Anar Amin – Sən ağrıma, mən ağrıyım, ay ustad

Qenber foto

Martın 6-ı axşam zəng etdim Ustada. Telefonu açmadı, yenə zəng elədim, yenə açmadı. “Atalar üçdən deyib”, – bir də zəng elədim, açmadı…

Qabaqlar Ustadın mobil nömrəsi məndə yox idi deyə, hal-əhval tuta bilmirdim. Bu yaxınlarda müsahibə alarkən nömrəsini götürüb, xahiş etdim ki, nömrəmi telefonunun yaddaşına yazdırsın. Ustad da, elə yanımdaca nömrəmi telefonuna yazdırdı…

Müsahibədən sonra bir neçə dəfə zəngləşmişik. Mən Ustada, o da mənə zəng edib. 

Çox vaxt mən Ustada zəng edib kef-əhvalını soruşmuşam. Haçan zəng etmişəm, cavab verib.

Öz-özümə: görəsən indi niyə cavab vermir? Bəlkə xaricdədi, bəlkə naxoşlayıb?

Bəlkə… bəlkə… Bu bəlkələr ağlı kəsəndən ölənə qədər bəni-Adəm övladını rahat yaşamağa qoymayıb, elə hey narahat edib, edir, edəcək də…

Martın 7-i eyni vaxtda yenə zəng elədim, telefonu açmadı. “Hələ vurur ürəyim”, “Bir də görüşərik” deyib, bir də zəng elədim, yenə də açmadı…

Telefonu kənara qoydum, fikrimi cəmləyib, “Bütövləşmək istədim”. “Ömrün işıqlı anları”nı xatırladım. “Əmioğluların əməlləri”dən nəticə çıxarıb, “Dostlar unutmaz məni”- dedim. “Okan və Murad pişiyin sərgüzəştləri”nə gülüb, “Caninin etirafı”na kövrəldim…

“Tale oxşarlığı”mıza baxdım. Ustad 89-cu ilin may ayından, 91-ci ilin oktyabr ayına qədər Gədəbəy rayon İcraiyyə Komtəsi Xalq Deptatları Sovetinin sədri, 91-ci ilin oktyabrından, 92-ci ilin mayına qədər İcra Hakimiyyətinin başçısı olub.

Mən isə, 2002-2003-cü illərdə Gədəbəydə yerləşən, N-saylı hərbi hissədə əsgər kimi, sonra düşmənlə üzbəüz yüksək müdafiə mövqelirinin birində post başçısı, çavuş kimi xidmət etmişəm…

Hər ikimiz Gədəbəydə xidmət etmişik. Ustad dövlət qulluğunada məmur kimi, mən orduda əsgər kimi. “Gədəbəy xatirələri”ni Ustad da qələmə alıb, mən də…

Xatirələri xatırlayıb xəyala dalmışdım… Kimsə qulağıma “Oğul gərək oğul olsun”, “Axtarıb Şəmşiri görmək istəsən”, “Kəlbəcər: ömrüm, həyatım”adlı “Birinci kitabı bir də oxu”- dedi. Bir-iki aydı masaüstü kitabım olan, hekayələrdən, hekayətlərdən, esselərdən, xatiratlardan, gündəliklərdən, yaşantılardan ibarət olan, dəfələrlə oxuduğum bu kitabı yenə oxumağa başladım… “Kəndimiz və uşağlığımız”, “Tale yolları”, “Yanşaqlı günlərim”, “ Qanlıgöl əfsanəsi”, “Ali məktəbə doğru”, “İlk məhəbbətim” hekayəsini oxuyub hönkürə-hönkürə ağladım…

Toxtamışdım ki, telefonuma zəng gəldi. Baxıb, gördüm Ustaddı. Açar-açmaz:  – Allahın salamı olsun Qənbər Şəmşiroğluna – dedim.

– Allahın salamı olsun sənə.

– Necəsən Ustad?

– Yaxşıyam sağ ol.

– Həmişə yaxşı olasan ay Ustad! Kənddəsən yoxsa…

– Yox şəhərdəyəm.

– Nəsə səsin birtəhər gəlir…

–  Kənddə özümü soyuğa vermişəm, ağrıyıram Amin bala.

– Allah şəfanı versin Ustad! Yanına gəlmək istəyirəm.

– Bir az özümə gəlim, iki-üç gündən sonra görüşərik.

– Necə məsləhətdi, Ustad…

Sağollaşdıq.

İki gündür ki, zəngimə cavab verməməyini başa düşdüm.

Mən hər görüşdə sizdən müsbət enerji almışam: Allah sizi yazıb-yaratmağa, kiməsə atalıq, babalıq, kiməsə əmilik, dayılıq, kiməsə dostluq, qardaşlıq edib, əl tutmağa, deyib-gülməyə yaradıb. Sizə deyib-gülmək yaraşır, ağrımaq yox. Sizin “ağrıyıram”- deməyiniz, məni çox ağrıtdı, Ustad!.

Mən Zəlimxan Yaqubdan atalıq, Söhrab Tahir AzərAzərdən əmilik, Nəriman Həsənzadədən dayılıq, Musa Yaqubdan dostluq, Məmməd Aslandan qardaşlıq, Sizdən babalıq diqqəti görmüşəm…

Nə yaxşı sizlər varsınız, nə yaxşı Cəlilabadda Adnalı adlı bir kənd var, ağrıyanda sizlərə, Adnalıya sığınıram. Mən əslən cənubluyam, babalarım inqilabçı olduqları üçün həmişə ağrıyıblar, ancaq heç vaxt ağlamayıblar. Ağrımaq babamdan atama, atamdan da mənə keçib. Bizdə ağrımaq gendən gəlir…

Mən ağrıya-ağrıya böyümüşəm deyə, ağrımağın nə olduğunu yaxşı bilirəm… Mən ismin altı halında ağrımış, ağrıyan adamam.

Necə deyim, ağrıyanın ağrıdan nə qorxusu, ver ağrını, ağrın alım, sən ağrıma, mən ağrıyım ay Ustad!..

Cəlilabad, Adnalı, Məlikqırağı: 08.03.2015  

anar amin

Yazıya 894 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.