Mehman Göytəpəli – Mən bu dərdin baş daşıyam baş daşı

İndidən durmuşam o мещман2daşın altda
.
Yenə saçlarımda qar çiçəkləyib
Yenə dayanmışam bu qışın altda
Nə ola buludlar kövrələ bir az
Yuyula  günahlar yağışın altda
.
Allahım bilirəm səbrində təksən
Bizləri sınağa çox çəkəcəksən
Deyirlər ki, göydən daş tökəcəksən
İndidən durmuşam o daşın altda
.
Nə olar rəhm elə mən bəxti təkə
Silkələ, yuxumnan ayılım bəlkə
Qoyma mələklərin əziyyət çəkə
Gəlmişəm bük məni qoy başın altda
.
İçimdə ocaq var, çölüm qar kimi
Dərdlərim güllənib son bahar kimi
Dayanıb səcdənə, günahkar kimi
Şam tək əriyirəm baxışın altda
Üstümdə günah var yaxşı gəz məni
Tapıb  günahdan sapa düz məni
Sonra da “lüt elə”, “tapda”, “əz” məni
Onsuz, ezilmişəm bu yaşın altda
.
***
Gizlənpaç 
.
Gizlənpaç oynardıq səninlə bir vaxt,
Gəlişinlə dad qatardın  oyuna.
Gizlənərdin hey mən səni tapardım,
Gizlənə – gizlənə alışdın buna.
.
İllər ağuşuna aldı bizləri,
Böyüdük zamanın qanadlarında.
Sən mənə sığındın, inadın sənə,
Böyüdü səninlə inadların da.
.
Sonra da göz yumdun öz Tleyinlə
Oynadın, oyundan qopa bilmədin
Taleyin qarşında elə gizləndi
Nə qədər axtardın tapa bilmədin
.
De hardan  topladın bu qədər kini
Ay kini boyunda boy atan gözəl
Hanı  bəs dədindən yeyib   bəslənən
Qəmə tox o anan, o atan, gözəl
.
Daha göylərimdə  sənin yerin yox.
Daha ağıllanıb bu dəlin gülüm
İnadın  nəyin var, yığıb apardı
İndi bir dizindi, bir əlin gülüm
.
Sevgidə gizlənpaç oynayırmışıq,
Həmişə göz yuman demə mənmişəm.
O qədər gizləndin mən səni tapdım,
İndisə sən axtar mən gizlənmişəm.
***
Elə bil içimdən bir payız keçib
.
Nə göyə sığışdı, nə yerə illər
Bükdü hər günümü kədərə illər
Gör məni gətirdi nə yerə illər,
Elə bil içimdən bir payız keçib.
.
Mən nə cığırmışam, mən nə yolmuşam
Özüm öz yolumda yolçu olmuşam
Elə kövrəlmişəm, elə dolmuşam
Elə bil içimdən bir payız keçib
.
O gələn bəximdi, ya yol azandı?
O yolçu yubandı bu yol uzandı.
Bağrımın hər yeri xəzan-xəzandı,
Elə bil içimdən bir payız keçib.
.
Hər gecəm kədərdən, qəmdən don geyib
Dərdlərim qırt düşüb dərd cücələyib…
Elə bil içimdə qış gecələyib,
Elə bil içimdən bir payız keçib.
.
***
.
Yaşımı yordum
.
Yaşım cücərdikcə, yaşla oynadım,
Quruyla bürünüb, yaşla oynadım,
O qədər göz ilə qaşla oynadım,
Gözüm əldən düşdü, qaşım yoruldu.
.
Illər karvan olub getdi düzümlə,
Alovum tükəndi qaldim közümlə,
Danışa-danişa özüm-özümlə,
Yaddaşım əridi, huşum yoruldu.
.
Tanrı qarğışıdı, yoxsa tuzaqdı?!
Payiz çöhrəsində bu nə sazaqdı?
Mən elə bilirdim yolum uzaqdı,
Heyif, əlli beşdə yaşım yoruldu.
.
***
.
Səndən savayı
.
Bu viran qəlbimi, talan qəlbimi,
Kim yaxşı bilər ki, mənnən savayı.
Qapımı döyməyə kim cürət eylər,
Bu gecə yarısı qəmnən savayı.
.
Dərdin də öz yönü, öz yöndəmi var,
Başını dik saxla gələndə qübar.
Yuxusuz gözlərə nə məlhəm olar,
Bu qərib gecədə çəndən savayı.
.
Gözü yaş kipriyi nəm çəkə bilər
Hansı  taleyi yar qəm çəkə bilər
Mənim dərd yükümü kim çəkə bilər ,
Bu sərsəm dünyada səndən savayı.
.
Hədərə xərclədim mətin ömrümü,
Bu asan ömrümü çətin ömrümü.
Sildim yaddaşımdan bütün ömrümü,
Sənə qovuşduğum gündən savayı.
.
***
.
Mən bu dərdin baş
 daşıyam baş daşı
.
Gor nə vaxtdan sinayıram bu dərdi,
Bəzən olur qinayıram bu dərdi,
Qoxusundan tanıyıram bu dərdi,
Mən bu dərdin sirdaşıyam, sirdaşı
.
Bu dərd xallı, bu dərd ala dərdimdi
Bu dərd ana, bu dərd bala dərdimdi
Bu dərd mənim üzüyola dərdimdi
Mən bu dərdin qardaşıyam qardaşı
.
Əzəl gündən üzü qara dərtdi bu
Bir azca kal, bir az qora dərddi bu
Köhnəlibdi, qara-qura dərtdi bu
Mən bu dərdin nimdaşıyam nimdaşı
.
Bəzən həlim, bəzən olur sərt gəzir
Göz qoyuram son zamanlar pərt gəzir
Bu dərd gəlib şad günümdə dərd gəzir
Mən bu dərdin dərd daşıyam dərd daşı
.
Sevinc görüb indi özün yan verir
Azar dəyib dərdər ona qan verir
Bu dərd gəlib ürəyimdə can verir
Mən bu dərdin baş daşıyam baş daşı
.
***
Öyünməsin qoy bu 
dünya dağım var
.
Üzümü qəm yedi içimi qəhər,
Bvuraxmadı yaxamı heç dərdi-sər,
Mən də belə “bəxtəvərəm” “bəxtəvər”
Ömür adlı talan olmuş bağım var.
.
Dərd əlindən ürəyimə sizdı qan,
Su içmədim öz qazdığım quyumdan,
Bu yer altı, bu yer üstü payımdan,
Mənə qalan bir kəfənlik ağım var.
.
Bu ac dünya verdiyini alandı
Mənim dərdim yeddibaşlı ilandı,
Bütün dağlar mənnən düşüb qalandı,
Öyünməsin qoy bu dünya dağım var.
.
***
.
Kövrək duyğular
.
Neçə ürək alıb, ürək vermisən?
Eşqin də özüntək deyən hallıdı.
Aldığın ürəyi düz geri qaytar
Mənim ürəyimin üstü xallıdı
***
Nənim sevinc payim əzəldən şikəst
Dərdlərim, qəmlərim qırxayaqlıdı
Mənim dərdlərimdən bir az uzaq dur
Mənim dərdlərimdən qorx, ayaqlıdı
***
Arzular o qədər dəyib daşlara
Qəlbim çiliklənmiş saxsı kimidi
Mənim sevincimin, nəşəmin dadı
Sənin dərdlərinin yası kimidi
***
Bu gün duygularim çıxıb özünnən
Urəyi sakinsiz şəhər kimiyəm
Bu gün sözlərimə dəyən can verir
Ilan dişindəki zəhər kimiyəm
***
Surətin dəyişdi, təkcə surətin
Sən getdin yerinə xəyalın gəldi
Evimdən dopdolu çıxan ümüdlər
Evə qayidanda əlyalın gəldi
***
Hələ də naşıdı, naşıdı insan
Bu gün qurduğunu sabah dəyişir
Kamil Yaradandır, nə yaradibsa
Nə rəngi pozulur, nə dəbdən düşür
***
Yaxşi ki kəfənin 
cibləri yoxdur
.
Yaxşi ki ölülər əliboş gedir
Yoxsa o dünyanı talardı insan
Burdan qum daşıyıb, kərpic daşıyıb
Cənnəti hasara salardı insan
.
Orda da həqiqət qaçaq düşərdi
Yalanlar, böhtanlar dönərdi dağa
Orda da Fələyin dönərdi üzü
Qullar qul qalardı ağalar ağa
.
Çətənə kolutək  bitərdi rüşvət
Zalım ağaların daş ürəyində
Mərhəmət yerinə kin göyərərdi
Xoflu  dığaların boş ürəyində
.
Talayıb Cənnətin bağça- bağını
Yerində saraylar tikərdı insan
Bir qanun çıxarıb, mələkləri də
Yığıb Cəhənnəmə tökərdi insan
.
Yaxşı ki, ayıqdı orda mələklər
Şükür, ruhların da gozləri toxdu
Yoxsa  Cəhənnəmə dönərdi Cənnət
Yaxşı ki, kəfənin cibləri yoxdu…
.
…Dəlinin yadına daş salan kimi
Gor neçe qapıya daş atdın şair
İndi də başlayar gor tədarükü
Nahaq yatanları oyatdın şair
.
***
.
Ya da məni 
burax gedim
.
Yenə bu qumlu sahil,
yenə bu çılğın dəniz
yenə də mən.…
Yenə də qaçıb
dərdlərimin əlindən
Bürünüb bumbuz dalğalara
ömrümdə-günümdə
ağ səhifələr açıram.
Qanadları xallıca
“Allah böcəyi” kimi
sənli günlərimə doğru uçuram.
Həsrətimin buludundan
ürəyimin sızıltısı
yağa-yağa,
Bu gün də gəldim
itirdiklərimi bu qumlu
sahildə axtarmağa.
Üstündə oturduğumuz qaya
həstətindən qatlayıb
dizlərini.
Küləklər pıçıltılarını aparıb
ləpələr ayq izlərini.
Yastıq etdiyin,
bu qollarım üsünə
başımı tək qoyuram indi.
Səni bütöv itirdiyim bu yerdən
zərrə-zərrə yığıram indi.
Ümüdlərimi edib əsa
yorğun ayaqlarımı
çəkə-çəkə.
Səpələnmiş
xatirələrini toplayıram
, əlçim əlçim tikə-tikə.
Donub qalmışam yerimdə
nitqim quruyub burada
Dağılıb gedir insanlar.
mənsə qalmışam havada
Bu günüm də belə keçdi
günəş də batdı nə edim?
Ya özünü mənə göstər,
ya da məni burax gedim.
.
***
.
Özümü sərim günə 
bəlkə dərdim quruya
.
Hafizənin, yaddaşın, əqlin kəmi yamandı,
O, müqəddəs sevginin, eşqin qəmi yamandı,
Məhəbbətin qurusu, dərdin nəmi yamandı,
Ağ günlərim tükənib, bürünmüşəm qaraya,
Özümü sərim günə, bəlkə dərdim quruya.
.
Bütün  ağrı-acılar ələnib, yaşdan çıxır,
Ayım gün-günortadan, günüm obaşdan çıxır,
Suyum yerin dibindən, çörəyim daşdan çıxır,
Dönmüşəm boş səhrada bal axtaran  arıya,
Özümü sərim günə, bəlkə dərdim quruya.
.
Bu yollar ayrıcında durub,dayanmışam lal,
Başımda minbir xəyal, doğur sualdan-sual,
Yenə də əvvəlki tək sızıldayır köhnə val,
Duyğularım lillənib, qarışıbdı  duruya,
Özümü sərim günə, bəlkə dərdim quruya.
.
Bir zamanlar  şirindim, gərəkli oğul idim,
Ağızlarda məsəldim, dillərdə nağıl idim,
Neçə baş bilənlərin, başında ağıl idim,
O vaxt «can» deyənlərim, qoyub məni araya,
Özümü sərim günə, bəlkə dərdim quruya.
.
Qəlbim kədər teşnəsi, ciyərim  yanır Allah!
Duyğularım paslanıb, meydəm bulanır Allah!
Dərd əzibdi köksümü içim qanayır Allah!
Yox ki, elə bir təbib iç  yaranı sarıya,
Özümü sərim günə bəlkə dərdim quruya.
.
Ürəyim çox tapdanıb, bərkiyibdi daş kimi,
Bu dünya gözlərimdən axıb gedir yaş kimi,
Sail əlindən düşən, köhnə bir qaloş kimi,
Qalmışam ortalarda  bir kisəm yox  araya.
Özümü sərim günə bəlkə dərdim quruya.
.
Bu təzadlar içində,  yenə yada düşdü O,
O  qat kəsən, toz basan duyğuları eşdi O
Neştər olub, ox olub ürəyimi deşdi O
Könlüm istər bircə yol o telləri daraya
Özümü sərim günə bəlkə dərdim quruya
.
Aparıb  qara yellər   telində zər qalmayıb
Dəyişib qiyafəsi, ondan əsər qalmayıb
Dizində dərdlər yatır, dərdimə yer qalmayıb
Bu ağrılı  başımı  hara qoyum, haraya?
Özümü sərim günə bəlkə dərdim quruya
.
Övkəm məni doğrayıb, hirs məni kəsib gedib
Arzularım sovrulub,  yel kimi əsib gedib
Kədər ayaq açandan sevincim küsüb gedib
Bircə qalıb ümüdim  O Allaha, Tanrıya
Özümü sərim günə bəlkə dərdim quruya
.
***
.
Şəklini şeyrimlə 
çəkəcəm hər gün
.
Elin pərən düşmən məsəli kimi
Dərdə sığal verən təsəlli kimi
Şəkərə bükülmüş fəsəli kimi
Özümü kədərə bükürəm hər gün
.
Qoydun ürəyimdə arzunu kamı
Sənsiz yoxa çıxdı ömrümün tamı
Qəlbimdə qurduğum xəyal dünyamı
Sənsiz uçururam, tikirəm hər gün
.
Səcdənə gəlirəm «qunut» əvəzi
Bitmirəm yolunda palıd əvəzi
Ömrümü bürüyən bulud əvəzi
Gözümdən yağışı tökürəm hər gün
.
Nərdin kəraməti, hökmü zərində
Bir vüsal boylanıb baxır dərində
Ürəyimin günəş tutan yerində
Ümüd toxumları əkirəm hər gün
.
Sancılıb köksümə sənsiz ox gülüm
Necə deyim ac sevgimə tox- gülüm
Kətanım yox gülüm, fırçam yox gülüm
Şəklini şerimlə çəkirəm hər gün
.
***
.
Şeir qatiləri
.
Hər gün
Boylu qələmlərindən
neçə-neşə şikəst serlər doğulur,
Hər gün neçə-neçə şikəst serlər
kitab adlı məhbəs vaqonlarla
kitab rəfi deyilən bölgələrə
sürgün olunur,
Hələ də, oxucu ürəyindən qovulmus
Qatil “şairciklər”
yeni dogum etmək üşün
yerlə göylə əlləşir,
Hələ də oxucu nəfəsi deyilən
“kislarod” çatışmamazlıgıydan
neşə-neçə şikəst seirlər
dünyasını dəyisir,
Günbəgün çoxalır
poeziya adli o cəngəllikdə
seir dograyan,
şeir kəsən,
Bəs haraya baxır
tənqid adlı
vicdan məhkəməsi görəsən!?
***
Səni görüm 
dağıl dünya
.
Döz deyirsən bəs, nə qədər?!
Görmədim heç səndən bəhər,
Kimlər üçün zəqqun-zəhər,
Kimlər üçün noğul dünya.
Səni görüm dağıl dünya.
.
Zalımlara verdin meydan,
Yer üzünü bürüyüb qan,
Bir əl saxla, bir az dayan,
Zəlil dünya çuğul dünya,
Səni görüm dağıl dünya.
.
Nadana dost məzluma yad,
Külə dönüb arzu murad,
Gədalara şirin həyat,
Aqillərə nağıl dünya,
Səni görüm dağıl dünya.
.
Əyyaş dönüb təmiz olub,
Şahzadələr kəniz olub,
Özün boyda dəniz olub,
Öz içində boğul dünya,
Səni görüm dağıl dünya.
.
Taxtın uçub dağılacaq,
Xanələrin sovulacaq,
Axır bir gün tapılacaq,
Sənə qənim oğul dünya,
Səni görüm dağıl dünya.
.
***
.
Gələn körpələrə
verib gedirik…
.
Elə sığal çəkdi başıma illər.
Bilmədim ömrümün harasındayam,
Onda ayıldım ki, dəyişib zaman,
Gördüm yaşlıların arasındayam.
.
Ümüd parça-parça arzular bezik,
Solan xatirələr məni səsləyir.
Dünən qucağımda böyütdüklərim,
Bu gün dizlərində körpə bəsləyir.
.
Bəzən hafizəmə acığım tutur,
Bəzən öz-özümü qınayıram mən.
Yanımdan şütüyən bu uşaqları,
Elə bil hardansa tanıyıram mən.
.
Bu baxış selində, nəzər selində,
Atını dördnala çapır gözlərim.
Bir körpə çağanın girib gözündən,
Ölən babasını tapır gözlərim.
.
Qucaqdan-qucağa “uçan” körpələr,
Uzaq xatirədən isim daşıyır,
Kimi nənəsinin baxışlarını,
Kimi babasının səsin daşıyır.
.
Neçə arzuları üzüb yerindən,
Neçə ümüdləri qopardı illər.
Alıb caynağına, alıb cənginə,
Məni də özüylə apardı illər.
.
Qoşulub qayğısız bu uşaqlara,
Zamandan öcümü almağım gəlir,
Yaşımın altından sıyrılıb, çıxıb,
Yenidən bir körpə olmağım gəlir.
.
Qüssədən xəbərsiz, qəmdən xəbərsiz
Bəzən nəşə ilə keçir ömrümüz.
Bəzən də kədərin bulaq gözündən
Süzüb doya-doya içir ömrümüz.
.
Bir gün də toxumtək düşüb torpağa,
Ruhu meyvə kimi dərib gedirik.
Bizi biz eyləyən nəyimiz varsa,
Gələn körpələrə verib gedirik…
.
***
Şəklini sinəmə
basıb gedirəm
.
(Vaxtsız dünyasını dəyişmiş
Seymura atasının dilindən)
Hey deyirdin nə təhərdi oralar,
Yolları da bizimkitək dardımı?!
Yamacların ətəkləri çəmənli,
Dağları da bizimkitək qardımı?!
.
Hey deyərdin apar məni yanına,
Daha halım dönüb, yamandı ata.
Burda mənim üçün dayanıb zaman,
Bura mənim üçün zindandı ata.
.
Hər dəfə sözlərin qaldı yarımçıq,
Hər dəfə -Bir az döz ay oğul- dedim,
Hər dəfə sən mənə- “Ölürəm ata”,
Hər dəfə mən sənə bir nağıl dedim.
.
Bir gün gözlərimə çökdü qaranlıq
Qəfil bir qara əl əydi qapımı.
Səni gözləyərkən, sənin yerinə,
O, “ölüm xəbər”in döydü qapımı.
.
Deyirdim;-”Zaman dar, gələ bilmirəm,
Mən sənin əlindən öldüm ay bala…”
Ölüm xəbərini eşidən kimi,
Bəs necə vaxt tapıb gəldim, ay bala?!
.
Getməmiş sinəmdən ata göynəyi,
Duz töküb yarama basdın ay oğlul
Qırıb son arzumu, ümüdlərimi
Məni də özünlə asdın ay oğul
.
Canım can deyilmiş, ölmədim bala,
Ürəyim ovcumda susub gedirəm,
Özünü apara bilmədim bala,
Şəklini sinəmə basıb gedirəm…

Yazıya 3653 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.