Akif ABBASOV – ƏSİRLƏRİN DİNDİRİLMƏSİ

 

ATATÜRK (1) MUSTAFA KAMAL ATATÜRKÜN ANADAN OLMASININ 140 İLLİYİ  TAMAM OLUR

 

(“Samsundan başlanan yol” romanından)

…General Fevzi Çakmak paşa qərargahın qarşısında dayanmışdı. Çətinliklərə baxmayaraq əsgərlərin fədakarlıq göstərmələri onu riqqətə gətirirdi. O, tabur komandiri olan bir leytenanta aralıdakı xəndəyi göstərib dedi:

– Görürsən, düşmən əsgəri orada ağacın arxasına yatıb bizimkiləri pulemyot atəşinə tutub. Çox təhlükəli nöqtədir. Atəş ara vermir. Gülləyə heyfi gəlmir. O atəş nöqtəsini susdurmaq lazımdır.

Leytenant baş endirib əmri yerinə yetirməyə getdi. Döyüşün bir balaca səngidiyini görən general qərargahdakı otağına gəldi. Burada yunan ordusundan əsir alınmış iki əsgər dayanıb gözləyirdi. Əli silahlı üç əsgər onlara nəzarət edirdi.

Yorğunluqdan və bir də vaxtlı-vaxtında yemədiklərindən əsirlərin sifətlərinin əti çəkilmişdi. Qorxudan gözlərinə qaranlıq və vahimə çökmüşdü. Fevzi Çakmak paşa əvvəlcə hündürboylu əsiri sorğu-suala tutdu. Əsir çəkinə-çəkinə dilləndi:

– Desəm, inanmayacaqsınız. Əslində biz əsgərlər özxoşuna bu müharibəyə qoşulmamışıq. Mən kəndli babayam. Başımızı əkin-biçinlə zorla dolandırırıq. Bir çətən külfətik… Yalvarıram, məni öldürüb anamı gözü yaşlı qoymayın.

Fevzi Çakmak paşa sinirlənib ayağa qalxdı, siqarını yandırdı:

– Bəs bu yayın istisində öldürdüyünüz cavanların anası yoxmu?

Əsir başını aşağı saldı. Sifətinin rəngi ağarmışdı. Generalın sözlərindən sonra tam yəqin etdi ki, onu sağ qoymayacaqlar. Qeyri-ixtiyari gözlərinin yaşını axıtdı:

– Mən əvvəldən Allahıma yalvarırdım ki, müharibə tez qurtarsın. Müharibəyə gələnə kimi toyuq başı da kəsməmişəm. Adam öldürmək mənlik deyil. Gülləni də qorxa-qorxa atırdım. İlk günlər atəş səsindən diksinirdim, elə bilirdim güllə mənə dəyib. Əlimlə bədəni yoxlayıb salamat qaldığımı görəndə bir təhər sakitləşirdim… Üstümüzə pulemyotları tuşlayaraq bizi məcbur edirdilər ki, vuruşaq. Hansı təpəyə hücum əmri verilirdisə deyirdilər: bu təpənin arxasında Ankaradır. On altı gün ötdü. Ankara görün-mürdü… Bizi “Türklərin əlinə keçsəniz, hər tikənizi qulağınız boyda edəcəklər” deyib qorxudurdular …

Fevzi Çakmak o biri əsiri dindirməyə başladı. Paşa bilirdi ki, yunan ordusunun əsgərlərindən bir çoxu türk vətəndaşı olan rumlulardır. Bu əsir də onlardan biriydi.

– Buyur, görüm, yəqin səni də zorla müharibəyə göndəriblər?!

Əsir dillənmədi. O, könüllü idi, öz istəyilə müharibəyə gəlmişdi. Bu zaman bayırda canlanma yarandı. Mühafizəçi “Farağat!” komandası verdi. Fevzi Çakmak paşa qalxıb çölə çıxdı. Baş komandan ayağını üzəngidən çıxarıb atdan düşdü və “Azad!” komandası verdi. Mustafa Kamal paşa Fevzi Çakmak paşa ilə görüşüb içəri keçdi. Əsirlər gələnin kim olduğunu bilmirdilər. Lakin Fevzi Çakmak paşanın davranışından başa düşdülər ki, bu, kimdirsə onları sorğu-suala tutan generaldan da yüksək rütbəli və vəzifəli komandirdir.

Fevzi Çakmak paşa əsirlər barədə məlumat verdi. Mustafa Kamal buyurdu ki, sorğunu davam etdirsin. Fevzi Çakmak paşa sualını təkrar etdi:

– Sən də məcburən müharibəyə gətirilibsən?

Əsir susmaqda davam edirdi. Bu dəfə Mustafa Kamal soruşdu:

– Hara vətəndaşısan?

Əsir başını qaldırmadan:

– Türkiyə, – dedi.

– Harada doğulmusan, müharibəyədək harada yaşamısan?

– Türkiyədə.

– Demək, sənin vətənin Türkiyədir. Millətindən asılı olmayaraq hamı vətəni qoruyur. Sən isə vətənə qarşı vuruşursan. Bilirsən səni necə bir aqibət gözləyir?!

Bəli, o bilirdi. O, rumlu idi. Müharibədən bir müddət əvvəl gedib yunan ordusuna qoşulmuşdu. Bilirdi ki, əsir düşərsə, vətənə xəyanət üstündə ona ölüm hökmü kəsilə bilər. Ona görə də əsir düşməməyə çalışır, cani-dildən türklərə qarşı vuruşurdu.

Mustafa Kamal bu xəyanətkara nifrətlə baxaraq:

– Türkiyənin, türk xalqının siz rumlulara nə pisliyi keçib ki, onu sevmirsiniz, bu ölkəyə, bu millətə qarşı belə namərdlik, nankorluq edir, xəyanətkar mövqe tutursunuz?

Sual cavabsız qaldı. Xainin deməyə sözü yox idi.

Mustafa Kamal paşa sözünə davam etdi:

– 1919-cu ildə yunanlar İzmirə girəndə sənin doğulduğun, boya-başa çatdığın, çörəyini yediyin, suyunu içdiyin, havasını udduğun bu şəhərdə daşı-daş üstə qoymur, dinc sakinləri öldürür, uşaqların başlarını kəsirdilər. Siz də sevinc içərisində onların qabağına qaçır, düşmənlərimizi duz-çörəklə qarşılayırdınız…

Əsir yadına saldı. İzmir işğal olunanda rumluların yunan ordusunu sevinc və coşqun hərarətlə qarşıladığının, döyüşçüləri qucaqlayıb öpdüklərinin şahidi olmuşdu. Özü də onlara qoşulmuşdu. İşğalçılara tay-tuşları ilə birlikdə gül dəstələri gətirmişdi. İzmir mitropoliti Xristostomas çağırılmamış qonaqlara, işğalçılara xeyir-dua verirdi. Rumlular Karantinaya sarı yol alan yunan taburunun qarşısına çıxaraq:

Zito Venizelos! Zita yunan əsgərləri! – deyə qışqırırdılar.

Yunanlar türklərə divan tutmağa başlayanda yerli rumlular da onlara qoşulmuşdu. Onlar da türkləri öldürür, evlərini yandırır, talançılıq edirdilər.

Bunları xatırlayan əsirin yatmış vicdanı oyandı, etiraf etməyə məcbur oldu:

– Doğru deyirsiniz, komandir, bu əslində biz gənclərin deyil, bizim böyüklərimizin, ağsaqqallarımızın, ağbirçəklərimizin günahıdır.

Bilmək olmadı əsir öz səhvini başa düşdüyü üçün, yoxsa canını qurtarmaq üçün belə dedi. Lakin həqiqəti söylədi.

Fevzi Çakmak paşa göstəriş verdi ki, əsirləri aparsınlar. Mustafa Kamal paşa Fevzi paşanın məlumatını xatırlayıb onun qulağına nə isə pıçıldadı. Fevzi Çakmak paşa əli ilə işarə verdi. Türk əsgərləri dayandılar. Rumlu əsiri apardılar, o biri əsir qaldı. Mustafa Kamal paşa əsiri sorğu-suala tutdu və anladı ki, o, siyasi oyunların qurbanıdır, istəmədiyi halda müharibəyə qatılıb. Onunla söhbətindən yunan ordusunun durumu barədə bəzi şeyləri özü üçün aydınlaşdırdı. Öyrəndi ki, həqiqətən yunan ordusunda ərzaq və hərbi sursat sarıdan qıtlıqdır. Müharibə döyüşçüləri təngə gətirib. Bir himə bənddirlər ki, aradan çıxsınlar. Geri çəkilmək¬ barədə söz-söhbət gəzir.

Dindirmə tamama yetəndə Mustafa Kamal paşa Fevzi Çakmak paşaya dedi:

– Bunu buraxın, çıxıb evinə-eşiyinə getsin.

Əsirin gözlərinə işıq gəldi, Mustafa Kamal paşanın ayaqlarına düşüb çəkmələrini öpdü…

Baş komandan ayağa qalxdı. Fevzi Çakmak paşa onu yola saldı. Üz-gözlərindən yorğunluq tökülən sanitarlar yaralanmış əsgərləri güllə altından çıxarıb kimisini xərəkdə, kimisinin qoluna girərək dalda yerə aparırdılar.

 

Yazıya 259 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.