Akif ABBASOV – DƏDƏMƏ OXŞAYIRSAN

AKİF ŞƏKİL İYUN 2014(hekayə)
Məmməd maaşı alıb evə gedirdi. Marşrut taksidən yenicə düşmüşdü ki, cavan oğlan səndələyə-səndələyə ona yaxınlaşıb boynuna sarıldı. O üzündən, bu üzündən öpərək ağlaya-ağlaya:
-Qurban olum sənə, ay dayı, gör necə dədəmə oxşayırsan, dedi. -Dədəm bir-iki il olar ölüb. Heç doyunca üzünü görə bilmədim. Ay Allah, gör dədəmə necə oxşayırsan!
Məmməd hal əhli idi. Cavan oğlan içmiş və kövrəlmişdi. Odur ki, onun xətrinə dəymək istəmirdi. Cavan oğlan isə Məmmədi qucaqlamaqda, dil tökməkdə davam edirdi. Axır ki, o sakitləşdi və Məmmədin yaxasından əl götürdü. Üzr istəyib yoluna düzəldi.
Məmməd öz uşaqlarını göz önünə gətirib oğlanı qınamadı. Hələ üstəlik o da kövrəldi. Ağır addımlarla evə sarı getməyə başladı.
Sənəm ərini görən kimi birinci sualı bu oldu:
- A kişi, maaş aldın?
Məmməd gülərüz dilləndi:
- Aldım, arvad, aldım.
Sənəm davam etdi:
- Evdə çay, qənd, yağ, pendir, duz qurtarıb. Ət də alınmalıdır. Uşaqlar iki gündür sup yeyirlər. Bu gün üzə durmuşdular.
Sənəm əlində ərzaq siyahısı qapını kəsib durmuşdu. Məmməd ayaqqabılarını çıxara-çıxara əlini pencəyinin qoltuq cibinə apardı. Əli boşa çıxdı. Bir anlığa duruxdu. Sənəmin üzünə baxdı. Sonra döş cibini, yan ciblərini yoxladı. Əlini şalvarının ciblərinə atdı. Pullar yoxa çıxmışdı. Məmməd əlüstü məsələni başa düşdü. Cavan oğlan ona sarılanda pulları çırpışdırmışdı.
Ərinin rəng-ruhunun dəyişdiyini görən arvad tez soruşdu:
- Sənə noldu, ay kişi?!
Məmməd birtəhər özünü ələ alaraq:
-Arvad, heç soruşma. Maaşı almışdım. Ancaq itən oğluma rast gəldim. Gəlib, pulları apardı.

 

Yazıya 817 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.