Akif ABBASOV – “TAXTA QAŞIQ”

akif abbasov(hekayə)

Tər Təmizov 50 yaşına çatmışdı. Hələ də subay idi. Xeyr, ömründə evlənməmişdi ki, deyək dul idi. Anadangəlmə subaydı. Yan-yörəsinə baxıb arada qeyrətə gəlirdi ki, evlənsin, amma bu yaşında fərasət sahibi deyildi ki, birinin qolundan yapışıb ona xoş sözlər desin, ürəyini ələ alsın.

Axırda iş yoldaşlarına ağız açdı. Kömək dilədi. Onlar:

-Ay Tər Təmizov, axı sənin ipinin üstünə odun yığmalı deyil, – dedilər. -Evlənmə məqamı yetişəndə, bir hoqqa çıxaracaqsan, bizi də biabır edəcəksən, özünü də.

-Yox, yox, canım üçün subaylığın daşını atmaq istəyirəm. Bacı-qardaşlarım da məni üzdən-gözdən salıblar ki, evlənim. Yazıq ata-anam “Evlən” deyə-deyə köçlərini bu dünyadan çəkdilər. Arzularını ürəklərində qoydum.

Can Ciyərov əlini ona uzatdı:

-Deyinən sən öl evlənirəm.

Tər Təmizov əlini uzatdı:

-Sənə qıymıram, özüm ölüm evlənirəm.

Bu dəfə Xeyir Xəbərov dilləndi:

-Sənin ən yaxşı namizədin Gül Baharovadır. O da subaydır. Aranızda vur-tut 10 yaş fərq var. Onun 40 yaşı var.

Ertəsi gün Qol Qanadovun kabinetinə yığışdılar. Gül Baharovanı da məsələdən hali eləmişdilər. O, Tər Təmizovu tanıyırdı. Bilirdi subaydır, o qadının, bu qadının bostanına daş atan deyil. İndi gəlmişdi söhbətə ki, görsün bu işlərin axırı necə olacaq.

Qol Qanadov şöbə müdiri idi. Üzünü məclis əhlinə tutaraq:

-Gəlin Tər Təmizovla Gül Baharovanı burada qoyub özümüz “Nargilə” kafesinə düşək, – dedi. -Tər Təmizov, sən də söhbətini qurtarandan sonra gələrsən kafeyə.

Tər Təmizov ayağa qalxıb baş endirdi:

-Baş üstə, rəis.

Əməkdaşlar qapıya sarı getdilər. Əllərindəki torbada araq, pivə vardı. Kafedə də kabab sifariş verəcəkdilər.

Tər Təmizovun fikri arağın, pivənın, lülə kababın, tikə kababın, basdırmanın yanında, dostlarını ötürüb qayıtdı gəldi Gül Baharovanın yanına…

… Qol Qanadov, Can Ciyərov, Xeyir Xəbərov gəlib yetişdilər “Nargilə” kafesinə. Xörəkpaylayan onlara kabinet göstərdi. Əllərindəki içkiləri stolun üstünə qoyub sifarişlərini verdilər. Sifarişləri gələnə kimi biri əlüzyuyana sarı getdi, biri ayaqyoluna dəydi, Qol Qanadov siqaret çıxarıb yandırdı. Baharın ilk ayları olduğundan hava xoş idi. Kabinetə təzəcə keçmişdilər ki, bir də gördülər budur Tər Təmizov gəlir.

Can Ciyərov tez:

-Niyə tez durdun? – deyə xəbər aldı.

Xeyir Xəbərov təəccüblə:

-Qadınla söhbət etmədin? – dedi.

Qol Qanadov da öz növbəsində:

-Biz sizi tək qoyduq ki, yaxından tanış olasınız, arxayın söhbət edəsiniz…Bəs söhbət etmədin?

Tər Təmizov dilləndi:

-Elə şey olar?! Əlbəttə, söhbət etdik. Mən Gül Baharovadan soruşdum: “Mənə ərə gələrsən?” Cavabında dedi: “Yox”. Mən də söhbəti tamamlayıb dedim: “Onda gedə bilərsən”. O da durub getdi, mən də tez özünü bura çatdırdım.

Dostlar bir-birinə baxıb başlarını buladılar. Qol Qanadov:

-Belə söhbət olar?! – deyə soruşdu.

-Mənə yox dedi, daha nə danışacaqdım.

Can Ciyərov fikrini bildirdi:

-Gərək soruşaydın: Sizdə taxta qaşıq var?

Tər Təmizov gözlərini döydü:

-Taxta qaşığın bura nə dəxli?

-Hə, taxta qaşıqda böyük hikmət var. Gül Baharova səndən soruşacaqdı: İndiki zamanda taxta qaşıq nəyə lazımdır? Onda deyərdin: bilirsən, gözəl xanım, nazlı xanım, taxta qaşıq həmişə gərəkli olub. Analarımızın, nənələrimizin əlindən tutub. Quymağı, xəşili taxta qaşıqla qarışdırıblar. İndi də dəbdədir. Tefal qazana, tefal tavaya dəmir qaşıq vursan, onların tefal qatı gedər, dəmir qaşıq qazanı, tavanı cızar. Ondan sonra gərək qazanı da, tavanı da qolun getdikcə tullayasan. Tefal qazanda yemək bişirəndə, tefal tavada kartof qızardanda yeməyi, kartofu taxta qaşıqla qarışdırırlar. Onda Gül Baharova görəcəkdi ki, sən ailəcanlı kişisən, təsərrüfatdan başın çıxır, həm də söhbət üçün mövzu olacaqdı.

Tər Təmizov fikrə getdi:

-Bunları mənə əvvəldən deyəydiniz də. İş-işdən keçəndən sonra nağıl danışırsan. Əşi, canınız sağ olsun. Araq süzün.

Qol Qanadov:

-Araq öldürsün səni, – dedi. –İndi bildim nə üçün söhbətiniz alınmayıb. Fikrin arağın yanında qalıbmış. Elə bildin arağı içib qurtaracaq, sənin payını saxlamayacağıq?

Xeyir Xəbərov:

-Tər Təmizov, səndən evlənən olmaz. Elə belə eləmisən ki, indiyə kimi subay qalmısan. Ə Can Ciyərov, bununçun araq süz.

Yazıya 811 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.