Sevil Gültən – Sərhədləri aşan sevgi

sevil gulten

( Əzimə Ağalarovanın “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” kitabı haqqında oxucu fikirləri )
Ürək ağrısıyla oxudum bu kitabı. İki sevən qəlbin harayını eşitdim, iki sevən ürəyin ağrılarını hiss etdim. Yazmaq istəyirəm bu kitab haqqında. Nədən başlayacağımı bilmirəm. Mən sovet təhsili almışam, oktyabryat nişanı taxmışam, pioner qalstuku bağlamışam, komsomolçu olmuşam, kommunist partiyasının üzvü olmağı arzulamışam…“SSRİ mənim vətənimdir“ adlı inşa yazmışam. Kommunizmin gələcəyinə, SSRİ adlı böyük dövlətin qanunlarının müqəddəsliyinə inanmışam…1991-ci ildə, SSRİ adlı imperiya dağılandan sonra bu imperiyanın nələr etdiyinin şahidi olan insan kimi yazmaq istəyirəm bu kitab haqqında… Bu imperiyanın insan azadlığını necə boğduğunu gec də olsa dərk edən keçmiş sovet vətəndaşı kimi yazmaq istəyirəm bu kitab haqqında…
Qısaca da olsa bu kitabın süjet xəttindən danışmaq istəyirəm. Bakıda doğulub boya-başa çatmış, Universitetin şərqşünaslıq fakültəsini bitirmiş Aybəniz adlı qız xaricdə tərcüməçi işləmək istəyir. Ata-ananın yeganə övladı olan Aybənizin bu arzusuna valideynləri əvvəlcə etiraz etsələr də sonra razı olurlar. Sənədlərini Moskvaya yollayan Aybənizə müsbət cavab gəlir, onu paytaxta çağırırlar. Sən demə, xaricdə işləyənlərin çoxu elə KQB agenti imiş. Misirdə, Asuan bəndinin tikintisində tərcüməçi işləmək istəyən Aybənizə də agentlik təklif olunur. Aybəniz qorxudanmı, ya bu işi təklif edənin zəhmindənmi qorxub razı olur. Ona başqa pasport düzəldirlər, Dilarə adı altında Misirə gəlir. Gəlişindən az sonra, 1965 –ci ilin dekabr ayının sonunda Misirin prezidenti Əbdül Nasir Camal ölkədə olan səfirliklərin diplomatlarını Yeni il şənliyinə dəvət edir. Yeni il şənliyində Dilarə əslən İsveçdən olan, Misirdə işləyən hersoq Joseflə rastlaşır. Josef ona ilk baxışdan vurulur, getdikcə Dilarə də onsuz yaşaya bilməyəcəyini dərk edir. Əlbəttə, onların sevgisi KQB-ni narahat edir. Bir xarici vətəndaşla ailə qurmağı vətənə xəyanət hesab edirmiş inandığımız SSRİ qanunları… Josefin valideynləri də bu sevginin əleyhinə olur… Yeganə övladlarının təhlükə altında olmasını istəmirlər. Jozef bir neçə günlüyə İsveçə gedir ki, valideynlərini razı salsın. Qəzaya düşür və yaddaşını itirir. Sevdiyi qadına olan sevgi onun yaddaşını özünə qaytarır, bundan sonra valideynləri də onun fikri ilə razılaşıb Dilarəni və yenicə dünyaya gəlmiş qızını qəbul edirlər.
Amma KQB yenə də onu rahat qoymur. Gah qızını oğurlayırlar, gah da onu məcbur edirlər ki, ərində olan sənədləri oğurlayıb onlara çatdırsın. Hətta Dilarəni hədələyirlər ki, onların dediklərini etməsə ərini və qızını öldürəcəklər… Dilarə vətəninə xəyanət etmədiyi kimi ərinə də xəyanət etmir…Sevdiklərini təhlükədən xilas etmək üçün Dilarə onları tərk etməyi qərara alır, fikrini qayınatası Jonatana deyir, valideynlərindən narahat olduğu üçün vətənə qayıtdığını Josefə deməyi xahiş edir. Halbuki o övladını və sevdiyi həyat yoldaşını təhlükədən xilas etmək üçün KQB-nin dediyi ilə razılaşır. Doğma bildiyi vətəndə ona olmazın əzablar verilir, özünə ölüm arzulayır Dilarə…
Valideynləri ilə bir yerdə yaşayır, işləyir. Ailə qurmaq haqqında heç düşünmür. Sevdiyi Josefin ona bağışladığı qiymətli broşu sevgisindən yadigar kimi həmişə saxlayır…Valideynləri dünyanı tərk edəndən sonra qonşuluqda yaşayan Leyla adlı qız həyan olur ona…
Bütün həyatı boyu iki yaşında qoyub gəldiyi qızını və sevdiyi Josefi düşünür…
SSRİ- dağılandan sonra Josef sevdiyi qadını axtarmaq istəyir. Amma atası ona Dilarənin ailə qurduğunu, hətta bir qızı olduğunu da deyir. Heç bir qadınla ailə qurmayan Josefə pis təsir edir bu xəbər… Ürəyində qınayır, qısqanır sevdiyini.
Amma onların qızı Jozefina anasını axtarmağa qərar verir…
2006-cı ildə Azərbaycana gəlir Jozefina…Nəhayət, anasını tapır, onu İsveçə gətirir. Ayrı düşən iki insan 37 il sonra qovuşurlar…
Bu təkcə bir -birini dəlicəsinə sevən iki insanın taleyi deyil, həm də onların valideynlərinin taleyidir, iki yaşından ana üzünə həsrət qalan övladlarının taleyidir.
Bu kitabı oxuyarkən bir vaxt vətənim dediyim SSRİ-nin qanunlarının zalımlığına nifrət etdim, insan taleyi ilə oynayan KQB- işçilərinin faşistdən də zalım olduğunu gördüm. Cavan, sevən bir qızla vəhşi kimi rəftar edənlərin faşistdən heç bir fərqi olmadığını bildim.
Bu kitabı oxuyarkən bir anlıq özümü Aybənizin- Dilarənin yerində hiss etdim. Mən necə hərəkət edərdim? Dəfələrlə bu sualı özümə verdim. Sonda Dilarəyə haqq qazandırdım.
İki sevən qəlbin taleyini yazmaqla yazıçı həm də böyük bir imperiyanın kənardan- xaricdən necə göründüyünü göstərir oxucuya. Bir vaxt ana vətən dediyimiz SSRİ- nin xaricdən necə göründüyünü gördüm bi kitabda…
İmperiya nə qədər güclü olsa da sevən qəlbin gücü qarşısında zəifdir. Bu kitab sevginin imperiyadan güclü olduğunun sübutudur.Sevgi sərhədləri aşa bilir. Sevgi sərhəd tanımır, sevginin dini, vətəni olmur.
Bu romanı oxuya-oxuya Misirə, İsveçə səyahət edib Misir piramidalarını ziyarət etdim . Misrin o vaxtkı həyatını, orda yaşayan sadə insanların həyatını öz gözümlə gördüm sanki. Stokolhmu gəzdim bu romanı oxuyanda. İsveçin tarixindən maraqlı faktlar öyrəndim.
Bu romanı oxuyarkən Dilarə həyəcanlananda mən də narahat oldum. Dilarə iki yaşlı körpəsini tərk edib gedəndə bir ana kimi onun nələr çəkdiyini hiss etdim. Sevdiyi qadının onu və körpə qızını tərk etdiyini başa düşəndə Josefin halını təsəvvür etdim.
İllər sonra, düz 37 ildən sonra anayla balanın görüş səhnəsində sözün gücü məni ağlatdı. İllər sonra, ahıl yaşlarında sevdiyi qadını görən Jozefin yerinə sevindim. Bütün həyatı boyunca sevgisini ürəyində gəzdirdiyi Jozefə qovuşan Aybənizin- Dilarənin sevincdən döyünən ürək çırpıntılarını eşitdim sözlərin təsiriylə.
Bu roman sərhəd tanımayan, sərhədləri aşmağa qadir bir sevgi romanıdır. Bu kitab imperiyanın zəif cəhətlərini bütün çılpaqlığı ilə göstərən bir romandır.
İnanıram ki, Əzimə Ağalarovanın “ Bakıdan Qahirəyə və Stokholma uzanan yol” kitabı oxucuların qəlbinə yol tapacaq, sevənlərin stolüstü kitabı olacaq.
19 yanvar, 2015

Yazıya 946 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.