AKİF ABBASOV – SÜRGÜNDƏ SƏSLƏNƏN MUSİQİ

                                        AKİF ŞƏKİL İYUN 2014 (hekayə)

Stalin rejiminin tüğyan etdiyi illər idi.  10-15 qoyunu, 5-10 inəyi, camışı, iki mərtəbə evi olanın adını “kulak”, yəni qolçomaq qoyub, necə deyərlər “qulaqlayıb” göndərirdilər Sibirə sürgünə, ya da ailəli köçürürdülər Qazaxıstana. Bəxtləri gətirməyənləri də gedər-gəlməzə – ölümə məhkum edirdilər.

Mahmud kişinin taleyinə güllələnmə, ailəsinin taleyinə isə sürgün düşmüşdü. Ailəsi doğma Xəlilli kəndindən çox-çox uzaqlarda sürgün həyatı sürürdülər.  Toğrul sürgündə doğulmuşdu. Atasının üzünü görməmişdi.

Ailə bir də yeddi il sonra Azərbaycana qayıda bildi. Stalin o dünyalıq olmuşdu.  Sürgünlərdə məşəqqət, zülm çəkənlər, həbsdə olanlar bəraət alırdılar.

Toğrul Azərbaycan adlı bir ölkənin, respublikanın, Xəlilli adlı bir kəndin mövcud olduğunu  anasının söhbətlərindən eşitmişdi.  Xəyalları qanadlanıb o müqəddəs yerlərə baş çəkir, dünyanın belə qalmayacağını düşünür, bir zamanlar axır ki, yurd-yuvalarına dönəcəklərinə inanırdı. Elə də oldu.

Ağlı kəsəndən yeddi yaşına kimi bu gözəl təəssüratlarla yatdı, durdu, yaşadı. Görmədiyi kəndini, Azərbaycanı çəkdiyi şəkillərdə yaşatdı. Özünü o yerlərdə təsəvvür edir, qarış-qarış Vətənini gəzirdi.

Azərbaycandan sürgündə olan tək onların ailələri deyildi. Səmədgilin, Məcidgilin, Məhərrəmgilin, Bəşirgilin ailələri də buralarda idilər. Böyüklər əkində-biçində, çayxanada, kiçiklər məhəllədə, oyunlarda, çay qırağında bir-biri ilə rastlaşır, görüşür, dərdləşirdilər.

Toğrul atasını görməmişdi. O hələ anasının bətnində olarkən Mahmudu ailəsindən ayırıb bir Allah bilir hara aparmışdılar. Hərə bir şey danışırdı. Kimisi deyirdi, aparıb kişini güllələyiblər, kimisi də deyirdi özü öz əcəli ilə haradasa ölüb.

Sürgündə olan başqaları kimi Toğrul da  anası və 8 yaşında bacısı ilə çadırda yaşayırdılar. Şaxtanın qılınc kimi kəsdiyi qış aylarında, bir də günəşin od tökdüyü yay aylarında çadırda yaşamağın nə olduğunu çox mərtəbəli binalarda, bağlı-bağçalı həyət evlərində yaşayanlar yox, çadır həyatı görənlər yaxşı bilərlər.

Qəmər dörd qızını Xəlilli kəndində qoyub sürgünə yollanmışdı.  Qızlara  qohum-əqrəba baxırdı. Qəmərin yarı canı kənddə qalmışdı. Binəvanın gözünün yaşı həmişə ovcunda idi.  Allah da nədənsə bu zülmü götürürdü.

 

Qəsəbənin düz ortasında bir elektrik dirəyi vardı. Bu dirəyin kəlləsindən  o zamanlar dinamik deyilən bir radioqəbuledicimi, radioötürücümü asılmışdı. Sürgündə olanlara məlumatlar həmin dinamikdən verilirdi. Məlumatlardan sonra dinamik sussa da, arada musiqi səslənirdi. Rus mahnıları ilə yanaşı, hərdənbir başqa  xalqlarının musiqisinə də yer verirdilər.

Bir gün məhəllə uşaqları çiling-ağac oynayırdılar. Toğrul da dayanıb baxırdı. Birdən dinamik dilə gəldi. Xoş, qəlboxşayan bir musiqi səsləndi. Uşaqların başları öz oyunlarına qarışdığından musiqiyə fikir vermirdilər. Toğrul isə onlardan ayrılıb dirəyin yanına gəldi və musiqini dinləməyə başladı: “İlahi! Ecazkardır!”

İnanılmazdır. Bu sözlər yeddi yaşlı uşağın ağzından çıxdı. Musiqi onu öz qoynuna almışdı. Toğrul musiqinin hansı xalqa aid olduğunu bilmirdi, amma    xoşuna gəlmişdi.  Özü də çox!

Toğrul gözlərini bir nöqtəyə zilləyərək baxırdı. Musiqi onu kövrəltmişdi. Gözlərindən yaş gəlirdi. Uşaqlardan biri, deyəsən Əhməd idi, Toğrulun ağladığını görüb qaçaraq bunu Qəmər xalaya çatdırdı.   Qəmər tez  gəldi. Toğrul anasının gəldiyindən xəbər tutmadı. Qəmər də onu düşüncələrindən ayırmadı. Lal-dinməz dayanıb qulaq asmağa başladı.

Musiqi başa çatdı. Toğrul özünə gələndə  anasını yanında gördü:

-Ana, nə gözəl musiqi idi. Gözlərim doldu.

Qəmər ah çəkib:

-Bu bizim musiqimizdir, bala, -dedi. -Azərbaycan musiqisidir.

Toğrul sevincək və heyrətlə:

-Ana, doğrudan? – deyə xəbər aldı.

-Hə, bala.

-Deyirəm axı. Qanıma, iliyimə işlədi.

Qəmər aydınlıq gətirdi:

-Aşıq musiqisidir. “Yanıq Kərəmi”.

Həmin gündən sonra Toğrul Azərbaycan musiqisi eşitmək üçün tez-tez hündür dirəyin yanına gəlirdi. Amma nədənsə Azərbaycan mahnıları, Azərbaycan musiqisi səslənmirdi. Bunu da sürgündə olanlara çox görürdülər.

Toğrul texnika ilə maraqlanır, arada nə isə quraşdırırdı. Bir gün onu yenə məşğul gördülər. Qəmər maraqlandı:

-Oğlum, nə düzəldirsən?

-Radio.

-Doğrudan?

-Hə, ana. O dinamikdən Azərbaycan musiqisi vermirlər. İstəyirəm radioya oxşar nəsə düzəldim ki, istədiyimiz vaxt Azərbaycan musiqisinə qulaq asa bilək.

Ana güldü. Öz-özünə:  “Radio düzəltmək yeddi yaşlı uşağın hünəri deyil?”

Qəmər oğluna bir söz deməyib çadıra girdi.

Toğrul cəhdinin səmərəsiz olduğunu görüb əl saxladı. Birdən yadına qəsəbə poçtunda gördüyü radio düşdü. Gedib diqqətlə radioya baxdı, baxdı və qayıtdı. Çox əlləşdi. Poçt ilə evin arasında qalmışdı. Oradan-buradan cürbəcür  hissələr toplayırdı. Bir gün əlində radioya oxşar bir şey həyətə düşərək:

-Axır ki, axır ki, – deyə qışqırmağa başladı.

Radioya oxşar şeydən Azərbaycan musiqisi səslənirdi. Bəzi kanallar tuturdu.

Qəmər təəccüb içərisində irəli yeriyib Toğrulu öpüşlərə qərq etdi.

Vətən həsrəti, Vətən sevgisi yeddi yaşlı uşağa sadə üsulla radio düzəltmək bacarığı vermişdi.

O o o

Vətənə dönəndə Toğrulun vur-tut 7 yaşı vardı. Doğma yerlərə, qohum-əqrəbasının, bacılarının yanına qayıtdığı üçün çox sevinirdi. Amma həm də hədsiz kədərli idi. Amansız rejim atasını əlindən almışdı. Qəmər ara-sıra atası barədə ona danışar, onun necə böyük ürək sahibinə malik olduğunu, hamı tərəfindən xeyirxah, mədəni, zəhməksevər insan kimi tanındığını ona deyərdi. Toğrul  diqqətlə anasına qulaq asır, amma onun məlumatları oğlanı qane etmirdi. Qəmər atasının nə üçün, hansı səbəbdən güllələndiyini, buna kimin bais olduğunu demirdi. Necə deyəydi? Oğlunun yaşı hələ az idi.

Repressiya dövrünün bəlalarından Toğrulun az-çox xəbəri vardı. Bilirdi ki, bir çoxları günahsız cəzalandırılmışdı. Mahmud kişinin taleyinin acı gəlməsində çox şübhəsiz kiminsə günahı vardı. Bunu öyrənmək istəyirdi. Həm də onunçun maraqlı idi ki, əsl səbəb nə imiş və hansı iddia ilə atası gedər-gəlməzə yollanmışdı.

İllər keçir, Toğrulun yaşının üstünə yaş gəlirdi. Amma hələ də bunları öyrənə bilməmişdi. 15-16 yaşına çatanda axır ki, həqiqət ona məlum oldu. Sən demə, atası kolxoz sədri Şükürün fitvası ilə həbs olunubmuş. Şükürün Qəmərdə gözü varmış. Qəmər isə Mahmuda könül vermiş, onun həyat yoldaşı olmuşdu. Fəqət Qəmər yanğısı, Qəmərə olan sevgi Şükürü odlandırır, onu rahatsız edirdi. Mahmud onun gözünün düşməni idi. O olmasaydı Qəməri özü alacaqdı.

Qərara gəldi: Mahmud hansı yolla olursa-olsun, aradan götürülməlidir.  Başsız qalan Qəmər Şükürün çaldığı havaya oynayacaqdı. O belə düşünürdü. Ona görə də  şər atıb Mahmudu tutdurdu. Onun ot tayasından odlu silah – beşaçılan və xeyli patron tapılmışdı. Adını da qoydular ki, Sovet hökumətini yıxmaq üçün hazırlaşır. Əslində silahı və patronları ot tayasına Şükür özü qoymuşdu.

Beləliklə, Mahmud sürgünə göndərildi. Şükür Qəmərə girişdi. Min dil tökdü: “Mahmuddan əlini üz, onu bir daha görməyəcəksən. O elə bir iş tutub ki, başını hökmən batıracaqlar”. Qəmər “yox”! deyib durur, hər dəfə Şükür ona dil tökdükcə, ondan daha çox zəhləsi gedirdi.

Bir neçə il sürgün həyatı keçirən Mahmud axır ki, gəlib çıxdı. Amma tale yenə də üzünə gülmədi. Yenə də xəyanətlə üzləşdi.  Şükür ikinci dəfə onun torbasını tikdi. Mahmud bu dəfə həqiqətən gedər-gəlməzə getdi.

Şükür Qəməri narahat etməkdə idi: “Gəl kolxozda sənə iş verim. Ərin ölüb, səni alım, özün də hamiləsən, bir çətən külfətsən. Uşaqlarına yiyə duraram”. Bu dəfə Qəmər onun üzünə tüpürdü, əl atıb dırnaqları ilə onun sifətində şırım açdı. Ona: “Biqeyrət, oğraş!!!” -dedi. –Ərimi tutdurmağın, güllələtməyin yetmir, hələ namusuma da sataşmaq istəyirsən? Ölərəm, amma nə sənin sədr olduğun kolxozda işlərəm, nə də sənə ərə gedib çörəyini yeyərəm!”

Şükür sir-sifətinin qanını silə-silə onu hədələməyə başladı:

-Deməli kolxozdan imtina edirsən, kolxozu bəyənmirsən? Bu bilirsən nə deməkdir? Şura hökumətinə qarşı qiyam, üsyan! Gedərsiniz sürgünə, ağlınız başınıza gələr. Sənin də canın Sibirdə çıxar!

Qəmər hamilə vəziyyətində, yanında da bir balaca qız uşağı sürgünə yollandı. Şəhərdəkilər də Şükürdən çəkinirdilər. Onun qarayaxan, əclaf olduğunu bilirdilər. Onlar da öz haylarında idilər. Ona görə də Qəmərə kömək edə bilmədilər. Sonradan Qəmərin dayısı onların ardınca getdi ki, tək qalmasınlar, onlara hayan dura bilsin.

Toğrul bunları öyrənəndə artıq Şükür kolxoz sədri işləmirdi, mitilini çölə atmışdılar. Kənddə hamının ondan zəhləsi gedirdi. Özü də qocalıb əldən düşmüşdü. Qəmər Toğrula yalvarıb-yaxarmışdı ki, Şükürlə işi olmasın. Özlərinə təzə-təzə gəlirdilər. Yoxsa Toğrulun əlindən bir xata çıxar, bu dəfə də onu tutub basardılar dustaqxanaya.

Amma Toğrulun səbri kəsilmişdi. Atasının ölümünə, anasının, bacılarının iztirab, məşəqqət çəkmələrinə bais olan bu xəbis niyyətli həşərata öz sözünü deməli idi.

Günlərin birində Şükürü  küçədə tində oturubmuş görüb ona yaxınlaşdı. Onun gözlərinin içərisinə baxaraq:

-Şükür, sən atamın qatilisən, anamı sürgünə yola salıb demişdin ki, oradan sənin ölüm xəbərin gələcək. Bax, biz , ölmədik, qayıtdıq. Amma sən bu yaramaz əməllərinlə hər gün öləcəksən! İnsan kimi yox, heyvan kimi öləcəksən! Səni basdırmağa bir adam belə getməyəcək. Səni bu əllərimlə boğardım! Amma əllərimi sənin murdar bədəninə  toxundura bilmirəm! Əllərimə heyfim gəlir.

Şükür qışqırıb-ağlamağa, yerdən torpaq götürüb öz başına tökməyə başladı. Toğrul üzünü çevirib getdi.

Bir müddət sonra Şükür cəhənnəmə vasil oldu. Öləndə heç kim onun yasına getmədi. Meyit ortada qalmışdı. Molla çağırdılar, o da gəlmədi. Oğlu bir-iki qohumla aparıb o şərəfsizi basdırdılar.

.                         Bakı şəhəri, 28 mart 2021-ci il

 

Yazıya 271 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.