Xəlil Məcidoğlu – UŞAQ ALƏMİ:”Poşol” yenə gəldi

xəlilqda3sb6l0

Müəllim:
- Elçin, Yerdən Aya olan məsafə nəyə bərabərdir?
Elçin:
- Aydan Yerə olan məsafəyə.

Qırıq “O”

Elçin hərflərdən yalnız “O” hərfini tanıyırdı.
Ona “C” hərfini göstərəndə, o demişdi, bu, qırıq “O”-dur.

Xəritə nədir?

- Elçin, xəritə nədir?
- Qlobusun qabığı.

Yatmaq vaxtı

- Elçin, 10-a qədər say görüm – atası soruşur.
Elçin:
- Bir, iki, üç,… səkkiz, on.
- Bəs doqquz necə oldu?
- Doqquz desəm, deyəcəksən, Elçin, balam, yatmaq vaxtıdır.

Nəvə toyu

Ümid hirslənəndə:
- Baba, səni toyuma qoymayacağam – deyirdi.
Baba isə fikirləşirdi:
- Təki sənin toyunu görüm, toyuna qoymasan da olar.

Rüşvət məsələsi

- Ümid, bilirsən rüşvət nədir?
- Niyə bilmirəm, hamı rüşvətdən danışır da.
- Rüşvət almaq yaxşıdır, ya rüşvət vermək?
- Rüşvət vermək.
- Niyə?
- Dilənçiyə əl tutmaq savab işdir.

lll

- Ümid, böyüyəndə rüşvət alan olmaq istəyərdin, ya rüşvət verən?
- Böyüyəndə, istərdim ki, nə rüşvət alan olsun, nə də rüşvət verən.

Kök alma

- Ümid, kök almağı bacarırsan?
- Bəli.
- Bir misal göstərə bilərsən?
- Misal üçün, supermarket də var, bazar da var, mən hər ikisindən kök ala bilirəm, amma bazar daha yaxşı, daha ucuzdur.

Sürət məsələsi

- Ümid, maşın 170 km/saat sürətlə hərəkət edir nə deməkdir?
- O deməkdir ki, maşın bir saatda 170 km məsafə qət edir.
- Düzdür. Bəs yaxşı, iki şəhər arasında məsafə 255 km olarsa və maşın həmin sürətlə hərəkət edərsə, sürücü mənzil başına nə vaxt çatar?
- Həmin sürətlə getsə, sürücü yəqin ki, mənsiz başına çatmayacaq.

Məntiq

- Leyli, sən bilən, toyuq qabaq olub, yoxsa yumurta?
- Hər ikisi eyni vaxtda olub.
- Bunu hardan bildin?
- Çünki mən gözümü açandan soyuducumuzda toyuq da görmüşəm, yumurta da.

Bərkdən, ya yavaş?

- Leyli, ikini üçə vursan nə alınar?
- Bərkdən vursam, ya yavaş?

“Poşol” yenə gəldi

Balaca Leyliyə yaxınlaşan iti görən ananın:
- Poşol – qışqırtısından diksinən it Leylidən uzaqlaşır. Lakin bir azdan itin ona yaxınlaşdığını görən Leyli:
- Ana, “poşol” yenə gəldi – deyə, qışqırır.

Bölmək olmaz

- Leyli, dörd almanı qardaşın və onun üç dostu arasında bərabər necə bölərsən?
Leyli bir az fikirləşib:
- Bölmək olmaz.
- Niyə?
- Çünki almalardan ikisini qardaşıma verəcəm, qalır iki alma, iki almanı da üç uşaq arasında bərabər bölmək olmaz.

Etiraf

Qonşu qadın Leylidən soruşur:
- Leyli, babanı çox istəyirsən, ya nənəni?
- Mənasız sualdır.
- Yaxşı, ananı çox istəyirsən, ya məni?
- Bu da mənasız sualdır.
Qonşu qadın əl çəkmir:
- Bəs yaxşı, ananı çox istəyirsən, ya özünü?
Leyli fikirləşmədən:
- Anamı.

Mövqe

- Leyli, ən zəhlən gedən şey nədir?
- Məktəbə getmək.
- Bəs ən xoşuna gələn şey nədir?
- Məktəbə getmək.
- Başa düşmədim?!
- Niyə başa düşmədin, əgər istəmirəmsə, ən zəhləm gedən şey məktəbə getməkdir. Əgər istəyirəmsə, ən xoşuma gələn şey də məktəbə getməkdir.

İnam

- Leyli, qardaşın ağıllıdır, ya sən?
- Mən.
- Nədən bilirsən?
- Çünki inanıram ki, mən qardaşımdan ağıllıyam.

İntiqam hissi

- Qaraş, böyüyəndə hansı vəzifədə işləmək istərdin?
- Oxuduğum məktəbdə müəllim işləmək istərdim.
- Müəllimliyi çox xoşlayırsan.
- Yox.
- Bəs onda niyə müəllim olmaq istəyirsən?
- Məqsədim məni çox incidən ədəbiyyat müəllimimizin nəvəsini incidib intiqam almaqdır.

Oğurluq

Fərid dostları ilə birlikdə qonşunun alma bağına oğurluğa gedir. Özü ağacın başına çıxıb budaqları silkələyir, yoldaşları tökülən almaları ətəklərinə yığırdılar.
Bağ sahibinin qışqırtısını eşidən uşaqlardan yerdəkilər qaçıb gözdən itirlər, lakin Fərid ağacdan düşmür. Qonşu Fəridi ağacın başında görüb təəccüblə soruşur:
- Sən də qaça bilərdin, bəs niyə qaçmadın?
Ağacdan düşən Fərid:
- Düzdür, mən də qaça bilərdim, qəsdən qaçmadım ki, məni tutub yaxşıca əzişdirəsiniz ki, bir də oğurluq eləməyim.
Fəridin əməlindən peşman olduğunu görən bağ sahibi:
- Yoldaşlarını da başa sal ki, oğurluq yaramaz hərəkətdir. Görürsən ki, almalar hələ yaxşı yetişməyib, yetişəndə gəlin, nə qədər istəsəniz alma aparın.

“Qorxmaz” titulu

Kəndimizdə məhəlləmizin 12-15 yaşlı uşaqları 5-7 yaşlı uşaqlar üçün qorxulu bir oyun fikirləşmişdilər. Oyunun məğzi ondan ibarət idi ki, kəndin qırağında müəyyən edilmiş yerdən təxminən 150 metr aralıda olan kanalın bəndindən qaranlıqda bir ovuc sapsarı gilli torpaq gətirmək lazım idi. İş burasında idi ki, gilli torpağı yalnız bənddən götürmək olardı, başqa yerdə yox idi.
Gilli torpağı ən tez gətirən “Qorxmaz” titulunu alırdı.
Oyunun təşkilatçıları yarışa ciddi hazırlaşmışdılar: saniyələri göstərən saatları, bəndə qədər məsafəni işıqlandıra bilən güclü fənərləri vardı (bu, yolu azan, qaranlıqdan qorxan uşaqlar üçün çox yarayırdı). Gündüzlər yarışa hazırlaşmaq üçün ciddi məşqlər gedirdi. Yarışda iştirak edən uşaqlar öz növbələrini püşk atma ilə özləri müəyyənləşdirirdilər. Bir nömrəli oyunçu oyuna birinci, iki nömrəli ikinci və s. başlayırdı.
Əlbəttə, yarışın birinci günü ən çətin gün idi. Yarı yoldan qayıdanlar, qaranlıqdan qorxub ağlayanlar, yolunu azanlar da olmuşdu. Belə hallarda fənərlər işə düşmüş, uşaqlar geri qayıtmışdılar. Lakin yarışın birinci günü qalibsiz ötüşməmişdi: 6 yaşlı, Əliş adlı uşaq münsiflər heyətinin bütün tələblərini yerinə yetirdiyi üçün “Qorxmaz” titulunu qazanmışdı.
Yarışın o biri günləri də qalibi üzə çıxarmışdı. Artıq kəndin müxtəlif məhəllələrindən gələn uşaqlardan on nəfər “Qorxmaz” titulunu qazanan vardı.
Lakin bu oyunlar haqqında xəbər bəzi valideynlərə (bunlar əsasən qaranlıqdan qorxub ağlayan uşaqların valideynləri idi) çatandan sonra, onlar yarış təşkilatçılarını hədələmiş və oyunlara son qoymağı tələb etmişdilər.
Təşkilatçıların bu tələblərə tabe olmaqdan başqa ayrı əlacları qalmamışdı. Onlar bu oyunun bəzi uşaqların psixiki durumuna təsir edəcəyindən ehtiyatlanmışdılar. Lakin yarışın bu sonluqla bitməsini də istəmirdilər. Odur ki, yarışın bütün qaliblərini bir yerə yığıb qaliblərin qalibi – “Ən qorxmaz” titulunu alanı müəyyənləşdirmək istəmişdilər.
Uşaqlar son yarışın qalibini səbirsizliklə gözləyirdilər. Təşkilatçılar hətta “Diplom” forması da hazırlamışdılar. Qalırdı oyunun sonunu gözləmək və qalibin adını “diplom”a yazmaq.
Çox gərgin mübarizədən sonra qalib müəyyənləşmişdi. O, birinci yarış gününün qalibi Əliş idi. Əliş ikinci yerdə gedən yarış iştirakçısını cəmi 15 saniyə qabaqlamışdı. Təşkilatçılar Əlişin adını “Diplom”a yazıb təntənəli surətdə ona təqdim etmişdilər.
Əliş “Diplom”u çərçivəyə alıb yataq otağında başının üstündən asmışdı. O, bu “Diplom”u böyüyəndə öz gələcək həyat yoldaşına da göstərmişdi. Gülüşmüşdülər.

Qürur

Qonşuluqda çox kasıb bir ailə yaşayırdı. Lakin onların talelərindən şikayətləndiklərini eşidən olmamışdı. Əksinə, ailədə bir sağlam mühit vardı. Ailə üzvlərinin xəstələndiyini də görən olmamışdı. Ailədə üç oğlan uşağı böyüyürdü. Bir paltar uşaqların böyüyündən başlayaraq, kiçiklərə keçərdi. Uşaqların əyinləri palto, kürk görməmişdi. Qışı analarının toxuduğu jaketdə, ya da pencəkdə başa vurardılar. Əyinlərində bahalı dublyonka olan imkanlı ailələrin uşaqları:
- Paltolarınızı, dublyonkalarınızı niyə geyinmirsiniz, yaya saxlayırsınız – deyə, onlara sataşaraq gülüşərdilər.
- Bizə elə əynimizdəki də bəs eləyir – deyə, qürurla onları susdurardılar.
Ümumiyyətlə, mən bu ailənin maddi kasıblığı ilə mənəvi zənginliyinin vəhdətinə, qürurlarını saxlaya bilmələrinə məəttəl qalırdım. Bəlkə də bunun nəticəsi idi ki, uşaqlar zillət içində böyüsələr də, sonralardan hamısı ali təhsil almış, karyera qazanmışdılar.

Bəd əməlin nəticəsi

Saleh adına yaraşmayan hərəkətlər edərdi: o, ev heyvanlarını qəddarcasına incidərdi, xüsusilə, itlərə, pişiklərə qənim kəsilmişdi. Odur ki, məhəllənin itləri, pişikləri onu görəndə, qorxub gizlənərdilər. Lakin bir gün Salehgilin həyətində bir pişik peyda oldu. Pişik miyoldaya-miyoldaya Salehə yaxınlaşdı (görünür, bu pişik haradansa azıb gəlmişdi, Salehi tanımırdı). Bu azmış kimi, pişik Salehin qıçlarına sarınmağa başladı. Bu, Salehi haldan çıxartdı. O, pişiyi götürüb evlərinə girdi (işin tərsliyindən evdə heç kim yox idi), bir az ağ neft və kibrit götürdü. Həyətə çıxıb pişiyin quyruğuna ağ neft töküb, kibriti çəkdi. Pişiyin quyruğu alovlandı. Saleh pişiyi qucağından həyətə atdı. Pişik qışqıra-qışqıra həyətdə ora-bura qaçırdı. Birdən o, qaçaraq evə girdi, amma çox çəkmədən oradan çıxdı və həyətdə balaca bir hovuz görüb özünü ora atdı (görünür, pişik Salehdən daha ağıllı idi). Pişik xilas olsa da, çox eybəcər görkəm almışdı. O, hovuzdan çıxıb həyəti tərk etdi. Törətdikləri azmış kimi, Saleh pişiyin arxasınca daş da atdı.
Elə bu məqamda Saleh evlərinin pəncərələrindən, açıq qapıdan çıxan tüstünü görüb evə tərəf qaçdı. Ev od tutmuşdu, pərdələr yanırdı. O, əvvəlcə çalışdı ki, yanğını təkbaşına söndürsün. Lakin alovun evi bürüdüyünü görüb qonşuları köməyə çağırdı:
- Kömək edin, kömək edin, evimiz yanır! – deyə, qışqırırdı.
Qonşular yanğını çətinliklə söndürə bilsələr də, evə böyük ziyan dəymişdi.
Qonşular Salehi sorğu-suala tutub yanğının baş vermə səbəbini araşdırırdılar. Axır ki, Saleh məcbur olub əhvalatı olduğu kimi danışmışdı.
- Bax, bu cür bəd əməlin nəticəsi də belə olmalı idi. Allah səni və belə bir dələduz övlad böyütdüyü üçün valideynlərini cəzalandırdı – qonşular gileylənə-gileylənə dağılışdılar.
Saleh sarsılmışdı. Lakin bu sarsıntı törətdiyi dəhşətli hadisənin məsuliyyətini dərk etməsindən, evlərinin yanmasından, valideynlərinin onu ağır cəzalandıracağından irəli gəlmirdi. O, bəd əməllərinin üstünün açılmasından, ifşa olunmasından sarsılmışdı (indiyə qədər tutduğu bəd əməllər üstü açılmamış qalmışdı). İndi qonşu uşaqları, məktəb yoldaşları, qəsəbə camaatı onu barmaqla göstərib deyəcəkdilər:
- Evlərini yandıran bu yaramazdır.

 

Yazıya 807 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.