ETİBAR KƏRİMLİ–MÜHAFİZƏKARLIQ: ƏNƏNƏVİ DÜŞÜNCƏ TƏRZİNİN İFLASI, YOXSA TRANSFORMASİYASI?

10659392_704671189621246_3453120632985093044_n

“Ayrıca götürülmüş insan şüuru məhduddur və daha yaxşı olardı ki, fərd xalqların əsrlər boyu topladığı ümumi bankdan və kapitaldan istifadə etsin”.

E. Berk.
1789-cu il Fransa Burjua İnqilabını kəskin tənqid edən məşhur pamfleti ilə Qərb ictimai-siyasi fikir tarixində mühafizəkarlıq ideologiyasının əsasını qoymuş məşhur ingilis (irland) maarifçisi və siyasi xadimi Edmund Berk (1729-1797) əslində yalnız ideologiya deyil, eyni zamanda cəmiyyət daxilində mövcud problemlərə baxış tərzini, düşüncə üslubunu yaratdığının fərqindəydi, sanırıq. Belə ki, XVIII əsrin sonu, XIX əsrin əvvəllərində fransız ensiklopediyaçı-filosoflarının liberal düşüncə tərzinə alternativ kimi meydana gəlmiş, sonralar isə sosializm, bir çox hallarda demokratiya ideyalarını da qarşısına alan mühafizəkarlar (S. Kolric, A. Tokvil, A. Müller və b.) təhlilə cəlb etdikləri bütün məsələlərə özlərinin spesifik yanaşmasını sərgiləyir, fərqli mövqelər, arqumentlər, bunun ardınca da çıxış yolları təqdim edirdilər. Nədən ibarət idi bu fərqli düşüncə tərzi? Əslində, yeni heç nə yox idi desək, o qədər də yanılmarıq. Mühafizəkarlığı əsrlərdən bəri oturuşmuş həyat normalarının qorunub saxlanmasını, köhnə mənəvi, dini adət-ənənələrə, əcdadların düşüncə tərzinə hörməti, cəmiyyətdə artıq formalaşmış sosial institutların, dəyərlər sisteminin inqilabi yolla, radikal şəkildə dəyişdirilməsinə nifrəti özündə əks etdirən ənənəviçiliyin nəzəri-ideoloji əsaslandırılması da adlandırmaq mümkündür. Mühafizəkar düşüncə tərzi özünün İnsan və Cəmiyyət Modelini yaratmışdı:

-insan ilk növbədə dini inanclara malik varlıqdır və din vətəndaş cəmiyyətinin əsasının təşkil edir;

-cəmiyyət və dövlət minilliklərdən keçib gələn tarixi inkişaf yolunun məhsuludur, onun müxtəif institutları və orqanları özündə əcdadlarımızın intellektini daşıyır;

-insan hisslərdən və ağıldan təşkil olunmuş varlıq kimi abstrakt, süni yaradılmış nəzəriyyələrlə, çox zaman qüsurlu yazılmış qanun-qaydalarla deyil, adət-ənənələrlə, təcrübə və artıq formalaşmış düşüncə tərzi ilə daha asan idarə olunur;

-pisliklər ictimai institutlarda deyil, insanın öz təbiətindədir, cəmiyyət və dövlət insanı öz-özündən qoruma formasıdır və ona görə  onlar insandan, onun maraqlarından yüksəkdə durur;

-insanlar öz fiziki, intellektual və mənəvi imkanları etibarilə bərabər olmadıqları üçün cəmiyyət içində iyerarxiya, bir qrupun digəri üzərində hakimiyyəti qaçılmazdır;

-mövcud ictimai quruluşu qoruyub-saxlamaq lazımdır, belə ki, bir ədalətsizliyi aradan qaldırmaq cəhdi adətən digər, daha böyük ədalətsizliyin meydana gəlməsinə səbəb olur ki, bu prinsip özü-özlüyündə dəyişiklikləri bütünlükdə inkar etmək mənasına gəlmir.

Mühafizəkarlığın bu əsas prinsipləri sonrakı tarixi inkişaf prosesində müyyən dəyişikliklərə uğrasa da, həmişə özəyini qoruyub saxlamağa müvəffəq olmuşdur. Belə ki, XIX əsrin sonları, XX əsrin əvvəllərində solçu ideologiyaların görünməmiş inkişafı əvvəlcə liberalizmin, sonra isə mühafizəkarlığın sıxışdırması ilə nəticələndi. Lakin 1930-40-cı illərdə sosializm ideyalarının bəşəriyyətə vurduğu ağır yaralar (İstər Hitler Almaniyasında, istərsə də Stalin Sovetlərində) insan düşüncəsini yenidən liberal və mühafizəkar düşüncə tərzinə qayıtmağa vadar etdi. Bu zamanlar liberalizm dünya iqtisadiyyatının keçirdiyi böhrandan lazımlı dərsləri alaraq, bazar iqtisadiyyatında dövlətin rolunun artması, insanların sosial həyatı ilə bağlı bir sıra funksiyaların dövlətə verilməsi mövqeyi ilə çıxış edirdi. Mühafizəkarlıq isə 2-ci dünya müharibəsindən sonra yaşadığı müvəqqəti tənəzzüldən sonra 1970-80-cı illərdə yeni mühafizəkarlıqla (neokonservatizm) yenidən diqqət mərkəzinə gəldi. O da artıq bazar iqtisadiyyatına dövlətin müdaxiləsini qəbul edir, həmin dövrdə aktual olan bir sıra çağırışlara yeni baxışlar sərgiləyirdi. Qərb ölkələrində mühafizəkar ideoligiyanın əsas daşıyıcıları olan siyası partiyalar – ABŞ-da Respublikaçılar, B. Britaniyada isə Mühafizəkarlar məhz bu dövrdə hakimiyyətə gələrək, ölkələrinin ictimai-siyasi, iqtisadi həyatında, eləcə də dünyanın siyasi arenasında bir sıra mühüm dəyişikliklərə start verdilər. Soyuq müharibənin başa çatması, İkiqütblü dünya düzəninin dağılması, bir çox xalqların əsrlərdən bəri arzuladıqları azadlıqlarına qovuşmaları məhz bu mühafizəkar partiya liderlərinin (ABŞ-da R. Reyqan, İngiltərədə M. Tetçer) gərgin əməyi nəticəsində baş verdi.

Müasir dövrdə mühafizəkarlıq klassık liberalizmin insan hüquq və azadlıqlarına verdiyi böyük önəmi özünün əxlaq, ailə, din, cəmiyyət və dövlət maraqları kimi dəyərləri ilə sintez etməyə çalışır. Sosializm ideyalarının baş qaldırması təhlükəsi altında mühafizəkarlıq və liberalizm demək olar ki, qaynayıb-qarışmışdır. Bəs Azərbaycanda bu proses necə gedir? İlk baxışdan belə görünə bilər ki, ölkəmizdə neçə yüzilliklərdən bəri geniş yayılmış mühafizəkar düşüncə tərzi özünün tənəzzül dövrünü yaşayır. Hətta bəziləri bunu iflas da adlandırırlar. Bazar iqtisadiyyatına dövlət institutlarının gərəkəndən çox müdaxiləsi, vətəndaş cəmiyyətində getdikcə artmaqda olan ifrat sol və sağ təmayüllər, müxtəlif radikal, ateist, feminist, qeyri-ənənəvi seks tərəfdaları qruplarının artması və s. bu günkü həyatımızın real gerçəklikləridir. Milli-mənəvi dəyərlər, qorunub-saxlanmalı adət-ənənələr getdikcə daha çox aşınmaqdadır. Cəmiyyətdə baş verən hansısa əxlaqsız, mənəviyyatsız hərəkət, yaxud hərəkəti yol vermiş insan deyil, onlara qarşı birmənalı mənfi fikir səsləndirənlər qınaq obyektinə çevrilirlər. Möhkəm ailə, inanclı insan, yalansız yaşayan ədalətli cəmiyyət tərəfdaları ictimai yerlərdə, KİV-də, Sosial şəbəkələrdə öz fikirlərini bildirərkən yüz dəfə ölçüb-biçməlidirlər ki, ən müxtəlif istiqamətlərdən hücumlara məruz qalmasınlar. Xüsusilə qısa ətək geyən, gecə 11-12-dən sonra da şəhərin küçələrindən çəkilməyən, restoran və barların daimi müştərilərinə çevrilən qızlarımıza gözün üstə qaşın var demək son zamanlar ümumiyyətlə müşkülə çevrilib. Mədəni, səliqəli, zövqlü, intellektual kişi tipi haqqında danışarkən daha çox seksual təmayülünü, bir çox hallarda isə onunla birlikdə cinsini də dəyişmiş oğlanlardan danışırlar nədənsə. Yeni qurulmuş ailələrdə ərlə arvad arasında liderlik uğrunda evliliyin ilk günlərindən başlayan mübarizə məhkəmələrdə bitir. Ata-qaynata sözü, ana-qaynana nəsihəti milçək vızıltısı tək yalnız ürək bulandırır. İnsanlar şəxsi, merkantil maraqlarını getdikcə daha çox cəmiyyət və dövlət maraqlarının fövqündə hesab edirlər. Bəzi gənclərimiz isə dədə-babalarımızın dini inanclarına guya hansısa “radikal” düzəlişlər edib, saqqallarını az qala qurşaqlarına qədər uzatmaqla, şalvarlarının balaqlarını isə qısaltmaqla məşğuldurlar. Bütün bunlar doğru.

Eyni zamanda vəziyyətin çıxılmaz olduğu fikrində deyilik. Sadaladığımız mənfi hallar mühafizəkar düşüncə tərzinin transformasoyasını keçirmiş bütün ölkələrdə, forma və məzmunca müxtəlif ssenarilər üzrə baş vermişdir. Mühafizəkar ideyaların liberal dəyərlərlə toqquşaraq qaynayıb-qarşıdığı zamanlarda ayrı-ayrı cəmiyyətlərdə və insanlarda müəyyən xoşagəlməz hadisələrin baş verməsi labüddür. Biz də hazırda oxşar ssenarilərdən birini yaşayırıq. Amma bizim digərlərindən bəzi üstün cəhətlərimiz var, fikrindəyəm. Azərbaycan kimi zəngin tarixi keçmişə, böyük mədəniyyətə, sarsılmaz milli-mənəvi dəyərlərə malik ölkə və xalq olaraq belə ziddiyyətli dövrdən daha az itkilərlə çıxacağımıza əminliyim böyükdür. Ümid etmək istəyirəm ki, inanclı insanlara və böyüklərə hörmət, cəmiyyət və dövlət maraqlarına diqqət, mütərəqqi adət-ənənələrin qorunub saxlanması, təklif edilən yeniliklərə tənqidi münasibət və nəhayət, müstəqil dövlətçiliyimizin ictimai-siyasi quruluşuna sadiqlik kimi ənənəvi mühafizəkar düşüncə tərzimiz insan hüquq və azadlıqlarının qorunması, demokratik institutların real dəyər qazanması, vətəndaş cəmiyyətinin inkişafı, fikir və söz azadlığı kimi universal liberal dəyərlərlə birləşərək özünün transformasiya dövrünü tezliklə başa çatdıracaq və yuxarıda bəhs edilən mənfi hallar yalnız tarixi xronikalarda qarşımıza çıxacaq.

Yazıya 825 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.