Həbib Həbiboğlu – “Pornaimdən Savalana baxanda…”

88979949_3327491817264473_3620639700903002112_nGörəsən nə vaxtdan nəzərlərimiz beləcə Savalan səmtə dikilib? Məncə, bunun tarixi doğma qardaşlarımızın o tayda qalmasından əvvələ – Zərdüşt peyğəmbərdən də öncəyə gedib çıxır. Bu ümid, inanc, intizar baxışlarının yolunun Cənubdan, əksərən Yardımlı səmtdən keçib Savalana tuşlanmasının mənim üçün rəmzi mənası var.
Böyük şairimiz Sabir Rüstəmxanlı oraları ucqar adlandıranlara vaxtı ilə yazdığı şeirlə tutarlı cavab vermiş və yada salmışdı ki, Yardımlı Azərbaycanın lap mərkəzində yerləşir…
Beş- altı kəndi birləşdirən Pornaim bölgəsindən üzünü qiblə səmtə tutanda Savalanla üz-üzə qalırsan. O Savalan ki, təfəkkürümüzdə həmişə sirr haləsinə bürünmüş bir məfhumdur. Müqtədir alim Hacı Əliqismətdən bu sözün mənasını soruşdum. Bir az düşünüb dedi ki, ərəbcə deyil. Sonra əlavə elədi ki, heç farsca da deyi. Deyəndə ki, “ay Hacı, birdəfəlik de türkcədir də”, yenə həmişəki cavabını verdi:” Mənim mənbələrim bunlardır. Onu siz deyərsiniz. Amma hər yerdə oxumuşam ki, Savalanda peyğəmbər və böyük övliyalar dəfn olunub”. ..
Göytürklərin zamanında peyğəmbərə savçı deyirdilər. Yəni, sözgətirən. Peyğəmbər də farsca xəbərgətirən (ərəbcə “nəbi” də həmin mənadadır) deməkdir. ” Söz-sov” birləşməsində dilimizdə hələ də işlənir. “Alan” isə “meydan” anlamında işlək sözdür. “Savalan”- ilahi sözlərin saxlandığı məkan mənasını verir. Elə “savaş” da indiki cihad, yaxud, xaç yürüşü mənasını verən sözdür, yəni din uğrunda , ilahi söz uğrunda müqəddəs döyüş. Doğrudan da, Savalandakı mağaralarda çox zəngin kitabların olduğu barədə məlumatlar tarixdən bəllidir. Elə ulu Zərdüştün də Avestanın yazıldığı mətnləri orada qorunmuşdur. Təəssüf ki, ətrafdakı kənd, yer adlarını da aborigen olmayan xalqların dilində yozmağa cəhd edirik. Əzizlərim, hər kənddən küp qəbirlər çıxır, hər qəbristanlıqda qoç heykəli var burda, Komanıda eramızdan əvvəl V əsrə aid kurqan tapıldı, türkün tarixi də Nuhun oğlu Yafəsə qədər gedib çıxır. Bunlar kifayət eləmir, yenə də toponimləri eybəcərləşdiririk ki, təki hansısa dildə anlaşılsın.

..Mənim ordakı evimin yanından üzü qibləyə duranda qarşıdakı kəndin – indiyəcən Zenqaran kimi eşitdiyimiz adı “Zenkəran” kimi dəyişdilər. Həmin kəndin üstündəki təpədə bir yer var: “Səngər daşı”. Babaların o səngərə sığınıb hansı basqınların qarşısını aldıqları ilə işim yoxdur, amma orada “Səngəran”- yəni, səngər olan yer adlı kənd saldıqları daha ağlabatandır, nəinki, “Yəhər düzəldənlər” kimi qondarma yozumlar.

Gözümüzü açanda böyüklərimizi namaz qılan görmüşük. Təsbehlərini də canamazın qarşısında yarımdairə şəklində yerə qoyardılar. Orada namaz qılanda üzü qibləyə durarkən dağlar təsbeh dənələri kimi Savalanla aranda durur, sanki niyyətinin Savalan yox, Məkkə olduğunu sənə xatırladır. Yəni, heç bir əski inanclar səni həqiqi qiblədən yayındırmamalıdır. Əlbəttə, bunlar bir rəmzdir, amma doğrudan da qarşı dağlar təsbehi xatırladır- Haçayurd,Holavar, Tiydaş, Mursaqulu…hərəsi təsbehin bir muncuğudur. Və nə yaxşı ki, Məkkə səmtə uzanan əllərimiz Savalanın üstündən qibləyə uzandığı üçün əski inancımız olan tanrıçılığımız yada düşür. Əski inanclardan İslama ən yaxın olanı Türkün Göy tanrıya olan inamı olmuşdur. Türklər heç vaxt batil dinə inanmayıblar. Oğuzlar keçmiş babaları olan ğöytürklər kimi vahid Tanrıya imanıblar. Oğuzun özünün də peyğəmbər olması fikri inandırıcıdır. Küfrün tüğyan etdiyi həmin dövrdə tək məbuda tapınmaq adi bəşər övladının ağlına gələ bilməzdi. Elə ona görə də Məhəmməd(ə.s.)- ın İslama dəvət məktibunu alıb öpən Dədə Qorqud öz inancında elə də çox dəyişiklik etməli olmadı. “Varıban peyğəmbərin yüzini görən, gəlübən Oğuzda səhabəsi olan Bəkdüz Əmən” sözləri var “Kitabi-Dədə Qorqudda” Bəli, başqa qonşulardan fərqli olaraq özləri gediblər İslamı qarşılamağa oğuzlar. Özü də Savalanın ətəyimdən keçib gediblər Məkkəyə. Son vaxtlara qədər Azərbaycanın cənubundan- Cerimbel tərəfdən Kəbə ziyarətinə gediblər babalar, Hacıqabulda da qohum- qardaşı qarşılayıb”Həcc qəbul!”- a gəliblər. Amma Tanrıya Allah desə də, bu ad hələ də Pornaimdə çox işlənən sözdür,və əsas məsələ niyyət olduğundan çox dindar camaatımız onda bir günah görməyirlər.
Savalana tərəf boylananda Haçayurd qarşısını kəsib görünməz edir onu.  Amma qiblə tərəfdə olduğunu dəqiq bilirsən. Ulu Zərdüşt də dinini ordan yayıb hər yerə. Həmin inanca atəşpərəstlik deyənlər günah işlədirlər. Peyğəmbər batil inanc gətirməz. Zərdüşt Məbudun nurdan ibarət olçağın təbliğ edirdi. Elə Musa (ə. s.) Allahı bir işıq kimi gördüyünü demişdir. Qədim türk təfəkküründə də varlığın ağac koğuşundan gələn bir işıqdan yarandığına dair işarələr var. K. D. Q.- da “Atam sorsam Kağan aslan, anam sorsan qaba ağac” ifadəsi də burdan qaynaqlanır. Türklər atəşpərəst olmayıblar, Amma Zərdüşt təlimini təhrif edən farslar atəşpərəst olublar, Allahı da ikiləşdirib Xeyir və Şər allahı kimi dualist məna veriblər. Sonralar İslama böyük töhfələr versələr də, farslar tarixi dana bilməzlər. Xosrov Pərviz dövründəki İslama dəvət məktubunun aqibətini kim dana bilər? Nə qədər bəşər yaşayır, Nizami Gəncəvi də yaşayacaq, “Xosrov, Şirin və Şiruyə ” əhvalatı da məşhur olacaq. Nə isə…
Harda olsam da, gözümü yumub ruhən Pornaımdə durub Savalan səmtə baxıram və bu tələsik qeydlər də, həmin an düşündüklərimdir. Həmin zaman sizim də tam başqa düşüncələrinizin ola biləcəyini istisna etmirəm və onlarla da həvəslə tanış olmaq istərdim. Əlbəttə ki, etiraz edə biləcəyiniz yerlər çox ola bilər, axı, toponimika, etimologiya ehtimallara söykənir, mövzunun özü də mənbələri sadalamağı tələb edir. Lakin bu, monoqrafiya yox, düşüncələrdir, faktlar isə mötəbər kitablarda bol-bol yazılmışdır. Əminəm ki, onlar çoxunuza tanışdır. Onları göstərib mətni ağırlaşdırmıram. Təkcə bir kitabı oxumağınızı təkidlə xahiş edirəm: Sabir Rüstəmxanlı: “Göy Tanrı”.

Yazıya 674 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.