Bizim Qonaq :Mehman Qaraxanoğlu –”Şeirə görə KQB-yə də çağrılmışam”

Əziz oxucular! kultur.az saytı yeni layihəyə start verir. “Bizim qonaq” adlanan layihə tanınmış ədəbiyyat adamlarının ədəbiyyat aləminə , dünyaya baxışına, iç dünyasına səyahət etməklə yanaşı , gənc qələm sahiblərini də tanıtmaq amacı güdür.
Rubrikamızın ilk qonağı “var”la “yox” arasında vurnuxan, Sözün “yox”dan “var” etdiyi  Şair, publisist  Mehman Qaraxanoğludur.

Xoş gördük Mehman Müəllim.

-Zəhmət olmazsa, bir az özünüz haqqında məlumat verərdiniz. Mehman

Mehman Qaraxanoğlu

Mehman Qaraxanoğlu

Qaraxanoğlu kimdir?

Özümü xoşbəxtcəsinə “itmiş” nəslin nümayəndəsi hesab edə bilərəm. Fərqi yoxdu, özüm itmişəm, ya da itiriblər. Axtarmayıblar və özüm də özümü “axtarmaq” cəhdində bulunmamışam.   Bugünəcən özümə sual verməmişəm ki, mən kiməm? Allahın “mətn” adlı professional bir casusu vardır. O, bizim kimliyimizi içəriləyir və göylərə ötürür:
Doğuldum 57-də…
Hələ Həvva Adəmi doğmamışdı.
Ağrı yasaq edilmiş meyvə kimiydi.
Sınmış saxsı qulp qoca bir sual işarəsiydi,
Altındakı nöqtə: torpaq.
Dünyanın sonuncu savaşını
Sonunsu kündəyə nəqş edirdi təndir.
Hörümçək hörürdü özünü.
Ovalvari qapı sıfırı iç qafasıtək tutmuşdu göyə,
Bir cüt qara işıq hövllənmişdi
Sıfırın bərəlmiş bəbəklərində…
Bəlkə də hövllənən bir cüt qara işıq elə mən özüməm və bugünəcən də başıhavalı gəzirəm… Bax, bu oldu ədəbi fakt. Gerçək fakta gəlincə:
1957-ci ildə Astara rayonunun Şiyəkəran kəndində anadan olmuşam. 1979-cu ildə ADPU-nun Filologiya fakültəsini bitirmişəm. Doğulduğum kənddə Dil-ədəbiyyat müəllimi işləyirəm. AYB-nin üzvüyəm. “M.V.Vidadinin poetik irsi” mövzusunda dissertasiyanın müəllifiyəm. Filologiya üzrə Fəlsəfə Doktoruyam. 4 şeir və bir nəsr kitabının müəllifiyəm. 5-6 kitablıq da “xammalım” vardır. Mükafatlarım:
2005-ci il –  “Sənət” qəzetinin təsis etdiyi “Həmrəylik” Beynəlxalq Sənət Mükafatı.
2007-ci il –  “Birlikdə yaşamaq sənəti və Mövlana” Beynəlxalq müsabiqəsinin laureatı ( Poema, III Yer)
2011-ci il –  “Vətənpərvərlik mövzusunda ən yaxşı poema” müsabiqəsinin qalibi  (Poema, I Yer)
2013-cü il – “Kaspi” qəzetinin təsis etdiyi “Məmməd Araz Mükafatı”
2014-cü il – ““Vətənpərvərlik mövzusunda ən yaxşı şeir” müsabiqəsinin qalibi
(II Yer)
- Mehman müəllim, sizin üçün ədəbiyyat nəyi ifadə edir? Ədəbiyyat anlayışı sizinçün nə deməkdir?
Təsəvvür edin ki, məni salıblar təkadamlıq bir kameraya. Bapbalaca bir nəfəslikdən hava dolur, işıq düşür ora. Ədəbiyyat mənimçün elə o nəfəslikdi. Sonsuz aləmlə ən ciddi əlaqə, özünüifadə formasıdır. Özüm-özümə həmişə deyirəm: Sözlə “dostluğum” tutmasaydı, səsin, ya da boyanın üstünə qaçardım. Yox, səsim yoxdu, nəsə oxuyum. Şəkil çəkməyi də bacarmıram. Sadəcə, ilkinliyi sevirəm. Hər şeyin əvvəli Səs və Rəng-dir. Yox, dünya “Ol!”-dan yaranmayıb. “O” və “L”-dan – iki səsdən yaranıb. Onunçün də hər şeydə bir duallıq vardır.
 
- Mehman müəllimə görə  ”Ədəbi tənqidçi”  necə olmalıdır?
Nədir “ədəbi tənqid?” Yoxdu belə bir söz birləşməsi. Bu iki söz mənaca bir-birini “tutmur” Tənqidçi ən yaxşı halda çox peşəkar bir oxucudur. Guya oxuculara yol göstərir, bu da yanlışdı. O olsa, olsa yazarla sirli bir əlaqəyə girir, onun yaradıcılıq laboratoriyasına “xəfiyyə” kimi daxil olub gəzişir, axtarış aparır. Yazıçı onun “vurnuxmaları”ndan həzz alır. Çünki heç bir yazıçı öz gizlinini açmaq istəmir. Və tənqidçi adlandırdığımız gözəl oxucu bu gizlinə yaxınlaşdıqda yazar bilərəkdən onu itələyir, “küncə sıxır”. Ustad Vaqif Yusifli ilə yaşanan son “olay” da bunu deyir. Belə çıxır ki, biz bir tərəfdən “Kitab oxuyan yoxdur!”-deyə qışqırır, digər tərəfdən, ömrünün ixtiyar çağında gənclərə nümunə ola biləcək bir ehtirasla oxuyub bir-iki kəlmə söz deyəni itələyib meydandan çıxarmaq istəyirik. Xeyir ola? Vaqif müəllim başdan-ayağacan tərif yazsaydı, necə olardı? Budur, tənqidçinin “aqibəti”. Uzağam tənqidçilikdən. Özümü  babat oxucu sayıram.
- Azərbaycan ədəbiyyatının bugünkü hansı vəziyyəti sizi qane etmir? Hansı vəziyyəti qane edir?
Ədəbiyyatın vəziyyəti bütün dönəmlərdə tibbi terminlə ifadə etsək, “stabil-ağır” olub. Savaşlar həmişə gedib. Kimin hansı “şinel”dən çıxması bəlli. Gizlətsələr belə. Qorxulu tendensiya odur ki, kim kiminlə yeyib içir, bu ona, o buna pul xərcləyir, “məst” halında düşünürlər ki, ədəbi ərazilərin kralları da onlardır. Necə deyərlər, gedim sənin üçün sayt bağlayım! Bu hal xaos yaradır. Ümid zamanın nehrəsinə qalıb. Şükür, o çalxalanmağındadır.
- Bugünkü Gənc şairlərimizdən gələcəkdə ortaya bir şey çıxarda biləcək gənclərdən kimləri görürsünüz? 
Ədəbiyyatımız, ələlxüsus poeziyamız hələ də Füzuli kədərini imitasiya edir. Nədir kədər? Doğuluşun adı kədərdir. Hər dəfə sən bunu üzümə çırpanda gör nə hala düşürəm? İnsanlığın missiyası birdir: Yaşamaq və yaşatmaq! Dahi H. Cavidin ən mürəkkəb konstruksiyalı əsəri olan “Azər”də baş qəhrəmanın gəldiyi son qənaət budur. Keçmiş təcrübəyə arxa çevirirlər. Keçmiş irs də keçmiş təcrübədir. Oxumaq və  öyrənmək lazımdır.  Bəziləri eyforiyaya uyub düşünürlər ki, onların missiyası sözü yaşatmaqdı. Çox gülüncdür. Söz Allahıh məhsuludur! Onu qoruyub yaşadan da O-dur! Əlindən hazır məhsulu çeşidləyib, ard-arda yığmaq, düzmək gəlmirsə, get başqa işin qulpundan yapış. Bax, bunu deyən yoxdur! Deyəndə də qan düşür. İllah ki, haman yazar pullu ola! O, muzdli ədəbi killerlər tutub düşür adamın üstünə. Və “burjaziyanın pul kisəsindən asılı” ədəbiyyat zühur edir. Ədəbiyyatda “gənc şair”, “gənc yazıçı” anlayışları quramadır. 20 yaşında qoca, 70 yaşında cavana rast gəlirik. İstedadlılar çoxdur. Lakin içlərində neqativ enerji də çoxdur! 20 yaşlısında da, 70 yaşlısında da.
- Mehman Qaraxanoğlunu ədəbiyyata, şeirə gətirən nə oldu?
Mən ədəbiyyata gəlmişəm ki?! Yoldayam… Elə yol gedə-gedə orta məktəbdə mənə sözün nə olduğunu başa salan Ustad Allahverdi müəllimə salam göndərirəm. O öyrətdi ki, söz Diridi, sən onu özündə öldürə bilərsən, amma düşünmə ki, diriliyinə xələl gələcək. Sadəcə, özünü öldürmüş olacaqsan. Özümü öldürməkdən qorxuram. Bu da intiharın bir növüdür.
- Mehman müəllim ədəbiyyatda haqsızlıqlarla üzləşibmi? Əgər olubsa, bunlarla necə mübarizə aparmısınız?
Haqsızlıq?! Haqsızlıq ədəbiyyatın simvoludur. Həmişə üstümdən sükutla keçiblər, bir fikirləş, üstümdən keçiblər ağır texnika ilə, amma səsimi çıxarmamışam. Canım ağrıyıb. “Hacı Murad”dakı qanqal düşüb yadıma. Özümü də ona bənzətmişəm daima. Ona görə də qanqala hörmət əlaməti olaraq onu böyük hərflə yazmaq istəyirəm: Gözəl Qanqal! Arxalarınca baxıb üstümdən keçənlərə “Yaxşı yol!” demişəm. Və əsas mübarizə alətimi – sükutumu götürüb qırağa çəkilmişəm. Amma uğuruma yaxşı insanlar da çıxıb həmişə. Əyalətdəki ədəbiyyat havasını daima paylaşdığım dostum Aqil Yaqub kimi. Sözün çox böyük anlamında yaradıcı şəxsiyyət və asl insan olan Əhəd Muxtar kimi. Ruhu şad olsun! 20 Yanvar Şəhidləri haqda ədəbiyyatımızda ilk poemamı oxuyub (Heç harda deyilməyib indiyədək!) haqqımda “Öz kəfən payını saxlayan şair” essesini yazdı. “Şəhriyar” qəzetində çap olundu və həmin essenin də yer aldığı ikinci kitabımın redaktoru oldu. Elmi rəhbərim – insanlıq simvolu M.Qasımlı kimi gözəl insan çıxdı qarşıma. Samir Sədaqətoğlunun adını çəkməsəm, insafsızlıq olar. “Sənət qəzeti” əsl tribuna oldu bizim üçün… F.Qocaya da təşəkkür edirəm. Qulu Ağsəsin “Sənsən hər yer” kitabı haqda yazdığı məqalədə mənə də 5-6 abzas ayırmışdı. 2003-cü ildə. Vaqif Yusifli də bir-iki söz deyib. Düşünürəm ki, 80-ci illərdə yazmağa başlayan bir yazar üçün bunlar xeyli gec oldu. Şükür, buna da! Bu gün çox sayda istedadlı qəlm əhli var ki, məni “görür”.
- Mehman müəllim, şair olmaqçün savad, bilik lazım deyil. Bəs şair olmaq üçün lazım olan o gizli məqam nədir ? Bax bu haqda bir qədər danışardız.
Kim deyir ki, şair olmaq üçün savad, bilik lazım deyil? Absurddur! Şair olmaq üçün lazım olan elə bunlardır! “Elmsiz şeir özülsüz divar kimidir” (Füzuli) Razıyam, qazanılan elm insanı şair edə bilməz. Bunun üçün nəyisə yaşamalısan. Nəyi? Öz həyatını… Sənin həyatın poeziyadır. Onu sadəcə, görməlisən. Yoxdur gizli məqam. Şeir gizlinləri açmaq üçündür. Özünə boylan, başqa bir müəllifdən təsirlənib şeir yazmaq olar, amma bu, davamlı olsa, sənin ölümün olar! Özünü tap! Qoy misralarda sənin qəlbin döyünsün. Özgə ürəyini öz köksündə gəzdirməklə nəyə nail ola bilərsən? Bugünkü poesiyamız ürək çatışmazlığından əziyyət çəkir!
- Sizin elə bir şeiriniz olubmu ki, kəskin tənqid atəşinə tutulsun?
Hətta o vaxtkı KQB-yə də çağırıblar. Bax, bu şeirə görə:
Eh, ağlım olsaydı, axund olardım,
Diri götürərdim ölü yerinə.
Məni də yuyarlar üç-dörd şirvana,
Şirvan paklanacaq, mən paklanmaram.
Oğurluq etsəydim, adam olardım,
Şeir yazdığım üçün adam deyiləm.
Bir uzun misranı uzun corabtək
Başıma keçirib ova çıxıram
Heca oğurladım, əvvəl, lap əvvəl,
İndi misraları çıxdaş edirəm.
Talayan da mənəm, talanan da mən,
Şeir yazdığım üçün adam deyiləm.
Diqqət edib görərsiniz ki, bu forma – qafiyələnməmiş ikilik forması poeziyamızda yenidir. Mətn ruhən qafiyələnir. O zamankı eksperimentlərimdəndir.
- Mehman müəllim, sizin ilham aldığınız, bəhrələndiyiniz qaynaqlar, əsasən, hansılardır?
Ən böyük qaynaq qəlbdir. O qəlb ki, çox şeyi çəkib özünə. Qəlb əsas qaynaqdır. Belə bir məşhur aforizm vardır: “Ədəbiyyatda qədim, elmdə yeni kitabları oxu” Qədimlik klassikadadır. İkinci qaynaq hesab oluna bilər. İncəsənətin digər sahələrindən də az-çox başım çıxır. Çox kömək edir. Xüsusən, musiqi və rəssamlıq… Üçüncü qaynaqdır. Bir də nağıllarımız… Düzdür, orda da qardaşlarının boynunu vuran çoxdur… Onların böyründən salam vermədən keçirəm.
- Şeiriyyat dünyasının hər kəsin yaşadığı dünyadan fərqlərini nədə görürsünüz ?
Fərq yoxdur. Şairlər yalandan fərqlər uydururlar. Guya yazı adamına hər şey olar, dəlidir, səfehdir, nə bilim nədir. Yalandır! Onun da təhtəlşüurunda gözəl yaşamaq fikri vardır. “Oyunları” da ona hesablanıb. Mən də gözəl yaşamaq istəyirəm. Söz dolandırmaq gücündə deyildir. Onun üçün də öz müəllimliyimi edirəm. Sözü alver vasitəsinə çevirsəm, bilirəm ki, uduzacağam. Çünki bu “sahə”də elə peşəkar söz alverçiləri vardır ki, bazara çıxardığım “mal” əlimdə qalacaq.
- Sizin şeirlərinizin əsas mövzusu nədir? Yəni daha çox cəmiyyət haqdamı, sevgi haqdamı, fəlsəfi şeirmi çox yazırsınız ? 
Mövzu qıtlığı yoxdur. Hara boylansam, şeirdir. Məndə vaxt qıtlığı vardır. Özümü bütünlüklə sənətə həsr edə bilmirəm Yaşamaq və yaşatmaq lazımdır axı…
- Böyük Azərbaycan şairlərimizdən daha çox oxuduqlarınız, əsasən, kimlərdir?
Hər şey haqda xəbərdar olmaq istəyirəm. Və buna çalışıram. Amma Xaqani və Nizamiyə heyranlığım bir damcı da azalmır ki, azalmır. Müasirlərinin “Xəllaqi-məani” (Mənalar Allahı) adlandırdığı Xaqaninin təkcə oğlu Rəşidəddinin ölümünə yazdığı mətnlərə baxsanız, Sözün ölməzliyinə inanacaqsınız. Nizamiyə gəlincə, ona kosmosdan baxmaq lazımdır. Çünki Nizami Yerdən büsbütün görünmür, görünməyən tərəfləri görünənlərdən çoxdu bu dahinin. Çox təəsüf ki, biz onu dünyaya Claləddin Rumi qədər tanıda bilməmişik. Nizamini bütöv bir institut tədqiq eləməlidir. Əgər ədəbiyyatımız Nizaminin bizə ötürdüyü mesaja uyğun getsəydi, dünya dahiləri ayağımıza gələrdi. Təəssüf ki, ədəbiyyatımız “izm”lərə yuvarlandı. Baxın, Nizamini heç bir “izm”ə müncər etmək olmur. Dahilik elə budur!
 
- Çapdan çıxmış kitabınız və ya kitablarınız varmı ?
Yuxarıda cavablandırdım, deyəsən.
 
- Sonda istərdim Gənc yazarlara tövsiyyələrinizi verəsiniz.
Tövsiyə vermək istəmirəm. Öyüd-nəsihət, tövsiyə verməklə şair olmaq olmaz. Həyati təcrübəmə söykək olub bir şeyi deyə bilərəm: Söz aşırı dərəcədə qəddar bir nəsnədir. Ona bel bağlayıb evinizi yıxmayın. Sonra gec olar. İşinizi görün, balalarınızı dolandırmaq üçün halal yollar tapın, sözün haram qatına enməyin. İçində təbii sözdürsə, təbii yolla da doğulacaq.  Sözün haram qatı işvəkar bir qadındır. O, səni çəkdikcə çəkəcək və bir də ayılıb görəcəksən ki, qatar gedib…
- Çox sağ olun, var olun. Daha böyük yaradıcılıq uğurları diləyirəm.
Axırda, İlkin bəy, gəl xoş notlarla qurtaraq. Düzünü de, gülmək istəyirsən?
- Bəli.
Onda eşit və bil, sən bu 57 yaşımda ilk adamsan ki, məndən müsahibə götürürsən. Təşəkkürlər! Görürsənmi söz necə qəddardır?! Gül, ürəkdən gül!
SÖHBƏTLƏŞDİ : İlkin Abbas İlkin Abbas0702021_1520874934845644_4941301655266861806_n

Yazıya 1637 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.