Akif ABBASOV – “ŞAHZADƏ II MEHMƏTİN TƏHSİLİ”

akif abbasov (“Fateh Sultan Mehmət” romanından)

         Orta əsrlərdə istər müsəlman, istərsə də Avropa ölkələrində şahlar, sultanlar, imperatorlar və krallar övladlarının təhsilini və tərbiyəsini diqqət mərkəzində saxlayır, onların  mükəmməl təhsil almaları  üçün ən yaxşı müəllimləri seçirdilər.

Makedoniyalı İsgəndəri xatırlamaq kifayətdir. O, “Dünyanın sonuna və Böyük Xarici Dənizə” şüarı altında müharibələrə başlayarkən, təsadüfi olaraq qələbələr qazanmırdı. Aldıqları  təhsil, yiyələndiyi bilik və təcrübə, gördükləri  tərbiyə sayəsində buna nail olurdular.  Bu sahədə yaxşı müəllim, tərbiyəçi az rol oynamır.  İsgəndərin müəllimi qədim yunan filosofu Aristotel idi. İsgəndər 16 yaşına qədər böyük filosofdan dərs almışdı.

Aristotel İsgəndərə və məktəb yoldaşlarına əxlaq,  dintəbabətfəlsəfəməntiq və incəsənət dərsləri keçirdi. Böyük filosof  İsgəndərdə Homerin yaradıcılığına, ələlxüsüs “İliada” əsərinə dərin məhəbbət yaratmışdı. Aristotel hətta “İliada”nın izahlı nüsxəsini də ona hədiyyə etmişdi.  İsgəndərdə əsərə maraq və ehtiyac o qədər güclü idi ki, həmin nüsxəni hərbi yürüşləri zamanı da özü ilə də aparırdı. 

Digər ölkələrdə olduğu kimi,  dünyanın ən böyük və ən qüdrətli dövləti olan Osmanlı imperatorluğunda da Sultanların övladları,   şahzadələr, xüsusən vəliəhdlər mükəmməl təhsillə əhatə olunur, bu məqsədlə dövrün ən savadlı müəllimləri   və alimləri təlim və tərbiyə işlərinə cəlb edilirdilər.

Sultan II Murad xan  Mehmətin yaxşı təhsil almasını və yetişməsini  istəyirdi. Ona görə də erkən yaşlarından onunçun savadlı müəllimlər seçib ayırdı.

Həmin ərəfədə  müqəddəs Məkkə ziyarətindən gələn ilk Osmanlı şeyxülislamı Molla Fənari   Molla Güranini də özü Ədirnəyə gətirmişdi.

Sultan Murad xan şeyxülislam Molla Fənarini qəbul etdi. Söhbət zamanı oğlu Mehmət üçün savadlı bir müəllim axtardığını bildirdi. Bunu eşidən şeyxülislam dedi:

-Mən sizə ləyaqətli və  dünyagörüşlü bir alimi və təcrübəli müəllimi məsləhət görərdim.

Sultan həmin şəxslə maraqlandı. Şeyxülislam bildirdi:

-Məsləhət bildiyim şəxs Molla Güranidir. Misirdə  alimlərdən təlim alıb,   təfsir, hədis və fıkıhda yüksək mərtəbəyə çatıb.

II Murad xan onun təqdimatından razı qaldı:

-Çox gözəl, çox pakizə. Molla Güranini görmək istərdim.

Osmanlı şeyxülislamı Molla Fənari Sultanla görüşüb ayrıldı. Tez bir zamanda Molla Gürani Sultanın hüzurunda oldu. II Murad xan Molla Gürani ilə söhbətindən bu qənaətə gəldi ki, şeyxülislamın namizədi çox önəmli, savadlı və təcrübəlidir, Mehmətin təhsilini və tərbiyəsini ona həvalə edə bilər.

Molla Guranı əvvəlcə Bursa mədrəsələrindən birinə müəllim təyin olundu. Sonradan  şahzadələrin təhsili ilə məşğul olmaq üçün Mənisəyə göndərildi. Həmin zamanlar şahzadə Mehmətin altı yaşı vardı, Mənisə sarayında idi.

Molla Guranı dərslərini riyaziyyat, həndəsə, təfsir, hədis, fiqh, kəlam və tarix fənləri üzrə aparırdı.

Fəqət atasının istəyinin əksinə olaraq Mehmətin oxumağa həvəsi yox idi. Müəllimini incidirdi. İtiağıl, dərrakəli, zəkalı olsa da ərköyünlüyündən  qalmır, məşğələ otağına gecikir, dərsin tez qurtarmasını səbirsizliklə gözləyir, təlimlər zamanı diqqəti yayınır, bəzən dərslərə hazırlıqsız gəlirdi.

Molla Guranı ona irad tutanda Mehmət qayıdıb deyirdi:

-Oxumaq mənim nəyimə lazımdır? Mən böyüyəndə Sultan olacağam.  Sultan yaxşı qılınc oynatmağı, nizə və ox atmağı, güləşməyi bacarmalı, düşmənləri yerində oturtmağı   bilməlidir. Hə, bir də  ölkəni idarə etməlidir. Mənə güləşməyi, ox atmağı, qılınc tutmağı öyrədin. Bu dərsləri mənasız hesab edirəm. Müharibəyə kitabla yox, qılıncla gedirlər! Biliklə yox, atla yola düşürlər!

Molla Guranı:

-Ay oğul, sən Şahzadəsən! – dedi. -Şahzadə mükəmməl təhsil almalı, elmlərə vaqif olmalıdır. Dünyanın gərdişindən xəbər tutmalıdır. Ağlımızı nurlandıran təhsildir, elmdir. Təhsil  həyata, kainata açıq gözlə baxmağımıza kömək edir.   Sultana bilik almaq, elm öyrənmək Birinci növbədə şahzadəyə, lazımdır ki, ölkəni ağılla, dəddakə ilə idarə eləsin.

Mehmət laqeyd halda ona baxaraq:

-Sizin dediklərinizdən mənim ağlım bir şey kəsmir, – dedi.  -Mən gedirəm ox atmağa, qılınc oynatmağa. Həvəsim olanda gələrəm, dərs keçərik.

Mehmət qaçaraq getdi, Molla Guranı onun ardınca baxa-baxa qaldı.  Son illər ərzində o, bir çox uşaqlara dərs keçmişdi. Uşaqlar da, ata-anaları da onun təlimindən razı qalmışdı. Amma Mehmətlə heç cür bacarmırdı. Elə öz bildiyini edirdi. Ona görə başqa çarəsi qalmadı. Sonra Sultanın yanında xəcalətli qalacaqdı. Hələ yəqin ki, Sultan üstəlik şeyxülislam Molla Fənariyə də irad tutacaq: “Tərifli müəllimin bu idi!” deyəcəkdi.

Molla Guranı Sultan Murad xanın Mənisəyə gəlməsindən xəbər tutub çox pərt halda   II Murad xanın hüzuruna getdi. Sultan onu çox hörmətlə qəbul etdi:

-Yaxın gəl, şərafətli müəllim! İşlər necə gedir? Bizim Mehmətin dərsləri nə yerdədir?

Molla Guranı belə təmtəraqlı qarşılanmadan sonra Mehmətdən şikayətlənməyi özünə ayıb saydı. Bilmədi ki, nə desin, nə danışsın.

Onun susduğunu görən Murad xan özü dilləndi:

-Molla Guranı, cavab verməkdə nəsə çətinlik çəkirsən. Problem nədədir? Mehmət oxumur?

Molla Guranı dinmədi. Yenə Sultan sözə başladı:

-Əlbəttə, oxumur. Yoxsa nə problem ola bilər ki? Yəqin səni də incidir. Bu uşaqlar belədirlər. Ərköyün olurlar. Mehmət də dəlisovun biridir.

Sultan ani fikrə getdi. Sonra ayağa qalxıb əlini pərt, halı pərişan  şəkildə sakitcə oturmuş Molla Guranınin çiyninə qoydu:

-Ürəyinizi sıxmayın, çarəsini taparıq.

Ertəsi gün Sultan özü dərs keçilən otağa daxil oldu:

Molla Guranı ayaq üstə idi, Mehmət əyləşmişdi, qarşısında kitab və yazı yazmaq üçün kağızlar vardı.  Molla Guranı Murad xanın gəlişini gözləmədiyindən çaşıb qaldı, “Xoş gəldin” edib, mil dayandı. Mehmət tez ayağa qalxdı. Sultan Mehmətə müraciətlə:

-Eşitdiyimə görə, oxumaq istəmirsən? Dərdin nədir? Şahzadə də savadsız olar?

Mehmət başını aşağı saldı.

Murad xan sözünə davam etdi:

-Bundan belə məcbur olub oxuyarsan.

Murad xanın işarəsi ilə içəri bir dəyənək gətirdilər. Murad xan Mehmətə:

-Başını qaldır! – dedi.

Mehmət atasına qulaq asdı. Murad xan  üzünü Molla Guraniyə tutdu:

-Bu dəyənəyi gətirmişəm ki, Mehmət sənə qulaq asmayanda bununla onun aşını-suyunu verəsən. Eşidirsən, Mehmət?

Mehmət başı ilə təsdiq etdi. Sultanın işarəsi ilə dəyənəyi otağın küncünə qoydular.

Sultan xudahafizləşib çıxdı.  Mehmət narazı nəzərlərlə müəlliminə baxdı, amma heç bir söz demədi.

                                 * * *

Günlər keçdi.  Ərköyünlüyündən atasının xəbər tutması və üstəlik döyülmək qorxusu Mehməti dərslərə diqqət göstərməyə məcbur edirdi. Əvvəlki vaxtlara nisbətən az-çox dərslərinə fikir verirdi. Amma bu müəllimini təmin etmirdi. O,  Mehmətdən daha çox fəallıq və şüurluluq gözləyirdi.

Təbii ki, Molla Guranı heç zaman dəyənəyə əl atmadı. Ağıllı, zəkalı və dərrakəli Mehməti kötəkləməyə onun əli gəlməzdi. Mehmət də bunu hiss etmişdi. Bilirdi ki, atası icazə versə də, müəllimi ona əl qaldırmaz. Bu yenə onu arxayınlaşdırmışdı.

Sonradan onun təhsili əslən azərbaycanlı olan Məhəmməd ibn Şeyx Həmzəyə – Ağ Şəmsəddin əfəndiyə  tapşırıldı.  Ağ Şəmsəddin tanınmış   din xadimi və  alim idi.  Zahirən və daxilən gözəl şəxs, dünya elmlərinə vaqif  bir şəxsdi. Bəzi mənbələrdə onun Şam şəhərində, digər mənbələrdə  isə, Şamaxı şəhərində doğulduğu bildirilir.   Yetmiş il ömür sürmüşdü.

 Saqqalı ağappaq olduğundan və daim  ağ libas geydiyindən ona Ağ Şəmsəddin deyirdilər. O, təbrizli Şihabəddin Yəhya Sührəverdinin nəslindən idi. Ağ Şəmsəddin Anadoluda məşhur təsəvvüf alimi Hacı Bayram Vəlinin  müridi olmuşdu.
Hacı Bayram Vəlidən təlim alan Ağ Şəmsəddin tez bir zamanda təsəvvüfün bütün sirlərinə yiyələnmişdi.

Hacı Bayram Vəlinin II Murad xanla şəxsi tanışlığı vardı. Sultan ona böyük dəyər verirdi. Bir gün II Murad xan hətta dörd yaşlı oğlu şahzadə Mehmət də yanına alıb onun ziyarətinə getmişdi.  Hacı Bayramın yanında ağ paltarda, ağ baş geyimində, dümağ saqqalda nurani bir şəxs də vardı. Hacı Bayram Vəli həmin adamı Sultana təqdim etdi:

-Mənim ardıcılım Məhəmməd ibn Şeyx Həmzədir. Adına  Ağ Şəmsəddin deyirlər.  

Sultan söhbət zamanı Hacı Bayram Vəliyə:

-Hacı, mən Konstantinopolu almaq mənim çoxdankı arzumdur! Amma hələ ki, buna nail ola bilməmişəm, -dedi. Sonra əlavə eydi. -Konstantinopolu İslam şəhərinə çevirmək istəyirəm.

Hacı Bayram Vəli dərhal  cavab vermədi. Bir qədər fikirləşib ehtiyatla:

 -Çox gözəl arzu və istəkdir! Fəqət bu asan başa gəlməyəcək! Bu yolda çox qanlar tökülüb, səmərəsi olmayıb. Lakin Konstantinopolun bir zaman Osmanlı tərəfindən alınacağına mən də inanıram! Fəqət bunu nə sən,  nə də mən görəcəyəm!

Sultan Murad xanın kefi pozuldu. Hətta bura gəldiyinə görə peşman oldu. Fikirləşdi: “Bu qoca xərifləyib deyəsən! Xeyir-dua vermək əvəzinə, nəs gətirir”.

Xudahafizləşib getmək istəyirdi ki, Hacı Bayram dörd yaşlı uşağı – Mehməti və Ağ Şəmsəddini göstərərək sözünə davam etdi:

-Sultanım, cəsarət etdiyimə görə üzr diləyirəm. Doğru sözümdür. Konstantinopolun fəthini biz, yəni nə sən,  nə də mən görəcəyəm. Lakin şahzadə  Mehmətlə mənim  müridim Ağ Şəmsəddin görəcəklər!

Sultan II Murad xanın kefi duruldu. Ağ Şəmsəddin onda xoş təəssürat yaratdığı üçün onu II Mehmetin müəllimi vəzifəsinə məsləhət bildi.

Lakin Mehmət nadincliyindən qalmırdı. Ağ Şəmsəddini də incidirdi. Onun hərəkətləri  Ağ Şəmsəddini əsəbiləşdirirdi. Belə anlarda hövsələsini güclə basırdı.

Dəyənək məsələsindən Ağ Şəmsəddinin də xəbəri vardı. Arada küncə qoyulmuş dəyənəyi Mehmətə göstərərək:

 -Bax səni cəzalandıracağam  ha…

 Mehmət də öz növbəsində nümayişkaranə şəkildə:

-Mən Sultanın oğluyam, cəzalandıra bilməzsiniz! – deyə cavab verirdi.

Bir gün məlum oldu ki, dəyənək yoxa çıxıb. Ağ Şəmsəddin əlüstü başa düşdü ki, bu, Mehmətin işidir. Başa düşsə də, açıb-ağartmadı.

 Şəxsiyyətinə sığışdırmadığı üçün  Ağ Şəmsəddin Murad xana şikayət edə bilmirdi. Son zamanlar Mehmət lap ağ eləmişdi. Dözə bilməyən Ağ Şəmsəddin vəziyyəti Sultana anlatdı. Bunu eşidən Sultan haldan çıxdı, amma tez toxdadı. Nəsə düşünüb fikrini Ağ Şəmsəddinə dedi. Ağ Şəmsəddin ona qulaq asıb başını yellədi:

-Sultanım, məni əfv edin. Bunu bacarmaram. Yox, yox, nə danışırsınız?

-Mənim dediyin olacaq! Ağ Şəmsəddin! Olacaq!

Ağ Şəmsəddin kor-peşman sarayı tərk etdi. Özündə-sözündə deyildi.  Çıxılmaz vəziyyətdə qalmışdı.

Ertəsi gün müəllimi ilə şagird arasında yenə söz-söhbət oldu. Ağ Şəmsəddin acıqlı halda dedi:

-Mehmət, artıq səbrim tükənib. Cəza alacaqsan!

Mehmət qorxu-hürkü bilmədən onunla dilləşirdi:

-Sultan oğlunu heç kim cəzalandıra bilməz!

Bu zaman qapı açıldı. Sultan II Murad xan  daxil oldu. Ağ Şəmsəddin üzünü Sultana tutaraq:

-Dərs gedir. Bu şəkildə sinfə girmək yaramaz! Xahiş edirəm, çölə çıxasınız! Nə zaman icazə versəm, onda gələrsiniz!

Sultan ayaq saxladı. Əlini sinəsinə qoyaraq üzrxahlıq etdi:

-Bağışlayın, müəllim. Üzr istəyirəm, – deyib otaqdan çıxdı.

Gözləri qarşısında baş verən hadisədən Şahzadə Mehmətin matı-mutu qurudu. Xeyli donmuş və hərəkətsiz vəziyyətdə qaldı. Müəllimin hökmünə bir bax!  Mehmətin özünə arxa bildiyi şəxsi – Osmanlı imperatorluğunun Sultanını otaqdan çıxarmış, onu cəzalandırmışdı. Sən demə, müəllimi böyük səlahiyyətə malik imiş! Mehmət də adı insan kimi baxırmış.

Bu zaman qapı döyüldü. Ağ Şəmsəddin:

-Buyurun, – dedi.

Murad xan müəllimin icazəsindən sonra otağa daxil oldu. 

Murad xanla Ağ Şəmsəddinin planı öz təsirini göstərdi. Həmin gündən etibarən  Şahzadə Mehmət bir daha ərköyünlük və müəlliminə qarşı itaətsizlik etmədi, dərslərinə səylə hazırlaşmağa, yaxşı oxumağa, nümunəvi davranmağa başladı.

                               * * *

Mehmətin  təfəkkürünün və dünyagörüşünün formalaşmasında və müsəlman inam və əqidəsinin möhkəmlənməsində İslam təhsilinin böyük rolu oldu. 

Mehmət sonralar öz təcrübəsində elmlərin təcrübəyə tətbiqinin islam  epistemologiyasınin təsirindən bəhrələndi.    Bu sahədə, təbii ki,  Molla Guraniyə borclu idi.  

Ağ Şəmsəddinin  təlimi və təsiri Mehmətin həyatının lap erkən illərindən güclü təsir buraxmışdı. Bu təsir, xüsusən  onun islamdan irəli gələn  – Konstantinopolu tutmaqla Bizans imperiyasına son qoymaq kimi önəmli vəzifəsinin yerinə yetirilməsi ilə nəticələndi. Hacı Bayram Vəlinin bir zamanlar uzaqgörənliklə dediyi söz həqiqətə çevrildi.

Mehmət orta əsrin məşhur alimlərindən olan Molla Ayazdan da dərs aldı.

Ona italyan, fransız, ərəb, fars, latın, yunan, İndoneziya və serb dillərini də öyrətmişdilər. Bu ona görə lazım idi ki, gələcəkdə xanədanın başına keçəndə idarə edəcəyi məmləkətlərdən və əcnəbi ölkələrdən  gələn elçilərə və dövlət xadimlərinə  öz dillərində müraciət edə, onları başa düşə bilsin.

Tarix və coğrafiya fənləri vasitəsilə Osmanlı sultanlarının və dünya cahangirlərinin həyatı və döyüş təcrübələri ilə tanış olmaq imkanı qazandı və lazım olan  təcrübəni topladı. Onların uğurlarının və yol verdikləri səhvlərin səbəblərini öyrəndi, təhlil süzgəcindən keçirdi. Nəticədə məqsədyönlü, planlı və sistemli hərəkət etmə fikrinin vacibliyinə əmin oldu.

Dini təhsili sayəsində özünün həyat tərzini, qanun və nizamını tənzimləyə bildi.  Texniki biliklərə əsasən gələcəkdə müharibələri səmərəli aparmaq,  çevik və sürətli hərəkət etmək, az itkiyə yol vermək üçün  texnikalar, taktika və strategiyalar müəyyənləşdirə bildi. Hətta istirahət edərkən belə texniki işlərlə məşğul olmağa başladı.

Mehmət  əcnəbi şəxslərdən çox şey öyrəndi.

Mənisə sarayında italyan humanist Anconal Giriaco və başqa italyanlar ona dərs demişdilər. Onlar Qərb tarixi və Antik yunan filosoflarının həyatı ilə şahzadəni tanış edir, filosofların həyatlarına dair kitabları oxumasına nail olurdular. 

Hazırda Topqapı Sarayının  arxivində  II Mehmətin şahzadəlik illərindən qalma qaralama dəftərləri saxlanır. Həmin dəftərlərdə latın və  ərəb hərfləri, Roma büstlərini xatırladan insan rəsmləri və Osmanlı fiqurları əks olunub.

 

 

Yazıya 483 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.