VATİKAN – QƏRB SİVİLİZASİYASININ UTANC YERİ!

etibar kKədər mənbəyi, azğınlıq məkanı,

Yaxın keçmişədək küfr məbədi – Roma!

Sən ikinci Babilə çevrildin,

Harda ki bədbəxt insan göz yaşlarına məhkum.

 

Məhbəs, yalan meydanı, xeyrin məhv olduğu yer,

Canlıların üzüldüyü zülmət cəhənnəm,

Görən sənin cinayətlərinə

Külli-ixtiyar son qoymayacaqmı?

(Petrarka. Nəğmələr kitabı, 138-ci sonetdən parça; sətri tərcümə – E. K.)

 

İntibah dövrünün görkəmli nümayəndəsi Petrarka bu sətirləri orta əsrlər Romasına həsr etmişdi. O Romaya ki, bir zamanlar nizami əsgər falanqalarının yardımı ilə dünyaya sivilizasiya işığı yayır, fəth etdiyi barbar torpaqlarında möhtəşəm arxitektura nümuləri yaradır, əli çatdığı hər yerdə qanun, təhsil, mədəniyyət toxumu səpirdi. Lakin orta əsrlərdən başlayaraq əvvəlki qüdrət günü-gündən tənəzzül edir, vaxtı ilə bütün dünyaya hökm edən İmperiya öncə iki – Qərbi və Şərqi (Bizans) hissələrə parçalanır, ardınca isə feodal krallıqların bir-birilə, həmçinin “xristianlığın düşmənləri” ilə dağıdıcı müharibələri dövrü əvvəlki cah-cəlalın sonunu gətirir. Əlbəttə, Orta əsr müharibələrinin əsas ideoloji ilhamvericisi, eyni zamanda təşkilatçısı rolunu o zamanlar hələ ki parçalanmağa imkan tapmamış xristianlığın “müqəddəs taxtı” – Vatikan oynayırdı.

Səlib yürüşlərini (XI-XV əsrlər) Vatikanın öz siyasi maraqları – dünya hökmranlığına nail olmaq naminə başlatdığı və milyonların ölümü, qədim tarixi abidələrin dağıdılması, zəngin müsəlman mədəniyyətinin talanması ilə nəticələnən “Papa layihəsi” kimi də qiymətləndirmək mümkündür. Şərqdəki “müqəddəs torpaqlar”a, Şimalı və Şərqi Avropadakı “bütpərəstlər”ə (slavyan, skandinav xalqları), “bidətçilər”ə (qusitlər) qarşı bütün müharibələr məhz Papanın dini vəzlərindən, xeyir-dualarından sonra başladılmışdı. 24 noyabr 1095 ildə Klermondakı (Fransa) çıxışı ilə ilk Səlib yürüşünə start verən Papa II Urbandan tutmuş, 1232 ildə xpistian dövlətlərini Novqoroda qarşı hərbi yürüşə çağıran Papa IX Qriqoriyə, həmçinin sonrakı neçə-neçə digər papalara qədər hamını birləşdirən ümumi bir cəhət olmuşdu – papalığın nüfuz dairəsini genişləndirmək və bununla da hakimiyyətini daha da möhkəmləndirmək! Avropa feodal dövlətlərinin kralları hərbi yürüşlərdə iştirak etməklə Papadan daha artıq asılı vəziyyətə düşür,  maddi və hərbi cəhətdən zəifləyir, bu da yenə ilk növbədə Papa hakimiyyətinin möhkəmlənməsinə xidmət edirdi.

Ümumilikdə götürdükdə isə Səlib yürüşləri uğursuzluqla nəticələnmiş, Vatikan qarşısına qoyduğu hərbi-siyasi məqsədlərinə çata bilməmişdi. Tam əksinə, yürüşlər Qərb dünyasını qədim Şərq sivilizasiyası ilə yaxınlaşdırmışdı ki, bu da sonrakı yüzilliklərdə ölkələr arası ticarət əlaqələrinin inkişafı, Avropada iqtisadiyyatın yeni yüksəliş mərhələsi ilə nəticələnmişdi. İqtisadiyyatın inkişafı da öz növbəsində insanların həyat səviyyəsinin getdikcə normallaşması, onlarda yeni-yeni dünyəvi maraqların meydana gəlməsinə səbəb olmuşdu. Qərbi müsəlman dünyasının görkəmli fikir və bədii düşüncə sahibləri, onların yaratdığı maddi-mədəniyyət nümunələri ilə tanış edən səlibçilər Avropada yeni eranın – İntibah dövrünün yaranması üçün zəmin hazırlamışdılar. Bütün bunlar insanlara hər addımbaşı tərki-dünyalığı aşılayan, asketik həyat sürməyi məsləhət verən, maddi həyat nemətlərini “günah” sayan Vatikanın əlbəttə ki xoşuna gəlmir, onun sosial bazasını günü-gündən zəiflədirdi. Insanlar dəbdəbəli həyat tərzi sürən, saraylarda yaşayan, bahalı qiyafələri ilə çoxatlı karetalarda ölkələri gəzib-dolaşan, hətta öz iqamətgahlarında kef məclisləri düzəldərək “qədim peşə sahibləri”nin xidmətlərindən də yararlanan kardinalların və papaların dedikləri ilə etdikləri arasında dərin uçurumu görür, nəticədə getdikcə Roma-katolik kilsəsindən daha çox uzaqlaşırdılar. Beləliklə, növbəti parçalanma – Protestantizm üçün münbit şərait yaranırdı.

Qəti əminliklə demək mümkündür ki, 1517-ci ildə Martin Lüterin Vatikana qarşı ilk çıxışı ilə başlanan Reformasiya hərəkatı olmasaydı indiki müasir, sosial-iqtisadi, ictimai-siyasi və maddi-mədəni həyatı inkişaf etmiş Avropa sivilizasiyası da mövcud olmazdı. Roma-katolik kilsəsinin rəsmi xeyir-duası ilə Orta əsrlərin sxolastika bataqlığında batıb qalan, İnkvizisiya zirzəmillərində şərəf və ləyaqətini, çox zaman isə həm də həyatını itirən (bəzən insanlara yalnız ona görə işgəncə verirdilər ki, evlərində pişik, yaxud keçi saxlayırdılar!) avropalı insan məhz Protestantizmin başladığı dini inqilab nəticəsində nəhayət ki, “müqəddəs taxt”ın iti caynaqlarından qurtula bildi. Yeni dini cərəyan normal dünyəvi həyatın, iqtisadi inkişafın, dürüst yollarla zənginləşmənin heç də “günah” olmadığını, əksinə, bütün maddi problemlərindən azad olmuş insanın Allaha daha sidq ürəklə ibadət edəcəyini bəyan etdi və bununla eyni zamanda elmi-texniki tərəqqinin, yeni yaranmaqda olan ictimai münasibətlərin önünü açdı. Katolik kilsənin neçə yüzilliklər boyu insanların beyinlərinə yeritdikləri “həqiqətlər” bir anda puç oldu, paslanmış tabular aradan qalxdı, insanlar daha rahat, firavan həyata qovuşdular. Azad bazar iqtisadiyyatının, liberal dəyərlərin ilk bəhrələri tezliklə Avropa qitəsini bütün dünyanın ən inkişaf etmiş regionuna çevirdi.

Bəs həmin o müasir, inkişaf etmiş bu günkü Qərb dünyasının ictimai-siyasi, iqtisadi-sosial həyatında Vatikanın yeri və rolu nədən ibarətdir, o əvvəlki tək Avropa və dünya siyasətinə təsir göstərə bilirmi? Hazırda Vatikan dünyada rəsmi tanınmış ən kiçik dövlət, “Müqəddəs taxt”ın suveren ərazisidir və bu şəkildə mövcuduyyəti ilə İtaliya nasional-sosialistlərinin keçmiş füreri B. Mussolini ilə əldə olunmuş Lateran sazişlərinə (11 fevral 1929-cu il) minnətdar olmalıdır. Roma-katolik kilsəsi ali rəhbərliyinin, o cümlədən Papanın iqamətgahı burada yerləşir. Vatikan 1964-cü ildən Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi müşahidəçı statusuna malikdir və təşkilata üzv-dövlətlərin demək olar hamısı ilə (179 ölkə) diplomatik münasibətlər qurmuşdur. İlk baxışdan ərazisinə (0,44 km2) və əhalisinin sayına görə (təqr. 1000-ə yaxın) çox kiçik dövlət olsa da, siyasi sisteminə görə nə Qərbdə, nə də Şərqdə bərabəri yoxdur. O, teokratik monarxiyadır! Məlum olduğu kimi, Şərqdə teokratik dövlətlər mövcud olsa da (məs., İran İslam Respublikası) onlar Konstitusiyaya malikdirlər. Dövlətin yeganə suvereni əlində qanunverici, icraedici və məhkəmə hakimiyyətini cəmləmiş və kardinallar tərəfindən ömürlük seçilən Roma Papasıdır.

Vatikan plan iqtisadiyyatına malik dövlətdir. Gəlirləri dünya katoliklərinin (dünya üzrə təqr., 1,5 milyarda yaxın) ianələri və turizmdən – poçt markalarının, suvenirlərin satışından, muzeylərə giriş haqqından (hər il təqr., 1-2 milyon izləyici) əldə edilən vəsaitlərdən ibarətdir. Lakin xüsusi qeyd etmək lazımdır ki, bunlar yalnız rəsmi gəlirlərdir. Belə ki, “Dini işlər institutu” adını daşıyan Vatikan Bankının real aktivləri haqqında Allahdan və Roma Papasından başqa kimsə dəqiq məlumata malık deyildir, yeganə sahibi də “İsa Məsihin yer üzündə nümayəndəsi” –Papanın özüdür. Bank heç bir qurum qarşısında məsuliyyət daşımayan, heç bir vergi, yaxud digər strukturlara hesabat verməyən, yalnız özünün müəyyən etdiyi qayda-qanunlarla fəaliyyət göstərən, dünyada tayı bərabəri olmayan unikal maliyyə institutudur. Onun əməkdaşlarını heç kimin sorğu-sual etmək hüququ yoxdur, burada heç bir müştəri və onun hesabları haqqında heç kimə heç bir məlumat verilmir, məlumatların özü elektron qaydada saxlanılmır, hətta kağızda da hesabat üçün çap edilmir. Bankda Vatikanın tabeçiliyndə olan bütün katolik kilsələrin, təşkilatların, diosezlərin, fondların (hansı ölkədə yerləşməsindən asılı olmayaraq) hesablarından başqa, bütün dünya üzrə gizli iqtisadiyyatla məşğul olan məşhur “iş adaamları”nın da hesabları mövcuddur. Məsələn, İtaliya mafiyası bu günə qədər özünün qeyri-qanuni yollarla əldə etdiyi çirkli pullarının böyük qismini məhz bu bankda saxlayır. 2014 ildə Vatikanın ABŞ-dakı səfiri arxiyepiskop Karlo Mariya Viqano (əvvəllər Vatikanın Dövlət katibi, yəni özünəməxsus Baş naziri vəzifəsini tutmuşdur) Papa XVI Benediktə yazdığı məktublarını mətbuatda çap etdirdi. Məktublarda Vatikan Bankının rəhbərliyi çirkli pulların yuyulması məqsədi ilə cinayətkar şəbəkənin yaradılmasında ittiham edilirdi. Arxiyepiskopun dediyinə görə, onun Dövlət katibi vəzifəsindən diplomatik xidmətə keçirilməsinin əsas səbəbi də məhz bu şəbəkəyə qarşı apardığı mübarizə olmuşdur.

Son vaxtlar mütəmadi ardıcıllıqla Vatikanı dünya mətbuatının gündəminə gətirən daha bir mövzuya toxunmamaq mümkün deyil. Bu ilin fevral ayında BMT-nin İnsan hüquqları üzrə komitəsi katolik din xadimləri və rahibləri arasında pedofiliya hallarının geniş vüsət almasını və Roma kuriyasının (Vatikanın əsas inzibati orqanı) buna bir çox hallarda göz yummasını əks etdirən hesabat yaymışdır. Hesabatda pedofiliya hallarına görə yaxalanmış bütün kliriklərin dərhal işdən azad edilməsi və bu cinayətlə əlaqəli din xadimlərin adlarını aşkarlayan bütün arxiv sənədlərinin üzə çıxarılması tələbi də var. Belə ki, bir sıra ictimai təşkilatlar keçmiş Papa XVI Benedikti belə iyrənc halları ört-basdır etməkdə və onların təhqiqatına maneçilik törətməkdə ittiham edirdilər. Vatikanın rəsmi nünayəndələri bu ittihamlara cavab olaraq yalnız onu bildirmişdilər ki, keçmiş Papa 2011-2012-ci illər ərzində pedofiliyada şübhəli bilinən 400-ə yaxın din xadimini işdən azad etmişdir. Nə az, nə çox! Nəzərə almaq lazımdır ki, bu rəqəm BMT-nin və bir çox hüquq müdafiə təşkilatlarının uzun sürən təzyiq və basqılarından sonra açıqlanmışdır.

Arxivlərdən söz düşmüşkən qeyd etmək lazımdır ki, Vatikan həcminə, qədimliyinə görə  dünyada ən böyük və zəngin arxivə malikdir. Burada istər Avropa, istərsə də Asiya, Afrika qitəsinin tarixinə aid çox nadir sənədlər tam məxfi qrifi altında saxlanılır və qəti əminliklə söyləmək mümkündür ki, əgər onların bir çoxu vaxtında açıqlansaydı, bəlkə də indi müasir dünyanın vəziyyəti bütünlükdə başqa cür olardı. Arxivlər mövzusuna toxunmağımın başqa  səbəbi də var. Aprelin 15-də Roma Papası Fransisk özünün xüsusi hazırlanmış dini vəzi ilə 1915-ci il qondarma “erməni soyqırımı”nı tanımış və Türkiyəni də onu tanımağa çağırmışdır. Sual yaranır: məgər Vatikan 1915-ci ildə Osmanlı imperiyasında, onu bir parçası olan Anadolu yarımadasının şərq hissəsində 1-ci Dünya müharibəsinin gedişi zamanı hansı hadisələrin baş verməsindən xəbərsizdir? Ritorik sualdır, əslində. Çünki cavabı Vatikanın tarixinə az-çox bələd olan hər kəsə məlumdur. Həmin hadisələri Vatikandan və onun kiçik balası Eçmiədzindən daha yaxşı bilənlər ümumiyyətlə yoxudur. O zaman nədən Vatikan bu addımı atdı? Bu suala müxtəlif cavablar ola bilər və onların hər birinin həqiqət payı var. Belə ki, səbəblər bir deyil, çoxdur. Amma əsaslarından biri odur ki, Türkiyə Cümhuriyyətinin Avropa institutlarına inteqrasiyasının qarşısı alınır. Vatikanın ardınca Avropa Parlamentinin də eyni qərarı qəbul etməsi buna yaxşı sübutdur. Fikrimizcə, qondarma “soyqırımı” tanıyan, hətta bunun inkarını cinayət sayan, belə qərarların qəbulunu Türkiyədən də gözləyən Avropa məkanına inteqrasiya siyasəti bundan sonra dost və qardaş ölkə üçün artıq öz aktuallığını itirəcək. Və demək lazımdır ki, burada qorxulu heç nə yoxdur. Əziz dostlar, Vatikan kimi boğaza qədər pisliklərin içinə batıb qalmış, lakin dünyaya ağalıq etmək ambisiyalarından hələ də əl çəkməmiş cırtdan-dövlətin sözü ilə oturub-duran inteqrasiya strukturları sizin kimi şərəfli və məğrur xalqın nəyinə lazımdır? Neçə minillik şanlı tarixinizi, dillərə əzbər maddi mədəniyyət nümunələrinizi həmin başabəla strukturların yardımı olmadan böyük məharətlə yaratmısız və bundan sonra da Allahın və dost ölkələrin köməyi ilə hələ uzun illər boyu yaradacaqsız. Bundan biz Azərbaycan türklərinin heç bir şübhəsi yoxdur!  

ETİBAR KƏRİMLİ            

Yazıya 903 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.