AKİF ABBASOV – NURCANIN QƏMLİ HEKAYƏTİ

                                     akif abbasov(“Fəth” romanından)

                                      (əvvəli var)

                                       Onur bəyin evində

Arabaçı pulunu alıb getdi. Nurcan  sakitcə Mürtədin yanına düşüb addımladı.

-Bura atamın tacir dostu Onur bəyin  evidir.

Mürtəd darvazanı döydü. Onur bəyin oğlu Fürkan çıxdı. Gələnləri başdan ayağa diqqətlə süzüb soruşdu:

-Kim lazımdır?

Mürtəd tez:

-Fürkan, tanımadın?  Mürtədəm, – dedi.

Fürkan üzrxahlıq edib  onları həyətə buraxdı. Xoşgəldin elədi.

-Onur bəy evdəmi?

-Evdə deyil, harada olsa, indilərdə gələr.

Söz Fürkanın ağzından çıxmamış Onur bəy həyətə girdi. Mürtədlə Nurcanı görüb mehmannəvazlıq elədi:

-Oğul, xoş gəlib, səfa gətirmisiniz. Şükrü kişi necədir? Hənifə bacı nə təhərdir?

-Yaxşıdırlar. Salamları var.

 Səs-küyə evin xanımı Tuğba çıxdı. Gəlib qonaqlarla səmimi görüşdü. Nurcanı qucaqlayıb öpdü, onun qoluna girib:

-Ay Onur, bu Allah saxlamışları həyətdə niyə saxlamısan? Sorğu-suala tutunca evə dəvət elə.

Onur da öz növbəsində:

-Doğrudan e, – dedi. -Gəlin, gəlin, yuxarı çıxaq.

Tuğba arvad dönüb Mürtəddən anası Hənifəni soruşdu.

Mürtəd cavab verdi.

Onur bəyin iki oğlu, iki qızı vardı. O biri oğlu – Uğur da, qızları Səlma və Hülya da yaxın gəlib görüşdülər. Süfrə açıldı.

* * *

Onur bəyin həyət-bacası, ev-eşiyi geniş idi. Beş-altı otağı vardı. Mürtədin məramını biləndən sonra onlara bir otaq ayırdılar. Dinməz-söyləməz, məyusanə görkəmlə durub baxan, söhbətə qoşulmayan, suallara “hə”, “yox”la cavab verən Nurcan çıxılmaz vəziyyətdə idi. Nə dərdini açıb deyə bilirdi, nə də Mürtədlə bir otaqda qalmağın onunçun ölüm olacağını bildirmirdi. İndi necə olacaqdı? Onları ər-arvad bilirdilər. Mürtədin pulu-parası, qızılı, almazı vardı. Yığıb gətirmişdi. Bu evdə  müvəqqəti qalacaqdılar. Mürtəd burada – Konstantinopolda ev almaq fikrində idi. Onur bəy onlarçın ev tapacağına söz vermişdi:

-Mürtəd, oğul, amma məni tələsdirmə. Çöldə-bayırda qalmamısınız ki.  Allaha şükür, evimiz geniş, otaqlarımız çox.  İmkan ver, sizinçin fərli ev tapım.

Mürtəd də öz növbəsində:

-Nə deyirəm ki, Onur əmi, – demişdi.

* * *

       Axşam idi. Ailənin bütün üzvləri eyvanda əyləşmişdilər. Şam edirdilər.     Mürtədlə Nurcan da yanaşı oturmuşdular. Nurcanın qaradinməz olması qızları -   Səlma ilə Hülyanı açmırdı: “Nə forslu qızdır. Adama yovuşmur”. Onlar Nurcanın qaynayıb-qarışmasını, onlarla gülüb-danışmasını istəyirdilər. Amma anaları    Tuğba xanım başqa cür fikirləşirdi: “Allaһ saxlamış ağıllı, nəzakətli, abırlı qızdır.  Bizim yanımızda utanıb-çəkinir. Həyasından əriyir. Bundan yaxşı gəlin olar”.

Tuğba xanım Nurcanı   bəyənmişdi.

Evdəkilər hamılıqla şam etdilər, çaylarını içib hərəsi öz otağına çəkildi. Eyvanda qalan Mürtədlə Nurcan idi. Mürtəd dedi:

-Biz də otağımıza çəkilək.

Nurcan “Bəli, başlandı”. – deyə fikirləşib üzünü yana çevirdi:

-Sən otağına get, mən burada mürgüləyəcəyəm.

Mürtəd tər-tər ona baxdı, irəli yeriyib qolundan tutub çəkdi:

-Ay qız, ağıllı ol. Barəmizdə nə fikirləşərlər. Bunlar bizi ər-arvad bilirlər. Sən artıq mənim arvadımsan. O yan, bu yan eləmə. Bunlara da belə demişəm.

Nurcanı ağlamaq tutdu:

-Mən sənin arvadın deyiləm, olmayacağam da.

Mürtəd ciddiləşdi, qıza xatırlatdı:

-Axı biz şərt kəsmişdik. Özünü yaxşı apar. Otağa keç.

Onların mübahisəsini eşidib ev sahiblərinin gələcəyindən ehtiyatlanan Nurcan otağa daxil oldu. Əli ilə yatağı göstərərək:

-Keç, yat. Mən isə elə bu küncdə, keçənin üstündə gözümün acısını alaram.

Mürtədin dayanıb baxdığını görüb:

-Otağa keçməyimi istəmirdin? – deyə soruşdu. -Keçdim də. Daha nə sifarişin var?

Mürtəd köynəyinin düymələrini açmağa başladı:

-Sən mənim arvadımsan. İstəyirəm bir yerdə yataq.

Nurcan nifrətlə ona cavab verdi:

-Onu yatar yuxuda görərsən!

Mürtəd irəli yeriyib qızın qolundan tutdu. Yatağa sarı sürüdü. Nurcan qolunda ağrı hiss elədi. Dərisi zərif idi. Başa düşdü ki, indi qolu göm-göy göyərib. Nurcan müqavimət göstərdi. Amma başa düşdü  ki, Mürtədlə bacara bilməyəcək, zorla da olsa o, istəyinə çatacaq. Ona görə hiyləyə əl atdı:

-Qolumu burax, sözüm var, deyim sonra.

Mürtəd ürəyində sevindi: “Bax belə. Xoşluqla olmayanda, zor köməyə gəlir. Hə, nə oldu? Bayaqdan istəmirdin?”

-Mürtəd, məni başa düş. Özün dedin ki, mən sənin arvadınam. Fikirləşdim ki, onsuz da əlim heç yana çatmır, buralarda da səndən savayı heç kimi tanımıram. Mənə həyan dursa-dursa Mürtəd  duracaq. Yaxşı, mən razı. Sənin arvadın olmağa razılıq verirəm. Amma mənə imkan ver, özümə gəlim. Mən indi özümü hazır hesab etmirəm. Nə olar, bir neçə gün gözlə.

Nurcanın gözləri yaşardı, ağlamağa başladı. Mürtəd həqiqətən onu sevirdi. Sevdiyi qızı başa düşməli idi. “Nurcan artıq fikrini dəyişib, söz verir ki, Mürtədə arvadlıq edəcək”. Mürtəd yumşaldı:

-Yaxşı, Nurcan, yaxşı. Sən deyənə mən də razıyam. Amma yadında saxla, söz verdin.

Nurcan başını tərpətdi.  Mürtəd üzünü ona tutaraq:

-İndi keç, yataqda yat, -dedi.- O keçənin üstü hələlik mənim olsun, – dedi. – Sonra…

Nurcanın dayanıb baxdığını görüb əlavə etdi:

-Sonra bir yerdə yatarıq. Söz vermisən…

Mürtəd bərk yorulmuşdu. Neçə gün idi ki, yol gəlirdilər. Ona görə də paltarlı-paltarlı keçənin üstündə uzanıb xoruldamağa başladı. Nurcan onun yatdığına əmin olduqdan sonra şamı söndürmədən yatağa girdi. Narahat yatdığından tez-tez oyanır, ətrafı gözdən keçirir, Mürtədin oyaq olmadığını görüb yuxuya gedirdi.

* * *

Bir neçə gün keçdi. Mürtəd hələ dözürdü. Ümidlə keçirirdi günlərini. Nurcanın özünü təslim edəcəyi anı səbirsizliklə gözləyirdi. O isə insafa gəlmək bilmirdi. Bir gün Nurcan ona şad xəbər verdi:

- Mürtəd, çox düşündüm-çox daşındım, axırda başa düşdüm ki, bu, bir qismətdir. Görünür fələk yazımı belə yazıbmış.  Bu gündən mən oluram sənin hallıca-dulluca arvadın.

Mürtəd sevindiyindən bilmədi nə etsin. Qaçıb Nurcanı qucaqladı. Nurcan onu özündən kənar edib:

-Deyirəm bir dükan-bazara dəy. Evə bazarlıq elə. Mənə bir gəlinlik paltarı al. Axşam ailəliklə qeyd edək, şənlənək. Bunları da sevindirək. Onur bəy dedi ki, ev tapıb. Evimizi də qeyd edək.

Mürtəd geyinib-keçinib yola düzəldi…

Az keçmiş Mürtəd Nurcan dediklərini alıb qayıtdı. Otağa girdi ki, bunu qıza xəbər versin. Gördü o, otaqda yoxdur. Fikirləşdi ki, yəqin qızların yanındadır. Oturub gözlədi. Nurcanın gəlmək bilmədiyini görüb ayağa durdu.  Aynabəndə çıxdı. Səlma ilə Hülya əyləşib söhbət edirdilər.

-Nurcanı görməmisiniz?

Qızlar suala sualla cavab verdilər:

-Otaqda deyil?

-Yox.

Qızlar unkisə etdilər:

-Nurcan bizi bəyənir ki, gəlib söhbətə də qoşulsun. Otağından çıxmır.

Onur bəylə qardaşlar işdə-gücdə idilər. Tuğba xanım gəldi.

-Nə olub?

-Nurcan yoxdur.

Tuğba xanım:

-Necə yoxdur?! – dedi. -Harada olsa, gələr. Bəlkə ayaqyolundadır.

-Orda da yoxdur.

Tuğba xanım onu sakitləşdirdi:

-Narahat olma… Buralardadır yəqin. Qonşuya da gedən deyil ki, onlarda axtaraq.

Tuğba xanım bu sözləri desə də, onun gözlərinin dərinliyində bir məmnunluq, arxayınlıq oxunurdu. Bunu heç kim sezmədi.

                             (ardı var)

    Yazıya (128) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.