Akif ABBASOV – “TƏMƏNNA”

  akif abbasov (hekayə)

          -Qızım, gözümə bikef dəyirsən…

         Elmira müəllim Əsməri görən kimi sualı belə oldu.

         Qız tez özünü əhvalı şən göstərməyə çalışaraq gülümsədi:

         -Yox, müəllim, sizə elə gəldi.         

         Ayaq saxlayıb salamlaşdılar. Elmira müəllim hiss etdi ki, qız nəyisə ondan gizlədir, utanır deməyə. Özünü şad göstərmək istəsə də, əslində bahar buludu kimi dolub durub. Müəllim dərinə getmədi:

         -Necəsən? Dərslərin necə gedir? Dərs deyəndə, əslində imtahan sessiyasıdır.

         Əsmər tələbə idi. Mühəndis ixtisasını seçmişdi. Özü də çalışqan və səyli idi.

         -Hər şey yaxşıdır, müəllim. Siz necəsiniz?

         -Şükür. Qızım, axşamüstü bir mənə dəy. Evə gələrsən, gözləyəcəyəm.

         Əsmər tez:

         -Yaxşı, müəllim, gələrəm, – dedi.

         Ayrıldılar.

         Əsmər Elmira müəllimlə qonşuluqda iki tələbə yoldaşı ilə kirayədə qalırdı. Oxumağa Araz rayonundan gəlmişdi. Kasıb ailənin qızı idi. Yaxınlarda anası rəhmətə getmişdi.

         “Yazıq qız. Yəqin anasının xiffətini edir”, – deyə Elmira müəllim düşündü. “Ana itkisi yamandır! Doğru deyiblər: “İnsan atadan yox, anadan yetim qalır. Xüsusən qız uşaqları. Qadınların çoxu ərini itirəndən sonra ərə getmir, həyatlarını övladlarına həsr edir, onların xoşbəxtliyi yolunda şam kimi əriyirlər. Əksər kişilər belə deyil. Mərhum qadınlarını nə qədər çox istəsələr də, müəyyən vaxtdan sonra yenidən evlənirlər. Buna başqa səbəb də var. Qadın dünyasını dəyişəndə uşaqlar kimi kişilər də yetim qalırlar. Baxanları olmur. Oğul-uşaq ətraflarını bassa da”.

         Yol boyu gedə-gedə, avtobusda əyləşəndə də bu düşüncələr Elmira müəllimi tərk etmədi. Qənaəti bu oldu ki, Əsmərin narahatlığı anası sarıdandır.

         …Qapının zəngi saat 18-ə on dəqiqə qalmış səsləndi. Əsmər idi. Elmira müəllim ona yer göstərdi. Müəllimdən daha çox ev sahibi kimi ona yanaşdı. Çay, paxlama, şor qoğalı, şəkərbura gətirdi. Stolun üstündə vazda mer-meyvə də vardı. Əsmər sıxılırdı. Həmişə olduğu kimi. Bir neçə dəfə müəlliminin dəvəti və təkidi ilə bu mənzildə olmuşdu. Elmira müəllim  həmişə ürəkaçıqlığı, səmimiyyət və mehribanlıqla onu qarşılayıb yola salmış, öz doğma qızı kimi ona yanaşmış,  yedirməmiş buraxmamışdı. Tələbəçilik  idi. Qızın nəyəsə ehtiyacı olurdu.  Birini ödəyə bilirdi, birini yox.

         -Hə, indi danış görüm, sənə nə olub? Özündə-sözündə deyilsən. Anana görədir? Allah rəhmət eləsin. Heç kim bu dünyanı tutub durmur. Kimi tez, kimi gec həyatla vidalaşır. Bilirəm, ağırdır, çətindir. Mən də atamı, ərimi itirmişəm.  Əlimizdən nə gəlir? Özünü ələ al.

         Əsməri ağlamaq tutdu. Elmira müəllim ayağa qalxıb onu qucaqladı:

         -Ağlama, qızım.

         Əsmər göz yaşlarını silə-silə:

         -Müəllim, indi elə vəziyyətdəyəm ki, anam da yadımdan çıxıb.

         Elmira müəllim əlini onun çiynindən götürüb geri çəkildi. Sınayıcı nəzərlərlə  ona baxdı. Ağlına min fikir gəldi: “Cavan, yaraşıqlı qızdır, yəqin aldadıblar onu, ismətinə toxunublar, bəlkə də hamilədir. Bundan betəri nə ola bilər? Heyf. Gül kimi qızdır”.

         Müəllimin sınayıcı və narahat baxışlarını görən və onun nə düşünə biləcəyini təxmin edən  Əsmər qəddini düzəltdi:

         -Yox, müəllim, ağlınıza pis fikir gəlməsin.  Mən elə bir qəbahətli iş tutmamışam. Dilxorçuluğumun başqa səbəbi var.

         Elmira müəllimin sual dolu baxışları ona dikilmişdi. Əsmər sözə başladı:

         -Bayaq soruşdunuz imtahanlarım nə vəziyyətdədir? Bəzilərin artıq vermişəm. Bir imtahanım qalıb. Hazırlaşmışam. Müəllim qiymət yazmaq istəmir. Qrup nümayəndəsinə tapşırıb ki, bizdən pul yığsın. Siz yaxşı bilirsiniz mənim imkanım necədir…

         Elmira müəllim soruşdu:

         – Qalan hansı imtahandır?

         Əsmər dedi.

         -İmtahanı kim götürür?

         Əsmər cavab verdi.

         – Deyib neçə manatdan yığın?

         Əsmər bunu da dedi.

         -Müəllim, imtahana hazırlaşmışam. Qrup nümayəndəsi bunu müəllimə deyəndə bilirsiniz nə cavab verib?

         -Nə?

         -Əllini yellədərək: Oxuyub deyirsən? Özü üçün oxuyub. Mənim haqqımı çatdırsın. Qrup nümayəndəsi bildirəndə ki, anam rəhmətə gedib, nəzərə alın. Məhəl qoymayıb.

         Elmira müəllim donub qalmışdı. O müəllimin əvəzinə özü xəcalət çəkirdi: “Müəllim də tələbəyə əl açar? Düzlükdən, əxlaqdan, mənəviyyatdan, təmizlikdən dəm vuran bu adam sonra hansı üzlə auditoriyaya ayaq basır?”

         -Qızım, narahat olma, qiymətini alacaqsan. Dünya dərəbəylik deyil ha.

         Əsmər tutuldu və bərk narahat oldu: “Elmira müəllim yəqin dekana, ya da prorektora deyəcək, aləm bir-birinə qarışacaq. Mənim üstümə töküləcəklər ki, bizi də pis günə qoydun”.

-Bilirsiniz, müəllim, bəlkə lazım deyil… Sonra məni institutdan qovdurar.

-Bundan belə qalıb işləsə – qovdurar.

Əsmər lap özünü itirdi:

-Mənim qovulmağım  cəhənnəmə. Elə biləcəklər mən satqınlıq eləmişəm. Qızlar məndən üz çevirəcəklər. Elə müəllimlər də.

-Qızım, gəl bu məsələni qapayaq. Elə həll edəcəyəm ki, nə şiş yanacaq, nə də kabab. Sənin adın da olmayacaq. Sizdən də pul yığılmayacaq. İnşallah imtahanını verib qayıdarsan rayona, dincələrsən. İndi səndən bir xahişim var.

Əsmər maraqla ona baxdı. Müəllimin ondan nə xahişi ola bilərdi?

-Sənə bir hədiyyəm var, gərək onu qəbul edəsən.

Əsmərin yanaqları qızardı. Utanırdı.

Elmira müəllim şifonerə sarı gedib dəbdə olan bir donla geri qayıtdı. Əsmərin gözləri kəlləsinə çıxdı. Ömründə belə yaraşıqlı don geyməmişdi. Beləsini yalnız arzularında, ya da yuxusunda geyinə bilərdi.

Əslində Elmira müəllim bu donu özü üçün almışdı. Əsmər səliqəli geyinirdi. Amma bir donun içərisində idi. Axşamlar paltarını yuyar, səhər tezdən ütüləyərdi ki, dərsə gedə bilsin. Başqa dəyişiyi yox idi.

Elmira müəllim çoxdan idi bu donu Əsmərə təklif etmək istəyirdi. Fəqət qızın xətrinə dəyəcəyindən ehtiyat edirdi. Son zamanlar o qədər yaxınlaşmışdılar ki, axır ki,  təşəbbüs göstərdi. Donu Əsmərə uzadanda qız:

-Müəllim, nə bu zəhmətdir? Lap xəcalət verirsiniz. Siz məni öz doğma qızınız kimi əzizləyirsiniz.

Elmira müəllim təkidlə:

-Elə isə, ana hədiyyəsi  kimi qəbul et, -dedi.

Əsmər qulaq asmalı oldu. Elmira qonşu otağa keçdi. Əsmər geyinib fırlanmağa başladı. Sevinci aşıb-daşırdı. Müəllimi ona hədiyyə vermişdi.

Əsmər tuflilərini dəhlizdə soyunmuşdu. Elmira müəllim onların da köhnəldiyini, birinin hətta yandan didildiyini görmüşdü. Bu dəfə əlində təzə tuflilərlə geri döndü:

-Qızım, bu tufliləri də özüm üçün almışdım. Amma ayağımı sıxır. Heyfim gəlir. Bunları da geyməli olacaqsan.

-Ay müəllim…

-Müəllimini dinlə…  

Əsmər tufliləri də geyindi. Gözəlliyi birə min artdı. Gözləri yaşarmışdı. Qaçıb müəllimini qucaqladı:

-Hədiyyələrə görə demirəm. Kaş bütün insanlar sizin kimi ürəyi geniş olaydı. 

 

 

    Yazıya (311) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.