Vüsalə Qələndərli — Dünyanın ən uzun sürən səbəbsiz müharibəsi

11072476_1425878561041795_1776703612_n
Bu müharibə insanlar yarandığı gündən başlayıb, dünyanın sonuna kimi də davam edəcək. Bu davanı heç bir millətlər təşkilatı dayandıra bilməz. Elə də çox ordu gücünə malik olmayan iki şəxs arasında başlayan və sonuna qədər davam edən bu müharibənin adı- qaynana-gəlin müharibəsidi.
Görəsən niyə başladı bu müharibə? Axı hər bir qadın arzulayır ki, gəlin köçsün, bir ailənin gəlini olsun. Hər bir qaynana da arzu edir ki, oğlunu evləndirib gəlin, nəvə sahibi olsun. Bəs sonra nə baş verir?
Ana illərdir əziyyətlə böyütdüyü oğluna gəlin gətirir. Bir müddət keçmir ki, soyuq müharibə başlayır. Səbəblər isə ailə tərbiyəsindən və vəziyyətindən asılı olaraq müxtəlif olur. Gəlin qaynanasını anası gözündə görmək istəsə də bacarmır, qaynana da gəlnini qızı gözündə görə bilmir. Qaynana ailədə hökmranlığı əlində saxlamaq istəyir, gəlin də xanımlığını qorumağı, alçalmamağı, ona verilən qadın-kişi hüquq bərabərliyindən istifadə etməyi qarşısına məqsəd qoyur.
Dövlətin qadınlara verdiyi bu qədər geniş hüquqlar və azadlıqlar hər kişinin və qaynananın xoşuna gəlməyə bilir. Beləcə də başlayır döyüşün ilk atəşkəs pozuntuları. Atəşkəsi gəlin pozsa, cavab atəşi ilə susdurmaq asan olur. Çünki, oğul anasını müdafiə edəcək. Əgər qaynana atəşkəsi pozsa cavab atəşi güclü olmayacaq. Gəlin ona bata bilməyəcək. Çünki qaynanaın arxasında böyük qüvvələr, ər, qayın, və baldızlar durur. Gəlin də ya xarici dövlətlərə, atasına,qardaşına, polisə müraciət edə, ya da səsini udub, ailəsinin dağılmaması üçün susur. Bəs çarə nədir?
Bu müharibənin sülh danışıqları ilə həllinin tapılması mümkün olmayacaaqmı? Mən tam məsuliyyətimlə və həyat təcrübəmlə deyirəm ki, mümkündür. Bəlkə də insanlar o qədər eyni sözləri eşidiblər ki, o qədər qaynana-gəlin uyğunsuzluğunu eşidiblər ki, artıq beyinlərinə həkk ediblər və özünü tərbiyə ediblər ki, bu güya belədir, belə də olacaq. Qətiyyən belə deyil. Hər şey öz əlimizdədir. Əgər niyyətimiz pak və təmiz olarsa, mənzilimiz də gözəl və daimi olacaq.
Ailə kiçik bir dövlətdir. Bu dövlətin I hakimiyyəti ər, II hakimiyyəti arvaddırsa, qaynana-qaynata onları himayə edən xüssui bir orqan olmalıdır. Qaynana həmişə öz böyüklüyünü göstərməlidir. Çünki, özü də o gəlinin keçdiyi yolları keçib gəlib. O, istəsə gəlini gəlin edər, istəsə də dəli edər. Gəlin isə qaynanasını yad insan gözündə görməməlidir. Çünki ailə qurduğu şəxsin anasıdır. Ana sözünün isə heç bir müqayisəsi ola bilməz. Əri onun ömürlük həyat yoldaşı olacaqsa, ona yad deyilsə, qaynanası da həmişəlik ona döğma olmalıdır. Gəlin qaynanasını sadəcə ərinin anası olduğu üçün sevməməlidir. İçində ona qarşı xüsusi rəğbət bəsləməlidir.
Qaynana-gəlin haqqında nə qədər filmlər çəkilib, nəğmələr qoşulub. Azərbaycanın ən gözəl filmlərində biri olan “Qaynana” filmində də bu məsələyə toxunulub. Filmdən belə nəticə çıxarmzaq olar ki, pis olmasa yaxşının qədri bilinməz. Nəsibə nənəmiz əvvəl gəlnini bəyənməsə də, sonra təzə gəlinin tərs üzünü görəndə “Hardasan, ay Sevda”- deyərək bəyənmədiyi gəlnini ürək yanğısı ilə arzulayır. Deməli istəsəydi elə əvvəlcədən də mehriban dolana bilərdi. İnanın ki, bu dünyada nə pis qaynana yoxdur, nə də pis gəlin. Sadəcə anlaşılmamazlıqlar var ortada.
Əgər ilk savaş başlayan anlardan tərəflərdən biri od olanda o biri tərəf su olsa, bağışlamağı bacarsalar, sonda ümid işığı da görmək mümkündür.

Yazıya 1014 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.