Aqşin Evrən-Milad zarafatı

aqsin

Elə darıxıram ki,
az qala evdən çıxıb
durub arxanca gəlsin
mənim ayaq izlərim
Ay balaca xanımım,
Mən sən boyda sevməyi
Axı harda gizlədim?

 

Vallah, qəlbin qəribədi
Nə qıfıl düşür, nə açar
Gəl mənlə söz güləşdirmə
Bir qucaqlıq canın var

 

Elə gülümsədin ki
Bütün bu ağlamaqlar
dodaqlarında itdi
Həə, başımın bəlası,
Sənlə müqayisədə
xoşbəxtlik çox bəsitdi

Durub səndən baxanda
Ağrımaq da gözəldi
Özümdən qaçan hisslərim
Sənə çatıb gözlədi

 

Gözlədi ki, yapışıb
tutasan barmağımdan…
Heç özüm də bilmirəm
“Səni sevirəm” sözün
Hansı təbəssümünlə
qopardın dodağımdan

 

Ay balaca xanımım,
nəyə lazım evdarlıq?
Lap yemək duzlu olsun
Soyuq çay, isti yataq…
Neynirsən bu daş-qaşı,
Bu isti xəz paltonu?
Geyin köhnə çəkməni
Gəl gedək xoşbəxt olaq

Yazıya 1170 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.