Bizim qonaq: Xalidə Vaqifqızı — “Qara qız, şair olmaq istəyirsən?”

10376274_303529493153430_7477478546006228083_n

«Bizim qonaq” layihəsi çərçivəsində mərhum şairimiz Vaqif Hüseynov ocağının ləyaqətli övladı Xalidə Vaqifqızı ilə həmsöhbət olduq… Halını sorduq, xəyalən atalı günlərinə səyahət etdik… 
Özünün dediyi kimi şair olmasa da, Sözə şairlərdən də tələbkar olan, özünü və xarakterini belə Sözə söykənərək cilalayan bu qadının saxta şöhrətə, ada ehtiyacı yoxdur. Dünənini, keçmişini xatırlayanda keçdiyi ömür yolundan sıxılmayan az saylı insanlardandır Xalidə Vaqif qızı. Gəlin, onun ürkək ürək söhbətlərinə birlikdə sirdaşlıq edək.

 

--Xoş gördük, Xalidə müəllimə.
Ruhuyla, qanıyla ədəbiyyatçı olan Xalidə Vaqif qızı keçmiş tələbələrinə yaxşı tanışdır. Oxucularımıza özünüzü necə təqdim edərdiniz?
– Xoş gördük, Günay qızım.
Hüseynova Xalidə Vaqif qızı. 1963-cü il doğumluyam. Ailəliyəm; övladım, bir nəvəm var.
Qeyd etdiyiniz kimi ruhumla, qanımla, bütün varlığımla ədəbiyyatçıyam, əsl sözə qiymət verən, əsl sözü dəyərləndirən söz xiridarıyam… Söz mənim üçün bütöv bir fikirdir, Cümlədən də böyük mətndən də böyük. Varlıq sözlə “VAR” olub. Bəlkə elə buna görə də Əli əleyhisəlam buyururdu: ”İnsan dilinin altında gizlənib”.

–Uşaqlıq illəri hər bir insanın həyatında ən unudulmaz çağlardır. 
Uşaqlığınız Lənkəranda keçib.O illəri uşaqlığınızın gözü ilə necə xatırlayırsınız?

 

 

–Desəm ki, uşaqlığım tam Lənkəranda keçib, doğru olmaz. Atamın iş rejimi, vaxtaşırı müxtəlif rayonlarda qəzet redaktoru təyin edilməsi ilə əlaqədar yaşayış yerimizi dəyişməli olurduq. Onun Masallıda “Çağırış” qəzetinin redaktoru işlədiyi dövr mənim uşaqlıq və yeniyetməlik çağlarıma təsadüf edib. Masallıda orta təhsil almışam, yalnız orta məktəbin sonuncu sinfini Lənkəran şəhər 2 saylı orta məktəbində başa vurmuşam. İstər Lənkəran, istər Masallı mənə doğma olub. Amma hər həftə sonu insanları, məişəti, adətləri, yaşam tərzi ilə tamın bir parçası olan Masallıdan Lənkərana tələsərdik. Lənkəran sevdası, bizə, atamızın qanı, sevgisiylə ötürülən bir hiss olub.
Hətta Masallıda yaşayarkən Lənkərana bir şeir yazmışdım. O şeiri sinif yoldaşlarım oxuyub, incimişdilər ki, “Sən niyə Masallıda yaşaya –yaşaya, Lənkərana şeir yazırsan…”
Mən də onları qırmamaq, könüllərini almaq üçün Masallıya da şeir yazdım…

 

–Oxuduqlarıma əsasən deyə bilərəm ki, vaxtilə sizin eviniz “ədəbi Kəbə”olmuşdur. Atanız Lənkəranda “Leninçi”, Masallıda “Çağırış” qəzetlərində işləmiş, hər iki qəzetin nüfuzunu qaldırmış, Respublikada, hətta o zamankı SSRİ miqyasında bir naşir kimi tanınmışdı.
Hətta,”Çağırış” qəzetində redaktor işləyərkən, “Pravda” qəzetində bu rayon qəzetinin işi təriflənmişdi. Bir sözlə, Vaqif Hüseynov Talış bölgəsində ən hörmətli və nüfuzlu ziyalılardan biri olmuş,o illərdə Masallı və Lənkərana yolu düşən şairlərin, sənət adamlarının Vaqif Hüseynovun da qonağı olmadan döndükləri olmamışdır…
Sizi ədəbiyyata gətirən o dönəm haqqında danışsaq…

 

–Ədəbiyyata gəlişim deyəndə, söylədiyin kimi, biz elə ədəbi mühitdə böyüdük.Gözümüzü açıb evimizdə yazıçıları, naşirləri, söz-sənət adamlarını görmüşük. Atam qonaq qəbul etməyi çox sevərdi. Ələlxüsus, nənəmin bişirdiyi yeməkləri dostlarına, qonaqlarına sevinə-sevinə təqdim edirdi.
Bəzən, atam bizə kitab verərdi ki, “Burdakı şeirlərdən xoşunuza gələni əzbərləyin”! Sonra gecələrin birində oyadardılar ki, “Qalxın, görün bizə kim gəlib?”. Durub görərdik, atamın verdiyi kitabdan şeirini əzbərlədiyimiz şair qonağımızdır. Onlar bizimlə əhvalaşandan sonra, atam şəstlə deyərdi: ”Di, siz də filankəs əminin şeirlrindən özünə bir əzbər deyin görüm!?!”

 

–Amma bütün bu ədəbi aurayla əhatələnmiş həyatınıza baxmayaraq, şair olmadınız…

 

İlk şeirlərimi 5-ci sinifdə oxuyanda yazmağa başladım. Bu şeirləri — dünyaya, onun gözəlliklərinə, cəmiyyətə, cəmiyyət hadisələrinə, təbiət hadisələrinə öz ömrünün “xana-xana pəncərəsindən” baxan atama birbaşa verməyə ürək eləməzdim. Amma yazı stolunun üstünə elə qoyurdum ki, gözə çarpsın. O da bir neçə şeirdən sonra belə bir dərkənar yazdı: “Qara qız, şair olmaq istəyirsən? “ Səhər məni otağına çağırdı və: ”yazırsan, yaz, amma şair olma”- dedi. Mən o anda fikirləşdim ki, yazmayacam.
Yazmadım da… Getdikcə atama qarşı yuxarıların təzyiqi ( Masallının raykom katibini əliəyriliyinə, xüdpəsəndliyinə, qərəzkarlığına görə bir felyetonda tənqid edən Vaqif Hüseynov buna görə qəzet redaktorluğundan azad edilmiş, mənəvi təqiblərə məruz qalmışdır… Sonra ona heç yerdə iş verilmədi. –Günay S.Ş.) onun çəkdiyi mənəvi əzablar, bir daha fikrimi konkretləşdirməmə səbəb oldu. Beləliklə, mən, sevdiyim ədəbiyyatın arxasınca gedərək filologiya fakultəsinə daxil oldum, müəllim oldum.
İlk diplom işim də “Vaqif Hüseynov yaradıcılığı” mövzusu oldu. Çox uğurla müdafiə etdim.
Şeirləri isə — atamın dediyi kimi, yazdım, amma şair olmadım.

 

–Xatirimdədir, Universitet illərində sizin qrupunuzda çox güclü ədəbiyyatçılar toplanmışdı.

 

–1992-1998-ci illərdə Lənkəran Dövlət Universitetində ali təhsil almışam. Doğrudan da Filologiya fakultəsində qiyabi təhsil alan qrupumuz digərlərindən şairləri, yazarları, düşünən beyinləri ilə seçilirdi. İndi imzaları ədəbi aləmdə yaxşı tanınan Ağamir Cavad, Xalidə Türkay, Camal Paşa, Elşad Paşasoy və s. yaradıcı adamlar hələ 6 il oxuduğumuz çəhrayı divarlar arsında da seçilirdilər.

 

--Müəyyən müddət Lənkəran Dövlət Universitetində çalışdınız. Niyə elmi fəaliyyətinizi davam etdirmədiniz?

 

–Doğrudur. Mən qarşıma məqsəd qoydum ki, Vaqif Hüseynov yaradıcılığını tədqiq edib, onun müasir Azərbaycan ədəbiyyatında lazımlı yerini tutmasına calışacaq, bunun üçün əlimdən gələni əsirgəməyəcəm. Ona görə “XX əsrin ikinci yarısında Lənkəran ədəbi mühiti” mövzusunda elmi iş götürdüm. Çətinliklərə və bürokratik əngəllərə baxmayaraq mövzunun adının təsdiq olunmasına da nail oldum. Amma…

 

–Mövzunu təsdiq elətdirdiniz.. Sonra…?

 

–Sonra… Hər açdığım qapının arxasında suyun qabağını kəsən bir əjdaha oturmuşdu sanki.
Kafedradan Universitetin elmi işlərlə məşğul olan şöbəsinə qədər… Hərə qabağıma bir kötük itələdi. Hər kəs bacardığı qədər, təhsilini qırmızı duplomla tamamlamış həmyerlisini, Ədəbiyyat kafedrasının müəllimi işləyən, V.Hüseynov arxivinin qoruyucusu və təbliğatçısı olan əməkdaşın elmi araşdırmaya gedən yolunu bağlamağa çalışdı. Qadınlara bəzi baryerləri aşmaq daha çətindir, Günay. “Nə baş verdi?”- soruşursan. O baş verdi ki, mən incidim və Lənkəran Dövlət Universitetindən getdim.

 

–Ənənələrə malik Lənkəran ədəbi mühiti milli poeziyamızda xüsusi çəkiyə malikdir. İstər XIX yüzillikdə, istərsə də XX əsrdə Lənkəran ədəbi mühiti Azərbaycan ədəbiyyatına ünlü imzalar bəxş etmişdir…

 

–XIX əsrin ortalarında bir çox bölgələrdə olduğu kimi, Lənkəranda da Ədəbi məclis fəaliyyətə başladı. Bildiyiniz kimi, Mirzə İsmayıl Qasirin təşəbbüsü ilə yaradılan “Fövcül-füsəha” (“gözəl danışanlar dəstəsi”-red.) ədəbi məclisi neçə-neçə istedadlı şairin üzə çıxmasına səbəb oldu. Mirzə İsmayıl Qasir, Molla Ələkbər Aciz, Mirzə İsa Xəyali, Usta Hüseynqulu Şuriş və digərlərinin şeirlərini oxuyan müasir dövr yazarları, qürurla deyə bilər ki, Lənkəran ədəbi mühiti öz sözünü, hələ illər öncə də, bu günkü qədər aydın və sərrast demişdir.
Sonralar mən atamın arxivində “Fövcül-füsəha” haqqında yazılara rast gəldim. O bu məclis və onun şairləri ilə çox maraqlanırdı. Hətta M.İ.Qasirə şeir də həsr etmişdi. O şeir barədə Lənkəran ziyalılarının canlı korifeyi Mirhaşım Talışlının xatirələrindən də çox eşitmişdim.
Müasir Lənkəran ədəbi mühiti ədəbi proseslərdən geridə qalmamasına sevinirəm. Xüsusi ad çəkmək istəmirəm.

 

–Bir az əvvələ qayıdaq. Düşünürəm ki, həyatınızda pedaqoji fəaliyyətiniz xüsusi mərhələ təşkil edir.
Potensialınız, tələbəniz olaraq görən biri kimi əminəm ki, istənilən başqa peşəni də seçsəydiniz, sizdən professional mütəxəsis olardı. Yəqin ki, Vaqif Hüseynov cazibəsinin sehrindən yaxa qurtara bilməmisiniz?

 

–Doğrudür… Yuxarıda bir az danışdıq bu barədə. Amma yenə — V.Hüseynov mənə təkcə ata deyildi, həm mənəvi dost, həm də mənəvi qardaş idi. Bizim aramızda elə bir mənəvi körpü var idi ki, mən onu varlığımla hiss edir, çəkdiyi əzabları yaşayırdım.
İstər Masallıda, işdən çıxarılanda, istərsə də, Lənkəranda, sadəcə,başını qarışdırmaq üçün çalışdığı Radio Verlişləri Redaksiyasında keçirdiyi sarsıntıları dərindən duyurdum. Gözlərinin dərinliyindən uşaqlığı boylanırdı, nakam, müharibə dövrünə düşmüş uşaqlığı… “Atam yaşındayam mən” poemasında yazırdı:

“Söylə, hardasan, ata?!
Tapıb son ünvanını
Gəldim Sapun-qaraya,
Cavab ver, məlhəm göstər
Qəlbimdəki yaraya”.

Zamanla hiss edirdim ki, məni o biri övladlarından ayırır, mənə inanır, ümid bəsləyir. İndi onun əlyazma halında olan kitablarını varaqlayanda , şair olmadığıma sevinirəm. Axı belə şeirlər yaza bilməyəcəkdim. Mən sözü cilalayan, onu ürəyinin ocağında bişirib çıxaran, həyatı obrazlı şəkildə tabloya köçürən bir şairi öyrənə və təbliğ edə bilərəm. O da buna inanırdı…

 

–Eşitdiyimizə görə, Vaqif Hüseynov imzasının maraqlı bir tarixçəsi də var. Şair bir neçə dəfə imzasında dəyişiklər etmişdir. Hətta əslən Şəkili (İbrahimov Vaqif Əlyar oğlu (1945-1983)) adaşına xitabən yazdığı maraqlı bir şeir də var; ”Sən də Vaqif İbrahim, mən də Vaqif İbrahim.”

 

–Olub belə bir hadisə .Əvvəllər Vaqif İbrahim imzasıyla tanınıb. Bir müddət sonra qəzetlərdə eyni imzalı şair görünəndən sonra imzasını dəyişib. Eyni imzalı şairə çox maraqlı bir şeir də həsr edib. Eşitdiyimə görə “Çöyərçin” jurnalında məsul katib işləyən o şair də, atam kimi dünyasını tez dəyişib. Avtomobil qəzasında faciəli surətdə həlak olmuşdur.

–Vaqif Talışlı olduğu haqda məlumat var…

–Yayda bir az  rayonda işləmişdim, bir kitabça vardı. Orada baxıb, dəqiqləşdirmək istədim. Amma məncə Talışlı yox,  Vaqif Tolışi…
Bir müddət Vaqif Tolışi  imzasıyla yazsa da, sonda yenə Vaqif Hüseynov kimi qalmağa qərar verib.

 

–Azərbaycan poeziyasında sonetlərdən söhbət açılanda “Sonetlər çələngi” yaradan Talış bölgəsi  şairlərinin imzaları ön sırada gəlir. Şəkər Aslan, Vaqif Hüseynov, Mirhaşım Talışlı, Elşad Səfərli, Balayar Sadiq, Nəriman Tolışi, Əli Nasir və s. kimi imza sahibləri çətin bir şeir formasına yaşam vermişlər. 
Magistraturada pr. Seyfulla Əsədullayevin tədrisində Sonetlər haqqında xüsusi kurs keçdiyimizə görə, Sonetin zərifliyini, çələngin yaradılma çətinliyini yaxşı bilirəm. Siz “Sonetlər çələngi” haqqında araşdırma apardığınıza görə, bu barədə danışmamaq olmaz…

 

–“BDU-nun 80 illiyi münasibəti ilə aspirant və dissertantların Elmi Məqalələri” kitabında mənim Sonetlər çələngi haqqında araşdırmam yer alıb. Bu kitabdakı məqaləmdən Professor Seyfulla Əsədullayev “Sonetlər” kitabında istifadə edib, “İstifadə olunmuş ədəbiyyat” siyahısında da göstərib.
Sonetin 800-dən artıq yaşı var. O öz klassik şəklini XIII əsrdə İtaliyada almışdır. Klassik sonet iki katrenə və iki tersetə, yəni iki dörd misralıq və iki üç misralıq bəndə ayrılan 14 misralıq şeirdir. Azərbaycan ədəbiyyatında ilk dəfə Mikayıl Müşfiq sonetə müraciət etmişdir. A.Şaiq, Ə.Cəmil,Ə.Kürçaylının maraqlı sonetləri vardır. Ən məhsuldar sonet yaradıcısı isə Adil Babayev olmuşdur.
Azərbaycan ədəbiyyatında Lənkəran şairlərindən ilk dəfə olaraq, Vaqif Hüseynov və Şəkər Aslan Sonetlər çələngi yaratmışlar. Doğrudur, dostları iddia edirlər ki, ilk çələngi Şəkər Aslan yaratmışdır, amma bu mübahisəli məsələdir.
Bildiyin kimi, “Sonetlər çələngi” yaratmaq çətindir. Çələng elə qurulmalıdır ki, ilk 14 misralıq birinci sonetin sonuncu misrası ikinci sonetin birinci misrası olsun. Sonra eyni qayda ilə davam edir. On dörd sonet yaradıldıqdan sonra, hər sonetin birinci misrası götürülüb, on beşinci sonet yaradılır. Bu zaman mövzu, süjet, poetiklik və digər qaydalara riayət olunmalıdır. Bu isə şairdən çox böyük ustalıq tələb edir.
Atam V. Hüseynov üç “Sonetlər çələngi” yaratmışdır: ”Məhəbbət əyləncə deyil”, “Lənkəran”, “İnsan”.

 

–Müasir ədəbi proseslərə münasibətiniz?

 

–Bədii yaradıcılıqla məşğul olmasam da, müasir ədəbi prosesləri izləyirəm. Təbii ki, internet vasitəsilə müxtəlif sayt və portalların köməyi ilə. Müasir yazarlarımızın şərbəst şeirə daha çox üstünlük verdiklərinin fərqindəyəm. Amma gənclərimizin qəzələ, əruz vəzninə belə maraqlarının olması məni çox sevindirir. Bəzən mükəmməl qəzəl nümunələrinə də rast gəlirəm.
İndi, hələlik pedaqoqluq fəaliyyətimlə kifayətlənsəm də, ədəbiyyatı – dərs dediyim nəslə, gələcəyin qurucularına sevdirirəm. Vacib, o deyil ki, mən şair olmadım, əsas odur ki, mən müasir ədəbi prosesin iştirakçılarını yetişdirirəm.

 

Maraqlı müsahiblərdənsiniz. Bizə vaxt ayırdığınıza görə təşəkkür edirik. 
Oxuculara Son Söz olaraq, demək istədikləriniz. 

p.s.(Son axır deyil.)

 

V.Hüseynov  özündən sonra bizə, bircə dövlətin ona verdiyi beşotaqlı ev qoydu, bir də sağlığında çap etdirdiyi bircə kitabını. Övladları isə 70 illiyinə kitab çap etdirdilər, Yubiley keçirtdilr. Qoy, hər kəs bilsin ki, Vaqif ölməyib, balaları onu təkcə ruhən deyil, cismən də yaşadırlar.
Lənkəran yazarlarının da qeyd etdiyi kimi, biz atamızı yaşatmaq üçün maddiyyatı nəzərə almadan əziyyət çəkdik. Bu işdə bizə atamdan sonra ailəmizə böyüklük edən, bizə ata,qardaş olan böyük bacımın həyat yoldaşı Rahim və bibim oğlu, dayısının yolunun layiqli davamçısı Elçin Mirzəbəyli çox kömək etdi. Haqqında V.Yusifli, N.Muğanlı,T.Hacıyev, Əli Nasir,Y.Rzayev,M.Talışlı, A.Cavad, H.Mirzə, X.Xalid, T.Əzizov, H.Əliyev, E.Səfərli, E.Əhədov,F.Aslanov,Tükəzban müəllimə məqalələr yazıblar. Lənkəranda adına küçə var. Yaşadığı evə isə Xatirə lövhəsi vurulub.

Sonda Vaqif Hüseynov ocağını yada saldığınıza, bizə vaxt ayırdığınıza görə kultur.az saytına ailəmiz adından təşəkkür edir, işlərinizdə uğurlar arzulayıram. Həzrəti zaman elə bir güc sahibidir ki, sabaha kiminçıxacağına o qərar verir. Sabaha adlayanlardan olmanızı diləyirəm, UcaYaradandan!
İllər sonra məni tapdığına və kövrək xatirələrimə yol yoldaşı olduğuna görə sənə xüsusi təşəkkür edirəm. Var ol, qızım!

  Söhbət və redaktə: Günay Səma Şirvan

Yazıya 2137 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.