hadisəni sənin də diqqətinə çatdırım. 2002-ci ildə yenicə müəllim işləyirdim. Məcburi köçkünlük dövrünün maddi sıxıntıları içərisində başa vurduğum təhsilimin ilk bəhrələrini görməkdəydim. Sənətimi sevirdim, ixtisasımın- dil və ədəbiyyatın sevdalısıydım. Məcburi köçkün məktəbinin azsaylı (kağız üzərində çox idi )şagirdləri əyləşən siniflərinə daxil olarkən qürur duyurdum. Sinifdən çıxanda tələbə vaxtımdan qalmış kostyumumun qolları dirsəyəcən təbaşir tozuna bulaşırdı. Sən demə həmin dövrdə mənim işlədiyim regionda təhsilə, məktəblərə rəhbərlik edənlər isə xirtdəyəcən dəhşətli korrupsiyaya bulaşırmışlar. Dövlət orqanlarının apardığı yoxlamalar elə iyrənc faktları ortaya çıxarmışdı ki, onları detalları ilə yazmağa müqəddəs bildiyim sözün saflığını, qələmin mürəkkəbini, hətta klaviaturamın düymələrini belə layiq bilmirəm. Sovet qalıqlarının törətdiyi bu əməllər məni sevdiyim sənətimdən iyrəndirməyə başlamışdı. Başımı götürüb qaçmaq istəyirdim təhsil sahəsindən. Uşaqlıqdan arzusunda olduğum mətbuata üz tutmaq istəyirdim. Ancaq nə Bakıda mənə dəstək olacaq bir kəs, nə paytaxta üz tutmağa yol pulum vardı. Doğrudur, paytaxta gedə bilməməyim yaradıcı potensalımı tükətmədi, fəqət daha da inkişaf etməsinə mane oldu. Paralel olaraq, bölgə mətbuatında da çalışdım, bir layihə çərçivəsində “Sovqat” uşaq qəzetinin baş redaktoru oldum, “Söz odası” qəzetini təsis etim, kitablarım nəşr olundu və s. Yəni bölgədə də olsam qismən mətbuata və ədəbiyyata yönəlik arzularımı da həyata keçirə bildim. Təhsil sahəsinə olan küskün ovqatım isə davam etməkdə idi. Şükrlər olsun ki, dövlətimizn yaratdığı şəffaf mühit gənc müəllimlərin də təhsildə önə keçməsinə səbəb oldu və bunlardan biri də mən oldum. (Yuxarıda göstərdiyim cinayət faktlarına etiraz edənlar tapılsa, daha dəqiq detallarla araşdırma yazısı yazmağa hazıram.)
Bu yerdə böyük Sabirin bir beyti yadıma düşdü:
Bəs niyə böylə bərəldirsən, a qare gözünü,
Yoxsa bu ayinədə əyri görürsən özünü?
Sözümün canı odur ki, Sovet dövründə də qeyrətli kişilər öz vəzifələrini şərəflə yerinə yetirdilər, milli-mənəvi dəyərlərimizi aşınmalardan qorudular, onlar öz işlərini görüb bitirdilər. Artıq onların gördüyü işlər bu gün üçün aktual deyil. Onların davamçısı olmaq da nə cəmiyyətimizə, nə də o rəhmətliklərə bir xeyir verməz. Zaman bizi daha intellektli, modern düşüncəli, kreativ olmağa səsləyir.
Və siz də naşı dərzilər, paslı qayçılarınızla sözə “güllü don” biçməkdənsə, əsiri olduğunuz məişət qeybətlərinin dar gözlüyündən dünyaya baxmaqdansa, bir az şüurunuzda inqilab edin. 28 aprelin nökər, qul adına deyil, ondan 23 ay əvvəlki 28 mayın şərəfli vətəndaş adına layiq olmağa çalışın!!!
31.05. 19

 

 

 

Yazıya 672 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.