İsgəndər PALA — Şirin dil, acı dil

isgender pala_54e712231a95c

Ərəblərdə “selâmetü’l-insan fi’l-hıfzı’l-lisân (insanın salamatlığı dilini saxlamaqdadır)” şəklində bir məsəl var. Türkcədə “Dilini saxlayan, başını saxlayar” deyirlər. Qanuninin (Mühibbi) –  “İstər isən kim pərişan olmayasın aqibət / Böhtan demə kimsənin haqqında sən süsən kimi” –  buyurub, sünbül təki ətrafındakılara böhtan atanların axırda pərişan olacağını deməsi bu səbəbdəndir.

Bir də, bunun əksini düşünək: sözlüklərimizdə “Şirin dil ilanı yuvasından çıxarar!” kimi atalar sözü var. Bu halda dilimiz həm şirinlik, həm də zəhərlə doludur. Qədim  qələmlərin ucu ikiyə ayrıldığına görə “qoşa dilli” adlandırılması bu səbəbdəndir. Çünki eyni qələmlə həm yaxşını, həm də pisi, həm yararlını, həm də zərərlini  yazmaq mümkündür.

Dil dostluqların da, düşmənliklərin də başlanğıcıdır. Yəni yaxşı da, pis də ola bilər. Uşaqlıq çağlarımda atam (Allah rəhmət eləsin) danışmışdı:

Varlı, elmli və nəzakətli əfəndilərdən biri bir neçə günlüyə dostlarını evinə çağırır. Niyyəti zəngin süfrələr qurub, əngin söhbətlər eləməkdi. Buyruqçusuna tapşırır:

- Di, bazara qaç, dünyanın ən şirin nemətlərindən qonaqlarıma gözəl bir süfrə hazırlat.

Buyruqçu gedir. Amma bazara baş çəkmək əvəzinə, qəssabın yanına gedir. Bütün qonaqlara bəs eləyəcək qədər dil alıb aşbazlara əmrlər yağdırır. Axşam qonaqlar iştahla süfrənin ətrafında otururlar. Əvvəlcə dil şorbası gəlir. Gözəl!.. Arxasınca dil xaşlaması. Əla!.. Sonra dil bozartması. Olmadı!.. Arada isti yemək məqsədilə dil qızartması verilir… Bu vaxt qonaqların arasında donqultu başlayır. Gözləyirlər ki,   yağlı yemək, plov, paxlava və şirniyyatlar gəlsin. Mümkün olmur!.. Ardınca qarşılarına dil külləməsi qoyulur. Ev sahibi artıq dözə bilmir, buyruqçusunu  çağırtdırıb qəzəbini şillə kimi üzünə çırpır:

- Mən sənə demədimmi bazardan ən ləzzətli şeylər al?

- Bəli, ağam, mən də sizin əmrinizi eynilə yerinə yetirdim. Dünyada dildən daha yaxşı və şirin nə təsəvvür oluna bilər? Mərifət və elmin açarı, xoşbəxtlik və  səadətin başlanğıcı o deyilmi? Könüllər onunla şən, biliklər onunla rövşən olmurlarmı? Anlaşmazlıqları çözən də odur, ədaləti bildirən də!.. O qədər müqəddəsdi ki, ibadətlər onunla edilir…

Ağa eşitdiklərinə cavab verə bilmir, amma yenə də qonaqlarının yanında biabır olmamaq üçün qışqırır:

- Çox yaxşı, bir halda ki, dediyin kimidir, onda sabah bazara gedib bu dəfə bizə ən pis yeməklərdən süfrə hazırlat görək.

Buyruqçu ertəsi gün yenə qəssabın yanına gedir, yenə eyni yeməkləri hazırladır. Süfrə ətrafında oturanlar eyni sırayla yeməyə başlayırlar: dil şorbası, dil xaşlaması, dil bozartması… Əlbəttə, yenə eyni sorğu-sual olur. Buyruqçu ibrətamiz cavab verir:

- Ağa, əmin olun, əmrinizi olduğu kimi yerinə yetirmək üçün bu yeməkləri hazırlatdım. Ən pis yeməklərdən istəmişdiniz; siz Allah, dünyada dildən daha pis nə təsəvvür oluna bilər?!. Bütün pisliklərin, bütün bəlaların, bütün dava-dalaşların səbəbi bu deyilmi? Kim yalanın və iftiranın gözəl olduğunu deyə bilər? Kim, riya və yaltaqlığın faydasından bəhs eləyə bilər?!.. Bütün bu pislikləri dil eləyəndən sonra, hansı yemək dildən daha pis ola bilər ki?!.

Müsafirlərin hamısı o gün süfrədən kefləri kök halda qalxıb buyruqçunun  söhbətlərindən feyziyab olublar.

Bu əhvalatı universitetdə oxuyanda Ahmet Midhət Əfəndinin “Qissədən hissə” adlı kitabında oxudum. “Qissədən hissə” Ezop (Aisopos) nağıllarının tərcüməsiydi və əhvalat Ezopla ağası Xantos arasında baş verirdi. Miladdan 500 il əvvəl Kütahya ətrafında yaşayan Ezop, əslində, köləymiş. İşıqlı zəka və zərif fikir gözəlliyinə malik olan başı, təəssüf  ki, iri və yöndəmsiz, dili də pəltək imiş. Xantos onu zəkasına görə alıb, amma sifətinə baxanlar diksindiklərinə – əvvəlcə də arvadı qorxduğuna – görə, təsərrüfatında torpaq işlərində işlədir, aradabir də qonaqları gələndə onun zəka və fikirlərindən istifadə etmək üçün evinə çağırtdırırmış. Rəhmətlik atam Ezopun adını bilmirdi. Ancaq bu torpaqlarda dilə və sözə həmişə dəyər verilib. Yüz illərlə cilalanıb mədəniyyətdən-mədəniyyətə keçib, insanlar, nəsillər, dinlər və dillər dəyişib, amma bu münasibət heç dəyişməyib, Ezopun əhvalatını atalar dini əhvalat məqsədilə uşaqlarına danışır. Hətta şirin dillə olanda belə, öyünmələr, təriflər və danlaqlar insana xoş görünməyə başlayıb. Məşhur heca şairimiz Şair Əşrəfin vaxtsız gələn bir qonağına söylədiyi bu qitə kimi:

Nabəhəngəm, ey mənə mehman olan,
Tablakarımla döyüş istərsənmi?
Mətbəxi-təbimdə yoxdur başqa şey,
Ləzzətli dildən söğüş istərsənmi?

 

 

“Ey vaxtsız gələn (ac) qonaq, (sənə yemək hazırlamaqla bağlı) aşpazımla məni dalaşdıracaqsanmı? Yaradılışımın mətbəxində sənə vermək üçün dildən başqa bir yemək qalmayıb, ləzzətli dildən bir söğüş (İzmirdə geniş yayılmış, heyvanların dilindən, baş hissəsindən bişirilən yemək) istəyirsənmi?!.”

Yazıya 1088 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.