Bəhaullah və “Kitabi-İqan”

azerBabilər hərəkatının (1844-1852) Yeni dövr İran tarixində xüsusi yeri vardır. 1844-ci il mayın 23-də İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd Bab Özünü İlahi Zühur elan edir. Bil­di­rir ki, Onun əsas məqsədi insanları Müqəddəs Kitablarda Vəd Olunan daha qüdrətli İlahi Zühuru qəbul etməyə hazırlamaqdır. Babın çağırışları İranda babilər hərəkatına səbəb olur. Bab 1850-ci ildə Təbrizdə edam edilir və hərəkat yatırılır. Hərəkatın fəal üzvi Mirzə Hüseyn Əli Bəhaullah İraqa sürgün olunur. 1863-cü il aprelin 21-də Bəhaullah öz ardıcıllarına bildirir ki, O, Babın vəd etdiyi İlahi Zühurdur və Bəşəriyyətə Allahdan Yeni İlahi təlim nazil etmişdir. Bəhaullah, 40 il həbs və sürgün həyatını yaşayaraq, 1892-ci ildə  dünyasını dəyişir.

Bəhaullahın Təlimi (Bəhai dini) qısa zamanda Avropa, Amerika, Afrika və Okeaniya adalarına yayılaraq  dünya dininə çevrilir. Hazırda Bəhai icmaları dünyanın 187 müstəqil dövlətində və 45 asılı ərazisində vardır. Bəhai icmaları ABŞ, Kanada, Avstraliya, Hindistan, Kamboca və digər ölkələrdə nüfuzlu dini azlıq sayılırlar.

Bəhaullahın qələmindən çıxan Yazıların ümumi həcmi 700 cild təşkil edir. Yazılar içərisində “Kitabi-İqan”ın xüsusi yeri vardır.Kitabı əl-İqan” (ərəbcə), “Kitab-i-İqan” (farsca) və ya “Əminlik Kitabı” (azərbaycan dilində)bəhailərin ən çox müraciət etdiyi kitablardan biridir. O, beynəlxalq auditoriyasına görə müsəlman dünyası xaricində Quran və Bibliyanın ən nüfuzlu təfsiri hesab olunur.

Əsər 1861-ci ildə Bağdadda qismən farsca və qismən ərəbcə yazılmışdır. Bəhaullah, təqribən on il əvvəl (1852-1853) Tehrandakı  Siyah Çal həbsxanasında Allahdan Vəhy aldığını desə də, həmin vaxt Missiyasını hələ bəyan etməmişdi. Ona görə də əsərdə Bəhaullahın Missiyasına işarə örtülü formada görünür.

“….Şübhəsiz, gün gələr ki, Cənnət Bülbülü bu bağçadan səmavi yuvasına uçub gedər. O zaman Onun nəğməsini daha eşitməzsən, gülün camalını görə bilməzsən. Ona görə də vaxtı qənimət bil, ilahi bahar sona gəlməmiş, Əbədiyyət Quşu təranəsini  bitirməmiş qəlbinin qulağını onun səsini duymaqdan məhrum etmə. Bu mənim sənə və Allahın dostlarına nəsihətimdir. İstəyən qəbul etsin, istəməyən üz çevirsin…”

Kitabi-İqanın böyük araşdırıcısı Xristofer Bak  kitabın bu mövzusunu “Messian sirri” adlandırır. Kitabı-İqanı bəzən “Bəyan”ın (Babın Vəhy kitabı) tamamlanması da hesab edirlər.

Bu kitabın yazılmasının maraqlı tarixçəsi var: bir gün Babın dayısı Hacı Seyyid Məhəmməd Vəd olunan Kəsin (Sahib- Zamanın) öz bacısı oğlu olduğunu eşidib, inkar etsə də, bu məsələni araşdırmaq qərarına gəlir. O, 1861-ci ildə Bağdada gəlir və Bəhaullah ilə görüşür. Bəhaullah ona deyir: «Heyf, sizin ailənizdə zahir olan bu Nura ki, siz Ondan məhrumsunuz.» Hacı Seyid Məhəmməd cavabında bildirir: «Biz Sahib-Zaman haqqında çox vəsflər eşitmişik. Onun mübarək adını eşidəndə daim təzim etmişik. Amma indi deyirlər ki, o Qaim bizim bacımız oğludur».

Bəhaullah buyurur ki, onlar bu məsələ ilə bağlı olan suallarını yazıb gətirsinlər. Hacı Seyid Məhəmməd təşəkkür edib gedir və səhəri gün Bəhaullaha  dörd sual təqdim edir. Bəhaullah həmin suallara cavab olaraq iki gün, iki gecə ərzində (1861-ci il 15-16 yanvar tarixlərində)200 səhifədən ibarət «Kitabi-İqan»ı nazil edir. Sonradan bu yazının üzü köçürülərək bəhailər arasında yayılır. Bu kitab əvvəl «Risaleyi-Xal» («Dayıya Risalə»), sonralar isə «Kitabi‑İqan» adlandırılır.«Kitabi-İqan»ın  Babın ailəsində saxlanılan əsli 1948-ci ildə Şövqi Əfəndiyə təqdim olunmuş və bu gün də Hayfada, Beynəlxalq Bəhai Arxivindədir.

Kitabi-İqan, Bəhaullahın həm də nəşr olunan ilk əsəri idi. Kitab Hindistanın Bombey (indiki Mumbay) şəhərində, hicri 1299 (miladi 1882) tarixində “Hasani Zívar Press” mətbəəsində nəşr olunmuşdur. İlk dəfə 1904-cü ildə ingilis dilinə tərcümə edilmişdir. O, Bəhaullahın ingilis dilində çıxan ilk əsərlərindən biri sayılır.

Kitab iki hissədən ibarətdir: birinci hissə İlahi Vəhyin mütərəqqi olmasıvə dinlərin Allahın Böyük Palnına uyğun olaraq ardıcıl gəlişi, hər bir böyük Dininin əvvəlkiləri qəbul etməsi və çox vaxt örtülü ifadələrlə özündən sonra gələcək Dinin xəbərini verməsi məsələsinə həsr olunmuşdur. Məhs bu hissədə biz Bir Ümumi din və Peyğəmbərlərin bir olması konsepsiyası ilə tanış oluruq. Bəhaullah yazır:

Əlbəttə Allahın bütün Peyğəmbərləri Onun sevimliləri­dirlər, Onun Müqəddəsləri və Onun seçilmiş Müjdəçiləridir, hamısı bir nəfər kimi Onun adını daşıyır və Onun mükəm­məlli­yini təcəssüm etdirirlər. Onları bir-birindən ancaq Onların Vəhylərinin gücü və Onların halələrinin saçdığı nurun parlaq­lığı fərqləndirir

Və ya başqa bir yerdə yazır:

“…bütün Peyğəmbərlər Allahın Əmrinin müxtəlif libaslara bürünmüş Heykəlləridir. Əgər sən diqqətlə baxsan, görərsən ki, Onların hamısı bir çadırda sakindirlər, bir göydə uçur, bir taxtda əyləşib, bir nitqi söyləyir və eyni bir Dini bəyan edirlər”.

Bəhaullah “Kitabi-İqan”da irəli sürdüyü bu konsepsiyanı sonrakı illərdə nazil etdiyi Yazılarında dəfələrlə təkrarlayır və Öz zühurunun da bu Vəhy silsiləsində növbəti mərhələ olduğunu göstərir. Başqa İlahi Zühurlar kimi Bəhaullahı da din xadimləri ağlasığmaz zülmlərə məruz qoymuşlar. O bu haqda yazır:

“De: Ey yəhudilər, əgər siz ikinci dəfə Ruhu çarmıxa çəkmək istəyirsinizsə, Allaha and olsun, bu həmin ruhdur ki, sizin aranızda zühur etmişdir. Elə isə istədiyinizi edin, çünki O, öz canını Allahın yolunda qurban demişdir..

De: Ey İncil əhli, əgər siz Allahın rəsulu Məhəmmədi qətlə yetirmək istəyirsinizsə, Allaha and olsun, bu, Onun özüdür ki, haqqla zühur etmişdir. Elə isə istədiyinizi edin, çünki O, şərəf səltənətində Məhbubunun görüşünə müştaqdır….

De: Ey Quran əhli, əgər siz Bəyanı nazil edən Əlinin (Babın) vücudunu asmaq istəyirsinizsə, Allaha and olsun, bu, Onun Məhbubudur ki, başqa adla zühur etmiş və mənaların kölgə­sində mütləq hökmranlıqla gəlmişdir…

Ey Bəyan əhli, əgər siz Əlinin dili ilə, ondan əvvəl Məhəmmədin dili ilə, ondan qabaq isə Ruhun (İsanın) dili ilə müjdəsi verilmiş Şəxsin qanını tökmək istəyirsinizsə, budur, O, sizin aranızdadır və Onun yanında sizin istədiklərinizə mane olacaq bir köməkçi yoxdur. Bunu bilin!”

Kitabi-İqanın birinci hissəsində Bəhaullah həm də Müqəddəs Kitablarda tez-tez səslənən və inanlar tərəfindən fiziki anlamda qavralınan “Günəşin qaralması”, “göyün parçalanması”, “ulduzların tökülməsi” anlayışlarının həqiqi mənasını izah edir:

… “günəş” və “ay” təbirlərindən məqsəd sadəcə görünən kainatın günəş və ayı deyildir.. “günəş” deyərkən o Həqiqət Günəşləri (İlahi Zühurlar) nəzərdə tutulur. Bu Həqiqət Günəşləri Allahın sifətləri və adları aləmində Onun külli Məzhərləridir. Necə ki görünən günəş  Allahın əmri ilə yaradılış aləmində görünən hər şeyin inkişafına kömək edir, eləcə də, ilahi Günəşlər öz inayət və tərbiyəvi təsirləri ilə elm və iqan çiçəklərinin üzə çıxmasına səbəb olurlar.. “günəş qaralacaq, ay öz işığını verməyəcək, ulduzlar göydən töküləcək” sözləri ilə üləmaların düz yoldan azması və ilahi vəhylə təsbit olunmuş qanunların ləğvi nəzərdə tutulur…Eyni cür də, son Saatın, Qiyamət Gününün gəlişinin bir əlaməti olan “göyün parçalanması” təbirinin mənasını..dərk etməyə çalış…“Göy” dən məqsəd dinin göyüdür ki, hər bir Zühurda yüksəlir  və sonrakı Zühurda parçalanır. “Parçalanma” o deməkdir ki, əvvəlki hökmlər əvəzlənir və ləğv olunur… ”.

Bəhaullah Qurani-Kərimdə səsləndirilən “əhli-kitab” anlayışının yəhudi və xristian ümmətinin din xadimlərinə aid olduğunu göstərir və bununla da  yalnış olaraq qəbul edilən “lənətlənmiş ümmət (xalq)” anlayışının üstündün xətt çəkir.

“Hər bir dövrdə din başçıları öz qövmünün əbədi xilas sahillərinə yetişmələrinə mane olmuşlar…bəziləri hakimiyyət hərisliyindən, digərləri də bilik və anlayış azlığından. Aydındır ki, öz insanlarınıAllahın düz yolundan azdıran “Kitab əhli” deyərkən, məhz o dövrün üləmaları nəzərdə tutulur ..”

Kitabın ikinci və böyük hissəsi Babın Missiyasının həm teoloji, həm də konkret məntiqi dəlillər əsasında sübutu ətrafında mənalı söhbətlərdən ibarətdir. Bəhaullah Bibliya mətnlərinə istinadən Məhəmmədin gəlişini, Quran mətnləri əsasında Babın gəlişini əsaslandırır. Bu hissənin ən məşhur və sevilən hissələrindən biri “Həqiqi axtaranın lövhəsi” kimi tanınır. Burada maraqlı məqamlardan biri Bəhaullahın İmam Hüseynin məqamına verdiyi yüksək qiymətdir.

“Bundan əlavə, Hüseynin şəhidliyi zamanı olan utancverici vəziyyəti xatırlayın. Onun tənhalığı üzərində düşünün ki, necə, zahirən ona kömək edəcək, onun bədənini kəfənləyib dəfn edəcək bir kimsə tapılmadı. Amma buna da baxın ki, bu gün,  dünyanın ən ucqar nöqtələrindən olanlar onun şəhid düşdüyü yeri axtararaq ziyarət libasını geyinirlər ki, başlarını onun məqamının astanasında qoysunlar! Allahın iqtidar və qüdrəti belədir! Onun səltənət və əzəmətinin cəlalı belədir!…”

 

Qeyd edək ki, müxtəlif din və məzhəblərdə İhahi Zühurların (Peyğımbərlərin) məqamı ilə bağlı ziddiyyətli baxışlar mövcuddur. Bəhaullah bu məsələyə də aydınlıq gətirir.

“Əgər Allahın külli-Məzhərlərindən hər hansı biri elan etsə ki, “Mən Allaham!” O, həqiqətən doğru söyləmiş olur və bundan heç bir şübhə ola bilməz. Zira dəfələrlə nümayiş etdirilmişdir ki, onların zühuru, sifət və adları ilə Allahın zühuru, Onun ad və sifətləri bu dünyada təzahür edir. Və əgər onlardan hər hansı biri bəyan etsə ki: “Mən Allahın Elçisiyəm,” O da həqiqəti, şübhəsiz həqiqəti söyləmiş olur. Bu işıqda baxdıqda, onların hamısı Uca Sultanın, o dəyişməz Cövhərin Elçiləridir. Və əgər onların hamısı bəyan etsələr ki: “Mən Peyğəmbərlərin möhürüyəm”(Xatəmi-Nəbi) onlar yenə də, cüzi də şübhə olmadan ancaq həqiqəti söyləmiş olurlar. Çünki onların hamısı bir şəxs, bir qəlb, bir varlıq və bir zühurdurlar. Onların hamısı “Əvvəlin” və “Sonun”, “Birinci və Axırıncının,”… Və əgər onlar desələr: “Biz Allahın bəndələriyik,” bu da aşkar və şübhəsiz bir gerçəkdir. Zira onlar son dərəcə yüksək bəndəlik məqamında zühur etmişlər, elə bir bəndəlik ki, heç bir insan ona yetişə bilməz. Odur ki, onların söylədikləri hər şey, istər Allahlıq, Rəblik, Peyğəmbərlik, Nəbilik, Vəlilik, Həvarilik və ya Bəndəlik məqamları olsun, hamısı doğrudur və buna heç bir şübhə yoxdur”.

Beləliklə, Kitabı-İqan dünyanın böyük dinlərini parçalayan əsrlik əngəlləri silməklə davamçılarının barışığı üçün geniş və sarsılmaz bir təməl qoyduğunu iddia edilə bilər.

Şövqi Əfəndi kitabın məzmununu xülasiləşdirərək yazır:

İki yüz səhifədə.. bir olan Allahın varlığını və birliyini elan edir; dini həqiqətin nisbiliyini və İlahi vəhyin davamlılığını təsdiqləyir; Peyğəmbərlərin birliyini, mesajlarının universallığını, təməl təlimlərinin oxşarlığını, kitablarının müqəddəsliyini və məqamlarının ikili olduğunu təsdiqləyir; hər yaşdan olan ilahiyyatçıların korluğunu və azğınlığını qınayır;Əhdi-Cədiddən alleqorik parçalarından, Quranın müəmmalı ayələrindən və dünyanın ən aparıcı dini sistemlərinin ardıcıllarını ayıran və bir-birindən ayıran əsrlər boyu yaşanan anlaşılmazlıqları, şübhələri və düşmənçiliyi doğuran sirli müsəlman hədislərindən sitat gətirir və izah edir; hər bir həqiqi axtarıcının axtarışının məqsədinə çatması üçün əsas şərtləri sadalayır; Babın Vəhyinin doğruluğunu, əzəmətini və əhəmiyyətini nümayiş etdirir;şagirdlərinin qəhrəmanlığını və sədaqətini alqışlayır; Bəyan əhlinə vəd edilən vəhyin dünya miqyaslı qələbəsini qabaqcadan xəbər verir; Məryəmin saflığını və günahsızlığını qoruyur; İslam dininin imamlarını tərifləyir; İmam Hüseynin şəhidliyi qeyd edir və mənəvi nüfuzunu tərifləyir;“Qayıdış”, “Qiyamət”, “Peyğəmbərlərin möhürü” və “Dirilmə” kimi simvolik terminlərin mənasını açıqlayır; İlahi vəhyin üç mərhələsini göstərir və ayırır; və canlı ifadələrdə “Allah şəhəri” nin şan və möcüzələrindən bəhs edir”.

Azər Cəfərov

Bəhai dini icmasının ictimai Əlaqələr ofisinin koordinatoru

Bakı Dövlət Universitetinin dosenti

 

Yazıya 280 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.