Səməd QARAÇÖP — O olmasın, bu olsun

səmədqaraıöp1712448058972_174478171_n

Mən xoşbaxtam ki, dünyanın Azərbaycan kimi xoşbaxt bir ölkəsində doğuldum. Amma bundan da xoşbaxt olardım ki, Azərbaycandan da xoşbaxt bir ölkədə doğulaydım – məsələn, Quzey Koreyada. Cavanlığım düppədüz ata Kim Çen İrin, qocalığımsa oğul Kim Çen Inın vaxtına düşərdi.

Bu xoşbaxt ailə bu xoşbaxt ölkənin baxtına düşən ən böyük ilahi sərvətdi. Xoşbaxt ölkələrdə xoşbaxtlıq irsidi və irsən xoşbaxt atadan xoşbaxt oğula keçir. Oğul da bu xoşbaxtlığı daha da inkişaf elətdirib analoqu olmayan dərəcəyə çatdırır – Kim Çen In kimi.

Əgər baxtıma Quzey Koreyada doğulmaq xoşbaxtlığı düşsəydi, ata Kim Çen İrin vaxtında Quzey Koreya xalqının xoşbaxt üzünü, oğul Kim Çen Inın vaxtında ondan da xoşbaxt üzünü öz gözlərimnən görər, rəhmətlik Kim Çen İr dünyadan köçəndə göydə quşların necə ağladığına – ağlaya-ağlaya mən də baxardım.

Əgər Quzey Koreyada doğulsaydım, üzümə bundan da xoşbaxt qapılar açılar, qarşımda bundan da saysız-hesabsız iş yerləri açılardı. Bir söz, burda yaşadığım bu şairanə həyatın orda daha şairanəsini yaşayardım.
Amma mən Quzey Koreyada yox, quzey Azərbaycanda doğuldum və bundan heç də peşman deyiləm. Belə ki, ata-oğul orda da var, burda da var. Göydə quşlar, yerdə daşlar (daş heykəllər) orda da var, burda da var. Adamlar orda da xoşbaxtlıqdan ağlaşır, burda da xoşbaxtlıqdan ağlaşır.

Nə olsun ki, orda doğulmadım, burda doğuldum. O olmasın, bu olsun.

Yazıya 757 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.