Çinarə Ömray — “Fərəcin butkası” (Hekayə)

gggggggggggggBabamla nənəmin yanında böyümüşəm. Atamgilin məndən uzaqda olmadığındanmı, ya nədənsə həmişə nənəm məni ehtiyatla saxlayırdı. Bir sözü vardı: “Amanat uşaqdı, ehtiyatlı olun”. Nazımla çox oynayırdı, xətrimə dəyəni acılayırdı. Nənəmin qorxusundan məni atam, anam da danlaya bilmirdi. Bircə əmim ərköyünlüyümə dözə bilməyib danlayırdı. Dərhal nənəm məni müdafiə edərək:

- Bala, maa bir şillə vursan onan yaxşıydı, – deyərdi.

- Qız uşağıdı, belə də olmaz axı, sənsən onun tərbiyəsini korlayan.

Qonşumuzda Sürayə nənə vardı, Fikrət babanın anası. Yaşlı qadın idi. Nənəm hərdən məni də götürüb onalara, Sürayyə nənəylə söhbət etməyə gedərdi.

Yay idi, bir gün həyətdə oynayırdım. Gördüm ki, nənəm öz-özünə gileylənir: “Heyf deyil kənd? Sumqayıtda addım atmaq olmur. Kənd yerində belədir ki pambığa, üzümə gedirsən, vaxtın gedir ”.

Nənəmin gileyini eşidib onunla zarafat etdim:

- Nənə, bilirsən nolub?

Nənəm həyacanlı halda:

- Nolub bala? – deyə cavab verdi.

- Nənə, mən o tərəfdə oynayırdum. Birdən gördüm ki, Fikrət baba ağlaya-ağlaya evə sarı gedir.

- Ay bala, sən get, evə, deyəsən arvad ölüb.

Təbii ki, yalandan demişdim. Amma pis niyyətim yox idi. Nənəm Fikrət babagilin evinə çatanda görüb ki, Sürayyə nənə həyətlərini süpürür.

Mən bu yalanı bir-iki dəfə təkrarladım. Sadəlöv nənəm də hər dəfə mənə inanırdı…

Nənəmgilin evindən bir az aralıda, yolun kənarında dayanacaq vardı. Yanında da kiçik bir mağaza. Mağazanı Fərəc adlı bir kişi işlədirdi deyə ora həmişə “Fərəcin butkası” deyərdilər. Nənəm məni heç vaxt ora getməyə qoymurdu. Deyərdi ki, “olmaz, yolun qırağıdı, amanat uşaqsan, birdən maşın vurar, sonra gəl, atangilə cavab ver”.

Fərəcin butkası evimizdən o qədər uzaqda olmasa da, mənim üçün əlçatmaz idi. Babam həmişə məndən “Bajım (babam mənə “Bajım” deyirdi) məni nə qədər çox istəyir?” soruşanda, mən də heç düşünmədən “Burdan Fərəcin butkasınacan” deyərdim.

Çünki o vaxtlar mənim üçün ən böyük ölçü vahidi ora idi, ən əlçatmaz yer isə Fərəcin butkası…

O butkanı sökdülər…

Onunla bərabər uşaqlıq xatirələrimi də söküb atdılar. Sevgi vahidim də yoxa çıxdı. Yerində böyük bir zavod tikdilər. Amma o böyüklükdə zavod gözümdə Fərəcin butkasından da kiçik oldu…

İndi nə Sürayyə nənə var, nə babam, nə nənəm, nə Fərəcin butkası, nə də uşaqlıq xatirələrim…

 

Yazıya 1368 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.