İradə Aytel – Vətənşüvənlərə açıq məktub

1743566_617623511639125_2006650601_nGəlin, bu hakimiyyətlə mübarizəni kişi kimi aparaq!

 

Atam rəhmətə getdi. Çox məşhur həkim, nəslin ağsaqqalı atam. O ərəfədə kasıb bir qohumumun evində toy olacaqdı. Toy danışığı olmuş, bazarlıq edilmişdi. Qohum toyu saxlamaq istədi, bu isə həmin kasıb ailəyə böyük bir maddi (həm də mənəvi) zərbə idi. Biz (ailəmiz) toya heç bir etirazımız olmadığını deyərək, ailəlikcə o toya getdik. Ürəyimiz qan ağlasa da, toy adamlarının sevincinə xələl gətirməmək üçün əlimizdən gələni etdik…

İndi sual edirəm: Biz atamızı sevmirdik? Biz ona yas saxlamaq istəmirdik?

Sualıma öz cavabım var: Biz kasıbın çörəyinə, qızını ər evinə yola salacaq bir ailənin sevincinə, oğlan tərəfin qınağına, lənətinə bais olmaq istəmirdik. (Hüseyn Cavidin “Ana” əsərində ana oğlunun meyidini ortada qoyub, oğul qatilini gizlədir. Yoxsa, ana oğlünü sevmirdi?..)

İndi keçirəm əsas mətləbə. Bir-iki vətənşüvən sayt manısları buraxıb,  yapışıblar şairlərin yaxasından ki, bəs 19 may matəm günündən sonra filan-filan şairlər, şənlik elədi (mayın 22-də Bakıda “Anar” şadlıq sarayında bir qrup yazıçı və şairin iştirakı ilə “Avrasiya Şairləri Antologiyası” kitabının təqdimatı”) Bu bir şeir törəni olub və vaxtı saatı çoxdan təyin edilib. Və bu törəndə türk dünyasının  şairləri bizim yazarların qonağı olub. Bu törəndə qonaqları qəbul etmək, şeir söyləmək, şənlənmək heç də vətəni sevməmək, matəm günlərinə xələl gətirmək deyildi. Hansısa şairciyəzə orada ya söz verilməyib, ya nədənsə narazı qalıb ki, belə bir yola əl atıb – vətənşüvənliyə başlayıb, mediaya xəbər daşıyıb.

Onu da deyim, nə o tədbirdə iştirak etmişəm, nə də iştirakçılardan xəbərim var. Bircə onu bilirəm ki, orada əsillər ya olmayıb, ya da olmayıb!

Əlbəttə, son hadisə hamımızı sarsıtdı. Bir sayt isə orada balası yanan ana haqqında təxminən belə bir cümlə yazmışdı: “Vəziyyəti yaxşıdır, təkcə balasının ölümünə təəssüf edir”.

Ay vətənşüvənlər, onda niyə o saytı topa tutmadınız, niyə demədiniz ki, ana bala ölümünə təəssüf etmir, ana balayla ölür, amma bir dəfə ölmür, ömrü boyunca ölür. Od görəcək, öləcək ana, balasının yaşıdlarını görəcək, oləcək ana! Yuxu görəcək, öləcək ana. Hər gün balasının səsini eşidəcək, adını çəkəcək, payını ayıracaq, boş qucağına ağı deyəcək, öləcək! Öləcək! Öləcək! Mən demirəm ki, xəbəri esseyə çevirin. Yox, sadəcə sussanız kifayət edərdi. Mən bala itirmiş birisi kimi (ana deyəmmirəm özümə, bağışlayın) o gün öz dərdimi unutdum. O -  balaları yanan anaların yanında mənim də balam ölüb desəydim, dilim yanardı. Mənim dərdimin çəkisini anladım, amma 19 mayın sinələrinə bala dağı vurduğu anaların dərdlərinin çəkisi yox idi. O gecəni mən səhərə qədər yatmadım, hamı kimi…

Yanğından sonra 36 dəqiqəlik bir video vətənşüvənlərin saytlarında yer aldı. Videoda bina yanır, ama nə yardım edən var, nə binanı söndürən var, adamlar telefonla yanğını çəkir vəssalam. Başqa görüntülərdə isə bina yanır, FHN iş başındadı, adamlar oddan çıxarılır. Indi bu görüntülərin hansına inanım mən?

Kəpəz dağının əzəmətli görünüşündən hamının xəbəri var. Kiçik Qafqazın qoynunda ən möhtəşəm, ən uca dağdır Kəpəz. Bəs Kəpəzə Gəncə tərəfdən yox, Kəlbəcər tərəfdən, Qarabağ tərəfdən də baxmısınızmı? O möhtəşəmliyi görmüsünüzmü? Əlbəttə yox! Başqa səmtdən Kəpəz adi dağdır. Həmin yanğın görüntüləri də Kəpəzin görüntüsü kimidir; bir tərəfdə böyüklük dayanır, başqa tərəfdə adilik. Kim hansı tərəfdən görmək istəyir baxsın!

Bu yanğında ilk olaraq FHN-in suçu var. Vaxtında elə materialdan istifadəyə icazə verməli deyildi. Lakin, bu o deməkdir ki, FHN əməkdaşlarının əməyini yerə vuraq? Axı orada özünü odun içinə atan döyüşçülərə necə haqsızlıq edək. Gəlin, bu hakimiyyətlə mübarizəni də kişi kimi aparaq.

Sözüm sizədir, ay vətənşüvənlər, Mətanət efirdə məhz elə danışmalı idi, səbəbi rəhbərlikdə arayın. Mətanətlərin, elgizlərin, insan taleyindən şou düzəldən xoşqədəmlərin, zaurların yalnız bir məqsədi var – kütləni öz istədikləri (rəhbərliyin istədiyi) səmtə aparmaq.

Elza Seyidcahanı heç sevmirəm. Şeir yazanda isə ona yazığım gəlir. Lakin Elzanın yanan bina qarşısında pianoda ifası məni kövrəltdi. Onu lağa qoyan vətənşüvənlər bir şeyi anlamadılar ki, Elza orada həlak olanların ruhuna hörmətini, diqqətini göstərirdi. Həm də içi yana-yana…

Sonda, şairləri (o tədbirdəki şairləri) topa tutan cılızlara bir sözüm də var:  Milli qəhrəmanımız Mübariz İbrahimovdan sonra ailəsində iki dəfə toy olub! Yeni Mübarizlərin xatirinə!…

 

 

Yazıya 1418 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.