AKİF ABBASOV – KONSTANTİNOPOLDA

AKIF ISTANBUL 529 may – İstanbulun fəth olunduğu gündür

(“Fəth” romanından)

29 may 1453-cü il. Səhər saat səkkiz radələri.Döyüş hələ də gedirdi. Birdən hər tərəfə sükut çökdü. Əlli dörd gün davam edən mühasirə qələbə ilə sona yetdi. İki qitənin qovşağında, strateji əhəmiyyətli məkanda yerləşən Konstantinopol artıq türklərin əlində idi.

Bizansın müqaviməti qırıldı. Osmanlı birlikləri bir neçə yerdən şəhərə daxil oldu. Çəbə Əli bəy – Haliç divarlarını; Qaraca paşa – hökmdar sarayı bürclərini; donanma komandiri Həmzə bəy Mərmərə divarlarını yararaq sərəncamlarında olan döyüşçülərlə şəhərə girdilər.

Osmanlı ordusu əvvəlcə Güneydəki Piy qapısına sahibləndi.

O zaman Şərqi Roma imperatorluğunun – Bizansın yüz əlli səkkiz illik tarixinə son qoyuldu. İmperiya daxilində 5 milyon,  Konstantinopolda iki yüz min əhali yaşayırdı.  Bizansda rəsmi dil yeddinci əsrə qədər latın dili, sonradan yunan dili idi. Bizanslılar xristianlığın ortodoks (pravoslav) məzhəbinə qulluq edirdilər.

İmperiyanın ərazisində müxtəlif tayfalar və xalqlar: yunanlar,  frakiyalılar, illiriyalılar, dakiyalılar, ellinləşdirilmiş Kiçik Asiya tayfaları, Qafqaz xalqları, suriyalılar, kəldanilər, qıbtilər yaşayırdılar. Yunanlar hakim mövqedə idilər.

Bizans müstəqil dövlət olaraq IV əsrdə yaranmışdı. Roma imperiyası 395-ci ildə iki hissəyə bölünmüşdü. Qərbi və Şərqi Roma imperiyası kimi mövcud idi. Şərqi Roma imperiyası Bizans (Vizantiya) kimi tanındı, paytaxtı Konstantinopol oldu.

Bizans imperiyasına daxil idi: Balkan yarımadası, Egey dəniz adaları, Kiçik Asiya və Mesopotomiya, Cənubi Qafqaz ərazisinin bir hissəsi, Misir, Suriya, Fələstin. Bizans eyni zamanda Krımda, Qara dənizin Qafqaz sahillərində, Ərəbistanda, Şimali Afrikada da bəzi torpaqlara sahib idi. Bu torpaqlarda Sultan II Məhmətin gözü vardı. Həmin əraziləri Osmanlı imperiyasına qatmaqla babalarının arzularını gerçəkləşdirəcəkdi.

Ön Asiya ticarət mərkəzi Bizansın ərazisindəydi. Bosfor və Dardanel boğazları da Bizansa məxsusdu. Bu boğazlar türklərə hava-su kimi lazımdır. Onlar Aralıq dənizini Qara dənizlə əlaqələndirirdi. Konstantinopola Qızıl körpü də deyirdilər.  Şəhər Şərqlə Qərb arasında qızıl körpü idi. Sultan II Məhmət xan düşünürdü:  Nədən bu qızıl körpü bizim olmasın?

Konstantinopolun coğrafi mövqeyi də çox əlverişli idi. Şəhər Hindistan və Çinlə ticarət əlaqələri quraraq xeyli varlanımışdı. Bizansın Azərbaycanla ticarət əlaqələri də çox genişlənmişdi. Xam ipək Azərbaycandan Konstantinopoldakı toxuculuq emalatxanalarına daşınırdı.

II Məhmət xan atası altıncı Osmanlı sultanı II Murad xanın onunla söhbətlərini yadına saldı. Sultan II Murad xan yeri gələndə oğluna türk hökmdarları və sultanları Mete, Atilla, Osman qazi, I Murad, İldırım Bəyazid, cənnətməkan I Məhmət Çələbi barədə danışır, Osmanlının bəylikdən qüdrətli imperatorluğa necə, nəyin sayəsində yüksəldiyini birər-birər aydınlaşdırardı:

-Oğlum, bizim imperatorluq dünyaya hökmran olmalıdır! Nə qədər iş görmüşüksə, tər tökmüşüksə imperatorluğun torpaqlarını nə qədər genişləndirmişiksə – hələ azdır. Yer üzündə bir vahid imperatorluq olmalıdır – Osmanlı imperatorluğu! Bir Cahan padşahı olmalı, dünyanı o, idarə etməlidir.   Türk Sultanı Cahan padşahı olmalıdır! Dünyanın nizamı pozulub. Bunu qaydaya salmaq lazımdır. Hə, oğlum, qarşımızda hələ görüləsi çox iş var. Bizi çox savaşlar gözləyir.   Uğurlarımız və inkişafımız ox olub çoxlarının gözlərini deşir. Düşmən yatmayıb, fürsət gözləyir. Bu fürsəti ona verməməliyik! Hələ bizi Bizansla həlledici müharibə gözləyir. Peyğəmbərimizin vəsiyyətini hələ yerinə yetirə bilməmişik. Bilirsən həzrəti Məhəmməd peyğəmbər nə deyib?

-Bilirəm, hünkarım, xəbərim var dediklərindən.  Belə buyurub peyğəmbərimiz:  “Konstantinopol, əlbəttə,  bir gün fəth olunacaq. O şəhəri fəth edən ordu nə gözəl ordu! O şəhəri fəth edən sərkərdə nə gözəl sərkərdə!”

Sultan II Murad bir anlığa susdu. Nəfəsini dərib dedi:

-Biz onun arzularını, vəsiyyətini yerinə yetirməliyik. Osmanlılar Konstantinopolu gör neçə dəfə mühasirəyə alıb. Mən də onu fəth etməyə çalışdım. Fəqət bacarmadım. Türk dünyasını bir bayraq altında birləşdirməliyik! Onda gücümüz, qüvvəmiz birə min artar! Heç bir qüvvə qarşımızda dayana bilməz. Bəs indi necədir? Xaçlılar səlib yürüşünə başlayıb. İslam üzərinə gəlir. Qarşısına təkcə Osmanlı çıxır. Heç olarmı bu?

O zaman Şahzadə Məhmət cavabında demişdi:

-Olmaz, təbii ki… Müsəlmanlar bu amansız, xəbis təhlükəyə qarşı birlikdə dayanmalıdır.

Sonra Sultan II Murad sözünə davam etmişdi:

-Mən bu gün varam, sabah yox! Bu, təbiətin  qanunudur. Torpaqdan yaranan bir gün torpağa gömülməlidir. Məndən sonra Osmanlı taxtında oturacaqsan. Dediklərimi qulaqlarında sırğa elə. Konstantinopolu alsan, Bizans imperiyasının varlığını son qoysan, Cahan padşahı olacaqsan! Bunu unutma!

Həzrəti Məhəmməd peyğəmbərin vəsiyyəti, atası Sultan II Murad xanın arzusu yerinə yetmişdi.      Konstantinopol fəth  edilmişdi.   Osmanlı hökmdarlarının heç birinin bacarmadığı bir işin öhdəsindən Sultan II Məhmət gəlmişdi. O, qürur hissi keçirdi.

Şəhər darvazaları açıldı.

Sultan II Məhmət fateh kimi “Padşah atı”nın belində Topqapı darvazasından şəhərə girdi. Onu vəziri-əzəm Çandarlı Xəlil paşa, vəzirlər Mahmud paşa, Sarıca paşa və  Vəliyəddin Əhməd paşa, donanma komandirləri Çalıbəyoğlu Həmzə bəy, Zağanos paşa, Şahabəddin paşa, Qasım bəy İsfəndiyaroğluvə qoşun komandirləri müşayiət edirdilər.

Şəhər camaatı zəfər çalmış əsgər və komandirlərin, sərkərdələrin mütəşəkkil şəkildə küçədə irəliləmələrinə maraqla və eyni zamanda qibtə ilə  baxırdılar. Onlara rəğbəti olanlar da vardı.  Ordu birləşmələrinin qarşısında ağ atın üstündəki bir cavan hökmdar – Sultan II Məhmət, yanındakı da – atının üstündə vüqarla oturmuş Ağ Şəmsəddin idi. Ağ Şəmsəddinin Sultan olduğunu güman edənlər baş əyib ona gül-çiçək dəstələri uzadırdılar. Ağ Şəmsəddin isə II Məhməti əli ilə göstərərək:

-Sultan  odur, gülləri ona verin, – deyirdi.

Sevinci aşıb-daşan II Məhmət də öz növbəsində Ağ Şəmsəddinə işarə ilə bildirirdi:

-Bu gül-çiçəyə o ağsaqqal layiqdir. Sultan mənəm, fəqət bu qalanın fəthinin mənəvi atası odur!

Bizanslılar II Məhmətə baxaraq təəccüb içərisində qalırdılar:

Həmin gündən Sultan Məhmət artıq  Fateh olaraq çağırılmağa başlandı.

Osmanlı qoşun hissələri  şəhərin mərkəzinə doğru irəliləməkdə idi.   Bayraqdarlar qala divarlarına Osmanlı bayraqları sancırdılar.

Sultan II Məhmət ağ atın üstündə şəhərə daxil olarkən əsgərlərinə  tapşırıqlarını  verdi:

-Qazilərim! Allaha həmd olsun! Çoxlu qanlar tökülsə də, çoxlu qardaşlarımız canlarını tapşırsalar da əziyyətimiz hədər getmədi! Siz Konstantinopolu fəth etdiniz! İndi siz şəhərə girəcəksiniz. Mənim sizdən xahişim və tələbim budur: Nəbadə dinc sakinlərə, müqavimət göstərməyənlərə toxunasınız! Qadınlara, uşaqlara, ahıllara, bir də xəstələrə zərrəcə ziyan verməyin!  Yalnız halal bildiyiniz qənimətlərə əl uzadın!

         Sultanıninsan hüquqları bəyannaməsindən çox əvvəl elan etdiyi bu müddəalar  Osmanlı  tarixinin ən şərəfli səhifələrindən birini təşkil edir.

         Lal-dinməz dayanaraq Sultan II Məhməti dinləyən Konstantinopol Patriarxının matı-mutu qurumuşdu. Belə münasibət gözləmirdi. Təslim olmayıb müqavimət göstərən dövlətin, şəhərin ərazisinə daxil olanda,  orada daşı-daş üstündə qoymur, əhalini qılıncdan keçirirlər. Konstantinopol Patriarxı da belə bir həngamənin başlanacağı qənaətində idi. Lakin bunun əksini eşitdi və gördü. Bu ədalətli davranış qarşısında onun  gözləri yaşardı. Osmanlı Sultanına rəğbəti artdı, onun ayaqlarına düşdü.

Sultan II Məhmət üzünü ona tutaraq və eyni zamanda başqaları da eşitsin deyə ucadan səsləndi:

-Bizim dinimizdə Allaha səcdə edər kimi insanlar qarşısında səcdə etmək günahdır! Ayağa qalxın!

Sultanın   göstərişi ilə dərhal Patriarxın qoluna girib yerdən qaldırdılar.

Sizə və bütün xristianlara bəyan edirəm. Sizin bütün hüquq və azadlıqlarınız olduğu kimi qalır. Toxunulmazdır! Bu gündən həyatınıza və azadlığınıza zərrə qədər təhlükə yoxdur və ola da bilməz! Patriarxat da  Yunan Pravoslav Birliyinin lideri kimi tarixən qazandığı bütün imtiyazlarını özündə saxlayır!

Sultan II Məhmət çox düzgün, ədalətli, demokratik və humanist siyasət yeritdi. Müsəlmanların xristian dünyasına ədalətli və tolerant münasibətini təsdiqlədi.

Sultan  atını  Müqəddəs Romanosa doğru sürdü. İlk növbədə Aya Sofya məbədində oldu. Məbədin qarşısında səcdə qılaraq torpağı öpdü. Əllərini göylərə qaldıraraq pərvərdigara şükürlər elədi.Ayağa duranda dedi: “Peyğəmbərimiz həzrəti Məhəmmədin arzusu və vəsiyyəti yerinə yetirildi! Çox şükür! Konstantinopola sahib olduq!”

Aya Sofya məbədinə xeyli adam sığınmışdı. Onların sayı bir neçə min olardı. Qocalar, qadınlar, uşaqlar. Ağbirçəklər, ağsaqqallar, qarasaqqallar. Hamı özünün, ailəsinin taleyindən nigaran idi. Sultan diqqətlə onları süzdü. Uşaqlar analarına sığınmışdılar, körpələr qucaqlarda idi. Kimisinin üz-gözündə təlaş, qorxu vardı. Kimisi dil açıb yalvarmaq cəhdində idi. Kimisi özünü qürurlu tutub çıxarılacaq hökmü gözləyirdi. Açıq-aydın büruzə vermək istəməsələr də, bəzilərinin baxışlarında qəzəb dolu nifrət gizlənmişdi.

Sultan bəzilərinə mərhəmətli insan təsiri bağışlamışdı hətta. Öz hökmdarları XI Konstantin kimi qəzəbli və rəhmsiz görünmürdü. Nə bilmək olardı? Az sonra məlum olacaqdı. Sonuncu düşünənlər öz zənlərində yanılmamışdılar.

Osmanlı mühafizəçilərindən biri kilsənin divarına söykənərək ayaqlarını aralı qoyub Sultana qanlı-qanlı baxan şəhər sakininə yaxınlaşıb onun dərsini vermək istəyəndə II Məhmət xan əlinin işarəsi ilə onu saxladı. Sultan öz-özünə düşündü: “Bu ədabazlığına, saymamazlığına görə Allah özü onun cəzasını verər.  Sultana acıqlı baxmaqdan savayı o binəvanın indiki zamanda nəyə gücü çatacaqdı?! Az sonra səhvini başa düşər”.

II Məhmət bizanslılara müraciətlə dedi:

-Heç kim narahat olmasın. Bu qocalarla, bu qadınlarla, bu analarla və uşaqlarla bizim işimiz olmayacaq. Sizə kimsə toxunmayacaq. Amma sizin də bizimlə işiniz olmasın. Biz buraya sizi incitməyə, haqqınızı ayaqlamağa gəlməmişik. Əvvəlki həyatınızı yaşaya bilərsiniz. İndi isə, çölə çıxa, evinizə  gedə bilərsiniz.

Sultana yol verdilər. Divara söykənərək nifrət dolu baxışlarla Konstantinopolu zəbt edənlərə baxan kişi irəli yeriyib özünü Sultanın ayaqları altına atdı:

-Məni əhf edin, bağışlayın, əlahəzrət. Siz mərhəmətli, adil hökmdarsınız! Mən elə bilirdim, bizi öldürəcək, evlərimizi dağıdacaq, uşaqlarımızı ata-anasız qoyacaqsınız.  Əsgərlərimiz də qızlarımıza, arvadlarımıza sahib olacaq!

Sultan onu və ətrafdakıları arxayın etdi:

-Belə təşəbbüsdə olanların kəlləsi alınacaq!

Sultan şəhər camaatını əmin etdi:

-Dinc əhaliyə toxunulmayacaq. Sizə, xristianlara şəhərdə qalmağa, öz ibadətlərinizi davam etdirməyə izn verilir. Fəqət ata minmək, silah daşımaq və əsgərlik qadağandır.

Konstantinopol təslim olmamış,  zorla alınmışdı. Odur ki, dini hüquqa görə qarət həyata keçirilə bilərdiDöyüşçülər qarətə başlamışdılar.

Şəhər əhalisi kilsəni tərk edəndən sonra Sultan yenidən kilsəyə döndü. Burada iki rükət namaz qıldı. Daha sonra azan oxudu.  Ayağa qalxanda: “Bundan sonra taxtım Konstantinopoldur!” – dedi.

Həmin gündən qədim məbədgah müsəlmanların ibadət yeri oldu.

Konstantinopol  Osmanlı imperatorluğunun paxtaxtı  elan olundu.

Aya Sofyada qılınan ilk namaz zamanı imam vəzifəsini Göynüklü Ağ Şəmsəddin yerinə yetirdi.

Namazdan sonra Sultan  elan etdi:

-Yeni camimiz mübarək! Bundan belə Aya Sofya Osmanlı camisi kimi fəaliyyət göstərəcək!

 

 

Yazıya 471 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.