İradə Aytel – İllərin o tayında tanıdığım Elşən Əzim yaradıcılığına illərin bu tayındakı baxışım…

10172597_642600279156002_8076803674430514580_n

(İllərin o tayında tanıdığım Elşən Əzim yaradıcılığına illərin bu tayındakı baxışım…)

Təxminən on il olar onunla tanışam. Onda biz Gəncə Dövlət Universitetində Firəngiz müəllimənin rəhbərlik etdiyi “Gəncliyin səsi” ədəbi birliyinin qonaqları idik. İkimiz də şeirlər söylədik, birlik üzvlərinin alqışlarına sevindik…
Sonralar həmin arıq, ucaboy, gənc şairin adı ağlıma həkk olundu – bu, hal-hazırda Mingəçevirdə yaşayan, ixtisasca müəllim, doğuluşdan isə şair Elşən Əzim idi. Bu gün əyalətdə yaşamasına rəğmən (hamıya məlumdur ki, ədəbiyyat adamlarını bilərəkdən iki yerə ayırırlar: əyalət və mərkəz yazarlarına. Və əyalətdəkilərə yazdıqlarının çapı, reklamı, müxtəlif TV, radio verilişlərinə, tədbirlərə və s. dəvət mərkəzə nisbətdə məhduddur) imzası oxucular tərəfindən tanınır, sevilir.
Əvvəllər biz Elşən Əzimi şair kimi tanıyırdıqsa, son zamanlar qələminin bəhrəsi olan nəsr əsərlərini, publisistik yazılarını (həm də peşəkarcasına yazılan) oxuduqdan sonra onun həm də nasirlik bacarığına diqqət yönəltdik.
Lakin mən Elşən Əzimin poeziyasından söz açmaq istəyirəm. Axı bizə Elşən Əzimi məhz poeziyası tanıtdırdı, poeziyası sevdirdi.
Elşən Əzim qələmlə hələ körpə yaşlarından, bəxtəvər günlərindən, qaçqınlıq nədir bilmədiyi bir zamandan dostluq etsə də, onun ilk şeirlər kitabı – “ Könlümə yağan yağış” 2000-ci ildə işıq üzü gördü. Sonralar “Yuxu danışıram” (2006) adlı kitabı ilə oxucuların görüşünə gəldi. Onu da deyim ki, Kəlbəcər ədəbi mühitinin özünəməxsus şeir dili, janrı, ahəngi olmasına baxmayaraq (adətən kəlbəcərli yazarların yaradıcılığı biri-birinə bənzəyir. Şəmşir, Bəhmən, Sücayət, Qəmkeş… və yeni nəsil də bu ənənəyə o qədər sadiqdir ki, poeziya yollarında cığırı dəyişmədən addımlayırlar) Elşən Əzim bu sərhəddi aşdı. Kökünə bağlı, kökünə sadiq qalaraq, müasir tipli şeirlərini dünyaya çıxarmağa haqq qazandı:
Sahibsiz ev kimiyəm
hamı məndən köçüb-gedib.
Ürəyim
yazı masasının boş qalmış sürməsi,
vücudum
ölü bir sevginin türbəsi.

Və yaxud:

Tüfəngin lüləsindən
Çıxan güllə
Təzəcə bilirdi ki
Azadlığın dadını
Daş kimi
Və artıq buz kimi
Sümüyün içində
Ömürlük həbs olundu.

Şairin yeni kitabı – “İllərin o tayı” adlı şeirlər toplusu çapa hazırlanır. Çapa gedəcək şeirlərin ilk oxucusu olduğum üçün sevindim və kitabın çıxmasını gözləmədən şeirlər barədə təəssüratlarımı Elşən Əzim oxucularına müjdə vermək qərarına gəldim.
Elşən Əzimin şeirlərinin bəziləri mənə həm də çox doğmadır. Ona görə doğmadır ki, o şeirlər dünyaya gələndə ilk oxucusu mən olmuşam. Lakin daha doğma olan bir şeir(im) var:

Yaz bənövşəm, gəlmir ətrin,
Yanında yoxdumu xətrim?
Bu şair oğlannan otrü
Aranda bitmək olmazmı?

Bu bircə bənddəki poetikaya, şirinliyə, dil rəvanlığına, sevginin böyüklüyünə, həsrətə, hicrana, yanğıya heyran qalmaya bilmirsən. Körpəliyini, arzularını, doğma ocağını, bənövşə ətirli sevgisini dağ yamacında (Kəlbəcərdə) qoyub aranda məskunlaşan bir aşiqin fəryadıdı bu. Aşiq sevgisinə, yaz bənövşəsinə qovuşmaq istəyinin gerçəkliyini onun aranda bitməsində görür. Nafilə! Bənövşə dağ qızıdır! O aranda bitməyəcək və aşiq onun ətrinə həsrət qalacaq… Məhşur “Qıfıl” şeirindən sonra, mən deyərdim ki, məhz bu şeirlə Elşən Əzim poeziyası dillərə düşdü. Təssüf ki, bu şeir yeni kitaba salınmayıb. Bəlkə də şair mənim istəyimi nəzərə alaraq yaz bənövşəsinin sevgi dolu ətri ilə “İllərin o tayı” kitabına çiçək qoyacaq.
Onu da deyim ki, mənə doğma olan şeirlərdən sonra mən də o doğmalarımı şeir dili ilə əzizlədim. Elə bu əzizləmənin sovqatı olaraq mənim də eyni mövzulu şeirlərim (deyişmələrimiz) dünyaya gəldi. O doğmaları bu yazımda sıralayacam, amma çox xəfif…
“Qıfıl” şeirindən söz saldım. Bu şeiri Elşən Əzim çox gənc yaşlarında yazsa da poetik tutumu, fəlsəfi çəkisi, dil səlistliyi, heca vəzninin qanunauyğunluğunun qorunması, məzmun seçimi baxımından ədəbi tənqidçilərin ən çox diqqətində olan bir şeirdir. Bəlkə də özü “illərin o tayı”nda, açarı burada qalan həmin qıfıl idi ki, paslı sinəsindəki açar yerini Elşən Əzim şeirlərinə verdi, həm də o şeirlərin açarı oldu:

O qıfıl dil açar günün birində,
Sükutun əlində çürüyür, itir.
Onun torpaq dolmuş açar yerində-
Hər bahar bir həsrət çiçəyi bitir.

Və burada şair baba yurdunu qoyub gəldikləri üçün də özünü qınayır:

Çaşdımı tərk etdi oba yurdunu,
Dərdi köç üstünə aşırıb gəldik.
Bizdə ürəyə bax, baba yurdunu,
Bir paslı qıfıla tapşırıb gəldik.

O qıfıl təkcə ocaq yerində qalmadı, o qıfıl o gündən Elşən Əzimin ürəyində dərdlə silələndi və qıfıllandı. O dərdin qapısını açmaq, sinədən qovmaq üçünsə dərd qapısının açarını bulmaq çətinliyinin ağrısı şairin sinəsini göynətməkdən usanmadı…. İllər keçdi…

İllər keçib-gedib o ağır ildən,
Mən də yaz müjdəli qaranquş idim.
Yuvamı dağıtdı yağı qəfildən,
Yuvası dağılmaq bilirəm nədi.
Dəymə yuvasına qaranquşların.

Və evində – yad ocaqdakı evində qaranquşun yuvasını uçurmağa əli gəlmədi, uçmuş yuvası gəldi gözü önünə…

Zirvə də itərmi dərdin içində?
Qeyrət mürgüləməz mərdin içində.
Həsrəti kişnəyən yurdun içində-
Bir elin ayrılıq yasımı qaldı?

Burada bir yurd yerinin boş qalmasını, dərdin zirvəni aşmasını, yurdda at kişnərtisinin əvəsinə həsrətin kişnədiyini necə poetik ifadə edib şair. “Zirvə də itərmi dərdin içində”. Zirvələrdə insan ayağı dəyən zaman cığırlaşan, lakin yurddaşını itirəndən sonra tənha qalan, cığırları ot basan, dərdin içində itən zirvəni görür, böyük bir yanğının, acının bircə misraya necə sığdığına heyran qalırsan. Və dərdi, ağrını söz elə yüksəyə qaldırır ki, o ağrını ləzzətlə çəkirsən. Sanki, ana ağrıların içindən göyərəcək övladını gözləyir…
Aşağıdakı bəndə diqqət edək:

Bizim kəndin evlərinin
Tağı hündür.
Nə ağlarsan hönkür-hönkür?
Nə durmusan çağla, püskür,
Ay odlu daş, sulu qaya.

Burada da şair dərdi musiqi üstə dilləndirir. Bu misralarda ritm var, misralar rəqs edir, dərddən havalanmış insan necə rəqs edirsə, bu misralar da eləcə rəqs edir. Və bu rəqs ondan sonrakı bənddə bir anlıq ağlı başına gələn dərdlilər sayağı qollarını yana salır:

Bizim kəndin hasarısan,
Dərd açılar ha sarısan.
Xatirələr məzarısan,
Gen sinəsi dolu qaya.
Əksər yazarların könül həmdəmi, ürək dostu qələm kağızdır. Elşən Əzim də qələmlə dərdləşir. Amma tam fərqli. O qələmi tərifləmir, göyə qaldırmır, həm də tərifləyir, göyə qaldırır, qələmin məharətini, sinəsində köz bağlayan sözü qələmin necə çıxardığına özü heyran qalır:

İlahi, dəlidi, dəli bu qələm,
Duz kimi yalayır közü sinəmdən.
Vurur neştərini zəli bu qələm,
Sümürüb çıxarır sözü sinəmdən.
Elşən Əzim yaradıcılığında ən çox sevdiyim tərəf onun sözə geydirdiyi libasdı. Hamının dediyi, tanıdığı sözü Elşən elə geyindirib-gecindirir, elə təqdim edir ki, heyran qalmaya bilmirsən. Örnək üçün aşağıdakı bəndlərə diqqət edək:
Necə kəfən geyim, ömür soyunum,
Bu işdən də duyuq salmayım səni.
Necə gizli ölüm, xəlvət yayınım,
Qəbrimin içində bulmayım səni.

Və yaxud:

Yazdı – gülün açılması,
Dərd odur ki, açılmasın.
Yarpaqların pıçıltısı,
Bir əsim mehin şeiridi.

Başqa bir şeirdən:

Gülüm ömür tamaşadır,
Xəyalınla baş-başadır.
Ruhumu eşqin yaşadır,
Özümü dərdin öldürür

Elşən Əzim poeziyasının nüvəsi Ölümdür sankı. Ölümə tapınmaq, ölümü özləmək sütunudur bu şeirlərin. Qəbuledilməz də olsa belədir:

Bəsdi, yazdım özümü
Şeirin varağına.
Həyat, pıçılda məni,
Torpağın qulağına…

Elşən Əzim gəncdi. Onun şeirləri hələ tumurcuq vaxtlarından boran, şaxta görsə də bahar ətrini gəncliyini qoruyub saxladı. İctimai mövzulu şeirləri nə qədər ağır, ağrılı, tikanlı olsa da sevgi şeirləri o qədər xəfif, ülvi, səmimi, gəncdir. Və mənim doğmalarımdı bu zümrədən olan şeirlər. Həm illərin o tayından, həm də bu tayından boylanan, boy verən doğmalarım.
O taydan gələn:

Ay Elşəndən nəzərini əyənim,
Ay saçımda bəyaz libas geyənim.
Halallıq ver, bu tayda qız bəyənim,
Ay illərin o tayında qalan qız.

O tayın həsrətini çəkən:

Bulaq susdu, bulaq təzdən danışdı,
Bulaq qışdan, qulaq yazdan danışdı.
Iki şair iki qızdan danışdı,
Saz ağladı dördümüzün yerinə.

Və:
Nagah cilvələndi bir su pərisi,
Məni dalğalardan soruşdu getdi.
Bir vaxt küsdürdüyüm o qızdı yoxsa,
Qayıdıb ruhumla barışdı getdi.
Bu taydan:

Sən niyə küsdün, ey niyə,
Qaldım göynəyə-göynəyə.
Yollar saplanır iynəyə,
Tikilir xəyallara.

Başqa bir şeirdən:

Sahilində tutdu onun kürlüyü
Ay dəli Kür, ağlın ondan nə kəsdi?!
Nə dedisə ürəyimə toxundu,
Elə bildim tufan qopdu, yel əsdi.
Ay dəli Kür, ağlın ondan nə kəsdi?!

Və yaxud:
Gəl yenə də kürlük elə,
Axıb getsin, Kür qalmasın.
Gəl yenə küs, yalvarmağa-
Getmədiyim pir qalmasın.
Və yaxud:
Xatirindən o görüşün
Salamı, sağolu getməz.
Gedib saçını yuyarsan,
O sahilin qumu gedər,
Əlimin sığalı getməz

Bu bənddə isə o tayla bu tay qoşalaşır, ayrılır… düyün düşür:

Mənim viran olmuş sevda mülkümün,
İçiylə bir dəli sel gedir daha.
İllərdi dayanıb səni gözlədim,
Məni gözləyən var, sev gedim daha.

Şair zamanını yazmalıdır. Və həm də müəllim şair. Şərhsiz verəcəm aşağıdakı örnəkləri…

Evə yorğun dönüb, üzgün gəlirəm,
Əsəbi gəlirəm, qızğın gəlirəm.
Əli ətəyindən uzun gəlirəm,
Hər gün boş cibimə əlim tökülür.

Və yaxud:

Qəm eləmə hər canın
Bir fitrə-zəkatı var.
Bu dünyanın nə qədər
Başsız məmləkəti var.

Və:
Hardasa səhərdi qalan, ləngiyən,
Baxmaz axşamların qaşqabağına,
Yarına bir çiçək ala bilməyən,
Bir qucaq gül düzür daş qabağına.
Əşşi nə isə…

Nə isə…
Əsrimizin böyük şairi Ramiz Rövşəni hamımız sevir, onun poeziyasını şeirlərimizə örnək edirik. Elşən Əzim də Ramiz Rövşən yaradıcılığından uzaq deyil. Bu yaxınlığı aşağıdakı bənzər həyəcanda görürük:
Bəlkə də üzümüzə açılan qapılardan
Üzümüzə çırpılan qapılar qorxuludur.
Ramiz Rövşən
Unutma ki, bəzən açıq qapılar-
Bağlı qapılardan təhlükəlidi.
Elşən Əzim
Elşən, səni yeni dünyaya gələcək kitabın münasibətilə bu tayda təbrik edirəm. İnşaallah, illərin o tayına keçə bilsək, mən yenə də səndən danışacam, amma onda başqa cür danışacam…

Yazıya 1011 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.