ÇİYƏLƏK QADINDAN MƏLƏK QADINA

unnamedRəşad Məcidin “Səbəbi sənsən”adlı şeirlər kitabını oxuyarkən…

Rəşad Məcidin daxili dünyasına şeirlərinin köməkliyi ilə bələd oldum. Pınar kimidir onun şeirləri – dumduru. O duruluqda Rəşad Məcidin iç dünyasını, sonra öz simanı görürsən, əyrini, düzü görürsən… İçirsən sərin, dinləyirsən həzin, ürəyəyatımlıdır. Bir sözlə, o pınar özünü gizlədə bilmir, dünəndən bu günə bütün yaşadıqlarını sənə pıçıldayır – uşaq saflığı, məsumluğuyla…

O şeir pınarı həm də oxucu ilə danışmağı bacarır. Oxucu müəllifdən hali olur, onun keçirdiyi hissləri yaşayır, müəlliflə birgə sevir:

 

Tufan qalxır, külək dinir,

Göy gurlayır, şimşək dinir,

Yenə susmur, ürək dinir,

Yenə deyir, yenə Sən! Sən!

 

Sevinir:

 

Baxdın – baxışlarını,

Güldün – gülüşlərini,

Öpdün – öpüşlərini,

Daddım, dadını sevdim.

 

Sevdiyi insanla canbir olur:

 

Kəbəm üçün sürünmüşdüm,

Nə gözəldir,

Nə əladır,

Dizlərimin sızıltısı…

 

Qısqanır, ayrılıq həsrəti çəkir:

 

Qoluma girəcək yenə də qızlar,

Əsən xəfif külək O olmayacaq.

Hansısa baxışlar nəsə deyəcək,

Nə arzu, nə istək, O olmayacaq.

 

Və təəssüfə qapılır:

 

Səni gördüm…

Nə qanımdan od keçdi.

Nə canımdan həyəcan.

Bu çəkdiyim ah da

Canımda can verən

Bir eşqin son nəfəsidi çıxdı.

 

…Darıxmaq haqqında minlərlə şeir yazılıb, mahnılar bəstələnib, rəsmlər çəkilib. Darıxmaq hamıda eyni olsa da, hər kəsin təsvir bucağı başqa cürdür. Rəşad Məcidin darıxmağı da özünəməxsusdur. Darıxmaqla onun arasındakı məsafə hansısa bucağa sığmır, dairə şəklindədir. O dairədə  Öz – O – Sonsuzluq daim hərəkətdədir:

 

Əllərim, barmaqlarım

Uzanır, uzanır,

Girir torpağın altına,

Mən sənsiz darıxanda

Min il əvvəlki

Sümüklərim sızıldayır.

 

Bu misralarda şair darıxmağın gözəgörünməyən, irfani tablosunu yaradıb. Qurani-Kərimin “Əraf” surəsində deyilir: “Küləkləri (yağış) rəhmətindən öncə müjdə olaraq göndərən Odur. Belə ki, küləklər (yağmur yüklü) ağır buludları hərəkətə gətirdiyi (daşıdığı) zaman Biz onları (buludları) ölü (qurumuş) bir torpağa tərəf qovur, ora yağmur endirir və onunla hər cür meyvə yetişdiririk. Biz ölüləri də (torpaqdan) belə çıxaracağıq”.

Yuxarıdakı örnəkdə də müəllifin darıxmaq öncəsi içindən gözlərinə doğru yol alan, sonra torpağa enərək, torpaq rəhmindən doğulan mətnaltı (duyğuüstü) bir işarə var.  Bu işarə özü də dairə boyu dolaşır – Öz – O – Əbədiyyət! Və burada (darıxanda) zaman məfhumu öz dəyərini itirir. Darıxmaq özü zamana çevrilir, indiki, min il əvvəlki, min il sonrakı, amma sümükləri sızıldadan bir zamana…

…Torpaqdan, havadan, sudan, insanlardan… ibarət Vətən məfhumu yaradıcı kəslərin dilində leyliləşir, qutsallaşır. “Ruhumun səndən, ilahi, budur ancaq diləyi/  Dəyməsin məbədimin köksünə naməhrəm əli.” Bunu Mehmet Akif Ərsoy yazırdı. R.Məcid isə belə deyir:

 

Sənsən əzablarla dolu qürbətim,

Sənsən diz çökdüyüm Vətənim mənim!

 

Onun da tapındığı, güvəndiyi, alilərdən ali, ucalardan uca sandığı, əzabını, ayrılığını da şərbət bilib içdiyi Vətəndir.

 

Səndən uzaqlaşıb, sənlə yaşadım,

Daşıdım özümlə baxışlarını.

Fikrimdə gəzdirdim gülüşlərini,

Sənin hər kəlməndən bir sən düzəltdim.

Sənin bir sözünə söykənib yatdım,

Başqa bir sözündən Vətən düzəltdim.

Bir dəqiqəlik Füzuliyə dönək:

 

Edəmən tərk, Füzuli, səri-kuyin yarın,

Vətənimdir, vətənimdir, vətənimdir, vətənim.

 

Ədəbiyyatşünasların dediyinə görə, buradakı dörd vətən sözündən birincisi doğulduğun torpaq, ikincisi ana bətni, üçüncüsü, bərzəx aləmi (insanların öldükdən sonra qaldığı müvəqqəti yer), dördüncüsü isə cənnətdir. Rəşad Məcid isə belə deyir:

Çıxırsan yavaş-yavaş,

Vətənimdən çıxırsan!

Beynimdən aralanıb,

Bədənimdən çıxırsan.

 

Gətirdiyimiz örnəkdə “vətənimdən çıxırsan” fikri ana bətnindən çıxan şairin beşiyindən, torpağından da uzaqlaşaraq  “yarından” aralandığını göstərir. Bu ayrılmaq (beyindən, bədəndən – materiyadan çıxmaq) torpağa – əbədiyyətə dönüşdür – yenə dairə, yenə sonsuzluq…

A.Bakıxanovun sufizm təmayüllü dünyagörüşünün təbirincə desək, şair  mistik kamilləşmə yolu ilə vəhdəti dərketmə və fəna yolu ilə bəqaya (İlahi əbədiyyətə) qovuşaraq həqiqi xoşbəxtliyini tapır, sevgini tanrılaşdırır, əbədiləşdirir, dördlüyü yaradır (bilirik ki,  4 rəqəmi piafaqorçu numeroloji düşüncəyə görə, bitkinlik, bütövləşmək, tamamlanmaq anlamına gəlir – Can – Beyin – Bədən – Əbədiyyət. Əbədiyyətdə isə ayrılıq yoxdur…

 

…Rəşad Məcidin sevgi şeirləri başdan-başa təzadlarla doludur. Qarşı-qarşıya duran, mahiyyətləri ilə bəzən eyni, bəzən də kəskin şəkildə seçilən iki qütb – sonlu və sonsuz, nəfs və ruh, qaranlıq və işıq, ölüm və əbədiyyət, kəmiyyət və keyfiyyət və sair kimi…

Aşağıdakı örnəkdə şair qadına  Platon və ya Caviddə olduğu  kimi həm feminist, həm də mizogenist kimi yanaşır, qadını həm müsbət, həm mənfi işarələyir, ona həm mələk, həm də iblis kimi baxır:

 

Bilmədim iblissən, ya mələk, qadın,

Ətri, gözəlliyi çiyələk qadın.

 

Bu örnəkdə isə, siyasətçilərin dili ilə desək,  sözügedən ikili yanaşma sadəcə daha çılpaq əks olunmur. Yuxarıda qadın iki zidd qüvvənin daşıyıcısı idisə, bu örnəkdə bir subyektin iki zidd qütbünün hər ikisini özündə ehtiva edir:

 

Gah həyat verirsən, gah qətlə fərman,

Əzizim, ən yaxşım, ən pisim mənim.

 

Birinci misalda ikiliyin birliyi, ikincidə birliyin ikiliyi əks olunur. Birincidə qadın yaradılan, ikincidə isə yaradandır. Çünki mələk və iblis yaradılan olduqları halda, öldürmək və diriltmək yaradana – Allaha məxsusdur.

Maraqlıdır ki, üçüncü bir parçada qadına  münasibət baxımından yuxarıdakı iki örnək sintez olunur. Yəni qadın həm yaradılan, həm də Yaradan kimi təqdim edilir:

 

Axır bircə dəfə gəl, düzünü de,

Allahım, mələyim, iblisim mənim!

 

Çağdaş dövrün şairi olan Rəşad Məcidin, tanınmış publisist, çoxsaylı siyasi-sosial məzmunlu yazıların müəllifi olan jurnalistin bu şeirləri orta çağ və XIX yüzil divan şeiri, yaxud XX əsr romantik poeziyası ilə yaxından səsləşir. İndi təkrar kimi çıxmasın deyə, Füzulidən deyil, onun ən istedadlı davamçısı Seyid Əzimdən sitat çəkəcəyəm:

 

Öldürür, gahi dirildir aşiqi qəmzən oxu,

Türfə sahirdir ki, həm canbəxş, həm cəlladıdır.

 

Lakin divan şairləri ilə çağdaş şair arasında məsələyə münasibətdə mühüm bir fərq var. Füzulilər qadının Allahın təcəllası olduğuna sidqi-ürəkdən inanır. Müasir şairlər isə göylərdən yerə enib, inam bu dəfə qəlbin deyil, ağlın süzgəcindən keçir. Həyatın və zamanın dialketikası belə tələb edir. İstedad həm də öz zamanına məxsus duyğu və düşüncəni ifadə etmək bacarığıdır və Rəşad Məcid də ilk növbədə öz zamanının bədii təmsilçisidir.

Rəşad Məcid qadının ikili səciyyəsini ən müxtəlif versiyalarda verir. Amma bütün bu versiyaların bir sonucu var. Qadın ziddiyyətlərin bir-birinə döndüyü, keçdiyi, çevrildiyi çevrədir. Və çevrə kimi də əvvəli-sonu bilinmir, yəni əbədidir:

 

Həm müdriksən, həm uşaqsan,

Həm günahkar, həm də haqsan.

 

Yeri gəlmişkən, Hegelin ziddiyyətlərin bir-birinə çevrilməsi qanunu müasir şeirimzidə bir çox şairlərin, məsələn, Bəxtiyar Vahabzadənin də yaradıcılığında mühüm yer tutur ki, bunun özü də Füzuli poeziyasının təsiri kimi meydana çıxr. Məsələn, şair yazırdı:

 

Sevirəm nifrətin lap son həddini,

O sevgi doğacaq o sevgi ancaq.

 

Bütün bunlar onu göstərir ki, Rəşad Məcid klassiklərdən tutmuş müasirlərə qədər fərqli şairlərin timsalında milli poetik fikrimizlə dialoqa girir və çoxəsrlik milli şeirin qanuni varisi kimi meydana çıxır.

Rəşad Məcidin az qala istənilən şeirində təzadların vəhdətinə rast gəlmək mümkündür. Gəlin, daha bir iki qütblü örnəyə diqqət edək:

 

Əynimə oturan ən düz libasım,

Boynuma biçilən kəfənim mənim.

 

Oxucu “kəfənim mənim” fikrini  ilk olaraq “mənin” (müəllifin) kəfən geyinməsi, ölümün gəlişi, “qanına susayan düşmən”in kəfəninə çevrilişi kimi qəbul edir. Əslində isə, bu fikrin özü də  davamedicidir, əbədiyyətə gedən yol, bir həyatdan başqa həyata keçiddir.

Müsəlman ölkələrində insanın boyuna biçilən, var olan yeganə libas kəfəndir. Kəfəni dəyişmək mümkün deyil. Kəfən insana yalnız bir dəfə biçilir və ikinci birisi ondan istifadə edə bilməz. Həm də kəfən ağdır, heç bir ləkə götürmür. Əgər üzərinə ləkə düşərsə, həmin dəqiqə görünər. Kəfən pisliyi örtə bilməz. Dəfn olunmamışdan qabaq insanı qüsullayır və ağ kəfənə bürüyürlər. R.Məcidin fikrincə sevdiyi qadın Allah yoluna çıxanda geyiləcək libasdır. Bu qadən onun can verən, yaxud da can alan sevgisi, bəkarətidir – kəfənidir.

Şair başqa bir şeirində də dolayı yolla evlərdəki, ocaqlardakı pislik-yaxşılıq, doğum-ölüm, bəkarət-günah kimi ziddiyyətlərin mahiyyətcə birliyindən danışır:

 

Bağlı pəncərədə dümağ pərdələr,

Kəfəndi, bələkdi, kim bilir, axı.

 

…Yenə də dairədə qovuşduq…

 

***
 

Hər səhər yuxudan durub,

Bir də vurulacam sənə.

 

-deyir şair bir şeirində. Bu misraya dini tərəfdən baxsaq, Günəşin dünyanı işıqlandırdığı hər gün Allahın günüdür. İnsanların həyatında açılan hər parlaq səhər Allahın səhəridir. Şair hər açılan səhər, hər Allahın günündə “bir də vurulacam sənə” deyir. Burada sevgi ilahiləşir, insan tanrılaşır. Tanrının bir adı da sevgi  deyilmi? Bir başqa şeirdə də belə bir məqam var:

 

Elə et ki,

Sənə görə sevim, sənə görə yaşayım.

Diriyə sənə görə sevinim,

Ölüyə sənə görə ağlayım.

 

             Bu, sevgiyə tamam başqa yanaşmadır. Bu günə qədər yazılan şeirlərdə belə yanaşma olmayıb. Bu, Tanrının bəndənin yarı, bəndənin isə tanrıda var olmasıdır:

 

Səni göylərə qaldıran,

O qüvvəyə əyil hər an.

 

-         O qüvvə sevgidir. Tanrıya və Tanrının insanlara verdiyi ən ali hiss – Sevgi!

Rəşad Məcid şifahi ədəbiyyatdan qaynaqlansa da, yazılı ədəbiyyatı yaradanlardandır. Onun heca üstündə yer alan şeirləri yazılı ədəbiyyatın miniatürü kimi cilalıdır. Aşağıdakı örnəkdə qafiyələrin cilvəsinə diqqət edin:

 

Ha çalışdım, ha yenə,

Çatmadım sən gedənə.

İncimə, bircə dənəm,

Yenə vaxtım qalmadı.

 

Yuxarıda da qeyd etmisəm, Rəşad Məcid poeziyası realizmdən rişələnsə də, içindəki ilahilikdən, sufilikdən uzaq düşə bilmir, irfana qanad açır…

 

Küsüb dayanma qarşımda.

Gizləsən də görünəcək,

Gülüşündə, baxışında,

Neyləsən də getməyəcək,

əlindəki öpüş yeri.

 

 

Üzündə göz izi var/ Sənə kim baxdı yarım”; “Güli-rüxsarinə qarşu, gözümdən qanlı axar su/ Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?” kimi…

 

***

“Mənzərə” şeirini oxuyuruq. Şeirdə Nizaminin Çin gözəli, Vaqifin Pərisi, Aşıq Ələsgərin Güləndamı göz önündə canlanır. O, heyrət toplumundan (yaxud toplum heyrətindən) rəssam dəqiqliyi ilə elə gözəl tablo yaradır ki, oxucu o tablodakı gözəli görmədən onun boy-buxununa, yerişinə, ədasına vurulur:

 

Bir payız anına gəlmişdi bahar,

Küçələr, səkilər yırğalanırdı.

Bağlı pəncərələr, sakit eyvanlar,

Heyrətli gözlərdə sırğalanırdı…

 

Bu, yaradıcı insan bacarığının göstəricisidir. Obyektin adını çəkmədən göstərmək, tanıtmaq…

 

…Boynu əyri bitib yeyin-gedənin,

Arxada qalanlar tələsiyirdi.

Köylü uşaqların içində biri

Qonşusu çıxmağa həvəsiyirdi…

                                       

Tabloya bütöv halda nəzər salsaq, qıza heyrətlə baxan adamları – karıxan sürücünü, bahalı maşında əyləşsə də, sadə gözəlin sehrinə düşən oğlanı, bir anlıq yerində donub qalan əsgəri görərik. Bu gözəl o qədər qənirsizdir ki, hətta başqa gözəllər də ona heyrətlə baxır… Bu qız Vilyam Buqronun “Sadə qız”ıydımı, Rafael Santinin “Gözəl bağban qız”ı, Yan Vermeyerin “Mirvari sırğalı qız”ı, Leonardo da Vinçinin “Mona Liza“sı, Qustav Klimtin “Adel Blox”, Eduard Manenin “Baharı”ydımı adamların belə heyrətinə səbəb olmuşdu?..

 

…Rəşad Məcid qadın gözəlliyinə, qadına dəyər verməyi çox gözəl bilir. O təkcə poeziyasında deyil, həyatda da ətrafındakı qadınlara çox diqqətlə yanaşır, ana, bacı, eş, yengə, sevgili… məsafəsindən bu zərif məxluqların könlünü oxşamağı bacarır.

Bu örnəkdə qadına verilən dəyərə diqqət edək:

 

Bilirəm yıxsan da kəsən deyilsən,

Bayrağa dönməkdir sənə yıxılmaq.

Şair qadına yıxılmağı ən uca zirvə bilir. Həm də yıxıldığı o ucalıq sevgi boydadırsa.              Bayraq – anadır! Bayraq övladdır! Bayraq torpaqdır! Bayraq Vətəndir! Bayraq qürurdur! Bayraq uca başımız, onurlu sinəmiz Şəhidlərimizin bəkarət kəfənidir! Bayraq – Cənnətdir! Bayraq – Allahdır! Qadına (sevgiyə) yıxılmağın Bayrağa dönüşü isə bütün bu ucalıqların məcmusu, hər faninin ulaşa bilmədiyi zirvədir. Və o zirvə əbədiyyətdir:

Torpaqdan dikəlib bir zoğun üstdə,

Yarpağa dönməkdi sənə yıxılmaq.

 

Və o sevgi dindir:

 

Sakit həyatıma bahar tək gəlib,

Coşub, aşıb-daşan səsim-ünümsən.

Dünyamı dəyişən yeni məzhəbim,

Təzə tapındığım sirli dinimsən.

 

Rəşad Məcid söz adamıdır. “Pakdır O Allah ki, öz xəzinələrini Kaf və Nun arasında qərar verib“. Rəşad Məcid Kaf və Nuna – “Ol”a sadiqdir. Söz onun tapındığı ən uca zirvədir:

 

Bizi nə var, nə dövlət,

Söz qaldırır yuxarı.

Təyyarədən, liftdən də,

Tez qaldırır yuxarı.

 

…Rəşad Məcid  Ağcabədi rayonunda anadan olub. Ömrünün ən şirin çağı olan uşaqlığı  Ağdam  şəhərində keçib. Otuz ilə yaxın idi ki, hamımızın ürəyində yara olan Qarabağ həsrəti Rəşad Məciddə ikiqat qübarlamışdı – o, uşaqlıq illərinin ən gözəl anlarını yaşadan Ağdam torpağından uzaq düşmüşdü.

             Bu günə şükür! Ali Baş Komandanımızın və Müzəffər Ordumuzun sayəsində bu nisgilimiz vüsala döndü.

Rəşad Məcidin başqa gözəl kitabları, başqa gözəl şeirləri də var – sosial şəbəkədən tanıdığım, nəvələri İpək və Dəniz.

Kitablarınızı, kitab-kitab övladlarınızın, şeir-şeir nəvələrinizin səsi ucalardan gəlsin, şair!

 

İradə AYTEL

 

Mənbə: “Ulduz” jurnalı Avqust-2021 WhatsApp Image 2021-08-20 at 15.38.53

 

 

Yazıya 270 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.