Akif ABBASOV – “ŞAHZADƏ II MEHMƏTİN ÇAPARLARI DİNDİRMƏSİ”

  akif abbasov(“Fateh Sultan Mehmət” romanından

Şahzadə Mehmət göründü. Şahlara layiq libasda, başında çalma, sifəti işıqlı. Çaparlar Şahzadənin üzünə baxa bilməzdilər. Vəliəhdin yaxınlaşdığını görən mühafizəçilər ucadan səsləndilər:

-Şahzadə II Mehmət!!!

Çaparlar torpağa düşdülər. Abdullahın gətirdiyi  məktubu şahzadəyə verdilər. Məktub imzasız idi. Şahzadədən vaxt itirmədən paytaxta gəlməsi xahiş olunurdu.

II Mehməti fikir apardı: “Yaxşı, bəs niyə məktub imzasızdır? Birdən təxribat olar”.

Şahzadə qaşını qaldırıb üzünü diz üstə düşmüş çaparlara tutdu:

-Maraqlıdır. Məktub imzalanmayıb.

Çaparlar mat-məəttəl qaldılar. Onlar haradan biləydilər?! Onları çağırıb tapşırıq vermişdilər. Şahzadə sorğu-sualını davam etdirdi:

-Məktub kimdə idi?

Abdullah başını qaldırmadan:

-Məndə idi, hünkarım.   Vəzirlərdən biri verdi. Adını bilmədim.

Şahzadənin təəccübü artdı: “Bəs nədəndir dəvət baş vəzir Xəlil paşadan gəlməyib? Onun borcu idi. Bu paşa deyəsən baş ağrıdır”.

İsfəndiyar özündə cəsarət tapıb dilləndi:

-Saraydan çıxandan dişlərim kilidlənib, dilim lal olub, ağzım bağlanıb. Məktub Abdullaha verilib, imza mənə.

Şahzadə Mehmət lap heyrətləndi:

-Bu nə sözdür? Tapmaca deyirsən?

İsfəndiyarın canına qorxu düşdü, bədəni tir-tir əsdi:

-Biz nəkarəyik ki, şahzadəyə tapmaca deyək.

-Elə isə tapmacanın açmasını de. Necə yəni məktub Abdullaha verilib, imza sənə? Hanı o imza? Göstər görüm.

İsfəndiyar sözünə davam etdi:

-Elə demək istəmirdim, şahzadəm. Biz üç gündür yolda olmuşuq.   Dayanmadan atları qovmuşuq. Hələ dilimdən bir kəlmə söz çıxmayıb. Mənə deyiləni yalnız və yalnız sizə, özü də təklikdə çatdırmağa ixtiyarım var.

Şahzadənin əlinin işarəsi ilə hamı çəkildi. II Mehmətin səbri tükənməkdə idi:

-Di tez ol. De görüm.

İsfəndiyar:

-Dilim-ağzım qurusun, parça-parça, tikə-tikə doğranım ki, belə bəd xəbəri mən gətirmişəm.

Şahzadə haldan çıxdı:

-Di çərənləmə. Mətləbə keç.

İsfəndiyar şahzadənin ayaqlarını qucaqlayıb öpdü:

-Sultanım!

Bu, Şahzadə  üçün gözlənilməz oldu. İsfəndiyara sözünü tamamlamağa imkan verməyib tez soruşdu:

-Sultan? – dedi.

-Bəli, sultanım! Murad xan cənnətməkan oldu! Başınız sağ olsun! Allah rəhmət eləsin!

Şahzadənin gözləri yaşla doldu. İsfəndiyar rahat nəfəs aldı:

-Şəhabəddin paşa xəlvəti məni çağırıb bunları dedi. Onun dediklərindən o biri çaparların xəbəri yoxdur. Məktubu da paşa yazıb.

Şahzadə bir daha məktuba baxdı. Paşanın xəttini tanıdı.

-Məktubu ona görə imzalamayıb ki, onun ələ keçəcəyindən ehtiyatlanıb. Yolda Sizə xətər toxunacağından qorxub. Bir də dedi ki, özünüzü paytaxta tez çatdırasınız. Sultanın vəfatı gizli saxlanılır. Təcili paytaxta dönməyiniz ona görə vacibdir ki, taxta iddia edənlərdən daha tez özünüzü saraya çatdırasınız. Bunlar Şəhabəddin paşanın mənə buyurduqlarıdır. Bir də dedi ki, sizdə şübhə oyansa, bir nişanəni sizə göstərim.

Şahzadə dərhal:

-Nə nişanədir o?

İsfəndiyar əlini cibinə saldı. Şahzadənin işarəsi ilə mühafizəçilərdən biri özünü İsfəndiyara çatdırdı. İsfəndiyarın cibindən çıxardığı gözqamaşdıran təsbehi alıb şahzadəyə verdi. II Mehmət təsbehi tanıdı. Bu, Şəhabəddin paşanın sevimli təsbehi idi.

                       * * *

II Mehmət  Osmanlı taxtına çıxacağı fikrindən nə qədər məmnun və sevincli olsa da, atasının, qüdrətli Murad xanın dünyasını vaxtsız dəyişməsindən bir o qədər, ondan da çox məyus oldu. Fəqət atasının sözlərini xatırlayıb təskinlik tapdı: “Mən bu gün varam, sabah yox! Bu, təbiətin  qanunudur. Torpaqdan yaranan bir gün torpağa gömülməlidir. Məndən sonra Osmanlı taxtında oturacaqsan. Dediklərimi qulaqlarında sırğa elə. Konstantinopolu alsan, Bizans imperiyasının varlığını son qoysan, Cahan padşahı olacaqsan! Bunu unutma!”

Şahzadənin gözləri yaşardı, sonra göz yaşları hönkürtü ilə əvəz olundu. Tərəfdaşları tez özlərini yetirib sual dolu baxışlarını şahzadəyə zillədilər. II Mehmət özünü ələ alıb ilk növbədə:

-Çaparlar üç gün yol gəliblər, -dedi. -Yorulub əldən düşüblər. Onlara yemək verin, əyinlərini dəyişin, qoyun dincəlsinlər. Özlərinə gələndə geri dönərlər.

Bu sözlərdən sonra üzünü yan-yörəsindəkilərə tutdu:

-Paytaxta gedirik. Atımı gətirin.

Onun atını gətirdilər. II Mehmət çöhrəsində acı kədər və təəssüf:

-Sultan Murad xan dünyasını dəyişdi! – dedi.

Hamı diz üstə çökdü:

-Allah Murad xana rəhmət eləsin! Yeri cənnət olsun! Yaşasın Sultan II Mehmət!!!

Bir-bir yaxınlaşıb onun əlini öpdülər. II Mehmət:

-Atlanın! – deyə buyurdu. –Ardımca!

O, tez atının tərkinə qalxdı. Yola düzəldilər.

 

Yazıya 424 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.