AKİF ABBASOV – FƏRASƏTİN OLMAYIB

                              akif abbasov(lətifəvari hekayə)

          Sovet hakimiyyəti illəri idi. İkinci dünya müharibəsində minlərlə azərbaycanlı həlak olmuş, on minlərlə adam yaralanmış, şikəst olmuşdu. Döyüş meydanında digər millətlərdən olduğu kimi, alman ordusu tərəfindən azərbaycanlılardan da əsir alınanlar da vardı.

Stalinin qılıncının dalısının da, qabağının da kəsən vaxtları idi.  Göstəriş belə idi ki, müharibədə əsir düşmək olmazdı. Əsirdən sirr ala bilərdilər. Əsir düşənlərə pis baxırdılar, əsirlikdən azad olan kimi onlar sorğu-suala tutulur, zindana atılırdı. Tələb belə idi ki, gərək özünü öldürüb əsir düşməyəydin. Onda olardın qəhrəman, indi isə, Vətən xaini kimi bir şeysən.

Əsir şəxslərin ailələri də gözdən düşürdü.

İllər keçdi. Stalin torpağa tapşırdı. Hakimiyyət orqanlarında insanlara münasibətdə bir mərhəmət hissi yarandı: “Əşi, yaralanıb, bəlkə heç huşu başında olmayıb, əsir götürüblər, bunun nə təqsiri var? İmkan tapıb gülləni başına çaxmayıb”, “Hər əsir düşən məgər vətəni satır?” və sair, və ilaxır.

Vaxtilə əsir düşənlər, əfv edildilər, onlara da bu torpağın tamlayiqli, tamdəyərli şəxsi kimi baxılmağa başlandı. Onlar çox əziyyət çəkmişdilər, fikir-xəyaldan zindanlarda bəzilərinin ürəkləri partlamışdı, bəziləri xəstəliyə tutulmuşdu.

Yuxarılar çox düşünüb-daşındılar, qərara aldılar ki, alman faşist-işğalçılarının əsir götürdükləri insanların könlünü alsınlar. Bu adamlara pul mükafatı ayrıldı.

Yuxarı məhəllədə iki qonşu vardı: Güləhməd və Mirəhməd.

Mirəhməd faşistlərlə döyüşdə ad-san çıxarmışdı. Şəkli Çaykənarı bulvardakı şərəf lövhəsindən asılmışdı.   II Dünya müharibəsi iştirakçıları sırasında.

O biri qonşu Güləhməd idi. O, əsirlikdə olmuşdu. Son vaxtlara qədər ona birtəhər baxırdılar. İndi vəziyyət dəyişmişdi. İndi Güləhməd dəbdə idi. Çağırıb ona mükafat olaraq min manat pul verdilər: “İkinci dünya müharibəsində çəkdiyin əziyyətə görə”.

Qonşular Güləhmədin min manatla evə qayıtdığından xəbər tutdu.  Gülsənəm üzünü ərinə – Mirəhmədə tutaraq:

-Sən də deyirsən müharibədə olmuşam, faşistlərlə döyüşmüsən,  medal almısan. Mükafatı belə alarlar e. Sənin isə fərasətin yoxdur. Nə indi, nə də o zaman. Fərasətin olsaydı, əsir düşərdin. Sən də Güləhməd kimi min manat alardın.

Bakı şəhəri, 15 mart 2021-ci il

 

 

Yazıya 263 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.