AKİF ABBASOV – “TACLI”

AKIF ISTANBUL 5Yazı Yazarov yazı masasının arxasına keçmişdi. Tac virus peyda olandan çölə-bayıra çıxa bilmirdi. Qapılıb qalmışdı dörd divar arasında. Cavanlar, orta yaşlılar SMS-lə 2-3 saatlıq olsa da çölə-bayıra çıxa bilirdilərsə, yaşı altmış beşi ötənlərə ayağını bayıra qoymaq qadağan olunmuşdu. Lap Baş nazirin özü göstəriş vermişdi. Hünərin var, qaydanı poz, adamın atasını yandırırdılar. Cərimə cərimə dalınca gəlirdi, üstəlik qayda-qanunu pozmalar davam edərdisə daha ciddi cəza almaq olardı.

Əlqərəz, Yazı Yazarovun bəxti onda gətirmişdi ki, qələm əhli idi. Tac virusun acığına yazıb yaradır, nəşrinə nail olurdu. Xeyli kitabı vardı. Qəzetlər, jurnallar, internet saytları əlindən bezar idilər.  Heç çatdıra bilmirdilər. Bir üzdən yazıb tökürdü. Artıq bir ay idi ki, işə getmirdi. “Evdə qal” çağırışına əməl edir, maaşını, pensiyasını da vaxtlı-vaxtında alırdı.

Yazı Yazarov səbirsiz, hövsələsiz bir adan idi. Bir yerdə dayanmağı, durmağı xoşlamazdı. Daim hərəkətdə olardı.  Allah üzünə baxmışdı ki, yazı-pozu ilə məşğul olurdu. Başqa sənət sahibi olsaydı, bekarçılıqdan ürəyi partlardı.

Çay gətirdilər.

-Şam yeməyinə nə istəyirsən?

Həyat yoldaşı Lətifə idi. Yazı müəllim başını qaldırıb:

-Ləti, yemək fikrim yoxdur. Bütün günü işimiz-gücümüz, vəzifəmiz yemək, yatmaq, sonda yenə yatmaq və yeməkdir. Hərəkət yox. Otur, uzağı otaqda gəziş. Şişib dama dönəcəyik. “Evdə qal” çağırışına son qoyulanda əjdahaya döndüyümüzdən, köpüb kökəldiyimizdən  bu qapıdan necə keçə biləcəyik? Bax onu fikirləşirəm.

Onun söhbəti uzatdığını görən Lətifə xanın:

-Yazı, deməli, şam yeməyi istəmirsən?

-Yox, yox.

-Başqa nə lazımdır?

-Heç nə.

-Gecə saat ikidir. Mən getdim yatmağa.

Yazı Yazarov başını qaldırmadan əli ilə işarə etdi ki, mane olmasın, yatır – yatsın, oturur – otursun… Özü isə səhərə qədər əyləşəcək, dağı Arana, Aranı dağa aparacaq, yarımçıq romanı üzərində işləyəcək.

Lətifə xanın yataq otağına keçdi. Fərhadla Fərid də  saat on ikidən o biri yataq otağında yuxu bişirirdilər.

Lətifə onun fikrini dağıtdığından Yazı Yazarov ayağa qalxıb pəncərəyə doğru getdi. Həyətə baxdı. Elə sakitlik idi ki. Gülü çağırırdı, bülbül bülbülü. Ətraf yaşıllığa qərq olmuşdu. Meyvə ağacları çiçəklənmişdi. Təbiət əvvəlki illərdən daha qəşəng görünürdü. Elə saf, təmiz hava vardı ki… Yollarda maşınlar azaldığından, insanlar həyət-bacaya, küçələrə çıxmadıqlarından, yaxud az göründüklərindən   hava təmizlənmiş, saflaşmışdı. Quşlar budaqdan budağa qonur, bəstələdikləri mahnılarını ifa edirdilər. İki pişik bağçada oynayırdı. Görünür, qarınları tox idi, yatıb yuxularını almışdılar. Biri böyük, digəri kiçik idi. Yəqin ki, ana-bala idilər.

Şam, küknar, xan çinar, söyüd və qovaq ağacları həyətə xüsusi gözəllik verirdi. Onlar xeyli hündürdə qol-boyun olmuşdular. Bu səbəbdən yay aylarında bu  həyət kölgəli olurdu. Qonşu binaların sakinləri də gəlib burada dincəlirdilər.

Otağın havasını tez-tez dəyişirdilər. Nəfəsliyi açıq qoyub yatırdılar.

Yazı müəllim masanın arxasında yerini tutdu. Başını aşağı salıb işləyirdi. Yaradıcı adamlar üçün gecələr sərfəli və əlverişli idi. Ətrafa sükut çökürdü. Maneçilik eləyən, fikrini dağıdan  da olmurdu. Yazı müəllim başını çevirmədən əlini stəkana uzatdı. Çayı soyumuşdu. Durub qazı yandırdı. Qəhvədanı qızdırdı. Özünə çay süzüb geri qayıdanda masanın üstündə qarşı tərəfdə güclə gözə görünən bir həşərat diqqətini cəlb etdi. O tərpənməsəydi, bənd olmayacaqdı. Yəni gecə vaxtı həşəratla qaçdı-tutdu, ya gizlənpaç oynayıb camaatı yuxudan eləməyəcəkdi ki… Uçub üstünə gəlsəydi, əllərini qoşalaşdırıb vuracaq, sonra gedib əllərini yuyacaqdı. Amma bu nə isə qəribə həşərat idi.

Yazı müəllim gözlüyünü taxdı  və onu aydın gördü. Balaca olmağına balaca idi, özü də çox balaca. Hətta Yazı müəllimə tanış gəldi. Öz-özünə fikirləşdi: “Harada görmüşəm bu hərifi?”  əvvəllər beləsi olmazdı, son günlər dəbə düşmüşdü. Yadına düşdü: “Bu ki tac virusdur! Özü də dişi idi, saçını hörmüş, hər iki tərəfinə bant bağlamışdı. Hə, televizorda görmüşəm. Qəribə həşərat Yazı Yazarova:

-Gecənin bu aləmi niyə yatmırsan?

Yazı Yazarov da məəttəl qalmadı:

-Qoyursan yatmağa?!

-Məni tanıyırsan?

-Səni tanımayana lənət! İndi sən bütün dünyada məşhursan. Hamı səndən danışır. Camaatın canına vəlvələ salmısan.

Taclını gülmək tutdu:

-Niyə qoymursan işimizi görməyə.

Yazı müəllim cavabında dedi:

-Gördüyünü görmüsən də.

-Hələ görməli işlərim çoxdur. İndi deyirsən nə edək?

Yazı müəllimin bədəni uçundu: “Bu zibil haradan gəlib çıxdı? Yəni evin içində də  maska taxaq, əlcək geyək?”

Yazı müəllim Taclıya:

-“Nə edək?” deyirsən. Bu camaatdan, bu insanlardan, xalqlardan nə istəyirsən? Təbiətlə, heyvanlarla, quşlarla, ağaclarla, quşlarla işin yoxdur, amma insanlara divan tutursan. Yazığın gəlmir onlara? Gör neçə aydır! Əlindən bezarıq!

Taclı qaşlarını çatdı:

-Baxıram sənə. Müəllimsən deyəsən. Nədən bildim? Evdə də qalstuk taxmısan. Hə, müəllim,  insanlar yazıq deyil, bəziləri heyvandan da betərdir.  Ona görə heyvanlarla işimiz yoxdur.

“Ə, bu Taclı nə ağıllı danışır” deyə fikirləşən Yazı Yazarov ayağa qalxdı:

-Heç zaman belə şey olmayıb. Bütün dünya təşvişdə, təlaşdadır. Vəba, taun, ispan qripi, quş qripi, donuz qripi zamanı da belə gərginlik baş verməyib. Sən xərçəng xəstəliyindən, Spiddən də betərsən.

Taclı qəh-qəhə çəkdi:

-Onlar hamısı boş söhbətlərdir. Mənim kimisi hələ dünyaya gəlməyib.

Yazı müəllim:

-Hamı Əzrayıldan qorxur. Amma Əzrayıl sənin yanında yalan olub. O bir-bir aparır, amma sən qabağına qatıb hər kim gəldi, hər neçə sayda oldu götürüb gedirsən. Sənin zəhmin ondan da yamandır.

Taclı ev-eşiyə göz gəzdirdi. Sadə təmiri, sadə mebelləri vardı. Yazı müəllimdən soruşdu:

-Sənin işdə bir  vəzifən-filanın olub, yaxud var?

Yazı müəllimin dərdi təzələndi:

-Elə bir vəzifəm olmayıb, indi də yoxdur. Əvvəllər deyirdilər cavansan. Mən də yorulmadan əlləşib vuruşur, çalışırdım. Deyirdim bir az da yaşa dolum. Bir də ayıldım ki, yaşa dolmuşam, amma mənə baxan, məni yada salan yoxdur. Bu səfər də dedilər, yəni  indi də deyirlər qocasan. Yaşın altmışı keçib. Bax beləcə vəzifə üzünə həsrət qaldım. Amma bu günümə də şükür. Canıma dəyməsən.

Taclı xanım:

-Vəzifənin nə olduğunu, necə bir nemət, necə bir qüvvət olduğunu bilmirsən, – dedi.  -Əzrayıl dedin, yadıma bilirsən nə düşdü?  Həyatda çox fərqli vəzifələr var. Bu gün birisidir o vəzifədə, sabah başqasını qoyurlar. Vəzifədəkilər dəyişilir, dəyişir. Bircə Əzrail vəzifəsi daimidir, özü də əbədidir. Bu nə qədər ədalətlidir? Burda da mizan-tərəzi pozulub. Əzrayıl nə üçün həmişəyaşar olmalı, ölümü yalnız o saçmalıdır? O nə qədər hakimiyyətdə olmalıdır?  Özü də ölüb-itən deyil. Can alandır, bəs  onun canını kim alacaq ki? Hər gün, hər an neçə adamı göndərir o dünyaya. Nə məzuniyyətə çıxır, nə istefa verir.

Taclının sözlərindəki həqiqəti görən Yazı Yazarov dedi:

-Düz deyirsən…

Taclı davam etdi:

-Əzrayıl indi məzuniyyətdədir. Onun yerində mənəm. Öz işlərini mənə tapşırıb. Mənim də əlimə girəvə düşüb. Sağımı, solumu biçirəm. Əzrayılın bir ildə aldığı qədər canı mən bir gündə alıram. Özümü göstərirəm. Bəlkə onun yerinə keçdim.

Yazı  Yazarov ciddiləşdi:

         -Sizdə bu nə xasiyyətdir. İnsan əlləşir-vuruşur, özünü oda-közə vurur, əli çörəyə çatanda Əzrayıl gəlir ki, dur, gedək. İndi də onun yerini sən tutmusan. Sən isə heç ağına-bozuna baxmırsan.

Taclını gülmək tutdu:

-Hələ harasıdır!

Yazı müəllim etiraz etdi:

-Əzrayıl ölüm mələyidir.  O, Allah-taala tərəfindən təyin olunub. Böyük yaradanın əmrini yerinə yetirərək əcəli tamam olanların sinəsinə çökür.  Axı sən mələk deyilsən, mələklərin arasında adın qeyd olunmayıb.

Taclını gülmək tutdu:

-Qəribə danışırsan. Nə qoyub nə axtarırsan? Məgər siz özünüz öz işlərinizlə məşğulsunuz? Kimin kefi necə istəyir, elə də hərəkət edir. Ta ki cəza alana qədər. Cəzasını alanda köpü yatır.

Yazı Yazarov:

-Yaxşı, de görüm,  sənin məqsədin nədir? Nə eləmək, nəyə nail olmaq istəyirsən?

Taclı saçlarına tumar çəkərək:

-Dünyanın nizamı pozulub, gəlmişəm buna bir əncam qılım.

-Axı qurunun oduna yaş da yanacaq. Həmişə belə olub. Sən nə qədər desən də.

Taclı əlini qaldırıb onun sözünü kəsdi:

-Qurunun öz, yaşın da öz günahı var. Malı mala qatma,  müəllim.

Yazı Yazarov ayağa qalxıb var-gəl elədi. Taclını yola gətirə bilsəydi, dünyanı onun qəzəbindən qurtarardı:

-Taclı bacı, axı pozulan nədir? Camaat bir təhər yaşayır da.

Taclı özündən razı halda:

-Görürsən, -dedi, -özün etiraf edirsən ki, insanlar bir təhər yaşayır. Bəs niyə insan kimi deyil, birtəhər yaşamalıdır? Alıb-aldatmaqla, bir-birinə atmaqlamı? Bir-birini satmaqla, bir-birinə yaltaqlanmaqlamı? Dükan-bazarda mal satır, üstünə yazıb vurur: halal mal! Bu nə deməkdir? Bu kişi pul verib səndən dana əti, qoyun əti alır, məgər haram mal satmalı idin? Sən inanırsan ki, bunu yazan özü harama əl atmır? Əgər onun düşüncəsində halal, haram anlayışı varsa, birinci özü harama əl atacaq, çünki bu, ona sərf edir.

-Yaxşı bunu bildik…

-Bilməli olduğun çox şey var və əslində çox yaxşı da bilirsən. Metroların qarşısında, künc-bucaqda, küçələrdə alver edənlər maaş almırlar. Gətirib onlara mal verirlər. Deyirlər: sat, tərəzidə nə vurdun, odur sənə çatan haqq. O da, gözünə döndüyüm, 1 kiloqram alma əvəzinə 800 qram alma çəkir, 5 kiloqram əvəzinə 4 kiloqram pomidor verir. İş o yerə çatıb ki, çəki daşlarının içərisini oyurlar ki,  tərəzidə rahat aldada bilsinlər. Görürsən aldığın meyvə düz çəkilib, amma əslində çəkisi azmış. Bax öz həmşəhərlilərini, həmkəndlilərini, həm millətlərini belə aldadırlar. Bunların canlarını almayım, necə almayım?

Yazı müəllim razılaşdı:

-Bunu da bildim.

Taclı barmağını qatlayaraq saymağa başladı:

-Onda al gəldi. Bayramlarda fitrə-zəkat verməkdən, kasıbları sevindirməkdənsə malların, meyvələrin, çərəzlərin qiymətini qaldırırlar. Bir kiloqram yaxşı seçmə qoz alırsan. Yaxşıca pul da ödəyirsən. Aparıb qozu xonçaya tökmək istəyəndə baxıb görürsən səni aldadıblar. Bayaq çəkdiyi qozun torbasını dəyişib başqa torba soxuşdurublar sənə. Bu torbadakılar çürük qozlardır, hətta eləsi var, sındırırsan iy verib iylənir. Tez özünü çatdırırsan aldığın yerə ki, bu nə məsələdir? Üzü sulu geri qayıdırsan. Qoz satan çoxdan aradan çıxıb. Bu da sənin fitrə-zəkatın.

Taclı nəfəsini dərib Yazı Yazarova:

-Susamışam, bir az su olar?

Yazı müəllim  mətbəxə keçib oymaqda su gətirdi. Taclı oymağa baxaraq:

-Bu nədir? Evində bir fincan, büllur stəkan yoxdurmu? Budur sənin gün-güzəranın?

Bu dəfə Yazı müəllimi gülmək tutdu. Taclını diqqətlə süzərək:

-Özüm fincanda, stəkanda su gətirmədim ki, düşüb boğularsan, – dedi, – amma məqamı idi, düşüb boğulardın, canımız qurtarardı əlindən.

Taclı uğunub getdi:

-Mən tək deyiləm. Yer üzünü mənim bacı-qardaşlarım bürüyüb. Onlarım sayı yüz milyardlarla, trilyonlarladır.  Gün ərzində tək mən özüm neçə milyon virus doğuram.

Yazı Yazarov soruşdu:

-İndi dünyanı bir sual düşündürür. Siz virusu yaradıblar, yoxsa özünüz peyda olmusunuz?

Taclı cavab verdi:

-Bunu Donald Tramp məndən soruşdu. Üz vurdu ki: Mən ölüm, düzünü de. Sən necə peyda olmusan? Özün doğulmusan, yoxsa səni qeyri-qanunu doğublar? Heç deyərəmmi?  Amma Tramp çox şübhələnir. Deyir Çinin laboratoriyasında səni doğuzdurublar! Müəllim, mən Amerika prezidentinin sözünü yerə saldım. Həqiqəti ona demədim.  İndi sənəmi açıb deyəcəyəm? Ay, hay. Qoy camaat vahimədə qalsın.

Yazı Yazarov eşidib bildiklərini Taclıya çatdırdı ki, bəlkə ondan həqiqəti öyrənə bildi:

-Donald Trampa görə, koronavirus Çin tərəfindən məqsədyönlü yayılıb. Ona görə deyir ki, əgər Çin yeni koronavirusu qəsdən  yayıbsa, cavab verməli olacaq.

Yazı müəllim Taclının dinmədiyini görüb davam etdi:

-Amerika koronavirusa yoluxmaya, bir də pandemiyadan ölüm hallarına görə başqa ölkələrdən qabaqda gedir. Artıq yüz mindən çox adam həyatını itirib. Birləşmiş Ştatların kəşfiyyat idarəsi koronavirusun Çinin Uhan şəhərindəki laboratoriyadan sızmasını iddia edir. Britaniya kəşfiyyatı da bu qənaətdədir.

Taclı bu məsələyə aydınlıq gətirməyib susdu. Amma  Amerika prezidentinə münasibətini də bildirdi:

-Tramp çox döşünə döyür ki, Amerika  dünyanın super dövlətidir. Bütün ölkələr onun iradəsinə tabe olmalıdır. Bəs nə oldu? Bu super dövlət  mənim qabağımda aciz qalıb.  Tramp deyir bu ilin axırına kimi mənimlə, mən Taclı ilə haqq-hesabı çürüdəcək, yəni dalımdan dəyəcək! Ay dəydi ha! Aya çıxırlar, Ayda özlərinə torpaq götürürlər, ev tikəcəklər, şəhərlər salacaqlar! İştahaları böyükdür. Amma mənimlə bacara bilmirlər. Budur bunların gücü, qüdrəti!

Yazı Yazarov özünü saxlaya bilməyib dilləndi:

-Dünya əvvəlki dünya deyil, çox inkişaf edib.

Taclı əlini yellədi:

-İnkişaf edib? Buzlaqların əriyəcəyi gözlənilir. Silahlara o qədər vəsait sərf edincə dünya ölkələri yığılıb çarə qılsınlar, pul töksünlər, anomal istiliklərin qarşısını alsınlar. Yer üzünü su bassa, dünyanın axırı olacaq! Nə boyda gəmi hazırladıb minəcək bunlar ki, sudan xilas olsunlar.

Yazı Yazarovun diqqətlə baxdığını görən Taclı sözünə davam etdi:

-Müəllim, dünya özünə gəlməlidir.  Yer üzünə dərs vermək lazımdır.

Yazı Yazarov səsinə mülayim ahəng qataraq bildirdi:

-Bir məlumatı sənə  çatdırım, amma mənə düzünü de. Deyərsənmi?

Taclı fikrə getdi:

-Baxır nə məlumatdır.

Yazı Yazarov dedi:

-Bu hadisə Çində baş verib. Eşitdiyimə görə, yarasalardan biri, sən demə,  “böük bayır”a gedibmiş. Korona virislu nəcis gəlib meşə torpağı üzərinə düşüb. Heyvanlardan hansısa  xəzəllərin arasında həşərat gəzərkən həmin nəcisə toxunub. Sonradan virus heyvandan bu heyvanı ovlayan insana keçib.

Taclı üz-gözünü turşutdu. Necə meydana gəlməsi ilə bağlı suallar onu qıcıqlandırır, onlara cavab vermək istəmirdi.

-Müəllim, mərifətli danış. Biz adlı-sanlı virusuq. Nə nəcis? İtalyanlar adımıza bakteriya da deyirlər. Nə deyirlər – desinlər, biz tarixdə qalacağıq. 2020-ci  il Taclı ili olacaq!

-Belə iş tutma!

-Müəllim, artıq gecdir. Nə qədər tərslik eləsəniz, görülən tədbirlərə laqeyd yanaşsanız, daha da pis olacaq! “Korona virus boş şeydir” deyənlərə, bizə lağ eləyənlərə yerlərini göstərəcəyik! İnsan insan həyatı yaşamalıdır.

Canlıların hərəsinə bir ad qoyublar. Allah-taala sizi də insan  adlandırıb. Deyirlər heyvanlar şüurlu deyil, onlar instinktə əsasən hərəkət edirlər. İnsanlar isə, şüurludurlar, ağıllıdırlar, təfəkkürləri var. Heyvanlar öz qayda-qanunlarından bir addım kənara çıxmırlar. Canavarın dişisi öləndə erkək canavar başqa dişi canavara yaxın düşmür. At biləndə ki, övladı ilə yaşayıb, yəni bilməyərəkdən – ürəyi partlayır. Bəs insanlar nə edirlər? Əxlaq yaradırlar, sonra da qəbul etdikləri əxlaq qaydalarına tüpürürlər. Bəzi insanlar gör nə qədər qudurublar, gör nə qədər tərbiyəsizləşiblər  ki, ata qızına, oğul anasına, qardaş bacısına tamah salır. -Sizin müqəddəs kitabınızda – “Qurani-Kərim”də  nə yazılıb?

-Nə bilim hansını deyirsən. Orada o qədər qiymətli fikirlər var ki…

-Hə, bu saat deyərəm. Yazılıb ki, “Qadınlara Allahın sizə əmr etdiyi  yerdən (buyurduğu qayda üzrə) yaxınlaşın. Bütün dünya çaşıb: insanlar bəzən bir-biri ilə qeyri-cinsi əlaqədə olurlar. Allahın buyurduğu yerdən bir birinə yaxınlaşmırlar.  Kişi – kişi ilə, qadın – qadın ilə yaşayır. Hətta elə ölkələr var ki, bunu rəsmiləşdiriblər. Kişi kişi ilə, qadın qadın ilə ailə qurur! Buyur!

“Qurani-Kərim”də belə fikir də var: “Qadınlar Allahın qorumağı əmr etdiyini ərləri yanında olmayanda da qoruyarlar”. Tək Azərbaycanda deyir, bütün ölkələrdə də belədir. Qadın, ərinə, ər arvadına xəyanət edir. Ay, müəllim, bütün bunları qaydasına qoymaq lazım deyil?

Yazı Yazarovun fikrə getdiyini görən Taclı sözünə davam etdi:

 

 

 

-İndi, ay müəllim,  de görüm heyvanlar şüurludur, yoxsa insanlar? Heyvanlar bu qələti eləmirlər axı. Dünyanın nizamı elə pozulub ki, hamı bir-birinə atır.

Dünya demokratiyadan danışır, amma terrorizmi, soyqırımı dəstəkləyir, müsəlman ölkələri üzərinə səlib yürüşünə başlayıblar. Demək olar ki, hamısında müharibə ocağı yaradılıb. İraqı elə, Liviyası belə, Əfqanıstanı bu cür, Azərbaycana da təzyiq ara vermir. Gör dünyanın tarazlığı necə pozulub ki, Səddam Hüseyni gəlib öz ölkəsində edam etdilər, Qəddafini Liviyada qətlə yetirdilər. Adını qoydular ki, onlar xalqın qəzəbinə tuş gəldi. Bu boyda yalan olar? Onlar öz xalqları üçün nələr etməmişdilər?! Bəs indi yaxşıdır? İraqla Liviya indi yaman gündədir. Neçə illərdir bu ölkələr qan ağlayır. Hər gün İraqda 50-100 adam rerror qurbanı olur.  Suriya da onlardan betər. Bəşir Əsəd başdan-başa dağıdılmış, viran qalmış torpaqları idarə edir.

Sizdə toy və yas mərasimləri yaman gündədir. İşbazlar camaatın qanına susayıblar. İsrafçılıq baş alıb gedir. Yas üçün nə lazımdır? Çay, qənd, uzaq başı halva. Çayını içdimi, bu elə ehsandır.  “Allah rəhmət eləsin!”deyibdüzəlirsən yola. Məgər bunu eləmək olmur? İndiki halda yası düşənləri çalıb-çapırlar.

Toylarını isə… Daha  demə. Adamlar sanki bəhs-bəhsə girirlər.  Şadlıq evində dünyanın bütün naz-nemətləri düzülür stolların üstünə. İnsan mədəsi nə qədər yemək, içmək tutur ki? Stolun üstündə nə varsa, yeyildi – yeyilmədi, içildi – içilmədi – pulunu alırlar. Hamısı tökülüb qalır stolların üzərində. Hünərin var, pulunu verdiyin ərzaqlardan, yemək-içməkdən nə isə götürün evinə aparasan! Ertəsi gün növbəti toy zamanı onları düzəcəklər stolların üstünə, bu dəfə də yeni toy sahibindən pulunu alacaqlar.

-Hə, Taclı bacı, bu bizim dərdimizdir.

-Məni çox maraqlandırırdı: Bu insanlar nə vaxta qədər bir-birini aldadacaq, bir-birinə kələk gələcək, tor quracaqlar. Ay kişi, kənd yumurtası əvəzinə adamlara brolyer yumurtası, kənd toyuğu əvəzinə brolyer toyuğu, düyü əvəzinə süni düyü, plastmasdan hazırlanmış düyü sırıyırlar. Aləmi virus bürüdüyü zaman işbazlar texniki spirt istehsal edib satışa buraxmışdı. Sizdə neçə adam texniki spirtdən zəhərləndi, neçəsinin gözü tutuldu, on nəfərdən artıq adam öldü? Olarmı bu? İnsanlığa sığışarmı?

Hələ harasıdır?! Öyrənmişəm ki, sizdə apteklərdə süni dərmanlar satırlar.

Xəstə can hayındadır, həkim ondan pul alır. Bilə-bilə ki, sağalmayacaq, əməliyyat edir, öləndə isə, pulunu geri qaytarmır. İmkansız adamlar üçün ayrılan pulları aidiyyəti adamlar mənimsəyib onlara vermirlər. İşı girənlərdən pul alırlar. Ağacları qırıb yerində binalar tikirlər. Buralarda bir az gəzib-dolaşıb İrana gedəcəyəm. Bilirsən niyə? Orda da qayda-qanun yaratmaq lazımdır. Otuz milyon azərbaycanlı yaşayan İranda Azərbaycan dilində dərs keçilən bir ibtidai məktəb də yoxdur. Bu hansı ədalətə sığır?  Orda cəmi 200 min erməni yaşayır, orta məktəbi də var, ali məktəbi də.

Sonra gedəcəyəm Fransaya.

-Hə? Bir xahişim var. Bir soruş onlardan. Demokratiya, humanizm, -haqq-ədalət, dinc yanaşı yaşamaq, insan hüquqlarına hörmət nə deməkdir? Gör bilirlərmi?

-Nə olub ki?

-Onların bir prezidenti vardı. Sarkasi. Liviyaya atdı. Borc aldı Qəddafidən, vermədi, axırda onun başını yedi. Ermənilərin quluna çevrildi. İddia etdi ki, ermənilərə qarşı türklər soyqırım edib. Rəsmiləşdirməyə nail oldu ki, kim desə, soyqırım olmayıb – o şəxs cərimələnsin, hətta həbs olunsun. Budur demokratiya?

-Dayan yazım bunları. Sonra yadımdan çıxar. Qələm, kağız ver.

-Sən nə boydasan ki, qələm, kağız istəyirsən. Qələm tutan, yazı yazan əlin var məgər?

-Doğru deyirsən. Yadımda saxlaram. Daha nə sözün var? Getməliyəm.

-Yəqin Ermənistana da gedəcəksən.

-Əlbəttə.

-Xocalıda o boyda soyqırım oldu. Şuşaya uçan, içərisində azərbaycanlılar olan təyyarə partladıldı, sonra Bakıda metroda, avtobusda, qatarda, gəmidə  erməni terroru oldu. Azərbaycanlılar kütləvi surətdə dədə-baba yurdlarından qovuldular, bir milyondan artıq azərbaycanlı qaçqın, köçkün vəziyyətinə düşdü. Ermənilər neçə-neçə Azərbaycan rayonlarını işğal etdi. Dünya susdu, yenə susur.

-Dayan, bunu da yazım.

-Yaza bilməyəcəksən, yadında saxla.

-Hə, doğru deyirsən.

-Amma xeyri yoxdur. Ayağın Ermənistana dəyən kimi səni Azərbaycan əleyhinə kökləyəcəklər. Bax, bəri başdan deyirəm ha. Sən də ATƏT-in  tutduğu mövqeyi tutacaqsan.

-İnanma.

-Yox, inanıram.

Taclı susdu. Sonra:

-Sizdə belə məsəl var: “Yolçu yolda gərək. Mən gedər oldum. Bu camaatı başa salın. Mən varam. Kim qorunmasa, canını alacağam. Maska taxsınlar. Özlərini aparmağı öyrənsinlər, gigiyena qaydalarını gözləsinlər.

Yazı Yazarov ayağa qalxdı. Taclı yoxa çıxmışdı.

Lətifə xanım içəri girdi:

-A kişi, bayaqdan öz-özünə nə danışırdın?

Yazı Yazarov:

-Öz-özümə danışmırdım…

-Necə yəni danışmırdın? Taclı deyirdin, onu insaflı olmağa çağırırdın. Ağlın çaşıb nədir? Taclının dili-ağzı var? Gözə görünəndir məgər?

Yazı Yazarov istədi həqiqəti desin, amma özünü saxladı. Onsuz da Lətifə ona inanmayacaqdı. Odur ki:

-Lətifə, görünür, yazı yaza-yaza məni yuxu tutub, sayıqlamışam.

-Dur, get yat. Gecə yarıdan keçib.

Yazı Yazarov tez ayağa qalxdı.

 

 

Yazıya 408 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.