Çarlz Bukovski — QƏLƏM ƏHLİ

1334952
Harold mənzilin qapısını döydü.

O ara Nelson mətbəxdə pendirli keksdən qalan son tikəni yeməkdəydi. Qabağında bir fincan espresso qəhvəsi vardı.

«Kimdir o?» deyə qapıya səsləndi Nelson. Çünki adətən qapısı döyüləndə təlaşlanırdı. Təlaşa qapılanda isə başındakı tik tez özünü büruzə verirdi, başı başlayırdı əsib-titrəməyə.

- Kimdir o?

- Nelson, mənəm, Harolddur.

- Bir dəqiqə.

Keksin son tikəsini də ağzına dürtüb, tez-tələsik çeynəyən Nelsonun gözləri alacalandı. Çəkisi normadan düz iyirmi kilo artıq idi. Son loxmanı da uddu, tələsik əlüzyuyana tərəf gedib boşqabı və əllərini yuyandan sonra zənciri çıxartmaqla mənzilin giriş qapısını açdı.

Harold içəri keçdi. O, 1 metr 60 santimetr boyunda, zərif bir kişiydi. Altmış səkkiz yaşın içindəydi. Nelson ondan təqribən otuz yaş cavan olardı. Hər ikisi qələm əhliydi və ancaq şeir yazırdılar.

Kitabları yaxşı satılmadığından necə dolandıqlarını bircə özləri bilirdilər. Hər ikisinin yaxşı qazanc kanalı vardı, ancaq bu barədə aralarında bir kəlmə də kəsməzdilər.

- Bir fincan espresso? – deyə Nelson təklif elədi.

- Təbii ki. Niyə də içməyək?

Harold keçib, əyləşdi. Az sonra Nelson qonağına qəhvə gətirdi və divanda əyləşdi. O ara ev sahibinin başı təkrar titrəməyə başladı.

- Görüşdüm o qancıq balasıyla, Harold. Məni evinə çağırmışdı.

Fincanı ağzına aparan Harold duruxdu:

- Faktovskini?

Bir yazıçıya qoşduqları ayama idi bu.

- Hə.

Qəhvəsindən bir qurtum alan Harold fincanı qarşısındakı səhbaya (alçaq miz – A.Y.) qoydu.

- Mən isə elə sanırdım ki, o, daha heç kəslə görüşmür.

- Məzələnirsən mənimlə? Ona məktublar yazan və zəng edən istənilən qadınla görüşür. Onları içirdib sərxoş edir, yalanlar sırıyır və hap-gop vədlərlə başlarını tovlayır. Bir küncə sıxışdırdığı qadınlar müqavimət göstərəndə isə onları zorlayır.

- Sonra da vicdanı rahat şəkildə ortalıqda gəzib-dolaşır.

- Deyir ki, bu yolla özünə mövzular tapır.

- Əcəb iyrənc və şorgöz qurumsaqdır o!

Bir ara susub, o şorgöz qoca barədə fikrə daldılar. Harold soruşdu:

- Onu ziyarət etmənə nə əcəb razılıq verdi?

- Yəqin hava atmaq istəyirdi mənə. Bildiyin kimi, mən onu zavoddakı işindən çıxıb, yazıçı olmaq qərarına gəldiyi vaxtlardan tanıyıram. O vaxtlar tualet kağızı almağa pul tapmırdı, yanını qəzetlə silirdi.

- Bəs qonaqlıq necə keçdi, Harold? Sərxoş idi yenə?

- Onu heç soruşarlar?! Həm də açarını itirən qədər içdiyindən əsl qabanı xatırladırdı.

- O elə bilir ki, əyyaşlıq – maçoluğun bir əlamətidir. Tod Uinters bir gecə onu leşi çıxana qədər döydüyündən danışmışdı mənə.

- Həqiqətənmi?

- Həqiqətən. Bax, bunu əsla qələmə almaz o əbləh.

- Heç vaxt qələmə almaz.

Bir ara espressolarını udumladılar. Əlini köynəyinin cibinə salan Nelson oradan xudmani bir siqara çıxartdı. Ağzına tərəf apardığı siqaranın sellofanını dişləriylə yırtdı, uc qismini dişləyib, siqaranı ağzına qoydu, sonra isə əlini səhbanın üzərindəki çaxmağa tərəf uzatdı.

- Nelson, o siqaranı yandırmasan, yaxşıdır. İyrənc vərdişdir bu!

Ağzından çıxartdığı siqaranı Nelson səhbanın üstünə atdı.

- Qoxusu hələ bir yana dursun, bu lənətə gəlmiş tütün xərçəngə də yol açır, Nelson.

- Haqlısan.

- Hə, Nelson. O hərifin nələr danışdığından bəhs elə.

- Faktovskinin?

- Başqa kimi nəzərdə tuta bilərəm ki?

- Harold, o, mənim yazdıqlarıma güldü. Dedi ki, bu işi heç vaxt bacarmayacağam.

- İnanmaram!

- Hə, hə. Öz dəlmə-deşik cins şalvarı və kirli-pasaqlı maykası ilə keçib qarşımda oturdu və bu işi əsla bacarmayacağımı düz gözümün içinə söylədi. İri bir evdə yaşayır hərif, qarajında da bir cüt təzə maşını var. Ev nəhəng bir qayanın üstündə tikilib və çox bahalı mühafizə sistemiylə qorunur. Həm də o, özündən iyirmi beş yaş cavan, suyuşirin bir qızla yaşayır.

- Ancaq yaza bilmir. Söz xəzinəsi kasaddır, öz üslubu isə yoxdur, sıfırlanıb…

- Qusmaq, qayırışmaq və hap-gopdur onunku. Bunlardan yaza bilir ancaq…

- Qadınlara da nifrət bəsləyir, Nelson.

- Hələ döyür də, Harold.

Haroldu gülmək tutdu:

- Sən Allahın, onun qadınların niyə bağırsaqlı doğulmasından şikayətləndiyi şeiri oxumusanmı heç?

- Alçağın biridir o! Elə isə niyə onun kitabları belə çox satılır?

- Çünki oxucuları da onun kimi əbləhdir!

- Haqlısan. Cıdır yarışları və içki mövzusunda eyni şeyləri dönə-dönə yazmaqdan usanmır o.

Bir ara bu barədə düşündü hər ikisi. Bir az sonra Harold köks ötürdü:

- Avropada da məşhurdur. İndi də Cənubi Amerikada bəyənilməyə başlayıb.

- Harold, bütün bunlar sarsaqlıq xərçəngidir, vallah!

- Ancaq burada məşhur deyil o, Nelson. Axı, biz onun necə bir nəcis olduğuna yaxşı bələdik.

- Bizim tənqidçilər kimin həqiqi yazıçı olduğunu daha dəqiq təyin edirlər.

Durub, fincanlara espresso qəhvəsi süzən Nelson təkrar əyləşdi:

- Bir məqam, daha iyrənc bir məqam da var.

- Nədir o, Nelson?

- Başdan-ayağa tibbi müayinədən keçib. Ömründə ilk dəfə. Tam da altmış beş yaşında.

- Bəs nəticə nədir?

- Tamamilə sağlammış. Həkimdən aldığı rəyi bir araq şüşəsinin altına qoymuşdu. Mənə göstərdi. Onun acqarına içdikləri bəlkə bir ordunun axırına çıxardı. Türmədə yatdığı günləri hesaba qatmasaq, hər gün içibdir. Analizlərindəki tək əskiklik triqliserid olub. 264 aşağı çıxıb.

- Ən azından o əskik çıxıb barı!

- Mümkün deyil! Axı, öz badə dostlarının və əyyaş məşuqələrinin hamısını o dünyaya yola salıb bu.

- Nelson, görünür, onun təkcə yazıçılıqda yox, digər şeylərdə də səfil it qədər bəxti gətirir.

- Həm də hərəkətin xeyli gur olduğu küçədə bir cinahdan digərinə qəzasız-bəlasız keçən it qədər!

- Sağlamlığını bu dərəcədə qorumasının sirrini soruşmadın ondan?

- Soruşdum. Gülərək, tanrıların onun yanbızına aşiq olduqlarını dedi. Karma ilə bağlı məsələymiş bu.

- Karma ilə? O, bu kəlmənin hansı məna daşıdığını da bilmir bəlkə!

- Harold, ancaq özünü bilən biri kimi aparır. Poeziya gecələrindən birində məktəbli oğlan ondan ekzistensializmin mahiyyəti barədə soruşanda o: «Bu, Sartrın daldan buraxdığı yeldir» demişdi.

- Bu hərifin iç üzü görəsən nə vaxt ortaya çıxacaq?

- Mənə qalsa, indiyədək çoxdan çıxmalıydı!

Qəhvələrindən bir qurtum da aldılar.

Sonra Nelsonun başı təkrar əsməyə başladı.

- Bu Faktovski iyrəncin biridir! Onu öpən qadınlar necə öyüyüb qusmur, axı, bax, bunu ağlım kəsmir də!

Nelson soruşdu:

- Yoxsa sən elə sanırsan ki, haqqında yazdığı qadınların hamısını tanıyır?

- Nə bilim? Bir neçəsini görmüşəm. Yetərincə suyuşirin cananlar idilər. Düzü, heç nə anlamıram.

- Sadəcə onun halına acıyırlar. Yoxsa onun bit-birə basmış itdən nə fərqi var ki?!

- Ona bunca uğur gətirən nədir, axı?

- Lənət şeytana, bunu mən də bilmirəm. Haçan onunla bir yerə getsək, biabırçılıq çıxardır. Sonuncu eşitdiyim xəbər – bir naşirin onu və məşuqəsini «Polo klubu»na aparmasıdır. Ayaqyoluna getmək üçün masadan qalxandan sonra qeybə çəkilibmiş. Təkrar peyda olandan sonra isə ortada dolaşaraq, hamını saxtalıqda suçlayıb. Xidmət personalının müdiri yaxınlaşıb, bu davranışının səbəbini soruşanda, onun üstünə bıçaq çəkib. Sözün qısası, «Polo klub»da əsl həngamə çıxarıbmış.

- Bəs onu evinə dəvət edən professorgildə hansı hoqqalar durğuzduğunu necə, eşitmisən? Saxsı dibçəklərdən birinə işəyib, toyuq hininə isə od vurubmuş.

- Əbləh tamam səviyyəsizdir ha!

- Səviyyəsi sıfırdır!

Bir ara susdular.

Harold köksünü ötürdü:

- Yaza da bilmir o, Nelson.

- Təhsili də alayarımçıqdır, Harold.

- Zay təhsil almağı bir yana, zay da tərbiyə görüb.

- Qancığın balasıdr o! Əsl ibnədir! Nifrət edirəm ona.

- Niyə oxuyurlar ki, onu? Kitablarını niyə alırlar görən?

- Cümlələrinin dayazlığına görə. İnsanlar dayaz şeylərə daha çox etibar edirlər, axı.

- İyirminci əsrin ən gözəl misralarını biz yazdığımız halda, bütün tərifləri Faktovski göydə qapır!

- Bir insan kimi də qara ruhludur o.

- Saxtakardır!

- Hansı qadın o çirkin üzü öpər görən?

- Dişləri sapsarıdır.

Telefon zəng çaldı.

- Bağışla, Harold…

Nelson dəstəyi qaldırdı:

- Allo?.. Ana… Nəyi?.. Bilmirəm. Məncə, bu, uyğun çözüm deyil. Yox, yox, zənn eləmirəm. Unut bunu, anacan… Mənim yaxşılığımı dilədiyini bilirəm, ana… İndi mən ciddi bir müzakirədəyəm. «Hollivud Boul»da bir şeir gecəsinə hazırlaşırıq. Bu günlərdə sənə zəng vuraram. Öpürəm səni, anacan…

Nelson acıqla dəstəyi asdı:

- Ləçər!

- Nə olub, Nelson?

- Elə hey mənə bir iş yeri tapmağa çalışır! Halbuki bu, məndən ötrü ölümə bərabərdir!

- İlahi, bəyəm bu qadın heç nə anlamır ki?

- Harold, mən də elə bundan qorxuram da.

- Sən bilən, Faktovskinin anası olub?

- Mənimlə məzələnirsən? Onun kimi bir üzdənirağın başqa bədəndən çıxdığına necə inanırsan? Bu, mümkün deyil!

Yerindən qalxan Nelson var-gələ başladı. Başı isə həmişəkindən daha betər əsib-silkələnirdi.

- Tanrım, usandım artıq gözləməkdən! Dahini bu dünyada, yəni heç kəs anlamazmı?!

- Mənim anam da anlamamışdı məni, Nelson. Ta öldüyü gecəyə qədər anlamamışdı. Halbuki həyatı boyu para-pul toplayıb, nələrəsə sərmayə yatıracaq qədər görüb-götürmüş qadın idi.

Nelson yerinə oturdu. Əlləriylə üzünü qapadı:

- Tanrım, Tanrım…

- Yəqin bizim dəyərimizi Faktovski öləndən yüz il sonra anlayacaqlar…

Əllərini üzündən çəkən Nelson gözlərini tavana dikdi. Başının əsmə sürəti bütün rekordları geridə qoymuşdu.

- Niyə anlamırsan? Hər şey tanınmaz dərəcədə dəyişib artıq! O vaxta qədər isə… bütün dünya məhv olacaq! Odur ki, gerçək dəyərimizi biz heç vaxt ala bilməyəcəyik!

Onların olduqları yerdən cənubda yerləşən bir şəhərdə isə Faktovski sərxoş halda yazı makinasının arxasında oturub, vaxtilə tanıdığı iki yazıçı barədə mətn yazırdı. Bu, sarsıdıcı bir hekayə sayılmazdı, ancaq gərəkli mətn idi. Ayda bir kərə çıxan erotik jurnallar üçün yazılar yazardı və göndərdiyi hər şey çap olunardı. Maneəsiz. Bu idi onun dünyadakı məşhurluğunun faydası.

İntim yerlərini sığallayan qızların fotoları arasında öz hekayələrinin təqdimindən məmnun idi Faktovski. Xəyal edərdi ki, bu fotomodel qızlar jurnalı vərəqləyərkən bəlkə onun hekayələrini də oxuyar bir gün.

Qızlar heyrətlə: «Belə də şey olar?!» – deyərdilər yəqin.

Onun da imkanı olsaydı, qızlara izah edərdi: «Qızlar, bu – həqiqi dialoqlar arasında qurulan bəsit nəsr nümunəsidir və məqsədi baş qatmaq deyildir. Yəni, hekayə necə olmalıdırsa, məhz elədir. Mənim çirkin və sapsarı dişli çöhrəmi siz sadəcə röyanızda öpə bilərsiniz. Çünki məni artıq qamarlayıblar».

Makinadan çəkib çıxartdığı sonuncu səhifəni əvvəlkilərə tikən Faktovski zərf axtarmağa girişdi. Bu yazı işinin ən müşkül tərəfi də məhz bu mərhələ idi: zərf tapmaq, yazını onun içinə qoymaq, ünvanı yazmaq, markanı yapışdırmaq və zərfi poçt qutusuna atmaq.

Bir gecəni indiyədək bilinməyən, misilsiz şəkildə başa vurmaqdan ötrü hər halda iki stəkan şərab da gillətmək lazım gələcəkdi.

Durub, birinci stəkanı doldurdu.

Çeviri: AZAD YAŞAR

Yazıya 671 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.