Aydın Tağıyev — Dost üçün gecikmiş Elegiya

aydınhxg6aeo

Qəzənfər Qəribov adlı bir dostum var idi…

Onunla tanışlığımızın 30 ildən də çox tarixi vardı. Yaxın dostluğumuzun ömrü isə vur-tut onca il çəkdi. Nə mən etibarsız, vəfasız çıxdım, nə də o…

Onun haqqında qəzetdə iş yoldaşlarının çap etdirdikləri qurğuşun kimi ağır, dolu buludlar kimi qəmli sətirləri evimizdə boğula-boğula oxuyarkən anam ağladı, sonra üçcə kəlmə deyə bildi: “Anan ölsün, ay bala…”

Bu, elə Qəzənfər yaşda bala itirmiş bir ananın tanımadığı bir ananın dərdinə şərikliyi idi…

Ancaq övlad itirmiş analar axirət dünyada öz ciyərpalarına qovuşanacan çox ölüb dirilirlər. Yoxluğuna inana bilməyən dostların da hər yada düşəndə səninçin beləcə ölüb diriləcəklər, Qəzənfər…

1992-ci ilin may ayında “Xalq qəzeti”ndə ədəbiyyat və incəsənət şöbəsinin müdiri işlərkən o mənim “Çörək” adlı bir hekayəmi dərc etmişdi. Qəzənfər çörək qədri bilən idi, elə buna görə də o hekayə onun çox xoşuna gəlmişdi. Və elə o vaxtdan da yaxınlığımız başlanmışdı.

Sonralar iş belə gətirdi ki, onunla bir yerdə işləyəsi olduq. 1996-cı ildə Qəzənfər Qəribov AzTV-nin “Xəbərlər” proqramının baş redaktoru oldu, mən də o redaksiyanın respublikamızın şimal bölgələri üzrə xüsusi müxbiri. Bu məsul vəzifədə də elə əvvəlki kimi idi – həlim, mehriban, hamıya xeyirxah, canı yanan Qəzənfər. Halı-xasiyyəti elə əvvəlki kimi qalmışdı, dəyişən bircə vəzifəsi idi. “Xəbərlər” proqramının baş redaktoru olsa da, bizdən- sıravi müxbirlərin çoxundan kasıb dolanırdı… Amma ötkəm idi, başıdik gəzirdi, sözü üzə şax deyirdi. Adam sərrafı idi, hər adamla oturub durmurdu, amma duz-çörək kəsdiyi adam üçün sinəsini qabağa verərdi.

Heç bir müxbir hədiyyə-filan nədir, çalışdıqları bölgədən adi kənd sovqatını ona pay gətirməyi ağlına belə gətirə bilməzdi.

O illərdə “Xəbərlər”də birgə çalışdığımız şair-publisist Əli Nəcəfxanlı (burasını da deyim ki, xeyli əməkdaşı olan redaksiyada Qəzənfərə 2-3 yaxın adamdan biri də o idi) nəql edirdi ki, bir gün “Qəzənfərin iş otağına girərkən sürücüsü kabinetdən çıxırdı. Bu cavan sürücü, vaxt-bivaxt, maşın üçün, guya ki, ehtiyat hissələr və lazım oldu-olmadı benzin pulu adı ilə, Qəzənfəri narahat edərdi.

Kabinetdə Qəzənfəri pərt gördüm, məlum idi ki, sürücü yenə pul istəyib. Hətta ac qalsaydı da, Qəzənfər borc üçün kiməsə hələm-hələm ağız açanlardan deyildi. Cibimdə pulum var idi. Əlimi cibimə atdım. Qəzənfər heyrətlə üzümə baxdı: – Bu pul nədir belə? – deyə qəzəblə məndən xəbər aldı. Mən də sidq-ürəklə: – Sənə vermirəm, – dedim, – çağır, sürücünə ver…

Dostlarına qarşı çox həssas və diqqətli idi…

Ötən əsrin 90-cı illərinin ortalarında teleradio şirkətində rəhbərlik dəyişəndə heç kim onu işdən çıxartmadı, o da qalıb işləyə bilərdi. Qəzənfər o günlərdə vəzifəsini qorumaq qayğısına qalmadı. Qürurunu qorudu. Ondan sonra redaksiyadan gedənlərdən biri də mən oldum.

O, harda çalışmışdısa, gördüyü işin, vəzifənin həm qulu, həm də ağası idi. Vəzifəsinə çox məsuliyyətlə yanaşardı. Peşəkarlığına görə özündən birincilər də onunla razılaşmalı, hesablaşmalı olurdu.

Ötən əsrin doxsanıncı illərinin axırlarında işsiz vaxtlarım idi. Bir yandan da oğlanlarımın ikisi də ali məktəb tələbəsi… Çörəyim yazı-pozudan çıxırdı, əlimdən özgə nə iş gəlirdi ki?!

Nüfuzlu qəzetin baş redaktorunun birinci müavininin tapşırığı ilə, yaşadığım bölgədən materiallar hazırlayır, qəzetdə müntəzəm çıxış edirdim.

Qəzetin baş redaktoru yarızarafat, yarıciddi mənim az qala qəzetin xüsusi müxbirlərindən daha çox çap olunmağımı ona işarə edəndə Qəzənfər: – Aydına cibimdən maddi yardım göstərməyə imkanım yoxdur. İndilik ona əlimdən gələn köməklik budur, – demişdi. Və insafən baş redaktor da daha bu söhbətə qayıtmamışdı.

Bir müddət sonra Qəzənfərin köməkliyi ilə tələbə oğlanlarımdan biri işə də düzəldi.

Bakıya yolum düşəndə ona baş çəkərdim. Moskvaya müalicəyə gedib qayıtmağını qəfil eşitdim. Amma kəmfürsət ölüm, nə edəsən ki, Qəzənfərin neçə-neçə canıyanan dostlarından güclü çıxdı…

İmkanlı, səlahiyyətli dostların xeyirxahlığından, ona diqqət və qayğısından danışdı, hər birinə dua-səna etdi.

O, əslən Qərbi Azərbaycandan idi. Qohum-qardaşının didərginlik həyatı, yurd həsrəti də dərdinin üstünə dərd gətirmişdi. Xaraktercə bütöv, saf, qəlbənsə son dərəcə kövrək, həssas, incə olan Qəzənfər Qəribov düçar olduğu sağalmaz dərdi dostlarından, yaxınlarından gizlədə-gizlədə, dünyadan köçdü. Ölümündən iki-üç ay qabaq daha işə gedə bilmədiyini dostlardan eşidib öyrənmişdim.

Açığını deyim ki, o vaxtlar – 2002-ci ilin qış aylarında “Xalq qəzeti”nin axırıncı səhifəsinə baxmağa ürək etmirdim. Amma ürəyimə daman xəbərə bir gün urcah oldum. 2002-ci ilin fevral ayının ya 15-i, ya da 16-sı idi, qəzetin kollektivi öz həmkarlarının – “Xalq qəzeti” baş redaktorunun birinci müavininin, istedadlı jurnalist Qəzənfər Paşa oğlu Qəribovun 47 yaşında vaxtsız vəfatını oxuculara xəbər verirdi.

İndiyəcən ürəyimizdə saxlayıb demədiyimiz layiq olduğun ən xoş, şirin sözlərimizi oğlanlarının toy məclisində üzünə deyəcəkdik. Əlbəttə, zarafata salıb, o yenə tərifdən qalacaqdı.

Ölüm güclü çıxdı. Amma onun pak, çörək qədər müqəddəs xatirəsini qəlblərində əbədi yaşatmağa dostlarının gücü çatar. Onsuz gələn bu baharda da belədir. Hər bahar da beləcə olacaq.

Əziz dostum Qəzənfər Qəribov haqqında elə onun ömrü kimi bu yarımçıq yazımı tamamlarkən canından əziz bildiyi məmləkətindən çox-çox uzaqlarda, bir qərib məzarda torpağa gömülən Nazim Hikmətin hüznlü, adamı içindən göyüm-göyüm göynədən misraları yadıma düşdü:

… yaxşı ürəkli ölülər
nə qırx günlük yas istəyər,
nə “məndən sonra dünya dağılsın”
deyər.
Faydalı şeylər – bir söz, bir ağac,
bir təbəssüm
qoyub gedər.
Dirilərlə bölüşməz qəbrinin qaranlığını,
Özü çiynində daşıyar qəbrinin ağırlığını
Dirilərdən heç bir şey
istəmədikləri üçün
diri kimi qalırlar…

Qəzənfər Qəribov da belələrindən – diri qalanlardandır!..

Yazıya 598 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.