Tomas VULF –Səhər erkənin sirki (hekayə)

Tomas-Wolfe-1024x653

XX yüzil dünya ədəbiyyatının ən nəhəng nümayəndələrindən olan Tomas Vulfun yaradıcılığı Azərbaycan oxucularına Afaq Məsudun tərcüməsində məşhur “Dünyanın hörümçək toru” romanı ilə tanışdır. Yazıçının kiçik həcmli əsərlərində də təkrarolunmaz üslub gözəlliyi, insan psixologiyasının dərinliklərinə bələdlik aydın duyulur.

***

Bəzənsə erkən payızda, sentyabrda şəhərə məşhur sirk truppaları -  Rinqlin, Robinson, Barnum, Beyli qardaşları – gəlirdilər; mən onda poçtalyon idim, şəhərə sirk gələn həmin gün hələ dan yeri ağarmamışdan, əvvəl olduğu kimi, soyuğu sümüyə işləyən qaranlıqda marşrutum üstündəki bütün evlərə dəlisayaq baş çəkirdim. Sonrasa evə cumur, qardaşımı yataqdan sürüyüb çıxarırdım.

Asta, həyəcanlı səslə danışa-danışa sentyabr yarpaqlarının xışıltısı altında cəld şəhərə geri qayıdırdıq, sərin küçələrsə, elə bil, qəfildən nəhəng Yeri yenidən açan günün dilsiz, sirli-sehirli ilk işıqlarında bozarırdı, yer zülmətin içindən qorxunc, əzəmətli, heykəlvari hərəkətsizliyilə peyda olurdu, insan da ona vəcdlə, heyrətlə nəzər salır, yəqin, yer üzündəki ilk adamlar torpağa elə o cür baxıblar, çünki bu, həmişə adamların öləndə xatırladıqları mənzərələrdən biridi.

Bir küncündə atamın yad, həm də tanış uçuq-sökük emalatxanasının zülmətdən qarabasma kimi peyda olmağa başladığı heykəlvari hərəkətsiz meydanda qardaşımla sirkin boşaldığı vağzala gedən lap birinci tramvaya minirdik. Bəzənsə tanışlarımızdan kimsə rast gəlib maşınında bizi ora aparırdı.

Vağzalın miskin, hisə bulaşmış, köhnə binasına çatanda tramvaydan, yaxud maşından düşüb, cəld yolla gedirdik – artıq burda parovozlardan çıxan odlu püskürtüləri, buxar yığınını görürdük, bir-birini qovan yük vaqonlarının qıcırtısını, taqqıltısını, manevr eləyən parovozların seyrək gurultusunu, stansiya zənginin cingiltisini, yanımızdan ötən böyük qatarların səsini eşidirdik.

Yolların, səyahətlərin, səhərlərin, bərq vuran şəhərlərin sevinc dolu öncəgörmələriylə dolu olan bütün bu tanış səslərə, qatarların bütün kəskin, həyəcanlandırıcı qoxularına – kül, boğucu tüstü, kiflənmiş, paslı yük vaqonlarının, yeşiklərin düzəldildiyi təmiz şam taxtalarının qoxusuna – kafelərin, anbarlardakı təzə ərzaqların, portağalların, narınginin, döş ətinin, papiros kötüyünün, un və mal ətinin qoxusuna – indi gələn sirkin bütün sehirli, tanış olan qəribə səsləri, qoxuları qarışırdı.

Əsas ifaçıların yaşayıb-yatdıqları gözəl, sapsarı vaqonlar hələ də tutqun, lap tərtəmiz idilər, yollarda uzun sırayla düzülmüşdülər. Hər yerdəsə onların ətrafında boşaldılan sirkin səsləri artıq qaranlığı əməlli-başlı doldurmuşdu. Arxada qalan gecənin ötüb-keçən zülmətinə şirlərin qəzəbli nəriltisi, iri tropik pişiklərinin qəfil bağırtısı, fillərin qulaqbatırıcı qışqırtısı, atların ayaq tappıltısı, cəngəllik sakinlərinin nəfəskəsən, tünd, naməlum qoxuları – sarımtıl qəhvəyi dəvə qoxusu, qaplan, zebr, pələng, fil və ayıların qoxuları -  qarışmışdı.

Sirk vaqonlarının böyrüylə uzanan yoldasa sirk əməkdaşlarının kəskin bağırtısı, söyüşü, qaranlıqda fənərlərin sehirli ritmik rəqsi vardı, sonrasa qəfildən yük vaqonlarından platformaya itələnən boşaldılmış furqonların, yerə atılan qayıqların bərk gurultusu eşidilirdi. Gecənin, başlayan günün həyəcanlandırıcı sehrinin hər yerində qarmaqarışıq, tələsik, amma eyni zamanda, nizamlı hərəkət duyulurdu.

Dörd-dörd, altı-altı qoşulmuş, iri, boz-poladı atlar ilxıçıların kobud bağırtıları altında zəncirlərini-yüyənlərini cingildədə-cingildədə tələsmədən yolun qalın, ağımtıl tozunun üstüylə addımlayırdılar. İlxıçılar onları yolun o biri tərəfindən axan çayda sulamağa aparırdılar, dan yerinin ilk şəfəqləri altında tanış çayda suya yavaş-yavaş, ehtiyatla girən fillərin, iri atların çırpınmasını görmək olardı.

Sirk üçün ayrılmış meydançadasa yuxudakı kimi, möcüzəli şəkildə sürətlə çadırlar dikəlirdi. Bütün ərazidə də (bura şəhərdə sirkin yerləşə biləcəyi yeganə kifayət qədər düz, iri meydançaydı; üstəlik də, stansiyaya yaxın idi) həmin coşğun, dəlisov, amma nizamlı qarmaqarışıqlıq hökm sürürdü. Qaz fənərlərinin parlaq işığı ağır çəkiclərlə – şövqlü pərçim çəkiclərilə – dirəkləri ahəngdar, dəqiq döyəcləyən, onları sürətləndirilmiş kinokadrlardakı kimi, ağlagəlməz tezliklə yerə mıxlayan sirk pəhləvanlarının yorğun sifətlərini işıqlandırırdı. Hava işıqlaşanda, Günəş çıxandasa bütün meydança sehr, nizam, parlaqlıq meydanına çevrilirdi. İlxıçılar qışqırır, öz heyvanlarıyla xüsusi dildə danışırdılar, benzinlə işləyən mühərrik fısıldayır, qarmaqarışıq səs çıxarırdı, sərəncamçılar bağırır, söyüşür, yerə vurulan dirəklər ağac səsi çıxarır, ağır zəncirlər cingildəyirdi.

Amma budur, geniş, təmizlənmiş meydançada, tapdalanmış tozlu torpağa tamaşanın göstəriləcəyi əsas çadırın dirəkləri vurulur. Meydançaya ağır-ağır yeriyə-yeriyə fil yaxınlaşır, boynuna oturmuş adamın əmrilə iri, yırğalanan başını aşağı əyirdi, qırışlı xortumunu bir-iki dəfə tərpədir, yerdəki sürətli yelkənli qayıqların dor  ağacı kimi uzun dirəyə dolayırdı. Sonra fil yavaş-yavaş geri çəkilir, nəhəng dirəyi kibrit qutusundan çop çıxaran kimi asanlıqla çıxarırdı.

Qardaşım da bunu görüb gülməkdən qəşş eləyir, yöndəmsiz barmaqlarıyla qabırğalarıma toxunurdu. Filin düzəltdiyi tamaşanı bərəlmiş gözlərilə seyr eləyən iki şəhərli qaradərili oğlansa öz meymunsayağı sifətlərini bir-birinə çevirir, çöməlir, eyni vaxtda əllərini dizlərinə çırpır, sonrasa sual-cavab oyunlarını başlayırdılar:

- Axı o, məzələnmir, hə?

- Yox, ser! Heç kəsin də arxasınca göndərmir.

- O: “Bir dəqiqə gözləyin” demir?

- Yox, ser! O deyir: “Haydı, haydı!”

- Həm də, o, tap-tapla gedir! – Oğlan deyir, fili yamsılayıb öz qara sifətini yerə əyirdi.

-O onu itələyir, – digəri deyir, elə bil, başıyla nəyisə itələyə-itələyə aşağı əyirdi.

- O “Ar-ram”  deyir, – biri deyirdi.

- O deyir: “Ağa, hazırdı! Qaydasındadı!” – Digəri cavab verirdi.

- Ha! Ha! Ha! Ha! Ha! – Onlar bağırır, özlərinin dərin gülüşlərindən boğulur, filin hərəkətini yamsılaya-yamsılaya, onun gücündən vəcdə gələ-gələ əllərini bərkdən dizlərinə şappıldadırdılar.

Həmin müddətdə artıq sirk yeməkxanasını – divarsız iri brezent talvarı – qurdular, biz də indi o talvarın altındakı dayaqlar üzərində qoyulmuş masalar arxasında artistlərin necə səhər yeməyi yediklərini görə bilərdik. Onların yedikləri, bizim güclü həyəcanımıza, heyvanların kəskin, amma saf qoxularına, sehrlə, gözəlliklə bərq vuran səhərin sevincinə, saflığına, sehrinə, sirkin gəlişinə qarışırdı, elə bil, həmin qoxu nə vaxtsa yediyimiz, yaxud haqqında nə vaxtsa eşitdiyimiz yer üzündə ən qıcıqlandırıcı, ən ləzzətli xörəkdən gəlirdi.

Biz sirk artistlərinin öz güclərindən-qüdrətlərindən həzz ala-ala bol səhər yeməklərini necə ləzzətlə aşırdıqlarını görə bilirdik: onlar aşpazın oyunbaz bacarığıyla havaya atdığı, ucaboy ofisiant qızınsa iri məcməyiləri hündürə qaldırıb, əzələli əlinin barmaqları üzərində inamla saxlaya-saxlaya masalara apardığı iri bifşteksləri, döymə donuz ətini, qızardılmış döş ətini, altı yumurtani,  qızardılmış iri mal ətini yeyirdilər. Təmiz, dadlı yeməyin bütün bu adamı  yerindən oynadan qoxuları üzərində də həmişə, elə bil, səhərin bu qüdrətli, həyəcanlandırıcı həyatına xüsusi məna, kəskinlik verən tünd, heyrətamiz ətir – buludların ağlagəlməz dərəcədə iri, gözəl qəhvədandan, artistlərin bir-birinin dalınca fincanlardan iri qurtumlarla içdikləri tünd qəhvənin ətri – asılıb qalırdı.

Sirk artistlərinin özləri, qadınlar-kişilərsə – tamaşanın «ulduzları» – qeyri-adi dərəcədə cazibədar, güclü, gözəl idilər, demək olar, ciddi ləyaqətlə danışır, hərəkət eləyirdilər, onların həyatı bizə çox gözəl, heyrətamiz gəlirdi. Hərəkətlərində heç vaxt həyasız, kobud, yaxud abırsız bir şey olmurdu, sirkdəki artist qadınlar ənlikli-kirşanlı küçə qadınlarına oxşamırdılar, kişilərlə də özlərini sırtıqcasına aparmırdılar.

Mənə daha çox elə gəlirdi ki, bu adamlar, təəccüblü şəkildə təkərlər üzərində abırlı həyat keçirən, tanımadıqları böyük-kiçik şəhərlərdə daim ciddiyyətlə həyat sürən, ailə həyatında abır-həyanı qoruyan icma yaratmağa nail olublar. Onların arasında cavan güclü kişi, heyrətamiz gözəlliyə malik, sarışın saçlı, möhkəm bədənli qadın, ciddi, etibarlı, qırışlı sifətli, dazbaş, tökmə atletik cüssəli kişi də vardı. Ola bilsin, onlar trapesiyada birgə işləyirdilər – cavan kişiylə qadın qübbənin altından yaşlı kişiyə doğru uçurdular, kişi onları tutur, var gücüylə geri, trapesiyanın ensiz tirinə doğru atırdı, onlar da yelləncəyi havada tutmalı, əlləri çatanacan  daha üç dəfə çevrilməli, təhlükəyə fikir vermədən insanın malik olduğu bütün gözəlliyi, çevikliyi, dəqiqliyi nümayiş etdirməliydilər.

Amma onlar brezent damın altına səhər yeməyi yemək üçün gələndə sirkin digər artistlərilə nəzakətlə söhbət eləyir, uzun masalardan birinin arxasında bir ailə kimi oturur, bol səhər yeməklərini ciddiyyətlə, diqqətlə, daha çox dinməzcə yeyirdilər, danışanda da sakit, təmkinli, az danışırdılar.

Qardaşımla mən də ovsunlanmış kimi, onlara baxırdıq: qardaşım bir müddət dazbaş kişiyə göz qoyur, sonrasa mənə sarı çevrilib pıçıldayırdı:

-B-bax, o da-a-azbaşı g-görürsən? O, tutucudu, – başı çıxan kimi deyirdi. – Hə, h-h-həmin b-bax, o, onları tutur. B-bunu ç-çox yaxşı b-bacarmalıdı. Bilirsən, əgər o-onları tutmasa, nə olar, hə? – qardaşım soruşurdu.

-Nə? – Sehirlənmiş kimi soruşdum.

Qardaşım barmaqlarını havada şaqqıldadırdı:

-Hər şey bitər! – cavab verirdi. – Onlar yıxılarlar. B-bəli, nə baş verdiyini anlayanacan canlarını tapşırarlar. Buna söz yoxdu! – Başını bərkdən yelləyib əlavə eləyirdi. – Bu f-f-faktdı! Əgər o, azacıq səhv eləsə, hər şey bitər! O adam öz işini bilməlidi, -  qardaşım deyirdi. – Bilirsən, – səsini alçaldıb dərin inamla davam eləyirdi, – əgər ona həftədə yetmiş beş, yaxud yüz dollar versəydilər, h-h-heç də t-təəccüblü olmazdı. Heç də təəccüblü deyil! – Qardaşım qətiyyətlə  səslənirdi.

Biz də yenidən heyrətli baxışlarımızı həmin yaraşıqlı, romantik adamlara dikirdik, onların həyatı bizim həyatımıza oxşayırdı, elə bilirdik, sirk artistlərini çoxdan tanıyır, sevirik. Sonra, lap işıqlaşanda, gün çıxanda həvəssiz halda sirk meydançasını tərk eləyir, evə  qayıdırdıq.

Amma, nədənsə, həmin gözəl səhər gördüyümüz, eşitdiyimiz hər şey barədə xatirələr, brezent dam altındakı heyrətamiz qoxulu xatirələr bizdə elə kəskin, yırtıcı aclıq doğururdu ki, artıq evə çatıb səhər yeməyi yeyəcəyimizi gözləyə bilmirdik. Şəhərin qəlyanaltıxanalarından birinə girir, piştaxtaların yanındakı hündür oturacaqlarda əyləşir, acgözlüklə mal ətinin, yumurtalı buterbrodların, qırmızı, ətirli, ləzzətli, isti bifştekslərin, qəhvənin, köpüklü südün, yağın üstünə düşürdük, sonrasa, masa arxasında bizə verilən hər şey yemək üçün evə gedirdik.

 

Tərcümə edən: Nəriman ƏBDÜLRƏHMANLI

mənbə: Aydın Yol qəzeti 

Yazıya 979 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.