Şamo Arif — Atamın ən böyük arzusu müəllim olmaq idi

 

Xalq yazıçısı Süleyman Rəhimovun oğlu Şamo Arifin atası ilə bağlı xatirələri

Böyük söz ustası, qüdrətli nasir və görkəmli ictimai xadim Süleyman Rəhimov haqqında yazı hazırlamaq mənim üçün nə qədər çətin idisə, bir o qədər də məsuliyyətli idi.  Xəyalımda yazıçının cild-cild kitabları vərəqləndi: “Şamo”, “Saçlı”, “Ağbulaq dağlarında”, “Mehman”, “Məhtab8388AA0B-F153-40F3-A543-3483E5976974_mw1024_n_san”, “Ötən günlər dəftərindən”, “Ana abidəsi”, “Qafqaz qartalı”… Hər əsəri də bir ömür dünyası… Öncə sevimli
müəllimim, yazıçı, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin yazıçı barədə dediklərini xatırladım: “Bizdə sovet ədibləri nəslində Süleyman qədər zəngin həyat materialına, qüvvətli ənənəyə bağlı olan ikinci bir şəxsiyyət tapmaq çətindir. Bu, ədib üçün böyük xoşbəxtlikdir…”. Sonra da Səməd Vurğunun dostu haqqında dediyi sözlər yadıma düşdü: “Süleyman Rəhimov Azərbaycan nəsrinin uzaqvuran ağır artilleriyasıdır. Süleyman Rəhimov sənətin böyük ağırlığını öz bahadır çiyinlərində qaldıran bir sənətkardır. Onun sinəsində xalqın ürəyi döyünür”… Ürəyimdə qüdrətli yazıçı haqqında deyilən sözləri götür-qoy edirdim ki, iş otağımın qapısı döyüldü. Gələn bir-iki gün əvvəl vədələşdiyim xalq yazıçısı Süleyman Rəhimovun oğlu, ARDNŞ-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Arif Rəhimli – Şamo Arif idi. Biz köhnə tanışlar kimi görüşdük. Arif müəllim özüylə gətirdiyi “Dədə Süleyman dünyası” xatirələr toplusunu və “Qınamayın məni…” adlı romanını mənə hədiyyə etdi, atasının müxtəlif illərdə, müxtəlif yerlərdə çəkilmiş şəkillərini də verdi… Tanınmış yazıçı, alim Şamo Arif Azərbaycan oxucusuna roman, povest və publisistik məqalələri ilə yaxşı tanışdır. Onun atası haqqında danışdığı unudulmaz xatirələri oxucularımızın da nəzərinə çatdırmaq istəyirik.

 

Ailədə altı uşaq olmuşuq. Dörd qardaş – Oqtay, Şamo, mən, Aqil və iki bacı – Şəfiqə, Rəfiqə…

Bildiyiniz kimi, atam 1900-cü ildə, Novruz bayramı günlərində – martın 22-də Zəngəzur əyalətinin, Qubadlı rayonunun füsunkar Əyin kəndində dünyaya gəlib. Uşaqlıq və gəncliyi doğma kəndində, təbiətin saf ağuşunda keçib. Atam deyirdi:

- Mən atamın, qohum-əqrəbanın arzu etdiyi kimi “uçtel” – müəllim oldum. Bu, həm də mənim böyük arzumdu. Hətta ilk dəfə sinfə girəndə gözlərim yaşardı. Qubadlıdakı ikisinifli beşillik rus məktəbində oxuyanda gözəl bir müəllimimiz vardı – Həsən bəy Sultanov. Onu tanıdığım gündən müəllim olmaq istəyi bütün varlığıma hakim kəsildi. Müəllimlik müqəddəslikdir, gözəllikdir! Mən o günləri həsrətlə xatırlayıram. Odlu-alovlu gəncliyimi müəllimliklə başladım…

1923-24-cü illərdə Laçının dağlı-daşlı Hoçaz kəndində məktəb müdiri işləyib. Olduqca geridə qalmış Hoçazda adamlar yeraltı oyuqlarda, kahalarda yaşayırdılar. Məktəb adına nə bina, nə kitab, nə dəftər vardı…

Atam 1924-cü ildə həmin rayonun Qoturlu dairə sovetinin sədri işləyir. Elə o vaxtdan da millətçi ziyalı kimi DTK  orqanlarının nəzarətinə düşür.

1928-ci ildə Bakı Dövlət Universitetində təhsil alıb və ailəsini dolandırmaq üçün işləmək məcburiyyətində qalıb. 1931-ci ildə universiteti bitirib Şuşa Pedaqoji Məktəbinə direktor təyin edilir. Az sonra isə Samux, Şahbuz və Şərur rayonlarında raykomun I katibi vəzifəsində çalışsa da, dövrün amansız repressiyasından xilas ola bilmir. Daim nəzarətdə olan Süleyman  müəllim 1937-ci ildə həbs edilir, Rəhimli və Rəhimzadə soyadlı qovluqlar şişir. Lakin  sarsılmaz iradəli insan amansız işgəncələrə baxmayaraq, ona qarşı irəli sürülən ittihamları, böhtanları rədd edir, heç kəs haqqında yalan ifadə vermir. Beş aylıq əzab-əziyyətdən sonra birbaşa üzünə duran məhbus Süleyman Rəhimliyə böhtan atdığını etiraf etdikdən sonra onu azad edirlər. Bundan sonra Bakıda yaşayan atam yüksək vəzifələrdə çalışsa da, yenə də təqiblərdən qurtara bilmir. 1955-ci ilə qədər bu proses davam edir, ona qarşı 8 dəfə istintaq işi açılır…

Anası və bacısı erməni fitnəkarlığının qurbanı olub

Atam danışırdı ki, murdar ermənilər bizimlə qonşu olan Zeyvə kəndində yaşayırdılar. Təxminən 1917-20-ci illər idi. Bir gün erməni quldurlarının başçısı, qaniçən  Nijdenin  rəhbərliyi  ilə Əyin kəndinə hücum edilir. Silahsız kənd camaatı qaçıb Qubadlıya sığınır. Həmin qaça-qaç vaxtı atam Hüseyn kişi  anam Gülsabahdan soruşur ki, bəs Səriyyə hanı? O da ağlaya-ağlaya cavab verdi ki, uşaq qucağımdan düşdü, gecə qaranlığında nə qədər axtardımsa körpəni tapa bilmədim. Atam bu sözləri eşidəndə az qala dəli olur. Deyir ki, ermənilər məni öldürsələr də körpə balamı mütləq tapmalıyam. Bunu deyib, Hüseyn kişi özünü vurdu meşəliyə. Atamın “Səriyyə! Səriyyə!”- deyə qışqırtısı bütün meşəni başına götürür… Amma körpə balasını tapa bilmir ki, bilmir… Anamın da ah-naləsi yerə-göyə sığmır. O da elə “bala” deyə-deyə Qubadlıda vəfat edir. Bax, beləcə körpə bacım Səriyyə də, anam Gülsabah da erməni fitnəkarlarının qurbanı oldu…

Atam onu da deyirdi ki, o qaniçən Nijdenin dəstəsi geri çəkiləndən sonra camaat yenidən Əyin kəndinə qayıdır…

Bizim evdə kimlər olmayıb…

72Evimiz həmişə qonaq-qaralı, süfrəmiz bol nemətli olub. Süleyman Rəhimovun qapısı hamının üzünə açıq olub. Anam Zərqələmin bişirdiyi dadlı xörəkləri dadanlar bir də qonağımız olmaq istəyib. Daimi qonaqlarımız isə Mir Cəlal Paşayev, Səməd Vurğun, Mirzə İbrahimov, Süleyman Rüstəm, Məmməd Rahim, Həmid Araslı və başqaları olub.

Səməd əmi tez-tez bizə gələrdi, həmişə də evimizlə üz-üzə olan çörək dükanından  çörək  alıb  əlidolu  qonağımız olurdu. Anam da hər dəfə soruşanda “Ay Səməd qağa, bu nədir, niyə belə edirsən?” Cavab verərdi ki, “ay Zərqələm bacı, əliboş gəlmək istəmirəm, çörəyi üzümə tutub gəlirəmE” Anam da bu səmimiyyətə təbəssümlə cavab verib, “Xoş gəlmisən, elə Süleymanın da sənsiz boğazından çörək keçmir…” deyərdi.

Yadıma atamın dostu, sirdaşı olan Səməd Vurğunun dəfn mərasimində dağlana-dağlana, yana-yana dedikləri düşdü: “Neçə gündür Səməd Vurğun öz şahin gözlərini yumub. Neçə gündür ki, şanlı Bakı əbədi yuxuya gedən xalq şairinə öz köksündə kədərlə layla çalır. Neçə gündür ki, ara verməyən xalq axını dərin bir nəhr kimi şairin cənazəsi qarşısından burula-burula axır…

Əlvida Səməd!

Əlvida, bizim ürəyimizdə, hər ailədə, hər evdə, hər kaşanədə, hər komada, hər sazda-simdə, nəğmədə yaşayan, min illər boyu yaşayacaq dostumuz!

Əlvida,  bizim xalqın bahadır şairi!..”

Bu kədərli notlardan sonra onu da deyim ki,  bizim evdə türk xalqının böyük yazıçısı Əziz Nesin də olub. O, atamın qalaq-qalaq əlyazmalarına baxaraq deyib ki, Süleyman müəllim, sizin başqa yazıçıları oxumağa vaxtınız heç qalmaz ki…

Övlad borcu, yaxud atamın “Gündəlik” yazısından

Övlad borcu əbədidir. Mənə elə gəlir ki, Yer üzündə bu müqəddəs borcdan layiqincə çıxan olmayıb. Ata-anaların məkrli oyunlara salındıqlarını Tanrıdan savayı heç kəs bilməz. Ata-analar da çəkdikləri məşəqqətləri övladlarına yük eləməməkdən ötrü özlərilə əbədiyyət dünyasına aparırlar. Hər necə olsa da, övlad borcu – bir millət borcu kimi hamımızın boynunda çox ağır, həm də çox şərəfli bir yük kimi qalmağındadır. Aydınlıq, halallıq, ədalət naminə belə olmalıdır. Hərgah, övlad bu məsuliyyətli borcun öhdəsindən gələ bilmirsə, millət, övladlıq borcunu yerinə yetirməlidir – millət qeyrət ilə millət olur…

Mən də hələlik varamsa, bir övlad kimi bu millət borcunun bəzi məqamlarına aydınlıq gətirməyi özümə şərəf sanıram…

Mənəvi saflığı, iradəsi, dözümü, mərdliyi, kişiliyi ilə şərəflə repressiyadan qurtulan Süleyman Rəhimovun istintaq işini KQB-nin arxivində günlərlə vərəqlədikcə, qeydlər etdikcə, bu insanın nələr çəkdiyindən xəbər tutduqca sarsılırdım, boğulurdum. Bir küncə qısılıb heç kəs görməsin, eşitməsin  deyə hönkür-hönkür ağlamaq istəyirdim. Ömür boyu bütün hadisələri, təqibləri, təzyiqləri ailəsinə bildirmədən yalnız öz varlığında gəzdirən qüdrətli şəxsiyyətin yanında necə də balaca uşaq olduğumu hiss elədim və tarixi həqiqətlərin, nə qədər ağır olsa da, ictimaiyyətə çatdırılmasını özümə borc və şərəf bildim. Bu barədə “Dədə Süleyman dünyası” adlı xatirələr toplusunda əhatəli məlumatlar verilib.

Arxiv sənədləri əsasında atama qara yaxanların etirafları aydın şəkildə öz əksini tapıb… Atam isə hələ 1965-ci ildə “Gündəlik” adında xatirə yazıb qoyub. Həmin gündəlikdən kiçik bir nümunəni diqqətinizə çatdırıram: “Gəlin, şərəfliləri şərəfli, şərəfsizləri də şərəfsiz göstərək! Gəlin, ədalət qarşısında dayanaq! Mən də Azərbaycan xalqının ağsaçlı övladıyam… Mənim vüqarıma əl qaldıran, ağ saçlarımı ləkələmək cəhdində bulunan hər kəsi, mən, ədalət divanına tapşırıram! Mən hər zaman Azərbaycan xalqının açıq məhkəməsinə hazıram! Bu gün sağ ikən də hazıram, sabah məzarda yatanda da bu xalq məhkəməsindən mənən qaçmıram!”.

Bəli, ucalıqlarda yaşayanlar xalqın pak, qənirsiz şəxsiyyətləridir! Bu şəxsiyyətlərdən Dədə Süleyman da, ucalıq ulduzunun yalnız özünəməxsus, heç kəsə bənzəməyən parlaqlığında yaşayacaq. Belə ucalıqlar əlçatmazlıqdadır…

Necə oldu ki, Şamo Arif adını götürdüm?

1965-ci ilin iyulunda ailəmizdə ağır bir faciə baş verdi. Böyük qardaşım Şamo 34 yaşında qəflətən vəfat etdi. 1948-ci ildə orta məktəbi qızıl medalla, 1953-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirən Şamo hələ  gənc yaşlarından dünya şöhrətli seysmoloq kimi tanınıb. O, həmçinin incə qəlbli şair idi:  

Ayrılıq nə vaxtdandır oxuyur nəğməsini,

Bir yaxın gəl sevgilim, bil ki, zamandır artıq,

Çoxdandır eşitsəm də onun qorxunc səsini

Düzü, bilməzdim belə yaxındadır ayrılıq. 

Sanki o, ölümünün uzaq olmadığını duymuşdu. Şamo “Nizami” adlı dram, “Cahanşah” adlı poema da yazmışdı. Onu da deyim ki, o faciəli gündən bir gün əvvəl Moskvadan Şebalin adlı bir alim evimizin qonağı oldu. Birlikdə şam yeməyi etdilər. Sabahısı qardaşım dünyasını dəyişdi. Bu müəmmalı, amansız ölüm dağ vüqarlı atamı yaman sarsıtdı. O dəhşətli günləri görkəmli tənqidçi, yazıçı Qulu Xəlili belə yazır: “Dəfn zamanı Süleyman müəllim qollarından yapışanları özündən araladı. Qəfildən əlini gursaçlı başına atdı, oradan bir çəngə tük qoparıb dedi: “Xalqım, siz ki, mənim övladımı belə böyük məhəbbətlə, hörmətlə bu uzun, ağır yolu çiyninizdə gətirib torpağa tapşırdınız, çox sağ olun! Mən bu ağ saçlarımı sizin ayaqlarınızın altına atıram. Sizin qədəmlərinizi bu qoca vaxtımda öpürəm, üzümü sizin ayaqlarınızın tozuna sürtürəm”…

Bəli, Şamo bütün ömrünü elmə həsr etdi. Həm də qənaət etmədən, çətinliklərdən qorxmadan! Sanki buna görə də tədqiq etdiyi zəlzələ-fəlakət qəzəblənib bir anın içərisində onu yandırıb külə döndərdi. Şamo meteor kimi tez yanıb, tez də söndü. Amma çox təəssüf ki, yaratdığından qat-qat çoxunu özüylə apardı…

Bir müddət sonra atamla anama yaxınlaşıb qardaşımın adını yaşatmaqdan ötrü xeyir-dualarını aldım və adımın qarşısına Şamo adını qəbul edib, Şamo Arif oldum.

O vaxtlar atam da deyirdi: “Mən bu sarsıntılar içində özüm üçün “Şamo vaxtı” təyin etmişəm. Müəyyən vaxt ərzində öz əvəzimə işlədiyim kimi, yaşla, səhhətlə hesablaşmadan “Şamo vaxtı”nı da işləyirəm. “Şamo vaxtı” mənim ən əziz vaxtımdır…”.

Əbəs yerə deməyiblər ki, dağın dağ dərdi olur…

Atama Sosialist Əməyi Qəhrəmanı adını Heydər Əliyev təqdim edib

1969-cu ili – Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yüksəlişi günlərini yaxşı xatırlayıram. Heç də təsadüfi deyildi ki, ölkə rəhbəri ilk günlərdəcə ziyalılarımızdan ilk olaraq, “təhlükəli millətçi” kimi Sovet imperiyasının nəzarətində olan Azərbaycan yazıçısı ilə görüşməyi, dərdləşməyi lazım bilir. Bu görüşdən məmnun qayıdan Süleyman müəllim xoş təəssüratlarını bizimlə bölüşdü.

Beləliklə, az sonra o dövrün heç bir respublika rəhbərinin cəsarət etmədiyi ümumxalq lideri ilk olaraq 1970-ci ildə yazıçını Sosialist Əməyi Qəhrəmanı adına təqdim etdi. Daim imperiyanın qara siyahısında olan insanı ən yüksək fəxri ada təqdim etmək, imperiyaya da meydan oxumaq demək idi!..

Dünya görmüş yazıçının sinəsində parlayan ulduzu – “Bu, Heydər ulduzudur!” – deyə müdrikliklə qiymətləndirməsinin sirri də çoxlarına bəlli olmayan hadisələrlə birbaşa bağlı idi.

Onun təbiətində incə bir yumor da vardı

Atamın zarafatları çox duzlu idi. Atmacaları həmişə sərrast olardı. Onun ikicə kəlməsindən başa düşürdün ki, hansı simə toxunur. Onu da deyim ki, həqiqətə hopmuş bu atmacalar həmişə bir təbəssüm ilə müşayiət olunurdu.

Xalq yazıçısı Qılman İlkin Süleyman Rəhimovu xatırlayaraq danışırdı ki, bir dəfə Süleyman müəllimlə tərcüməçi Elxan İbrahimov küçəni keçəndə Elxana baxıb təbəssümlə deyir:

- Elxan, sən mənimlə yanaşı heç vaxt dayanma.

Elxan təəccüblə sual edir:

- Niyə, ay  Süleyman müəllim?

- Çünki mənim yanımda olanda bu b

alaca boyun daha da balaca görünür.

Bu zarafatdan Elxanın simasını bir təbəssüm çalır:

- Bəs, necə bilirsiniz, Süleyman müəllim? Sizin kimi dağ cüssəli bir kişinin dərdini, yükünü çəkən adamın boyu necə də kiçik qalmasın?!

Süleyman bir anlıq fikrə dalır:

- Yox, balam, boyun kiçik olsa da, hünərin böyükmüş, – deyə Elxanla zarafat eləsə də, könlünü alır…

Atamın vəsiyyəti

Atamın dünya şöhrətli, otuz dörd yaşlı balasının bu müəmmalı şəraitdə dünyasını dəyişdiyi vaxtlarda onun sarsıntılar içində çabaladığını yazmaq qeyri-mümkündür. Ancaq oğul itkisindən sonra Süleyman kişinin “Mənim vəsiyyətim” yazısını bir daha ictimaiyyətə çatdırmaqla nələr çəkdiyini çox kiçik bir hissəsinin üzərinə aydınlıq gətirmək istəyirəm…

“Mənim vəsiyyətim.

Mən öləndə, məni ancaq öz evimdən götürün. Mənim cənazəmi heç bir yanda qoymayın, heç bir fəxri, ya qeyri-fəxri keşikçi düzəltməyin. Məni heç bir gül-çiçəklə, musiqi sədalarıyla yola salmayın! Mənim ölümüm haqqında heç bir qəzetdə heç bir bildiriş verməyin! Mənim üstümdə dostlarım sükutla dayansınlar.

Mənim üstümdə heç bir matəm mərasimi düzəltməyin!

Hər halda öldüm, məni heç yanda yox, ancaq və ancaq mənim bəlama düşən Şamilin – Şamonun şimal tərəfində, çəpinə, üzü Şamilə tərəf dəfn edin. Mənim qibləgahım oğlum olsun! Mənim səcdəgahım oğlum olsun! Mənim “Fəxri xiyabanım” oğlumun yanı olsun! Qoy, qəbiristanlığın bir tərəfində “Oğul-Ata” məqbərəsi dayansın. Bu özü də bizim faciəmizdən xəbər verər, çox təqib-təhqirlər açıb aləmə, xalqımıza deyər… Mənim qəbrimin üstündə heç bir mərmərdən, bürüncdən, tuncdan nişangah qoymayın!

Mənim qəbrimin üstünə yalnız bütöv bir sal daş – sinə daşı qoyun. Burada belə yazın:

Süleyman Hüseyn oğlu Rəhimov,

Təvəllüdü – 22 mart 1900-cü il,

vəfatı – …

***

Millətçi Süleyman Rəhimovun necə təqiblərə məruz qaldığına bir daha aydınlıq gətirmək üçün xalq şairi, ömrünün ixtiyar yaşında Nəbi Xəzri etirafına müraciət etməyi də lazım bildim:

“Allah şeytana – imperiya şeytanına lənət eləsin!..

Dədə Süleyman, mənim bu qeydlərimi, istəsəniz, böyük sənətkara, böyük şəxsiyyətə olan solmaz məhəbbətimin etirafı kimi qəbul edin! İstəsəniz ani olaraq fitvalara uyan, şəxsən Sizə qarşı haqsızlığa yol verən bir övladın günah və qəbahətinin etirafı kimi qəbul edin. Hamımızın hardasa, nə vaxtsa səhvimizmi, qəbahətimizmi olur… Bağışlayın, Dədə Süleyman, bağışlayın bizi. Bağışlayın Sizə qarşı olan haqsız dünyamızı…

Bağışlayın, Dədə Süleyman, əsrimizi, dünyamızı bağışlayın…

***

Biz Süleyman Rəhimov dünyasına alim, yazıçı Şamo Arifin danışdığı xatirələrə müdaxilə etmədən nail olsaq da, yazını elə Süleyman Rəhimovun tarixi sözləri ilə də bitiririk: “Hamı bilsin. Lazım gəlsə, mən tərəddüd etmədən sinəmi yararam. Öz əllərimlə ürəyimi qoparıb xalqımın ayaqları altına ataram, təki xalqımın ayaqlarını daş-kəsək əzməsin”.

Bəli, “Dünyanın nəhəng çaylarını üstümdən axıtsalar, yenə mən lil altında qalmaram” – deyən belə vüqarlı, dəyanətli bir kişiydi Dədə Süleyman!

Allah Sizə qəni-qəni rəhmət eləsin, Dədə Süleyman! 

 

Hazırladı: Ədalət DAŞDƏMİRLİ

Yazıya 1371 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.