“Qurani-Kərim”i yapon dilinə tərcümə edən ilk müsəlman mütərcim Ömər Mita

omer mita_54f98dc8b1734 (1)

1920, 1937 və 1950 – ci illərdə Qurani-Kərimin yapon dilinə üç tərcüməsi çap edildi. 1957-ci ildə isə Quranın ərəb dilindən birbaşa yapon dilinə tərcüməsi işıq üzü gördü. Amma bu tərcümələr qeyri-müsəlman, yapon alimləri tərəfindən həyata keçirilmişdi. Buna görə də, inamla demək olar ki, Ömər Mita Quranı yapon dilinə tərcümə edən ilk müsəlmandır.

Cənub-Şərqi Asiyada islamın yayılması ilk dəfə Çin sərhədlərindən başladı. Bundan sonra islam dini Hindistan və İndoneziyaya ayaq açdı. İslam dininin 15-ci əsrdə Filippində yayılmasının qarşısı ispanlar tərəfindən alındı. O dövrdə yaponlar buddist (bütpərəst) idilər.19 -cu əsrin axırlarında müsəlman malaylar Yaponiyaya hicrət etdilər. 1890-cı ildə Osmanlı Türkiyəsi yaponlarla diplomatik əlaqələr yaratmaq üçün Yaponiya sahillərinə öz hərbi dəniz qüvvələrini göndərdi. Bu kimi qarşılıqlı əlaqələr yaponlar üçün islam və müsəlmanlarla daha yaxından tanışlığa zəmin yaradırdı.

Kutaro Yamauka Həccə gedən ilk müsəlman yapon olub. O, Hindistanın Bombey şəhərində yazıçı Əbdürraşid İbrahimlə tanış olduqdan sonra islam dinini qəbul edib, adını Ömər Yamauka adına dəyişib. Yamauka 1938-ci ildə Tokioda məscid də tikdirib.

Bolşevik inqilabı və Birinci dünya müharibəsi zamanı Rusiya və Orta Asiyadan türkmən, özbək, tacik, qırğız və qazaxların köçməsi Yaponiyada  müsəlmanların sayının artmasına səbəb oldu. Onlara Yaponiyada sığınacaq verildi. Elə bu zamandan da yaponlar islam dininə meyil etməyə başladılar.

Müsəlmanların sayı çoxaldıqdan sonra Yaponiyanın müxtəlif şəhərlərində məscidlər tikildi. Onlardan biri də “Kubeh” məscididir. Bu məscid 1935 –ci ildə inşa edilib. Hal-hazırda Yaponiyada 40-a yaxın məscid və 100-dən çox namazxana (müsəlla) var.

İkinci dünya müharibəsi zamanı yaponların Çinə və Asiyanın cənub-şərqi dövlətlərinə hücumundan sonra yapon hərbçilərinin bir çoxu ölkələrinə dönərkən artıq müsəlman idi. Yaponiyanın ilk islam təşkilatı “Yapon müsəlmanlar birliyi” adı ilə 1953-cü ildə təsis edilib.

Əsl adı Riviçi Mita olan Ömər Mita 1892-ci ildə Yaponiyanın Yamaquçi şəhərində, bütpərəst samuray ailəsində anadan olub. 1916-cı ildə Yamaquçidə İqtisad kollecini bitirən Riviçi Mita sonralar Çinə səfər edib, çin dilini öyrənib. Burada o, çinli müsəlmanlarla ünsiyyətdə olub. O, müsəlmanların həyat tərzindən xoşlanırdı. 1920-ci ildə, 28 yaşında olarkən “Çində İslam” adlı məqalə yazaraq Yaponiyada çıxan “Uzaq Şərqdə iqtisadi tədqiqatlar” jurnalında çap etdirdi. Bu məqalə onun islamla bağlı ilk diqqətəlayiq işlərindən biri idi.

Riviçi Mita, Hacı Ömər Yamauka ilə də görüşüb. Bu görüşdən sonra Hacı Ömər Yamauka islamı təbliğ etmək üçün bütün Yaponiyaya səfər etdi. 1912-ci ildə Yamauka islam və Həcc səfəri haqqında müxtəlif kitablar yazdı. 1921-ci ildə Riviçi Mita ikinci dəfə Hacı Ömər Yamauka ilə görüşdü ki, islam haqqında ondan daha çox şeylər öyrənsin. Bu görüşlərin nəticəsində Riviçi Mita 1941-ci ildə 49 yaşında olarkən, müqəddəs islam dinini qəbul edərək özünə Ömər adını götürdü.

O, altmış yaşında qərara aldı ki, ömrünü bütünlüklə islama həsr etsin. Bu zaman ərəb dilini də öyrəndi.

O, 1958-ci ildə müqəddəs Həcc ziyarətinə müşərrəf oldu. 1960-cı ildə Yapon Müsəlmanları Cəmiyyətinin sədrinin vəfatından sonra Cəmiyyətin sədrliyini öz öhdəsinə götürdü.

O, bu cəmiyyətə sədrlik etdiyi zaman islami zəmində “İslamı tanımaq”, “İslamla tanışlıq” və s… kitabları yazdı və bir sıra dini ədəbiyyatı yapon dilinə tərcümə etdi.

O, 1968-ci ildə Quranın tərcüməsini kamilləşdirərək ilk nüsxəni yoxlama baxış üçün Yapon Müsəlman birliyinə təqdim etdi. 1970-ci ildə bu tərcümənin yoxlanılmış nüsxəsi Məkkənin Dünya İslam cəmiyyətinə göndərildi. Bu nüsxə burada yoxlama baxışdan keçdikdən sonra təsdiq edildi.

Nəhayət, müsəlmanların müqəddəs kitabının tərcüməsi üzərində on iki il işlədikdən sonra 1972-ci ildə Qurani-Kərimin yapon dilində tərcüməsini ərəbcə mətni ilə birlikdə Takumi Kubu nəşriyyatında çap etdirdi.

Hacı Ömər Mita 1978-ci ildə 82 yaşında vəfat etdi.

Yazıya 1432 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.