Tural ADIŞİRİN –Şəki folklor mühitində aşıq sənətinin inkişafı (1960-90-cı illər) I YAZI

11054430_904648862929672_669598313026618584_nMolla Cümə və Şəki aşıqları

XX yüzildə Şəkidə aşıq sənəti təkcə Molla Cümə sənəti ilə sınırlı qalmır. Yüzilliyin əvvəllərində bu el nəğməkarının yaradıcılığı ədəbi mühiti nə qədər zənginləşdirsə də, Şəki aşıq mühitinin araşdırılması bu gün öz tədqiqatçısını gözləyir. Çünki bu ərazidə 20-ci illərdən sonra Molla Cümə sənəti üzərində köklənən Doduda Aşıq Paşa, Baş Göynükdə Aşıq Camal, Aşıq Əhmədiyyə, Aşıq Nəcəf, Aşıq İsmayıl, Aşıq Azad, Baş Layısqıda Aşıq Sirac, Aşıq Hacıbala, Aşıq Nəzir, Aşıq Məmməd, Aşıq Əhməd, Aşağı Layısqıda Aşıq Əhməd, Daşbulaqda Aşıq Şamil, Biləcikdə Aşıq Musa, Şində Aşıq Güləhməd, Şabalıdda Aşıq Əhməd, Cəfərəbadda Aşıq Müğüm, Kiçik Dəhnədən Aşıq Həbillah, Aşıq Zeynal,Böyük Dəhnədən Aşıq Musabala, Şəki şəhərində Aşıq Sakit kimi saz-söz sənətini sevib yaşadanlar ömür sürmüşlər. Bəlli olduğu kimi, şifahi söz sənətinin digər sahələri kimi aşıq ədəbiyyatı da XX yüzilin 20-ci illərindən sonra sistemli şəkildə inkişaf etməyə başlamış, bu sahə ilə bağlı bir sıra geniş miqyaslı tədbirlər keçirilmişdir. “Şəki fəhləsi”qəzetinin 1930-cu illər buraxılışları Şəkidə aşıq sənətinin inkişafının öyrənilməsi baxımından böyük maraq doğurur. “Nuxa işçisi” qəzetinin saylarının araşdırılması göstərir ki, bu illərdə Şəkidə və onun ətraf kəndlərində aşıq sənəti inkişaf etmiş, bu ərazilərdə məşhur el aşıqları yaşayıb- yaratmışlar. 1938-cu ilin mart ayında Bakı şəhərində keçirilən Azərbaycan aşıqlarının II qurultayında digər bölgələrlə yanaşı nuxalı aşıqlar da iştirak etmişlər. Bu fikri təsdiqləyən ədəbiyyat azmanı, professor Yaşar Qarayev XX yüzildə çox doğru olaraq yazır ki, “…Şəkidə və kəndlərində aşıq ənənəsi əslində çox güclü olmuş, burada ilkin sovet vaxtı da canlı aşıq mühitləri fəaliyyət göstərmiş, onların rəsmi yığıncaqda seçilən nümayəndə heyəti Azərbaycan aşıqlarının ikinci qurultayında iştirak etmişdir.”
Ancaq təəssüf ki, folklorşünas alimlərin tədqiqatlarında Nuxa aşıqlarının fəaliyyətinə yer verilməmişdir. Məsələnin bu tərəfi ilə bağlı, görkəmli musiqişünas, folklorşünas alim, A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji İnstitutunun Etnokulturologiya Kafedrasının professoru, həmyerlimiz Faiq Çələbi çox doğru olaraq yazır: “XX yüzilin II yarısında, aşıqşünaslığın fəallaşdığı bir dövrdə tədqiqatçıların gözü Şəki tərəfə baxmadı, sonra isə suallar qarşısında aciz qalan alimlərin pərdəarxası söhbətləri başlandı. Yəni Şəki muğama və qəzələ aşiq, aşıq sənətinə isə biganə olan tacirlər və zadəganlar diyarı kimi qələmə verildi”. Aşıq ədəbiyyatını tədqiq edən alimlərin qələmi “Şəkidə aşıq mühiti” ifadəsini qəbul etmədiyi üçün, bu maraqlı və acı taleli mövzu tədqiqdən kənarda qaldı. “Nuxa işçisi” qəzeti 1938-ci il 10 və 12 yanvar saylarında Azərbaycan aşıqlarının II Qurultayında Şəki aşıqlarının iştirakı ilə bağlı Nuxa Şəhər Sovetində keçiriləcək müşavirədə iştirak edəcək aşıqların və yazıçıların adlarını açıqlayan bildiriş dərc etmişdi. 1938-ci il yanvar ayının 13-də gündüz saat 12-də Nuxa Şəhər Sovetində Nuxa rayonu aşıqlarının Nuxa sovet yazıçıları ilə birlikdə müşavirəsi çağırılmışdır. Qəzetin 10 mart 1938-ci il tarixli sayında Məmmədiyyə Süleymanlının “Nuxa aşıqlarının konfrensiyası”adlı məqaləsi həmin ilin mart ayının 4-də partiya maarifi evində Azərbaycan aşıqlarının respublika qurultayına hazırlıq münasibəti ilə Nuxanın bütün aşıqlarının sovet yazıçıları, ədəbiyyat müəllimləri ilə birlikdə keçirilən konfransı ilə bağlı bizdə dolğun təsəvvür yaradır. Konfransda Abdulla Faruqun məruzəsindən sonra aşıqların və ziyalıların çıxışları dinlənilmiş, çıxışlarda vurğulanmışdır ki, “rayonumuzda aşıqlar çoxdur, lakin onlarla heç bir əməli iş aparılmır. İstər rayon incəsənət işləri müvəkkili, istər Nuxa sovet yazıçıları, istərsə də ədəbiyyat müəllimləri aşıqların yaradıcılıqlarının artmasına, onların siyasi və texniki biliklərinin yüksəlməsinə yaxından fikir vermirlər. Ona görədir ki, bəzi aşıqlar hələ də savadsızdırlar”. “Nuxa işçisi” qəzetinin redaksiyasının əməkdaşı, əslən Oxud kəndindən olan Camal Qədirli daha sərt mövqedən çıxış edərək Nuxada aşıq sənətinin inkişafına olan laqeyd münasibətdə keçmiş şəhər rəhbərliyini günahlandırmışdır. O demişdir: “Vaxtilə Şəhər Partiya Komitəsində əyləşmiş xalq düşmənləri Cuvarlinski, Soltanov və keçmiş Şəhər Soveti sədri incəsənət işlərində pozğunçuluq yaratmışlar. Xüsusilə, aşıqlara qarşı əhv edilməz bürokrat münasibət bəsləmişlərdir. Onlar aşıqların tez-tez müşavirələrini çağırmamış, onlarla geniş iş aparmağa qətiyyən əhəmiyyət verməmişlərdir. Hələ Cüvarlinskinin məsləkdaşı, ifşa olunmuş düşmən Ələşrəf İsmayılov həmişə aşıqları ruhdan salmış, onları incitmişdir. Bu həyasız adam: “Əsərlərinizi çap etdirəcəyəm”- deyərək aşıqlarımızın yazılarını toplamış və onları öz evinə yığıb saxlamışdır”. Məqalənin sonundan II Aşıqlar Qurultayına seçilmiş nuxalı nümayəndələrlə bağlı oxuyuruq: “Çıxışlardan sonra Azərbaycan aşıqlarının respublika qurultayına seçkilər başlanmış, bu qurultaya Aşıq Şamil, Layısqılı Əhməd, Aşıq Paşa, Şabalıdlı Əhməd, Aşıq Müğüm yoldaşlar bir səslə deleqat seçilmişlərdir”.
Verilmiş qeydlərin qısa şərhindən gördüyümüz kimi, XX yüzilin birinci yarısında bu gün monoqrafik aspektdə tədqiq edilməsi vacib olan Şəki aşıq sənəti haqqında da məlumatlar yox deyildir və bu məlumatlar sanki tədqiqatçıya istiqamət verir. Əsrin ikinci yarısında Şəkidə aşıq sənəti daha geniş inkişaf etmiş, Molla Cümə varisləri olan Aşıq Əhmədiyyə, Aşıq Hacıbala, Aşıq İsmayıl, Aşıq Əhməd, Aşıq Musa , Aşıq Məmməd, Aşıq Sirac, Aşıq Sakit və digər aşıqlar yetişib fəaliyyət göstərmişlər ki, onların hər birinin həyat və fəaliyyəti haqqında aşağıda məlumat verəcəyik.
XIX yüziln ikinci yarısı və XX yüzilin əvvəllərində Azərbaycan aşıq ədəbiyyatının qüdrətli nümayəndəsi Molla Cümə haqqında çox yazılıb. Folklorşünas alimlərimizdən Paşa Əfəndiyev, Məhərrəm Qasımlı, Sədnik Paşayev, Qara Namazov, Qiyas Vəkilov və başqaları aşığın ömür və yaradıcılıq yolu ilə bağlı maraqlı, həmçinin mübahisəli fikirlər söyləmişlər. Hətta aşığın bu gün əlimizdə olan şəklinin necə tapılması ilə bağlı Molla Cümə tədqiqatçıları şair- aşığın tərcümeyi- halını yazarkən ədəbi və elmi ictimaiyyətə heç bir məlumat verməmişlər. Aşığın şəkli ilə bağlı məlumatı Cüməşünaslığa ilk dəfə “Şəki fəhləsi” qəzetinin redaksiyasına uzun illər rəhbərlik etmiş, mübariz jurnalist Məhyəddin Abbasov ( Paşazadə) vermişdir. Bu nadir tapıntı ilə bağlı onun “ Nuxa fəhləsi” qəzetinin 1967-ci il 5 may tarixli sayında dərc olunmuş “Qiymətli tapıntı” adlı məqaləsindən oxuyuruq: “…Keçən il (1966-cı il nəzərdə tutulur.) “Qafqaz”, “ Fəhlə- kəndli birliyi”, “Paris Kommunası” kolxozlarının üzvləri, müəllimlər aşıq Molla Cümənin qəbri üstündə xatirə lövhəsi və onun büstünü qoymaq təklifini irəli sürdülər. Bu təşəbbüs bəyənildi. Büstün və xatirə lövhəsinin hazırlanması üçün respublika bədii fonduna müəyyən vəsait keçirildi. Bədii fondda işləyən həmyerlimiz, gənc heykəltəraş Albert Mustafayev büstü hazırlamağı öhdəsinə götürdü. Aşığın şəkli tapılsaydı, heykəli daha real və əslinə uyğun hazırlamaq mümkün olardı. Axtarış başlandı. Ola bilməz ki, Nuxa- Zaqatala zonasında Molla Cümə kimi məşhur aşığın şəkli olmasın. Nuxa Kənd Təsərrüfatı İstehsalat İdarəsinin rəisi Qəni Hüseynov və baş baytar həkim Əsgər Əsgərov Balakənə getdilər. Belə xəbər eşitmişdilər ki, balakənli Qazaq İsmayılın atası Molla Cümə ilə dost olmuşdur. Bəlkə aşığın şəkli onda ola?. Orada şəkil tapılmadı. Lakin dedilər ki, Zaqatala İstehsalat İdarəsinin baş baytar həkimi Əziz Abdullayev bu haqda daha dürüst məlumat verə bilər. “Kəşfiyyatçılar” Zaqatalaya gəldilər… Əziz onları evə dəvət etdi və xeyirxah niyyətlə dedi:
-Bu işə kömək etməyə hazıram. Mənim arvadımın atası qaxlı Cəlal Məmmədov aşıq Molla Cümə ilə qardaş kimi yaxın dost olub. Qızı atasının şəklini yadigar saxlayıb.
Sonra Əziz çağırdı:
-Ay arvad, o sandıqdakı şəkilləri bura ver!
Sandıq küncündə, qaranlıqda qalan şəkil bir azdan işığa çıxdı. Masa üstünə qoyuldu. On bir nəfərin birlikdə olan şəkli 1912- ci ildə Axtıda ( Dağıstan) mədən suyu ilə müalicəyə gedəndə çəkilmişdir. Əziz Molla Cümənin on bir nəfərdən hansı olduğunu göstərdi.
Q. Hüseynov və Ə. Əsgərov Nuxaya gəldilər. Şəkli yoxlayıb dürüstləşdirmək lazım idi. Baş Layısqı kəndində Molla Cümənin qızı Reyhan yaşayır. Kollektiv şəkildə atasını göstərməyi ondan xahiş etdilər. Reyhan xanım başında uzun papaq, çuxasında döş saatı və belində xəncəri olan şəkli göstərdi. Aşağı Göynük və Baş Layısqı kəndlərinin qoca sakinləri də şəklə baxan kimi Molla Cüməni tanıdılar. Daha heç bir şübhə yeri qalmadı”.
Aşığın tərcümeyi-halından yazan tədqiqatçılar onun ata babası Molla Orucu nəslin kökündə dayanan bir ağsaqqal kimi xatırlasalar da, onun aşıq olması ilə bağlı oxuculara heç bir məlumat verməmişlər. Şəki folklorunun toplanılmasında əvəzsiz xidmətləri olan Hikmət Əbdülhəlimovun bu vacib elmi məsələ ilə bağlı aşağıdakı qeydləri böyük maraq doğurur. O yazır: “…Şəki rayonunun Baş Layısqı kəndinin sakini, 1921-ci il təvəllüdlü Aşıq Məmməd Babayevin dilindən Molla Cümənin nəvəsi Mövlüd Əzizovun qələmə aldığı “ Burslu qızı” şeiri onun müəllifi-Molla Cümənin ata babası Molla Orucun yaradıcılığına işıq saldı. XVIII-XIX yüzillərdə yaşayıb yaratmış aşıq Molla Orucun bizə gəlib çatan ilk sənət müjdəsi onun yaradıcılığına dair araşdırmalar aparılması lüzumunu ortaya qoymaqla həm də “ot kökü üstə bitər” atalar sözünün yüzdə-yüz faiz təsdiqi kimi Molla Cümənin doğma və münbit zəmində meydana çıxdığını göstərməkdədir”. Aşığın 1920-ci ildə öldürülməsi ilə də verilən məlumatlar, söylənilən rəvayətlər bir-birini tamamlamır. Molla Cümənin həyatı ilə bağlı məlumat toplamaq məqsədilə Qumux kəndində olarkən ünvan soruşduqda nəvəsi Mövlud Əzizovun ailəsini nişan verdilər. Aşığın nəticəsi Habil Əzizovdan aldığımız məlumatlar Molla Cümənin elmi tərcümeyi-halına maraqlı, yeni əlavə kimi dəyərləndirilə bilər. Molla Cümənin öldürülməsilə bağlı folklorşünas, professor Paşa Əfəndiyevin tərtibi ilə “Molla Cümə: Əsərləri” (2006) adlı kitabdakı məlumatları olduğu kimi oxucuların nəzərinə çatdırırıq: “1961-ci ildə Şəkidə ekspedisiyada olarkən internat məktəbin dil və ədəbiyyat müəllimi Cahangir Qazıyevlə tanış olduq.O,bir neçə il idi ki, aşığın şeirlərini toplamaqla, tərcümeyi-halını öyrənməklə məşğul idi. C.Qazıyev o zaman “Şəki fəhləsi” qəzetində Molla Cümə haqqında dərc etdirdiyi məqaləsini bizə təqdim etdi. Məqalədə Molla Cümənin ölümü ilə bağlı aşağıdakı sözlər yazılmışdı: “1920-ci ilin may ayının əvvəllərində XI Qızıl Ordunun hissələri Şəkidən Zaqatalaya doğru gedərkən bu yolun ətrafındakı kəndlərin varlıları orduya müqavimət göstərmək fikrinə düşüblər. Burada atışma başlayır. Bir çox yoxsul kəndli ordu ilə orduya qarşı mübarizə aparanların arasında qalır. Molla Cümə də yoxsulların yanında idi. Bu vaxt ona güllə dəyir”. Şəkinin Baş Göynük kəndindən olan, sənəti etibarı ilə feldşer olan Yaqub Əkbərov doğma dayısı Mahmud müəllimin hekayətini olduğu kimi bizə (Paşa Əfəndiyev nəzərdə tutulur) danışdı. Mahmud o zaman Aşağı Layısqıda müəllimlik edirmiş. Şəki-Zaqatala tərəfdə qarışıqlıq düşən vaxtı, yəni sovet hakimiyyətinin qurulmasına qarşı Zaqataladan olan Hafiz Əfəndinin düzəltdiyi müqavimət və mübarizə zamanı məhz burada, Aşağı Layısqıda qaçhaqaç düşür. Çünki XI Qızıl Ordunun əsgərləri ilə Hafiz Əfəndinin adamları arasında atışma olur. Camaat dağlara çəkilir. Bu zaman Mahmud müəllim də atnan qaçırmış. O danışır ki, atnan gedirdim. Bir də gördüm, Molla Cümə çiynində saz yol ilə çox sakitcə yeriyir. Nə qədər təkid etdim, gəl min ata qaçaq, razı olmadı. Cavab verdi ki, mən aşıq babayam, mənə heç kim heç nə eləməz, heç bir yerə qaçmaram, qonşu kəndə gedirəm. Mən atla uzaqlaşandan sonra güllə səsi eşitdim. Məncə, bu güllə Molla Cüməyə dəydi.”
Molla Cümənin qızı Reyhan xanım atasının ölümü haqqında belə danışır: “Əvvələn, atam nə özü kənddən çıxıb, nə də ailəsini heç yerə qaçmağa qoymamışdır. O zaman Aşağı Layısqı kəndinin əksər camaatı dağlara qaçmışdı. Ancaq Molla Cümə ailəsilə birlikdə kənddə qalıb. Onda elə bir qənaət olub ki, sənətkar adamdır, ona heç kim, heç nə eləməz. Axşamçağı kəndin bir neçə hörmətli adamı ilə birlikdə Molla Cüməni də evindən aparıblar. Ondan sonra aşıqdan bir xəbər çıxmamışdır. Bir neçə gündən sonra meşədən meyidi tapılmışdır.”
Şəkinin Aşağı Layısqı kəndində yaşı yüzə çatmış İdris Mustafayev (O, Molla Cümənin uşaqlıqdan dostu olmuşdur) söyləyir ki, doğrudan da, ordunun hücumu kəndə, camaata çox zərər vurdu. Bu atışma zamanı səhvən çox adamlara güllə dəydi. Onlar ya yaralandı, ya da öldülər. İ.Mustafayev davam edir: “Təxminən mayın axırları idi, nisbətən ara sakitləşmişdi. Bir də yolun kənarında olan kolluqdan nəsə ağır bir qoxu hiss edilir, camaat şübhələnir. Gedib baxırlar. Bir neçə insan cəsədi tapırlar.
Göründüyü kimi, aşığın öldürülməsi ilə bağlı söylənilən rəvayətlər müxtəlif məzmun çalarları ilə seçilir. Molla Cümənin nəticəsi Habil Əzizov Qumux kəndində olarkən bu sətirlərin müəllifinə Molla Cümənin öldürülməsi ilə bağlı maraqlı və həqiqətə uyğun olan məlumatı atasından eşitdiyi şəkildə danışdı: “Atam deyərdi ki, 1920-ci ilin aprel-may aylarında Qızıl Ordu hissələri Aşağı Göynüyə yaxınlaşdığı zaman bu zonada Qırmızı Orduya qarşı üsyan qalxıb. O zaman Reyhan nənəmin cəmi 14 yaşı olub. Kişilər silahlanaraq Qırmızı Orduya qarşı vuruşublar. Qadınlar isə hamının müqəddəs, toxunulmaz məkan bildiyi Molla Cümənin evinə yığışıblar. Əsgərlər Molla Cüməni evindən çağırıb həyat yoldaşı Zöhrə xanıma bildiriblər ki, Aşağı Göynükdə Şura hökumətinin qurulması ilə bağlı iclas olacaq, hörmətli şəxs olduğu üçün onu oraya aparırlar. Əhvalatdan xəbərdar olan qonşu və iki oğlu aşığın aparılmasına etiraz edəndə əsgərlər şübhələnməsinlər deyə onları da özləri ilə aparıblar. Səhərisi gün aşığın hazırkı büstünün yerində Molla Cümənin, qonşusu və qonşusunun iki oğlunun qılıncla doğranmış vəziyyətdə cəsədləri tapılıb. Onlar həmin yerdə dəfn olunublar. Molla Cümə evdən aparılandan bir neçə saat sonra həmin əsgərlər yenidən aşığın evinə hücum etmək istəmiş onlara etirazını bildirən aşığın həyat yoldaşı Zöhrə xanımı güllə ilə vurmuşlar. Qıçından güllə yarası alan Zöhrə xanım yerindəcə keçinmişdir. Evdə olan qadınlar təlaş və həyəcan içərisində əsgərlərdən yaxa qurtarmaq üçün ətrafa qaçmışlar. Molla Cümənin Qumux kəndində yaşayan bacısı Aməntə xanımın oğlanları hadisədən xəbərdar olduqda Cümənin yeganə yadigarı olan 14 yaşlı qızı Reyhanı və bir neçə qadını taparaq Qumuğa gətiriblər. Aməntə xanım onun təlim-tərbiyəsilə məşğul olaraq böyütmüş, sonralar kiçik oğlu İbrahimlə evləndirmişdir. Bu izdivacdan Reyhan xanımın bir oğlu- Mövlüd İbrahim oğlu Əziziov doğulmuşdur”.
Ümidvaram ki, görkəmli aşığın elmi tərcümeyi–halını yazarkən bu qeydlərim tədqiqatçıların diqqətini cəlb edəcəkdir. Bu gün aşığın nəticəsi Elman Əzizov Molla Cümə irsinin ciddi şəkildə tədqiqi ilə məşğuldur. Molla Cümənin poeziyası forma və məzmun baxımından XIX yüzilin ən qüdrətli aşığı sayılan Dədə Ələsgərlə səsləşir. Professor Paşa Əfəndiyev XX yüzil Şəki ədəbi mühitində özünəməxsus yer tutan Baş Göynüklü Şərif İdrisovun qeydlərinə söykənərək Molla Cümənin elmi irsində özünə yer almayan, oxuculara çatdırılmayan şagirdləri ilə də bağlı maraqlı bilgiləri Molla Cümənin əsərlərinin 2006-cı il nəşrində oxucuların nəzərinə çatdırır. Hörmətli professorun qeydlərindən: “…Mən Şərif müəllimə məktub yazdım ki, Molla Cümənin şagirdləri haqqında mənə məlumat əldə etsin… Şərif müəllim məktubun əvvəlində yazır ki, Molla Cümə el sənətinin sirlərini onlarla şagirdlərinə öyrətmişdir. Şagirdləri içərisində aşağıdakı şəxslərin adları çəkilir: Ləzgi Aşıq Yarəli, Məhəmmədəli, Ümid Ağa Gözlü, Aşıq İsgəndər, Aşıq Məhəmməd, Putullu (Dağıstan-P.Ə.) Aşıq Hacı Məhəmməd, Qadruxlu (Dağıstan-P.Ə.) Aşıq İsmayıl, Zəyəmli (Qax) Molla Oruc, Aşağı Göynüklü Aşıq Yusif, Baş Layısqılı Aşıq Hacıbala, Aşıq Kərəmoğlu, Qaçayoğlu Aşıq Məhəmməd, Əlizadə Almalı, Qara Oruc İsmayıllı və sairə”dən də yüksəkdə durur.

“OZAN YURDU” jurnalı

ardı  var…

    Yazıya (458) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.