İslam terror dini deyil, əxlaq dinidir-Elvin ARİFOĞLU

SAVE_20190823_221658“İslam əxlaqında ali bir sevgi ilə yanaşı ətraf mühitə önəmli çağrış var…”
Dövrümüzdə bir çox müsəlman ölkəsində həqiqi İslam anlayışından uzaq, bayağı həyat tərzi var. Bu bayağılıq sadəcə bəzi nəzakət qaydaları və nəzakətdən uzaq davranışlar demək deyil. Bayağılıq Allahın qədrini layiqincə təqdir etməməkdən, həqiqi Quhruan əxlaqı ilə yaşamamaqdan qaynaqlanan yanlış həyat tərzidir. Bu yanlış həyat tərzi insanın düşüncə tərzindən zövqünə, həyatındakı hədəflərindən gözəllik, estetika və zarafat anlayışına, söhbət mövzularından mimikalarına qədər bütün həyatını əhatə edən geniş anlayışdır.
İnternetdəki axtarış saytlarının şəkillər bölməsinə ingiliscə müsəlman sözü yazdıqda bayraq yandıran, bir-birinə hücum edən, üzlərində nifrət dolu qorxunc ifadə ilə bağıran insanların şəkilləri çıxır. Dünyada müsəlmanlar haqqında bu cür yanlış təsəvvür oyatmağa çalışırlar.
Dünyadakı yanlış İslam anlayışının səbəbi Quranda bildirilən və Peyğəmbərimizin (s) yaşadığı həqiqi İslama tabe olunmamasıdır. Bu, bir çox insanın bildiyi, ancaq tam anlamadığı vəziyyətdir. Çünki bəzi insanlar dinimizdə olmayan xurafatları varmış kimi göstərirlər. Bir çox müsəlman ölkəsində xurafatlarla dolu, sevgidən, anlayışdan, gözəllikdən, estetikadan, yəni keyfiyyətdən uzaq İslam anlayışı hakimdir və hətta bu qəbul edilir.
Bu yanlış örnəklərə görə, bir çox insanın ağlına müsəlman dedikdə sərt, sevgisiz, bədbin, incəsənət anlayışından məhrum, elmə qarşı olan, zarafat anlayışı olmayan, geyinməyi bilməyən, musiqidən zövq almayan, nəzakətsiz, şəfqətsiz insanlar gəlir.​
Əlbəttə, bu, çox böyük xətadır və fərqində olmadan bir çox insana zərər verir, İslamdan uzaqlaşdırır.
Səmimi müsəlman mənəvi cəhətdən də kübardır
Bəzi insanların keyfiyyət anlayışı Allahın Quranda diqqət çəkdiyi keyfiyyətdən fərqlidir. Bu insanların keyfiyyət anlayışı bahalı avtomobil, markalı geyimlər, çox gözəl ev və yaxşı təhsillə məhdudlaşır. Əlbəttə, Allahın bəxş etdiyi nemət kimi bu sadalananlar gözəl və estetik görünüşə səbəb ola bilər. Lakin əsl keyfiyyət ruhən olmalıdır.
Allah insana bütün digər varlıqlardan fərqli olaraq ruh vermişdir. Ona görə də insanın mənəviyyatındakı zənginlik çox böyük təsir oyadır. Bu zəngin mənəviyyat insanın keyfiyyətini artırır. İnsanın mənəvi aləmi nə qədər gözəldirsə, o qədər kübar olur. Mənəvi gözəllik isə Allahın şənini layiqincə təqdir edən, həmişə yüksək əxlaqla davranan səmimi müsəlmanda üzə çıxır. Allah qorxusu və Allah sevgisi ilə hərəkət etdiyinə görə, rəftarında və danışığında həmişə vicdanı, ağlı və iradəsi ilə hərəkət edən səmimi müsəlman Allahın Quranda əmr etdiyi kimi ən gözəl sözü söyləyir, ən gözəl şəkildə davranır. Nəticədə də elə bir insana çevrilir ki, hamı onunla birlikdə olmağı xoşlayır, ətrafına rahatlıq və sevinc verir.
Belə bir insan, eyni zamanda, hər şəraitdə nəfsi istəklərinin əvəzinə Allahın rizasına uyğun olanı seçir. Öz rahatlığının, ehtiyac və istəklərinin yerinə Allah rizası üçün həmişə başqalarının rahatlığını, ehtiyaclarını və istəklərini ön planda tutur. Bunun üçün fədakarlıq edir, səy göstərir, lakin qarşılığını ancaq Allahdan gözləyir. Bu üstün əxlaq insanı əsalətli və mənəvi cəhətdən keyfiyyətli edir. Belə insanlar heyranedici, yüksək əxlaqa, maddi yolla heç cür əldə edilməyən üstün şəxsiyyətə malik olurlar.
Qəlbən daima Allah ilə birlikdə olan və axirətdəki sonsuz cənnət həyatını qazanmaq şövqü ilə yaşayan mömin Allahın bir neməti olaraq dərin mənəviyyata malikdir. Bu mənəvi keyfiyyəti gözəlliklərdən həzz almasında, hadisələrə həssaslığında, başına gələnlərin hikmətini şüur açıqlığı ilə qavramasında, sevgisində, şəfqətində, ədalətində, incə düşüncəsində, bir sözlə, həyatının hər anında mühüm fərq yaradır. Ona görə, Quran əxlaqı ilə tam yaşayan möminlər gözəl əxlaqlı, əsalətli, dərin düşünən, hədəfləri və düşüncələri geniş olan çox kübar insanlar olurlar.
Bayağılıq miskinlik və sevgisizlik meydana gətirir
Keyfiyyət müsəlman üçün həyatda hər cəhətdən vacib xüsusiyyətdir. Lakin İslam dinini yanlış anlayanlar çox bayağı İslam anlayışını təbliğ etməyə və yaşamağa cəhd göstərirlər. Ona görə, bəzi insanlar da İslam dinini onların yaşadığı həyatla eyniləşdirir və İslama qarşı çıxırlar. Bu insanların yanlış anlayışına görə, müsəlmanlar dünyanın bir çox ölkəsində sərt qarşılanır. Bunlar yanlış anlayışlarına görə, əsasən, baxımsız, kirli, çirkin, İslama və Qurana uyğun olmayan sistemi İslam dini kimi təqdim edirlər. Yemək yeyərkən, geyinərkən, danışarkən çox bayağı davranır və bu cür bayağı həyat tərzini israrla davam etdirirlər. Gözəlliyi tamamilə aradan qaldıran model formalaşdırır və gözəlliyi haram hesab edir, çirkin və baxımsız insanın təqvalı olduğunu iddia edirlər. Musiqi dinləmir, rəsm sevmir, insanlardan uzaq durur, danışmır, iltifat və təmas etmirlər. Bu düşüncələrinə və bayağı həyat tərzlərinə görə həyatdan küsürlər. Allahın əmrinə əsasən, namaz qılır, oruc tuturlar, lakin bu əmrləri yerinə yetirmək onları sevindirmir, əksinə, qaraqabaq olurlar. Bayağılıq üzərilərinə çökdüyünə görə, evlərinin içi, özləri, hətta yaşadıqları şəhərlər belə baxımsız və miskin olur. Küçələrdə rəngsiz, ağacsız, çiçəksiz mühit, ətrafa səpələnmiş zir-zibil, qeyri-estetik binalar, baxıma möhtac tarixi tikililər olur.
Bu insanlar bir-birlərinə və qadınlara hörmət etmir, alçaldıcı üslubla danışırlar. Başqalarına hörmətlə yanaşmır, mübahisə edir, qışqırıb-bağırır və dalaşırlar. Kobud və zorakıdırlar. Bayraq yandıran, qəzəb və nifrətlə öldürməkdən bəhs edən, əllərində dəyənək, üzlərində nifrət olan bu insanlar hər kəs üçün iyrənc mənzərədir.
Bayağı insanların ən əsas xüsusiyyətlərindən biri də təzyiq və zorakılıqla öz həyat tərzləri və inanclarını başqa insanlara mənimsətməyə çalışmalarıdır. Dini vəzifələri yerinə yetirməyən və ya inancı zəif olan insanlara sözlə və fiziki işgəncə verir, hətta öldürməyin belə doğru olduğunu vurğulayırlar. Halbuki, Allah Quranda təzyiq göstərməyi haram etmişdir. Qurana əsasən, müsəlman anlayışlı, mehriban olmalı, qarşısındakı insana doğrunu gözəl sözlə izah etməli, onun fikir və dəyərlərinə hörmət etməli, təkcə özü üçün deyil, bütün insanlar üçün ən gözəl mühiti təmin etməlidir.
Demokratiya və azadlığı məhdudlaşdıran, estetika və gözəllikdən uzaq hərəkətlər isə insanlara narahatlıq verir, onlarda əks-münasibət meydana gətirir. Xurafatçılar bu əks-münasibətin İslama qarşı olduğunu desələr də, əslində, əks-münasibət İslama deyil, bayağılığa qarşıdır. Quranda təsvir edilən İslam anlayışı isə keyfiyyətli həyat tərzidir.
İslamda keyfiyyət Quranın ən əsas mövzularından biridir
Allah ən yüksək dərəcədə keyfiyyəti cənnətdə yaratmışdır. “(Orada) hara baxsan, nemət və böyük bir mülk görərsən” (İnsan, 20) ayəsində xəbər verildiyi kimi, cənnətin hər yerində keyfiyyət və gözəllik hakimdir.
Geyimlər zövqlüdür:
Taftadan və atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər. (Duxan, 53)
Evlər və küçələr ehtişamlıdır:
Lakin Rəbbindən qorxanları üst-üstə tikilmiş, altından çaylar axan otaqlar gözləyir. Bu, Allah’ın vədidir. Allah vədinə xilaf çıxmaz. (Zumər, 20)
Əşyalar dəbdəbəlidir:
Onlar üçün qızıl sinilər və piyalələr dolandırılacaqdır. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız. (Zuxruf, 71)
İnsanlar kübar və gözəldir:
Orada xoş xasiyyətli, gözəl üzlü qadınlar vardır. (Rəhman, 70)
Allahın cənnətdə yaratdığı bu gözəllik və keyfiyyətin dünyadakı bənzəri isə ancaq əsl İslam əxlaqı ilə yaşamaqla mümkündür. Əsl İslam dinində iltifat, fədakarlıq, sülh, sevgi, demokratiya, əyləncə, estetika və həmçinin gözəl, baxımlı, cazibədar insanlar var. Belə İslam anlayışı dünyada İttihadi-İslamın qəbul edilməsinə və İslam əxlaqının hakim olmasına vəsilə olar. Dövrümüzdə bu İslam anlayışının hakim olmasına İmam Mehdi (ə.s) vəsilə olacaq. Hədislərdən bu dövrdə insanların daima gözəlliklə qarşılaşacağı, əxlaqları kimi yaşadıqları yerlərin, bağların, evlərin dekorasiyasının, geyimlərinin, dinlədikləri musiqinin, əyləncə tərzlərinin, rəsmlərinin, söhbətlərinin də gözəlləşəcəyi başa düşülür. Peyğəmbərimiz (s) bir hədisində İmam Mehdi (ə.s) dövründəki bu gözəl mühiti belə müjdələmişdir:
“DÜNYADA VİRANƏ YER QALMAYACAQ VƏ İMAM MEHDİ (Ə.S) HƏR YERİ BƏRPA EDƏCƏK, ABADLAŞDIRACAQ”.​
Keyfiyyət həyatın ən başlıca bərbəzəyidir. Keyfiyyət itdikdə insanlar bədbinləşir, narahat olur, eqoist və hissiyyatsız olur. İbadətlərini yerinə yetirirlər, ancaq bayağılığa görə bədbəxt olurlar. Qaranlıq, miskin evlər, estetikadan uzaq məkanlar, baxımsız ibadətxanalar insanlara xoşbəxtlik gətirmir. Baxımsız görünən, üzündə sevgi ifadəsi olmayan, bezgin, qəzəbli, pis üslubla danışan, gözəlliklərdən zövq almayan, hətta bunları məhv etməyə çalışan, bir sözlə, mənfi enerjilərini ətrafa yayan insanlar cəmiyyətdə çoxalır.
Belə cəmiyyətdə isə qardaşlıq, gözəllik, sevgi, əmin-amanlıq, qısaca desək, rahatlıq yox olur. İnsanlar bir-birindən uzaqlaşır və hətta bir-birindən çəkinib qorxurlar.
Bu bəladan xilas olmağın yeganə yolu isə Quranda bildirilən, xurafatdan uzaq İslam əxlaqını tam mənimsəməkdir.
Həyatı boyu çoxlu sayda insanın hidayətinə vəsilə olan mübarək Peyğəmbərimizin (s) keyfiyyət anlayışı hər birimiz üçün nümunədir
Peyğəmbərimiz (s) çox keyfiyyətli həyat yaşamış, həmişə yüksək əxlaqla davranmışdır. Ən gözəl, ən təmiz yeməklər yemiş, ən gözəl paltarlar geyinmişdir. Əbası həmişə ağ və ya digər rəngdə tərtəmiz, dişləri parlaq, təmiz olmuşdur. Keçdiyi yollarda xoş ətrinin qoxusu qalmış, olduğu mühitləri sanki cənnətə çevirmişdir. Hətta səhra şəraitində gül bağları salacaq qədər gözəllik və estetikaya meyilli olmuşdur. O dövrdəki imkanlarla ən gözəl şərtlərdə keyfiyyətli həyat yaşamışdır.
Peyğəmbərimizin (s) seçdiyi sözlər, işlətdiyi cümlələr, müraciət formaları çox keyfiyyətlidir. Peyğəmbərimizin (s) Xanımı Aişə (s.ə) buyurur: ​ “Rəsulullahdan (s) daha gözəl əxlaqlı heç kim yoxdur. Səhabələrdən və ailəsindən birisi onu çağırdıqda: “Buyurun”, – deyə cavab verirdi. Buna görə Allah ona: “Həqiqətən də, sən böyük əxlaq sahibisən”, – buyurmuşdur”, – deyə Peyğəmbərimizin (s) gözəl əxlaqını tərif etmişdir. Qadınlara verdiyi əhəmiyyət və üstünlük onun üstün mənəviyyatının göstəricilərindəndir. Uşaqlara olan sevgisi, daima gözəl söz söyləməsi, incə düşüncəli olması, Allahdan çox qorxması, vicdanlı olması, qısaca desək, bizim nümunə götürdüyümüz bütün gözəl əxlaqi xüsusiyyətlər Peyğəmbərimizin (s) keyfiyyətə verdiyi əhəmiyyətin dəlillərindəndir.
Peyğəmbərimiz (s) dövrünün ən müasir, ən kübar insanıdır. Ən mərhəmətli, ən gözəl geyinən, ən gözəl davranan, ən ağıllı, ən şəfqətli, ən ədalətli şəxsdir. Allahın izni ilə, İmam Mehdi (ə.s) dövründə hər kəs bu gözəl əxlaqla yaşayacaq. Bu dəyərli şəxsiyyətin vəsiləsilə dünya sanki cənnətə çevriləcək, bolluq, bərəkət, gözəlliklər artacaq, hər kəs bir-birinə sevgi, şəfqət göstərəcək, qarşısındakını öz nəfsindən üstün tutacaq.
Bayağılıq İslama düşmən olan gizli qüvvədir
Möminlər Quran əxlaqının qazandırdığı üstün keyfiyyət anlayışının İslamın bütün dünyaya təbliğ edilməsində nə qədər mühüm yer tutduğunu dərk edirlər. Əvvəla, iman gətirmiş insan sözləri ilə olduğu kimi, davranışları ilə də ətrafındakı insanlara Quran əxlaqını təbliğ edir. Ona görə, bir mömin anlayır ki, Quran ayələrində bildirilən bütün gözəl əxlaqi xüsusiyyətləri və incə davranışları, əvvəlcə, özü tətbiq etməli və digərlərinə nümunə olmalıdır. Çünki bayağılıq, əslində, İslama düşmən olan, içəridən müsəlmanlara zərər verən, Quran əxlaqının təbliğinə mənfi təsir edən gizli qüvvədir. İslam əxlaqının tərəfdarı olan və başqalarını da Quran əxlaqı ilə yaşamağa çağıran insanın özünün Quran əxlaqı ilə layiqincə yaşamaması, imanına yaraşmayan tərzdə davranması gizli şəkildə İslam əxlaqının təbliğinə ziyan vurur. Bayağı insanların Quran əxlaqına uyğun olmayan bayağı hərəkətlərlə gözəl əxlaq və keyfiyyətə tərəfdar olması insanlar üzərində müsbət təsirin formalaşmasına mane olur. Bir çox insan gözəl əxlaqı təbliğ edən insanların davranışlarındakı bu çatışmazlıqlara görə mənfi təsirlənirlər. Bu, onların Quran əxlaqı haqqında yanlış qənaətə gəlməsinə və məhz bu cür insanların davranışlarına görə İslamdan uzaqlaşmalarına səbəb olur.
Unutmaq olmaz ki, hər möminin təkbaşına İslamı və bütün müsəlmanları təmsil etmək kimi mühüm vəzifəsi var. Həyatının hər anında harada, hansı şərtlər altında və necə insanlarla olsa da, Quran əxlaqına uyğun həyatından əl çəkməməlidir. Olduğu mühitə, təmasda olduğu insanların əxlaqına, mövqeyinə və ya maddi gücünə, gördüyü işə, iştirak etdiyi söhbətin mövzusuna görə dəyişməməlidir. Çünki belə davranış Quran əxlaqına ziddir. Allah Quran ayələrində davamlı olan saleh əməllərin qəbul edildiyini bildirir. Mömin Allahın rizasına ən uyğun əxlaqda həyatının sonuna qədər qətiyyətli olar. Allah’ın rizasına uyğun olmadığını bilə-bilə Quran əxlaqına zidd hərəkətləri etməz. Allahın Quranda bildirdiyi və təriflədiyi təqva əxlaqına uyğun olan budur. Allah Quranda möminlərin təqva sahiblərinə rəhbər olan nümunəvi şəxslər olmağı qarşılarına məqsəd qoyan insanlar olduğunu belə bildirir.
Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et! – deyərlər. (Furqan, 74)
Elvin ARİFOĞLU
“Dost” jurnalının baş redaktoru

Yazıya 611 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.