BİZİM QONAQ: Məmməd Qədir– “İnsan sınan yerdə poeziya başlayır”

Məmməd Qədir

Məmməd Qədir

“Bizim Qonaq” rubrikasının bu həftəki qonağı Sözü qəlbinin atəşi ilə dilləndirən Məmməd Qədirdir.
 
Xoş gördük Məmməd Müəllim.
 
-Zəhmət olmazsa, bir az özünüz haqqında məlumat verərdiniz. Məmməd Qədir kimdir?
1960-cı ildə Xaçmaz şəhərində anadan olmuşam. Hal-hazırda həmin rayonun Mürşüdoba kəndində yaşayıram iki övladım və iki nəvəm var. Onlarla şeir və nəşr  kitabının, Xaçmazın 1-ci və 2-ci ədəbi almanaxlarının redaktoru və korrektoruyam. Komputerdə də özüm yığmışam. Hal hazırda 3-cü almanaxı hazırlayıram.
-Gənc ədəbiyyatçılardan əsasən, oxuduqlarınız kimlərdir ?
Mən ədəbiyyatçıları gəncə, qocaya bölmürəm. Yazar həmişə gəncdir.Lap gəncləri götürsək Aqşin Yenisey, Hədiyyə xanım və başqaları.
-Məmməd müəllim ədəbiyyatın saflığını, incəliyini, gözəlliyini nədə görür?
Ədəbiyyat sözündə bir ədəb tərkibi var. Deməli, ədəbiyyat oxucu zövqünü ədəb tələbləri səviyyəsində formalaşdırmalıdır. Onun mənəviyyatını həyata baxışlarını saflaşdırmalıdır.

-Məmməd müəllim,bilirsiniz ki, Sizinlə müsahibədən öncə oxucu və yazarlarımızın sizə suallarını öyrənmək istədik. Nüsrət Həsən  soruşur:
-Günümüzdə Şairlərin çoxluğundan narazı deyilsizki?

Qətiyyən narahat deyiləm. Ona görə ki, zaman süzgəci var .Əksəriyyəti bu süzgəcdən sürüşüb keçmişə düşəcək. (keçmiş olsun)

-Şair Mais Təmkin sizə belə bir sual ünvanlayır:
Məmməd müəllim üçün şeir-poeziya şairə Allah tərəfindən bəxş olunmuş İlahi vergidir, yoxsa, şairin öz təfəkkürünün, düşüncəsinin məhsuludur?
Şeir, birmənalı Allah vergisidir. Təfəkkürü, düşüncəni verən də Allahdır. Biz, sadəcə, Allahın bizə verdiklərini təqdim etməyə cəhddə bulunuruq.


-Vüsal Alxaslının sualı isə belə səslənir:
Tənqid etməyimi daha çox sevirsiniz, yoxsa tənqid olunmağımı?

Açığını desəm heç birini. Ancaq tənqidin haqlı və ya haqsız olduğunun fərqindəyəm.

 

 

-Şeir dünyasına səyahətiniz necə başladı?
 Əlifbanı öyrənəndən  mütaliə etmişəm. 1-ci sinifdən gündə ən azı bir roman, yaxud hekayələr kitabı oxumasaydım, özümə yer tapmazdım. İlk şeirlərimi də  17-18 yaşım olanda yazmışam və yerli qəzetdə çap olunub. Ən qəribəsi o idi ki, şeirlərim çap oluna oluna bir dənə də olsun şeir oxumurdum.

-Məmməd müəllimin ədəbiyat sahəsində, həyatında ən böyük uğuru nə olub?

Mən uğur üçün yaşayan, onu gözləyən insanlardan deyiləm yəqin. Belə də Respublika mətbuatında müxtəlif vaxtlarda və müxtəlif mötəbər jurnallarda  çap olunmaqım, sovet dönəmində Aztv adlı bir yerdə barəmdə veriliş verilməsi uğur sayıla bilər.

-Sizin fikrinizcə, əsl şair necə olmalıdır?

Əsil şair təbliq etdiyi gözəlliklər və ideyalardan mükəmməlliyi ilə şəxsiyyəti üst-üstə düşən barmaqla sayılan sənət adamlarıdır.

-İstəmədən doğuluruq, arzuyla yaşayırıq, həsrətlə ölürük. Sizcə bu, niyə belədir?

Fələyin çərxindəyik. Prinsip etibarı ilə o qədərdə fərqlənmir, bircə, o “ədəbsiz” ifadələrin indi normaya oturdulmasını istisna etsək.
-Müasir ədəbiyyatımızda hansı yazarları daha çox qiymətləndirirsiniz?

Müasir ədəbiyyatmızın Ramiz Rövşən, Musa Yaqub, Ramiz Qusarçaylı,  Salam Sarvan və başqaları kimi nəhəngləri var.
-Məmməd Qədirin “Qədrini” bilirlərmi?
Məmməd Qədirin qədrini bilmirlər. Çünki “dostlar ola üzümdən tanımır daha Məmməd Qədir deyil Məmməd Qəbirəm..”(belə bir şeirim var).
-Məmməd müəllim, fəsil dəyişkənliyi şairin təbinə necə təsir edir?

Şairlər həssas olduqlarına görə fəsil dəyişkənliyi də bir çoxlarının təbinə birbaşa təsir edir. Mənim fəslim yazdır. Yaz — qışın ağ vərəğinin üstünə həyat yazır, “yaz, yaz” – deyir, yazıram.

 
-Bu gün gənc şairlər nədənsə ən çox sevgi şeirləri yazır və bir nuansa da toxunum ki, mövzusu hərarət, fəryad, göz yaşı olur. Buna səbəb nədir?

Sevgi gəncliyin təbiətidir. Elə doğru edib sevgidən yazırlar. Qəm, göz yaşına gəldikdə isə, kədər sevincdən daha dərin bir ruhi vəziyyətdir. Ən böyük sevinc bir iki günə unudulur, ən kiçik bir dərd isə insanla məzara qədər yoldaşlıq edir. Bir də ki, insan sınan yerdə poeziya başlayır. Gənc yazarlarımıza daha qlobal mövzulara, vətənpərvərlik, yurdsevərlik mövzularına daha tez-tez müraciət etməyi, mütaliə etməyi tövsiyə edirəm. Oxuculara isə bizləri oxuyub səbr etdiklərinə görə can sağlığı, daha iti zəka arzu edirəm, oxucu-ox ucu belə bir bənd şeirim var.
ən çox arzu etdiyim
qorxduğum kəs oxucu.
hədəfəm tənqidinə
ox ucudu ox ucu..

 
-Şeir kitablarınız haqqında…

İki şeir kitabım var. “Mərdi yıxma” və “Mən şeirimin kölgəsiyəm”. Kitablarımın sayı birbaşa maddiyatla bağlıdır. Sağ olsun şair dostum Sabir Zöhramlı kitablarımı öz vəsaiti hesabına çap etdirib.

-Sonda oxucularınıza və gənc yazarlara nəyi tövsiyyə edərdiniz?
Sonda sizə və saytınıza məni qonaq kimi təqdim etdiyinizə görə, dərin minnətdarlığımı  bildirirəm və peşəkar fəaliyyətinizdə uğurlar arzulayıram.
Gizlənib.
( Məmməd Qədir )
Sizə atəşim görünür
İçimdə külüm gizlənib.
Hər sevdanın sabahında
Ayrılıq zülüm gizlənib.
Varsa da Allah içimdə
Yaşadım günah içində
Hər çəkdiyim ah içində
Lal olmuş dilim gizlənib.
Torpaq bezib dizim altda.
Qəm torbası gözüm altda
Bu ağıllı üzün altda
Min dənə dəlim gizlənib.
Hər gün bir az qırılmışam
İlan kimi qıvrılmışam
Mən bu günə vurulmuşam,-
Sabahda ölüm gizlənib…
Söhbətləşdi : İlkin ABBASİlkin Abbas0702021_1520874934845644_4941301655266861806_n

Yazıya 980 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.