İradə Aytel – EŞQ İLƏ GƏLDİM DÜNYAYA…

 

akifÖləndə elə öl, heç inanmasınlar….

Akif Səməd

Bu gün – 22 iyulda 54 yaşı tamam olacaqdı. Lakin 2004-cü il 06 iyun onun 44 yaşını elə sevdi, elə əzizlədi ki, rəqəmlər elə qırx dörddəcə dondu qaldı. Özü deyirdi, deyirdi ki, “otuzda əllidi yaşım”,  “hər şeyin azı yaxşı, ömür yaman uzundu”, “ölümü heç bilmə, duyğu deynən, deynən”“bu yaşda ölmək günahdı, bu yaşda öləni əfv elə”,  “çox bənd olma suçuma gəl, yaşamaq qan alveridi. Can alansan, qucuma gəl, mənimki can alveridi” , “özümnən yol almışam, özümə yol gedirəm” , “sevinmə ruhum ağrımaz, mənimki can ağrısıdı”… və onu 44 yaşındaca bağrına basan ölümü o, elə doğulandan bağrına basmışdı, elə doğulandan ölümə tapınır ölümlə söhbət edirdi (ölümə meydan oxuyurdu!). Lakin hamıdan fərqli, özü kimi Öz olaraq.

Əliağa Vahidə deyirlər, “bəsdi, az çək bu siqareti”, cavabında “istəmirəm sağlam ölüm” – deyir. O isə deyir:

 

Aman ver, sağalım bir az,

Mən salamat ölməliyəm.

 

Ölümü o qədər sevir, o qədər əzizləyirdi ki, onun qoynuna salamat getmək istəyirdi. Bax, elə buradan yaranır İrfan duyğu, İrfan həyat, İrfan əməl, İrfan söhbət, İrfan poeziya və İrfan ölüm – Ucalığa, Tanrıya, Əbədiyyətə yol…

Bəli, söhbət İrfan ədəbiyyatı bu günkü dövrümüzə qədər bələyən, bəsləyən, böyüdən, yaşadan Akif Səməddən gedir. O Akif Səməddən ki, Yunis Əmrə, Dadaloğlu, Qaracaoğlan, Ağamalı Sadiq ruhuyla pərvazlanıb Tanrıya söz-söz, misra-misra, şeir-şeir pıçıldadı, pıçıltılarını balalarına Atilaya, Çilənaya, Gülənaya, Ulucaya (övladlarının adlarına diqqət edin; nə ərəb, nə fars qatqısı olmayan türk övladlarının türk adları) nəsihət elədi, bu gün oğul yurdunda tənha, qocalığını ucaldan, gecə səhərə kimi Akif Səməd balasını Akif Səməd şeirləri ilə (göz yaşları yox, məhz şeirləri ilə) səsləyən, çağıran, haraylayan anasına, dostlarına miras qoyub getdi…

Haşıyə: Akif Səmədin yaxın dostu, “Akif Səməd mükafatı”nın təsisçisi, Akif Səmədin adı dilindən, şeirləri əzbərindən düşməyən (hətta gənc şair Elməddin Nicat ona həsr etdiyi bir şeirində belə yazıb “ sən elə bir şeirsən, Akif adlı”), Akif Səmədin həm mənəvi, həm də fizioloji görünüşünü saxlayan, yaşadan (Akif Səmədə o qədər bənzəyir ki, sanki qardaşdılar, ən maraqlısı da odur ki, Akif Səməd kimi o da yaşını (hər mənada) qabaqlayır), rəssam Nəvai Metin “əbədi xoşbəxtlik” sözünü işlədəndə mən etiraz etdim ki, əbədi xoşbəxtlik ola bilməz, xoşbəxtlik yalnız anlardadı. Nəvai bəy dedi: “Əbədi xoşbəxtlik odur ki, valideyn əbədi evinə övlad çiynində gedir”. Düşündüm, çox düşündüm və əbədi bədbəxtliyin varlığı məni düşüncə-düşüncə göynətdi. Bu, Akif Səmədin anasının bədbəxtliyi idi….

Kəndimizdə cavan bir oğlan (nişanlı idi, toyu tutulu qaldı) Rusiyada qətlə yetirildi. Onda sovet dönəmindən yenicə ayrılmışdıq. Onda bilmirdik ki, elə bir zaman gələcək, gənclərimiz dolanış dərdindən uzaqlara üz tutacaqlar və o uzaqlardan tez-tez gələcək gəncik-gəncik tabutlar… Onda öyrəncəli deyildik və o gəncin tabutu ətrafında dostları dəstə vurdu, nakam gəncin nişanlısını araya alıb qol qaldırdılar, oynadılar… Onda uşağıydım və indi Akif Səmədin dərddən oynadığını görüncə, uşaqlığım ahıllaşdı:

 

Ay hazarat, mən oynayan deyildim,

Birdən-birə havalanıb oynadım.

Gör oynamaq bir yaraşır harama,

Dərd sinəmdə yuvalanıb, oynadım…

 

 

Akif Səməd bir şeirində belə bir açıqlama verib: “Bir dəfə kənddə elə bildim məni heç kəs… heç kəs tanımadı. Özüm özümdən elə üşəndim, elə üşəndim ki….”  Və şeirində -

 

Nə baxırsan yanı-yanı,

Adam, Akifəm, Akifəm….

 

– deyə, onu tanımayanlara elə iniltili cavab verir ki, doğrusu, bu cavabdan oxucu da üşənir. Lakin ortada bir həqiqət də var, axı Akif Səməd bizlərdən deyildi, onu biz tanımaya da bilərdik, o elə doğulandan əbədi idi, doğulandan seçilmiş idi. Fanilər bəzən əbədiləri tanımır, görmür, duymur. Diqqət edin, o özünün adamdan fərqli olduğunu özü də bilir, təsdiqləyir:

 

Adamı Allah saxlayır,

Məni də Allah saxlayır…

 

Və dini, dili, irqi ayırmadan Özlüyünü göstərir. O müsəlmandı, o xaçpərəstdi, o buddadı, o Ələmdi, Qurandı, İncildi….

 

Yollarda çaşıb qalmışam,

Ələməm, xaçam, hardasan?

…Adəmdən bəri gəzirəm,

Buddayam, Hacam, hardasan?

 

Və yaxud

 

Bilməm tanrıyam, ya bəndə,

Yeddi dindən çıxarıyam.

 

Və burada düşünməyə bilmirsən. Axı Allah təkdi, Allahın dini, dili, təbəqəsi yoxdur! Niyə yaratdıqlarını dinlərə ayırır? O insan yaradıb! Və Akif Səməd Allahın yaratdığı İnsandir!  İnsandan başqa özgəsi olmayan Allah, Allahdan başqa özgəsi olmayan insandır (“bizdən özgə kimi var (Allahın)” A.S. ), Allahda da biz variq, necə ki Allah bizdədi (Allahı olan adamlar da Allahda olur):

 

 

Sevgidən anrı var,

Ölümdən sonra var,

Sevgidə Tanrı var,

Tanrıda mən varam.

 

Türkü sevən, qoruyan, sevilən, qorunan liderimiz Əbülfəz Elçibəyə Akif Səməd silsilə şeirlər həsr edib (bir şeiri isə yarımçıq qaldı…). Onların içərisində insanın Tanrıda varlığı bir daha şeirləşir. Məs:

 

Sən bizlərdən anrıdasan,

Dərman da sən, ağrı da sən.

Sənin özün Tanrıdasan,

Səndə Tanrı, Bəyim, Bəyim!

 

İbrahim İlyaslı Akif Səmədə xitabən yazır:

 

Mənim xalam oğlu doğru kişiydi,

Yalanlar öldürdü Akif Səmədi –

 

-         amma burada yalan təkcə onun gündəlik rastlaşdığı yalan deyildi. Satıldıqdan sonra şirin dillə ağılanan, torpaqlaşan yalanlar idi:

 

Neçə ildir çadır damır,

Taqqıldadır köhnə camı,

Gün çıxır, yanır,  yandırır,

Günlü günləri yandırır,

 

Qar yağır bu il də qara,

Qar qara Şuşasızlara….

 

(burada şeirin həm də yeni növüdü, gərayılı üstündə yazılı ədəbiyyat və cığalı təcnis kimi təcnisssiz cığa) və yaxud:

 

Şuşa deyə bağır bala

Eşitdin televizorda?

Şuşaya da yağır bala…

 

O yalanlar ki, özünü dərdlərinə dar ağacı eləsə də:

 

Ay Behrudi, mənə baxır -

Dar ağacı utanır…

(Rüstəm Behrudinin “Dar ağacı” şeirinə xitabən) –

 

-         deyə, fəryad etsə də bircə yalanı, saxtakarlığı, allahsızlığı dara çəkəmədiyi üçün, lakın, həqiqəti dara çəkməkdən çəkinməyən Dar ağacının ondan  – həqiqətdən (Akif Səməddən) utandığını nəzmləşdirir…

 

Akif Səməd şeiri çox gözəl bilirdi. Şeiri yaradırdı, elə yaradırdı ki, heç kimin yaratmadığı (yaratamadığı) kimi, məntiq üstə köklənən qafiyələrə elə sığal çəkirdi ki, kimsənın oxşamadığı (oxşayamadığı) kimi. Həm də min illərdir heca üstündə, qafiyə üstündə ləngər-ləngər yol gələn türk şeirinə yeni balalar (qafiyələr) qoşaraq:

 

Məndə başladı bu payız,

Evimə yağdı yağışı.

Yarpaqlar məndən töküldü,

Kefimə yağdı yağışı.

 

Növbəti bəndlərdə “səhvimə”, “dəfnimə” və s.

Təsadüfi deyil ki, onun şeirləri (əksəriyyəti) bayatı üstündədi. Axı dərd də bayatı üstündə ağılanır, ağırlanır. Aşağıdakı parçaya diqqət edək:

 

Bürc yanır, qalam üşüyür,

Ney yanır, nalam üşüyür,

Dağlarda Günəşim donur,

Aranda lalam üşüyür.

 

Akif Səməd təpədən dırnağa şeir olsa da, onun çox baməzə, şirin zarafatları, söhbətləri də dillər əzbəridi. Demək, Akif Səməd Türkiyəyə gedir (qanı, qanadı olan Türkiyəyə). Geri dönəndə onu dostu Nəvai Mətin qarşılayır. Akif Səməd təəssüflə deyir: “Ayə, ay Nəvai, bə çantam yadımnan çıxıf qalıf Türkiyədə”.  Nəvai Mətinin də fotoaparatını aparıbmış özüylə tez Nəvai bəy deyir: “Akif, canın sağ olsun, şəkilləri çəkifsənsə bəsdi (bəlkə də fotoaparata eyham edirmiş). “Əəə hə,  ninerəm çantanı, çəkmişəm hər yerin şəklini”, – deyə Akif Səməd özünə təsəlli verir və birdən qaşlarını çatır: “Boooy, ayə, bə fotoaparat hanı?” – Məlum olur ki, fotoaparatı da taksidə unudub.

Dostları çox idi (bəlkə də yox idi….). Mən Akif Səməddən danışanda Ramiz Hümbətin, İbrahim İlyaslının, Ehtiram İlhamın, Məmməd Dəmirçioğlunun, Həmid Ormanlının adını çəkməyə bilmərəm. Elə Akif Səmədin seçilmiş əsərlərindən ibarət olan kitabını da mənə Ramiz Hümbət hədiyyə edib. Həm də ən ağır, bahalı, sanballı hədiyyə olaraq…

Haqqında həmişə xoş sözlər deyilib,  deyilir. Söz bilən, sözə dəyər verən Nəsimi Nəbizadə: “Ağır taxtalı kişi”, Fürudin Həsənağa: “Sən bəyənilməyə layiqsən, Akif Səməd”, Nəvai Metin: “Akif Səməd dəyərini almamış, amma bütün yüksək dəyərlərə layiq kişiydi. Adəmin özüydü. piriydi, biriydi” və s.  Akif Səməd Yunus Əmrəyə xitabən (“Yunus yarpaqlarından”) deyirdi ki:

 

Məni sevən, duz bas,

Yarana, gedirəm…

 

O bilirdi, bilirdi ki, onun gedişi sevənlərinin sinəsində elə bir yara olacaq ki, kimsə o yaranın sağalmasını (unudulmasını) istəməyəcək, duz basacaq ki, əbədi sızlasın, bir də sızlasın Akif Səməd yarası…

Və Akif Səməd bir də deyirdi ki, “bu dünyada bir hax tərəzisi var, bir də mıx tərəzisi. Gün gələjək, hax da yerini tapajax mıx da”. Tapacaq….

Bu, Akif Səməd haqqında yazdığım ilk yazıdır, amma sözüm o qədərdi…. ikinci yazımı gözləyin, əzizlərim! Qibtə edilən ölümə qibtəylə…

 

 

Yazıya 1100 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.