Raminə Eyvazqızı — “Penoplast”ınıza lənət

50315

Bu gecə necə ailə Allahdan ölmədiyi üçün dualar yağdırdı. Ya da əksinə sağ qaldığı üçün özünə ölüm arzuladı. Hələ bir müddət körpəsinin, övladının faciəli ölümündən özünə gələ bilməyənlər, için-için yanacaq.  Vaxtiylə gülən körpə üzlərinə yanmamaq olmaz ki. Allah səbir versin!

Bizi öldürmək, zəhərləmək üçün düşmən lazım deyilmiş. Bir göz qırpımında neçə ailəni evsiz-eşiksiz, böyüksüz-kiçiksiz qoyanların ahı çox ağır olacaq. Bilirsiz nə ağır gəlir, ölənlərin ardından qoxlayacaq paltarlarının olmaması. Uşaqlardan nə isə yadigarın qalmaması ağır dərddi. Bu gecə doğmasının üzünü görmədən yatmaq, sabaha planından söz açmamaq…. Ölüm hər gün olur və haqlıdırsa, qoy haqq olsun. Amma bu ölüm baiskarları bir addımlığımızdadı, onlar içimizdədi, onların əli qana boyanıb. “Penoplast”ınıza lənət, mütləq idimi bu zəhrimarı  ölkəyə gətirmək, insanları yerindən didərgin salmaq, ən sonda ölümə gətirib  çıxarmaq. Deməli, mütləq ölkənin ayağa qalxması, “penoplast”ın düşmənə çevrilməsi üçün  insanlar ölməliydi. Bir dəfə yanğın ölümsüz ötüşmüşdü. Günah keçisi axtarmağımız boşa çıxdı, yanğın qurbanlarının səsini kəsdilər. Unuduldu, növbətisi çox ağır oldu. Elə ağır oldu ki, nazirlər birbaşa yanğın səbəbinin üzlük olduğunu dedilər.  Axı bir müddət öncə  onun nə mal olduğu, zərərləri barədə dastanlar yazılmışdı. Bu ölkənin inşaat materialı üzrə mütəxəsisi azdan-çoxdan xəbərdarlığını etmişdi. Niyə əncam çəkilmədi, ay Hacıbala müəllim? Allah səni başına düşəcək yanan binanın şüşəsindən belə qorudu? Bax, bu son şansın da ola bilər. Binaların “bəzəy”ini sökdürməklə həmin ailələrə məlhəm ola biləcəksənmi?

Deyirlər, üzsüz olmaq ömür uzadır. Arsızlaşırsan, sırtılırsan. Ölkədə o qədər zərəri bizə dəyən üzsüz var ki. Məsul olanların o üzünə, bu üzünə tüpürürük də, söyürük də, faydası yoxdur. Onları kim üzləyəcək, ay Hacıbala müəllim? Görəsən, narahat deyilsən ki, heç olmazsa yanğın xaricilər gəlib-gedəndən sonra olardı,  yamanca əziyyət çəkmişdin. Bilirəm ki, heç kefini pozmursan.

Hacıbala müəllim büdcənin qapısının aralı olduğunu deyir.  Deyir ki, lazım olsa, 500 binanın üzünü söküb, yanğına davamlı olanı ilə əvəzləyəcəyik. Cibə qatlanıb qoyulan pullar hey… Öz insanını öldürənlərin hansını boğazlayaq? Hisli, hirsli başlara yazıq deyilmi?

Maskalanmış səriştəsizlər, susmaq daha yaxşıdır. Artıq təsəllidən keçib. Bizim yanğımız davam edir…

P.S. Günlərdir “milyonçu ovu” mövsümündən danışırdıq. Dincəlin bir az, pullu kişilər. Bəlkə də, bu hansısa əclafın çirkin planı idi. Yanğın törətməklə ölkənin nəzər nöqtəsini dəyişmək planı. Bunu güman etmək belə dəhşətdi…

Qafqazinfo”

Yazıya 762 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.