YAĞMUR – Zaur BAYRAMOĞLU

zaur bI

 

Yorğanını kənara itələyərək ufuldaya-ufuldaya doğrulub oturdu, dərindən nəfəs alıb ciyərlərində toplanmış havanı ağrı-acısını qovmaq istəyirmişcəsinə uzaqlara üfürdü. Aldığı nəfəsin ardınca gələn davamlı öskürəkdən güclə imkan tapıb qırtlağında toplanan bəlğəmi kağız dəsmala boşaltdı, sonra onu bürüşdürüb dolabın üstündəki külqabıya atdı, əlini sinəsinə qoydu. Kürəyindən qəlbinə saplanan oxun ucunu tutmaq istəyirmişcəsinə sol döşünü ovuclayıb sıxdı… Lakin az sonra taqətsiz əli yanına düşdü…

Handan-hana çəkələklərini ayağına keçirib yatağından qalxdı, pəncərəyə yaxınlaşıb əllərini sinəsində qovuşduraraq bayğın gözlərlə yağan çiskinli yağmuru izləyə-izləyə astadan zümzümə etməyə başladı:

Bir güz günü…

Yarpaqların qızıl rənginə döndüyü zaman

Çiskinli bir axşamda…

Ağacların altında…

Əlindən tutub yürümək istərdim…

Xəzəllərin üstündə

sarılıb öpüşdüyümüzdə

dodaqlarından qəlbimə axan şəhvətlə

adını anmaq istərdim…

Evə gəlincə xəstələnmək…

Qızdırmadan yanarkən

adını sayıqlamaq istərdim…

Sübhün ilk işıqlarıyla

dayanıb pəncərəmin önündə…

Günəşin doğuşunu seyr edərkən

saralmış dodaqlarımla

adını anmaq istərdim.

Qeyri-ixtiyari gülümsədi, üzünə xəfif təbəssüm yayıldı… Sağ əlinin işarət barmağı ilə şüşəni ahənglə döyəcləyərək onun adını yazdı: Səbinə…

Qayıdıb yatağına uzananda telefonunu götürdü, açanda uzun-uzadı bir fit çalıb dikəldi, yastığını dirsəyinin altına itələyib buraxılmış zəng bölməsindən sonuncu zəngi geri yığıb telefonu qulağına tutdu. İkinci çağırışdan sonra telefonun digər ucundan sevgilisinin hədəsini eşitdi:

-  Yuri, öldürəcəm səni!

-  Ay qız, dayan görək, hara öldürürsən? Bir “salam” al, “sabahın xeyir” elə, sonra baxarıq da, məsləhət olsa, öldürərsən.

-  Nə salamı e? Bir telefona bax, səhərə qədər yüz əlli dəfə zəng vurmuşam sənə, niyə cavab vermirdin?

Sevgilisinin səsindəki incikliyi hiss etdiyindən onun könlünü almaq üçün:

-  Sabişkam, qurban sənə, heç bilirsən gecə nə haldaydım? Səhərə qədər qızdırmadan yanmışam, ürəyim də bir tərəfdən arğıyır, bilmirəm ürək tutmasıdı, ya qulunc batır.

-  Of, Yuriiii!!! Sənin hər zaman bəhanən var da…

-  Nə bəhanəsi, Sabişkam, görmürsən, səsim nə gündədi? Nəfəsim də çıxmır, – deyib öskürdü, sinəsini arıtlayıb davam etdi, – elə bil sinəmin üstündə qaya var, öləcəm belə getsə…

Telefonun digər ucundakı qəzəbli səs bir anda ana nəvazişinə büründü.

-  Yuri, niyə təcili yardım çağırmamısan?

-  Dünəndən çağırmışam e, ay qız, hələ gəlib çıxmayıb.

Səbinə:

-  Təbibimizin maşallahı var da, – deyib əlavə etdi,– Allah göstərməsin, birdən kovid olarsan.

-  Yox əşi, məndə o bəxt haradandır?

-  Zarafat eləmə, Yurim.

-  Sabişkam, gedim yuyunum, səni yığaram, olarmı?

-  Əlbəttə, əzizim.

-  Hələlik.

-  Öpdüm, özündən muğayat ol.

Telefonu qulağından çəkib qalereyaya girdi, iki gün öncə Səbinə ilə meşədə çəkdirdikləri fotoşəkillərə tamaşa edə-edə öz-özünə: “Kukladı da canı yanmış”, – deyib ayağa qalxdı, hamama girib duş aldı, saçlarını qurulaya-qurulaya çıxıb mətbəxə keçdi, soyuducudan süd götürüb qızdırdı, bardağa tökərək içinə bir qaşıq bal və yumurta əlavə etdi, qarışdıra-qarışdıra qonaq otağına keçərkən dəhlizdəki bədənnüma güzgüdən özünə baxıb: “İki günə çökmüşəm ki…” – deyərək burnunu çəkdi.

Divanda əyləşdi, “qüvvət məcunu” dediyi qarışığı içib qalxdı, yataq otağına keçdi, hamam xalatını soyunub yatağına uzandı, gözlərini tavana zilləyib düşünməyə başladı…

 

II

 

Məhərrəmin sinif yoldaşları vaxtaşırı “Daş dövrü” kafesində yığışırdılar. Budəfəki görüşdə digərlərindən fərqli olaraq, oğlanlardan Məhərrəmdən başqa heç kim yox idi, qızlardansa paralel sinifdə oxuyan bir neçəsi iştirak edirdi.

Söhbətin şirin yerində Səbinə:

-  Məhərrəm, indiyə qədər həyatımda bir tək səni sevdim, sənsə heç məni sevmədin, – deyib işvəli gözlərini onun gözlərinə dikdi. Səbinənin gözlənilməz etirafı qarşısında nə deyəcəyini bilməyən Məhərrəm yerindəcə donub qaldı…

Kafedən çıxıb dağılışdıqlarında Səbinəni evlərinədək ötürdü. Yol boyu artıq çox arxada qalmış məktəb illərini xatırlayır, unuda bilmədikləri hadisələrdən danışıb gülür, uşaqlıq, gənclik xatirələrini yad edirdilər.

Məhərrəm orta məktəbdə “b”, Səbinə isə paralel “c” sinfində oxuyurdu. Bu qız məktəbdə  diqqətini çəkmədiyindən nəinki ortaq xatirələri yox idi, hətta onunla bağlı çox az şey xatırlayırdı. Səbinə isə onun hansı gündə nə geyindiyinə qədər bütün incəliklərinə qədər xatırlayır, hətta Məhərrəmin özünün belə unutduğu hadisələri onun yadına salırdı…

Mənzilbaşına çatdıqlarında artıq gecə yarı olmuşdu. Kilometrlərcə yolu piyada gəlsələr də, saat yarıma yaxın zaman onlarçün bir göz qırpımında keçmişdi. İkisinə də elə gəlirdi ki, kafedən indicə çıxıblar.

Məhərrəm evə gəldikdən sonra pencəyini soyunub stulun üstünə atdı, özünü üzüqoylu divanın üstünə atdı, əllərini çənəsinin altında qovuşduraraq gözlərini yumub düşünməyə başladı…

Səbinəni gözlərinin önünə gətirdi, öz-özünə: “Off, Səbinə, Səbinə… Necə olub ki, bu illər boyu səni heç fərq etməmişəm?” – deyə soruşdu.

 

III

 

İsti duşun və “qüvvət qarışımı”nın təsiri artıq özünü göstərməyə başlamış, dünəndən heysiz halda yatan Məhərrəm özünə gəlmişdi. Əlini atıb yatağın baş tərəfindən telefonunu götürdü, qalereyanı açıb Səbinə ilə çəkdirdikləri şəkillərə baxmağa başladı. Onlardan birini xüsusilə sevirdi. Səbinə qısa şort və kimono kofta geyinmiş, dənizdən əsən külək qızılı ipək saçlarını dalğalandırırdı. Dizlərinə qədər dənizə girmiş Səbinə suyun içində oynayır, köpüklü dalğalardan ovucladığı suyu səmaya atır, balaca uşaq təki gülüb əylənirdi…

Məhərrəm gizlincə çəkdiyi fotoşəkli izləyib saralmış dodaqlarının arasından: “sarışınım”, – deyə pıçıldadı…

 

IV

 

Keçən həftə sonu istirahət üçün Nabrana getmişdilər.

Çay kənarındakı kotteclərdən birini iki günlük kirayələyib əşyalarını yerləşdirdikdən sonra öncə şam yeməyi üçün restorana, daha sonra da sahilə getdilər.

Bir az əl-ələ tutub gəzişdikdən sonra Səbinə anidən Məhərrəmin əlini buraxıb dizlərinədək suyun içinə girdi, dalğaların köpüklü sularından ovuclayıb səmaya ataraq haradansa ağlına gələn mahnını oxumağa başladı:

Göylərdəki ayam mən, ya da ki dan ulduzu,

Sevgilimi gözləyir, bəxtimə göz vururam.

Qapqaranlıq kosmosda yapa-yalnız qalmışam,

Sevgilimi gözləyir, Yurimi axtarıram…

Onun başı rəqs etməyə qarışmışkən Məhərrəm cəld telefonunu çıxarıb bir neçə şəklini çəkmişdi…

Səbinə oynayıb yorulduqdan sonra sahilə döndüyündə Məhərrəm sevgilisinin incə belini qucaqlayıb yanağından öpdü, gülümsəyərək: “Sən qaranlıq kosmosdun, Yurini gözləyirdin, öncə yanına layka gəldi, bax artıq Yurin yanındadır”, – deyib dodaqlarından öpdü.

Əllərini sevgilisinin boynunun ardında daraqlayan Səbinə:

–Hər zaman yanımda ol, – deyə nəvazişlə pıçıldadı.

Məhərrəm:

- Sonsuzadək yanındayam, – deyib əlavə etdi- Kosmosum!

- Haycan.

- Gedək kottecimizə.

- Niyə, Yuri, bura yaxşıdı.

- Kosmosumu fəth etmək istəyirəm.

- Qorxmursan, layka dişləyər səni?

- Dişlərini qıraram onun, – deyib ani hərəkətlə Səbinəni qucağına aldı…

Ertəsi gün günəşin gözlərinə dolan şəfəqləri Məhərrəmi yuxudan oyandırdığında sağına döndü, dirsəklənərək Səbinənin yastığa dağılmış qızılı saçlarına, məsumca bir təbəssümlə büzülmüş qaymaq dodaqlarına, nəfəs aldıqca xəfifdən qalxıb enən sinəsinə, uzun düz ayaqlarına baxıb : ”Mona liza qədər gözəlsən, sarışınım”, – dedi və qarnına doğru sürüşmüş yorğanını çəkib  üstünü örtdü. Yastığın üstünə dağılmış ipək saçlarından öpüb ayağa qalxdı, əynini geyinib hamama girdi. Duş alıb çıxanda qapıdan boylandı, sevgilisinin hələ də yuxuda olduğunu görüb mətbəxə keçdi, su qızdırıb qəhvə hazırladı, dolabdan şirniyyat götürərək məcməyiyə –  qəhvə fincanlarının yanına qoyub yataq otağına gəldi. Səbinənin dodaqlarından öpərək oyandırıb: “Qalx, həyatım, bax səninçün nə gətirmişəm”, – dedi.

Qəhvələrini içdikdən sonra idman formalarını geyinib Məhərrəmin gətirdiyi əşya çantasına bir az ərzaq və yataq kisələri ilə petlərini qoydular. Məhərrəm beşatılanı çantasından çıxarıb quraşdırdı. Yol çantasından götürdüyü mərmilərdən beşini tüfəngin sandıqçasına, səkkizini isə qundağın üzlüyündəki mərmi yuvalarına doldurub divara söykədi. Əşya çantasını kürəyinə geyinib tüfəngini çiyninə asaraq bayaqdan maraqlı gözlərlə onu izləyən Səbinəyə:

-  Gəl, həyatım, bu gecəni harada olacağımızı bir biz biləcəyik, bir də dağlar, – dedi.

Səbinə:

-  Ayaqla gedəcəyik? – deyə soruşdu.

-  Bəs necə? Sənin “Opel”in dağların zirvəsinə dırmana bilsəydi, onunla gedərdik.

-  Yaxşı, Yuri, gedək, ancaq yorulsam, məni qucağında daşıyacaqsan.

-  İstəyirsən, indidən qucağıma alım.

Gülüşdülər….

Dağların dənizə baxan meşəli yamaclarına dırmaşarkən, Məhərrəm zarafatından qalmır, tez-tez sevgilisini şit zarafatlarla özündən çıxarır, Səbinə heyfini çıxmaq üçün üzərinə yürüdükdə cəld qaçaraq cəzalanmaqdan canını qurtarırdı. Təxminən bir saat yürümüşdülər ki, əldən düşən Səbinə:

-  Yuri, hələ çox gedəcəyikmi? – deyə sordu.

Məhərrəm qızı daha da cinləndirmək üçün əli ilə uzaqları göstərərək:

-  Bax, sarışınım, o dağları görürsənmi? Gərək gün batmadan onların arxasına keçək ki, heç olmasa kəklikdən, qırqovuldan bir şey vuraq. Yoxsa axşama yavan çörək yeyib, sabaha ac qayıdacağıq.

Heyrətdən bərəlmiş gözlərlə ona baxan Səbinə:

– Nə danışırsan? Bəs deyirdin yamacı aşan kimi ov quşları olur, –  deyə dodaqlarını büzüb ağlamsındı, –Yuri, mən oralara gedə bilmərəm, ölərəm e, Yurişka…

Məhərrəm onun könlünü almaqçün belini qucaqlayıb yanağından öpdü: – Yox, ay qız, zarafat eləyirəm, yamacı aşdıq, bitdi. İstəyirsən, buralarda bir yerdə əyləşib dincələk.

-  Yox, istəmirəm, dağın üstündə dayanarıq ki, həm şəkil çəkdirək, həm də mən oradan dənizi çəkərəm.

-  Yaxşı, onda tələs, – deyib önə düşdü.

Yamacı çıxıb meşənin bitdiyi yerə gələndə Məhərrəm sonuncu ağacın altına gələrək tüfəngi ağaca söykəyib əşya çantasını çıxardı, yumrulayaraq çantanın qapaq bağlarının altına keçirtdiyi petləri və yataq kisələrini çıxarıb yerə sərdi, süfrə açaraq yanlarında gətirdikləri ərzaqdan bir salxım üzüm, iki pomidor, xiyar, iki dilim pendir çıxarıb birdəfəlik qablara düzdü. dilimlənmiş çörək torbasını da önlərinə qoyub Səbinəyə:

-  Gəl, canım, bir qismət yemək ye, – deyə təklif etdi.

Çörəklərini yedikdən sonra Məhərrəm ətrafdan tapıb gətirdiyi yastı daşları aypara şəklində düzüb, onların ortasına qoyduğu quru spirtləri yandıraraq, yanlarında gətirdikləri su ilə doldurduğu turist çaydanını ocağın üstünə qoydu.

Səbinə:

-  Yuri, indi bu balaca şeylər o çaydanı qaynadacaqmı? – deyə maraqla soruşdu.

-  Əlbəttə, əzizim, üç quru spirt bir çaydanı qaynadır, inanmırsan bax, – dedi.

Durduqları yerdən görünən mənzərənin gözəlliyinə valeh olan Səbinə gah dağların fotoşəkillərini çəkir, gah da selfi çəkirdi. Çaydan qaynadıqda Məhərrəmin toplayıb gətirdiyi kəklikotunu yuyaraq çaydanın içinə atıb dəmlədi.

Çaylarını içdikdən sonra Məhərrəm sevgilisinə:

- Qalx, əşyalarımızı toplayaq, yolçu yolunda gərək, – dedi.

Onlar dağın qərb yamacına keçdiklərində günəş qüruba üz tutmuş, günortanın istisində daldalandıqları yerdən çıxan kəkliklər daşdan-daşa səkərək, kiçik qayalıqlarda oxumağa başlamışdılar. Səbinənin oturub ətrafı rahatca izləyə biləcəyi bir yer seçən Məhərrəm tüfəngini və əşya çantasını çiynindən çıxarıb yerə qoydu, əşya çantasından bir ədəd pet və yataq kisəsi çıxararaq yerə sərib Səbinəyə:

-  Sən burada uzan dincəl, mən gedim görüm, o kəkliklərdən vura bilirəmmi? – dedi.

-  Məni tək qoyub gedirsən?

-  Nə olacaq, ay qız? Sən “İnstaqram”da bir az başını qat, uzağı bir saata dönəcəyəm.

-  Mən də gəlirəm, – deyə Səbinə oturduğu daşın üstündən qalxdı.

-  Sən gəlib nə edəcəksən, sarışınım, uzaqbaşı quşları ürküdərsən, – deyib nəvazişlə əlavə etdi, – günəş batmadan dönəcəyəm, oldumu? Və qızı qucaqlayıb yataq kisəsinin üstündə oturtdu, uzun barmaqlı incə əllərindən öpərək, – Darıxsan səslən, oldumu, həyatım? – deyib yerdən tüfəngini götürdü. Çarəsiz razılaşan Səbinə dodaqlarını büzüb:

-  Yaxşı, get, amma geciksən, küsəcəyəm, – dedi.

Məhərrəm tilin ardında yenicə itmişdi ki, ard-arda iki güllə səsi gəldi, on dəqiqə sonra daha bir güllə açıldı. Az sonra getdiyi istiqamətdən başı göründüyündə dayandığı yerdə səbirsizliklə ayağının birini götürüb o birini qoyan Səbinə ona doğru qaçdı. Məhərrəm sevgilisinin ona doğru gəldiyini görüb qürurla əlindəki kəklikləri yuxarı qaldırıb:

-  Gördünmü, bir saata qalmaz, dönəcəyəm demişdim, hərəmizə birini vurub döndüm.

Səbinə:

- Yuri, halaldı sənə, nə tez vurdun bunları? – deyib kəklikləri Məhərrəmdən aldı, əlindəki cansız quşlara bir az tamaşa edib, – əcəb gözəldirlər, adamın lap heyfi gəlir, – deyə əlavə etdi.

-  Əlbəttə, gözəldirlər, hələ sən onların dırnaqlarına fikir ver, elə bil həna yaxmısan, amma Allah bu gözəllikləri bizimçün yaradıb…

Əşyalarının yanına döndükdə Məhərrəm on addım irəliyə bir ağac sancdı, yanında gətirdiyi boş plastik qabı ağzıaşağı ağacın başına keçirərək Səbinənin yanına dönüb:

-  Gəl, sarışınım, indi səninlə atəş hazırlığına başlayırıq, – dedi.

Öncə tüfəngi necə tutmaq lazım olduğunu və nişanalma qaydasını göstərib silahı Səbinəyə verdi. Səbinə nişan alarkən, o da silahın geritəpmə qüvvəti qızı yıxmasın deyə lülənin altından tutub digər əlini kürəyinə söykəyərək: “ İndi hədəfi nişan al və atəş aç”, – dedi. İlk atışda olmasa da, sonrakı atışlarda hədəfi vuran Səbinənin sevincini görməyə dəyərdi. Sol əlini tüfəngdən çəkib yumruğunu havada yelləyir, “yaşasın”, – deyə bağırır, atlanıb-düşürdü…

Məhərrəm:

-  Ehtiyatlı ol, ay qız, indi əlində açılar, məni vurarsan, – deyə xəbərdarlıq etsə də, həyatında ilk dəfə tüfəngdən atəş açan Səbinənin vecinə də deyildi…

Tüfəngin sandıqçasındakı güllələr bitdikdən sonra əşyalarını da götürüb gəldikləri istiqamətdə qayıdıb dağın zirvəsinə çıxdılar. Toran düşdükcə ayaqlarının altındakı qəsəbənin, hotellərin ikibir-üçbir yanaraq sayrışan işıqlarına tamaşa edə-edə söhbət etməyə başladılar.

Axşam küləyinin təsiri ilə getdikcə toplanıb sıxlaşan buludlardan yağmur dənəcikləri səpələnməyə başladıqda qalxıb əşyalarını götürərək meşəyə girdilər. Kottecləri cəmi-cümlətanı saat yarımlıq məsafədə olsa da, yağmurlu havada meşədə, açıq havada qalmağın ləzzəti bir başqa idi…

Səbinə tərəddüdlə:

-  Yuri, bəlkə kortecə gedək? – deyə soruşdu.

-  Niyə, sarışınım?

-  Görmürsənmi, yağmur yağır?

-  Bu yağış deyil, qurd balalayır.

-  Nə? Haradan bilirsən?

Məhərrəm onun “qurd balalayır” sözünü ciddiyə alıb qızın, həqiqətən, canavarın küçüklədiyini sandığına görə əlini-əlinə vuraraq qəhqəhə çəkdi, heyrətlə ona baxan Səbinəyə:

- Sabişkam, sən elə bildin ki, doğrudan, qurd balalayır? Belə yağış yağanda deyərlər ki, qurd balalayır, narahat olma, az sonra kəsəcək, – deyə izahat verdi.

Səbinə təbəssümlə:

- Yuri… Səndə də elə sözlər var ki… Mən haradan bilim? – deyə çaşqın halda cavab verdi.

Məhərrəm gecələmək üçün palıd ağaclarının arasında nisbətən düz yer seçib əşyalarını yaxınlıqdakı ağacın dibinə qoydu, ov bıçağını çıxararaq ortalıqda çuxur açdı, çır-çırpı toplayıb ocaq qaladı. O, telefonun fanarının işığında ocaq qalamaqla məşğulkən Səbinə də kəklikləri təmizləməklə məşğul idi. Ocaq əməlli-başlı alışıb köz saldıqdan sonra Məhərrəm kəklikləri ağac budaqlarından hazırladığı şişlərə düzüb kabab çəkdi. O, əti bişirərkən Səbinə də ocağın kənarında süfrə açmış, çörəyi və pomidor-xiyarı doğrayaraq karton qablarda ortalığa qoymuşdu… Məhərrəm ocağın başında şişləri son dəfə çevirərək: – Yeməyimiz hazırdır, – deyə səslənəndə Səbinə də çaxır şüşəsini və plastik bardaqları gətirdi…

Yeməklərini yedikdən sonra süfrəni toplayan Məhərrəm çır-çırpı ataraq qızışdırdığı ocağın başında bardaş qurub əyləşdi, qolunu yanında əyləşən Səbinənin incə belinə dolayaraq özünə çəkdi, içkinin təsirindən allanan yanağından öpüb dodaqlarını qulağına yaxınlaşdıraraq ehtiras dolu pıçıltı ilə:

- Sarışınım, istəyirəm bir qızımız olsun, – dedi.

Səbinə doğru eşidib-eşitmədiyini anlamaq üçün Məhərrəmin gözlərinə baxdı, onun ciddi olduğunu anladığında qıp-qırmızı oldu, ardınca üzünə yayılan xoş təbəssümlə Məhərrəmin böyrünə qısılaraq:

- Tək istəmirəm, Yurişkam, əkiz olsun, adları da…

Məhərrəm barmağını sevgilisinin dodaqlarına qoyaraq onu susduraraq: “Sən o barədə düşünmə, adları  Sevgi və Simgə olsun,  sevgimizin simgəsi”, – dedi.

Səbinə sevgilisinin əlini dodaqlarından götürərək ovuclarında bərk-bərk sıxıb dizlərinin üstünə qoydu…

Məhərrəm mövzunu dəyişərək:

- Sarışınım, daha öncə açıq havada gecələmişdinmi? – deyə soruşdu.

-  Yoo, birinci dəfədir, – deyə qız xumarlanan işvəli gözlərlə onu süzdü.

-  Onda özünü gözlə, canavarlar gəlsə, mən qaçacağam.

-  Qorxutma, Yurim, – deyə Səbinə dodaqlarını büzüb kənara çəkilmək istədikdə Məhərrəm onu özünə sıxıb:

-  Canavara ehtiyac olmayacaq, sarışınım, səni özüm yeyəcəm, – deyib onu dişləyəcəkmişcəsinə ağzını açdı…

Gecə yarısı yatmağa hazırlaşdıqlarında çiskin ard-arda çaxan şimşəklərin müşayiəti ilə leysana çevrildi…

Səbinə ürkmüş gözlərlə ildırımın alovlu oxlarının səmanı bölüb parçalamasına, yaranan işıqda buludların bir görünüb bir itən heybətli burulğanına baxır, ardınca qulaqları sağır edən dəhşətli gurultuya diksinərək Məhərrəmin sinəsinə sıxılırdı…

Məhərrəm bardaqdan boşalırcasına yağan yağmura baxıb:

-  Belə yerdə deyirlər e, tut ucundan çıx göyə… Bu nədi, İlahi, elə bil hava da bizi gözləyirdi…

Səbinə:

-  Yuri, kottecimizə dönəkmi? – deyə soruşdu.

-  Gecdir, sarışınım, biz çatana leysan dayanacaq.

Məhərrəmin qucağında oturan Səbinə onun boynunu bərk-bərk qucaqlayıb yağmurdan  islanmış saçlarının qoxusunu içinə çəkdi.

Sevgilisinin ürəyinin döyüntüsünü sinəsində hiss edən Məhərrəm onu  cəsarətləndirmək üçün: – Nə qorxaq qızmışsan, mənim sevgilim ürəkli olmalıdır, – deyib yanından ehmalca bir şapalaq vurdu.

Bu anda ətrafı aydınladan ildırımın şəfəqindən diksinərək gözlərini yuman Səbinə:

- Mənə qorxaq demə, küsərəm, Yuri, – deyə nazlandı.

Məhərrəm qızın başını çiynindən çəkib çənəsini özünə tərəf çevirdi. Əllərini Məhərrəmin saçlarında daraqlayan Səbinə asta səslə pıçıldadı:

-  Sən dəlisən, Yurim.

Məhərrəm:

-  Dəli olmasam, kosmosa gələrdimmi? – deyib sevgilisinin dodaqlarından öpdü…

Qucaqlaşaraq söykəndikləri ağac səhərə qədər, bəlkə, bir daha görməyəcəyi səhnələri görmüş, duymayacağı sevgi dolu sözləri eşitmişdi…

Saatlarca dayanmaq bilməyən leysan onları əməlli-başlı islatdı. Yataq kisələrindən birinin üzərində oturub digərini plaş kimi çiyinlərinə atsalar da, şiddətli yağmurdan qorunmaq mümkün deyildi…

Yağmur zəifləyib leysan yenidən çiskinə döndüyündə Məhərrəm ayağa qalxıb odun toplamaq üçün yollandı. Ətrafdan toplayıb gətirdiyi quru odunlarla qaladığı ocaqda islanmış paltarlarını qurudaraq geyinib yola düşdülər.

Əl-ələ tutaraq yürüdükləri yolda ayaqları gedir, ruhları meşəyə, qonaqladıqları yerə qayıtmaq, sonsuzadək orada qalmaq istəyirdi… Meşədən çıxanda Səbinə başını qaldırıb səmaya, doğmaqda olan günəşin qızılı rəngə boyadığı buludlara baxıb: – İlahi, necə də gözəl mənzərədir, Yuri, bir dəqiqə ayaq saxla, – deyib telefonunu çıxardı, günəşin gözlərinə dolan şəfəqlərini uzaqlaşdırmaq istəyirmişcəsinə gözlərini qıyıb qızılı rəngə boyanmış pambıq topası kimi ağappaq buludların şəklini çəkdi…

 

V

 

Bir tərəfdən ocağın hisi paltarlarına çökmüş, digər tərəfdən də dönüş yolunda idman ayaqqabılarından sıçrayan palçıq üst-başlarını batırmışdı…

Kottecə çatan kimi duş alaraq çirklənmiş paltarlarını soyunub çantaya yığdılar, səhər çayını içib yatdılar.

Dünənki yürüş və yağmurun altında gecələmələri ikisini də yorğun salmış, bir də hələ axşamdan Səbinəni quru saxlamağa çalışarkən özü islanan Məhərrəmi isə əməlli-başlı soyuq tutmuşdu.

Günorta yuxudan oyanıb yaxınlıqdakı restorana getdilər, nahar etdikdən sonra əşyalarını toplayaraq Bakıya doğru yola düşdülər…

Hələ yoldaykən Məhərrəmi öskürək tutmuş, təngnəfəslik başlamışdı. Evə gəldiyində isə istiliyi qalxmışdı. Onda sonradan yaranan bronxitdən və bu xəstəlik üzündən soyuqlamaları necə ağır keçirdiyindən isə Səbinənin xəbəri yox idi.

Əgər xəbəri olsa, onu xəstəxanaya yerləşdirmək üçün əlindən gələni edər, bu mümkün olmasa belə, ən azından evdə tək buraxmaz, nəyin bahasına olursa-olsun, canından çox sevdiyi Yurisini yalnız buraxmazdı…

 

V

 

Qapı zənginin səsinə diksinib ayılan Məhərrəm boynunun ardında qovuşdurduğu əllərini çəkərkən qıc olmuş çiyinlərinin ağrısından ufuldadı, qarnının üstündən sürüşən telefonu havadaca qamarlayıb ayağa qalxarkən Səbinənin ondan zəng gözlədiyini xatırlayıb ovcunun içi ilə alnına vurdu, idman şalvarını əyninə keçirib qapıya doğru yönəldi. Aramsız çalan qapı zənginə əsəbiləşib: “Partlama, gəldim”,-  deyərək  köynəyini  geyinməkdən vaz keçdi, onu dolabın açıq qapısından içəri atıb addımlarını yeyinlətdi. Deyinə-deyinə əlini qapının cəftəsinə atıb özünə doğru çəkəndə yerindəcə donub qaldı…, boynuna atılan Səbinə hıçqırıqlara boğularaq çətinliklə: “Yurim, o leysanda paltarlarını mənə verməsəydin, islanıb soyuqlamayacaq, indi də xəstələnməyəcəkdin…” –  deyə bildi.

Səbinəni özünə tərəf çəkərək qapını örtdü, sevgilisinin uzun ipək saçlarını oxşayaraq:

- Keçdi, sarışınım, keçdi, bax artıq yaxşıyam, hər şey də öz qaydasındadır, – deyib qeyri-ixtiyari əşyaların, pal-paltarların necə gəldi atıldığı otağa göz gəzdirib səliqəsizliyindən utandı, Səbinəni divanın yanınadək müşayiət edib əyləşməsini rica etdi, köynəyini götürmək üçün dolaba doğru addımladı…

 

Yazıya 180 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.