Vaqif Səmədoğlu – Günaha batmağım gəlib, ay Allah… (şeirlər)

Vaqif_Semed1o11gluAzərbaycan Xalq şairi Vaqif Səmədoğlunun  şeirlərini   Azərbaycan Mədəniyyət və Ədəbiyyat Portalı 
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü Kamran Murğuzov təqdim edir: 

Yusif Səmədoğluya

Yorğunluq axşamıdır,
Böyüyüb saat səsi.
Evdə təkcə özüməm,
Gözləmirəm heç kəsi
.
İçimdə baş qaldırıb
Yenə də ölüm eşqi.
Ümid dərsləri bitib
Qurtarıb arzu məşqi.

Qızarılmış mal əti,
Bir az gürcü çaxırı.
Ya günün əvvəlidir.
Ya da ömrün axırı.

Bərq vuran tülkü gözü
Sönməz həyat şamıdır.
Böyüyüb saat səsi
Yorğunluq axşamıdır..

1995

.

Günaha batmağım gəlib, ay Allah…

Günaha batmağım gəlib, ay Allah,
Cəsarət dəmidir, saxlama məni,
Sənə inamdan da gözəl bir qız var,
Xəyanət dəmidir, saxlama məni.

Nə millət uğrunda, nə yurd uğrunda,
Nə türklük uğrunda, boz qurd uğrunda,
Sevdalı faciə, xoş dərd uğrunda
Fəlakət dəmidir, saxlama məni.

Özün bax, gör dünya nələrlə dolmuş.
Gör nələr olacaq, gör nələr olmuş,
Yalanla, şərabla, qəmlə yoğrulmuş
Həqiqət dəmidir, saxlama məni.

Qoy artsın dirimə, ölümə söyən.
Halıma ağlayıb dizinə döyən,
Baxtın şahə qalxan atı kişnəyən
Səadət dəmidir, saxlama məni.

Dəymə, qoy qəlbimə girsin bu ilan,
Onun zəhərinə indi can qurban,
Bütün qanunlara meydan oxuyan
Cinayət dəmidir, saxlama məni.

Qoy bu gün sevinim, utanım sabah
Yarımçıq çıxmasın sinəmdən bu ah,
Günaha batmağım gəlib, ay Allah,
Məhəbbət dəmidir, saxlama məni!

1996

.

Füzuliyə

Bu gün dənizi siləndə
Giləvarın yaylığı
Yenə dindi təkliyimin
Yorğun söz azadlığı…

Sən bəlkə də sevinərdin
Baxıb dənizə sarı.
Axı yuxuna girməzdi
Rus çarının tankları…

Bilirsənmi, vaxt dəyişib,
Məcnun fit çalır tində.
Özbəklər xələt paylayır
Sənin yubileyində…

Bilirsənmi, artıq kəsib
Ümid keçən yolları
Tikilməmiş türmələrin
Hörülməmiş hasarı…

Gecə yarı, ay sapsarı,
Nə yapışmışam səndən?
Yəhərlənməmiş dünyanın
Yıxılıram belindən…

1968

.

* * *

Şeir yazmaq tutub məni.
Ağlımı itirmişəm
şeir yazmaq arzusundan.
Dilimə gələn sözlərin quluyam,
ürəyimdə qalanların dəlisi.
Şeirə söykənib
baxmaq istəyirəm
dünya dediyimiz şeyə,
dünyadan
şeir arxasında gizləndiyim kimi…
Hər itkim bir şeirə dönüb,
hər sözümlə
ömrümdə nəsə sönüb.
Nə irəli getmək istəyirəm, nə geri.
Nə sola, nə sağa.
Dünya bəhanəymiş şeir yazmağa

Bacarsaydım qurudardım,

Dünyanın dənizlərini,
Xəzər yudu bu gün, gülüm,
Sahildəki izlərini.
O balaca ləpirləri

Çoxmu gördü dünya mənə,
Gözmü dəydi izlərinə?
Yerə vurdun sözlərimi,
Dindi yerim sarı simi…

Eşitmişəm yol üstəsən,
Yaz, göndərim gözlərimi,
Harda ağlamaq istəsən…

 

    Yazıya (129) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.