Tural ADIŞİRİN — Şəki folklor mühitində aşıq sənətinin inkişafı (1960-90-cı illər) II YAZI

tural

Aşıq Sirac
Aşıq Siracın “Gözləyən var yollarımı” (2003) şerlər kitabını vərəqlədikcə, ancaq bir qənaətə gəlirsən ki, Molla Cümədən sonra bu torpağın (Şəki torpağı-Layısqı torpağı nəzərdə tutulur-K.A.) yetirdiyi ən istedadlı aşıqlardan biri Aşıq Siracdır. Tədqiqatçı alim Əjdər Fərzəli çox doğru olaraq yazır ki, “Azərbaycan klassik aşıq poyeziyasının parlaq simalarından olan Molla Cumə yaradıcılığı ozündən sonra Azərbaycan aşıq məktəbinin və Azərbaycan xalq şerinin inkişafına güclü təkan vermişdir.”
Sirac Abuzər oğlu Həbibullayev 1933-cü ildə Baş Layısqı kəndində dünyaya göz açmışdır. Atası Abuzər müəllim dövrünün qabaqcıl maarifçilərindən olmuş, Şəki ərazisində yetərincə ad-san qazanmışdır. Sirac Həbibullayev 1940-1947-ci illərdə Qax rayonunun Qorağan kənd məktəbində 7 illik təhsil almış, orta məktəb dövrü müharibə illərinə düşmüşdür. Yeniyetməlik yaşından aşıq sənətinə, saza-sözə ürəkdən bağlı olduğundan, bu sahədə dərindən formalaşmaq üçün 1959-cu ildə respublikanın ikinci mədəniyyət mərkəzi Gəncə şəhərinə köçmüşdür. Gənc aşığın Gəncəyə koçməsinin bir səbəbi də Borsunlu Məzahir Daşqının dəvəti olmuşdur.
Gəncədə məskunlaşdığı andan o, dünyagörüşü, zəkası və istedadı ilə sənət adamları arasında tanınmağa başlamış, tanınmış aşıqlarla və şairlərlə ünsiyyət yaratmış, dostluq və ünsiyyət Sirac Həbibullayevin həyatında və yaradıcılığında şübhəsiz ki, mühüm rol oynamışdır. Eyni zamanda gənc sənətkar Orkestr Musiqiçilər Bürosunda işə düzəlmiş, 1965-ci ildən isə bu büro Aşıqlar İdarəsinə çevrilmiş, o, bu təşkilatda 19 il çalışmışdır.
Şeir yazmağa 1946-cı ildə başlayan Aşıq Sirac Gəncədə eyni zamanda üç peşə sahəsini özündə birləşdirmişdir: şair olmaq, aşıq kimi yetişmək və sazbənd peşəsinə yiyələnmək. Bu üç sənət sahəsinə məhəbbət hissi onun ürəyinin dərinliklərinə kök salmışdır. Xüsusilə, sazbəndlik peşəsinə bağlılıq bibisi Sara xanımın ona sazbənd Həvildən saz aldığı gündən başlamışdı. O zaman balaca Sirac Qax rayonunun Qorağan kəndindəki yeddi illik məktəbdə oxuyurdu. Sazbənd Həvilin mehri uşağa düşmüşdü, odur ki, onu öz yanında saxlamaq istədiyini Sara xanıma bildirərək demişdi:
-Mənim bacım, bu Sirac halal uşaqdır. İzn versəniz, mən onu öz evimə aparardım. İki uşağım var idi bu günədək, indən belə üç olsun. Təklif edirəm, Sara bacım gəlsin evimin də şəraitinə baxsın.
Sara xanım Sazbənd Həvilin ev şəraitindən də razılıq etdi. Ustanın həyat yoldaşı ilə bir qədər söhbətdən sonra Qorağan kəndinə qayıtdı. Abuzər müəllim bacısına inanırdı. Əgər müəllim, usta öz şəyirdini bu dərəcədə əzizləyirsə gərək ondan narazılıq etməyəsən. Bir neçə gündən sonra Abuzər müəllim Siracın ilk iş yeri və ustası Həvillə özü də gəlib şəraitlə tanışlıqdan sonra razılıq etdi.
Sirac birinci arzusuna çatmışdı. Şəyirdliyinin ikinci ilində o, artıq özü sərbəst olaraq saz düzəldə bilirdi. Siracın ilk səs sınağı Qorağan kənd yeddi illik məktəbinin növbəti buraxılışı münasibəti ilə keçirilən təntənəli yığıncaqda olmuşdu. O, ilk dəfə orada aşıq kimi çıxış etmişdi. Onun oxuduğu mahnılar iştirakçılar tərəfindən razılıqla qarşılanmışdı. Səsi və aşıqlıq məharəti Layısqıda hamının hörmət bəslədiyi Əhməd müəllim tərəfindən də bəyənilmişdi. Bu söz sərrafı olan insan bu gənc oğlanı alqışlayaraq onun parlaq gələcəyi olacağını söyləmişdi. Sonrakı illər Əhməd müəllimin ümidlərini doğrultmuşdu. Sirac Həbibullayev yaradıcı, improvizist aşıq kimi yetişmişdi. Ancaq necə? Əlbəttə ki, sonsuz çalışqanlığının, yuxusuz gecələrinin hesabına.
Aşıq Siracın şeirlərinin ünvanına nəzər yetirdikcə təəccüblənməyə bilmirsən. Az qalır ki, hər bədii nümunənin sonunda Azərbaycanın bütün diyarları, oba-oymaqları öz əksini tapsın. O dəqiqə XIX yüzilin ünlü şairi S.Ə.Şirvaninin həyatından bir lövhə yada düşür. Vaxtilə Şamaxı məktəbində şagirdləri sevimli müəllimlərinin [S.Ə.Şirvaninin] dərin biliyinə heyran qalıb, “müəllim, siz bu qədər biliyi haradan qazanmısınız?” – sualına, dahi şair: “səyahətlərimdən” – deyərək cavab vermişdi. Aşıq Siracın da seirlərinin sonunda onun ilhamının mənbələri öz əksini tapıb. Bəlkə də onun yaradıcılığında çoxçalarlığı yaradan, məzmun gözəlliyini təmin edən yurdunu, Vətənini daha yaxşı tanıması, qarış-qarış gəzməsidir. 50-ci illərdə ədəbi yaradıcılığa başlayan, şifahi xalq ədəbiyyatının bütün çalar və rənglərinə, xalqın bədii təfəkkürünə, əfsanə və nağıllarına, dastan və bayatılarına, mifik təsəvvürlərinə, adət-ənənələrinə yaxından bələd olan, yaradıcılığında aşıq ədəbiyyatının bütün janrlarında-qoşma, gəraylı, divani, müxəmməs, təcnis, qıfılbənd və digər janrlardan məharətlə istifadə edən Aşıq Sirac, sənətin bütün çətinliklərinə, əzab və məşəqqətlərinə ləyaqətlə sinə gərmişdir.
Aşıq Siracın yaradıcılıq nümunələri forma və məzmun baxımından olduqca bitkindir. Məs. “Bilmirəm” rədifli gəraylısına diqqət edək:

Ürəyimdə dərdim çoxdu,
Arzuma çata bilmirəm.
Gözlərimdə yuxu yoxdu,
Gecələr yata bilmirəm.

Bir tərlanım qaçıb getdi,
Sirri yada açıb getdi,
Yad ellərə uçub getdi.
Sorağın tuta, bilmirəm.

Siracam, gəzib hər yanı,
Tapa bilmədim cananı,
Birdəfəlik bu hicranı
Qəlbimdəm ata bilmirəm.

Aşığın “Dağlar” rədifli gəraylısında yurdunun təbiətinə, başı qarlı dağlarına, sərin yaylaqlarına olan məhəbbəti öz əksini tapmışdır. Aşıq yazır:

Bu gün qoynun gülər yenə,
Zirvələri qoşa, dağlar.
Baxan heyran olur sənə,
Hüsnün gəlir xoşa, dağlar.

Gəzdim sərin yaylağında,
Könül açan oylağında,
İsti suyun bulağında,
Təbim gəldi cuşa, dağlar.

Bahar olcaq, gülün açır,
Yamaclardan cüyür qaçır,
Qayalardan kəklik uçur.
Qonur daşdan-daşa, dağlar.

Nə dərd səni edib yorğun,
Sənin məndən budur sorğun.
Kədərliyəm, çünki Vurğun
Ömrün vurdu başa, dağlar.

Siracın artıbdır qəmi,
Yenə gəldi hicran dəmi,
İnsan solar çiçək kimi,
Sən əbədi yaşa, dağlar.

Aşığın təbiət lirikasının ən gözəl nümunələrindən olan “Şəkidə”, “Görün”, “Arasında” və s. gəraylılarında da eyni ruh hakimdir. Aşıq Siracın “Zeynəb”, “Nabat”, “Əlfinaz”, “Zümrüd” adlı gözəlləmələrində el qızlarının hüsnü cəmalı, zahiri və daxili gözəlliyi tərənnüm edilir. “Zeynəb” şeirinə diqqət edək:

Pəncərədən oğrun-oğrun,
Nə baxırsan yola, Zeynəb?
Camalına oldum vurğun,
Al yanağı lala, Zeynəb.

Muştaq oldum ala gözə,
Tüti dilə, şirin sözə,
Dilim tutmur deyim sizə,
Bu dərdimi bala, Zeynəb.

Özündən varmı xəbərin?
Günəşisən al səhərin,
Gözəllikdə bərabərin,
İnanmıram ola, Zeynəb.

Olmaz sən tək mina gərdən,
Apardın əqlimi sərdən,
Ağ üzündən öpüb hərdən,
Sirac qadan ala, Zeynəb.

Şeir sənətkarlıq baxımdan da diqqəti cəlb edir. Aşıq-şair gözəlin yanağını laləyə, cəmalını günəşə, boyunu sərvə bənzədərək təşbehlərdən, “ala göz”, “şirin söz”, “tuti dil”, “al səhər”, “ağ üz” epitetlərindən məharətlə istifadə edərək poetik obrazlılığı artırmışdır.
Aşıq Siracın poetik irsində qoşmanın təcnis, cığalı təcnis, nöqtəsiz təcnis, dil tərpənməz təcnis növlərindən də orijinallıqla istifadə edilmişdir. Şair Molla Cümə yaradıcılığında təsadüf edilən “əvvəl-axır” (yəni misralar hansı hərflə başlayırsa, həmin hərflə də qurtarmalıdır) formasına sadəlik gətirərək “əvvəl eyni hərf” formasını da yaradıcılığında tətbiq etmişdir:
Molla Cümədə: əvvəl-axır: “D” hərfi üzrə:

Dilbərim, sən olma yad, boyu şümşad,
Dərmansız dərdimə sən eylə imdad,
Dillərin bülbüldü, gözlərin cəllad,
Dad əlindən ey dad, sən eylə imdad.

Aşıq Siracda: əvvəl eyni hərf: “D” hərfi üzrə

Dilin dəlil deyir dalda darğasan,
Dal deyildir dalansa dala, dal
Dərdə dəlalətsən, dəxi dardasan,
Dadrəst dilə, danış dərdin dal-dala.

Ədalət naminə qeyd edək ki, “əvvəl-axır” formasını təcnisə tətbiq etmək olduqca çətin olduğundan istedadlı aşıq bu yolla getməmişdir. Aşığın ustadından geri qalmaması yüksək sənətkarlıqla qələmə alınmış “a”, “s”, “q”, “b”, “v”, “d”, “ə”, “e”, “j”, “z”, “y”, “i”, “g”, “l”, “k”, “m”, “o”, “ö”, “p”, “r”, “ü”, “u”, “t”, “x” hərfləri üzrə əvvəl-axırlarında öz əksini tapmışdır. Bu qəbil şeirlərində danılmazdır ki, aşıq Molla Cümə sənətini belə üstələmişdir. “H” hərfi üzrə “əvvəl-axır”ına diqqət edək:

Həyatda görmədim fərəh,
Həsrət məni üzdü billah.
Hərzə-hədyan deyən əbləh,
Həzar edib dərdim vallah.

Haqq sevən əməli saleh,
Hamını eyləyər valeh,
Həqir, alçaq, həm bəd taleh,
Həmişə ağlar inşallah.

Aşığın yaradıcılığında doğma Şəkiyə və ana yurdu Layısqıya həsr etdiyi şeirlər bənzərsiz poetik örnəklərdir. Şairin “Şəkinin” adlı şeiri etnoqrafik səciyyə daşıyır. Şair Şəkiyə aid bütün xüsusiyyətləri iqlimindən tutmuş, görkəmli şəxsiyyətlərinədək şeirdə poetik sözün qüdrəti ilə əks etdirmişdir. Şeirdən bir neçə bəndi oxucularımızın nəzərinə çatdırırıq:

Müqəddəs yurdumuzun aləmdə tapılmaz tayı,
Mülayim keçir yazı, payız, qışı, həm də yayı,
Şəhərə rövnəq verir əzəmətli Xan sarayı,
Həkk olub hər daşına uluların hay-harayı.
Tarixi, qədimlərdən verir sorağı Şəkinin.

Sehirlidir qara zurna, ovsunlayıb ürəkləri,
Bu sənəti yaşadacaq, Həbillahı, Ələfsəri,
Tar-kaman xatırladır, Əlöfsəti, Ələsgəri,
Saxlanır arxivlərdə minlərlə sənət əsəri,
Nur saçır gələcəyə bu şən növrağı Şəkinin.

Möhtərəm ədibimiz, həm fəxrimiz Sabit Rəhman,
Yazıb çox komediya, hikmət dolu, səlis, rəvan,
Lütvəli Abdullayev, aləmləri edib heyran,
Girib hər komik rola, səhnələrdə açıb meydan,
Şən gülüş ustasına, çoxdur marağı Şəkinin.

Yayılıb Bəxtiyarın şöhrəti yer kürəsində,
Çağlayır ləl mədəni, onun coşqun sinəsində,
Fəlsəfə alimidir, min məna var kəlməsində,
Görürük bu gün onu, Nizamilər zirvəsində,
Xalqımın şair oğlu, olub çırağı Şəkinin.

Partizan Əhmədiyyə, cəsur olub Fransada,
Onun bu cəsarəti, yüksəldibdir fəxri ada,
Köksündə hərbi medal daxil olanda parada,
General qarşısında, addımlayıb ön sırada,
Belə mərd yetişdirib, ana torpağı Şəkinin.

Aşıq Siracın “Layısqı” şeiri onun doğulub boya-başa çatdığı doğma yurda olan sonsuz məhəbbətinin ifadəsidir. Bu şeiri haqlı olaraq tədqiqatçı Əjdər Fərzəli “lirik poema” adlandırır. Şeir-poemada şair Layısqının təbiətini, qalın meşələrini, rəngarəng florasını, faunasını, müqəddəs ocaqlarını, cənnətə bənzərliyini tərənnüm etməkdən doymur. Şeirin bir neçə bəndini oxucuların nəzərinə çatdırırıq:

Şəfalı Qafqazın dilbər guşəsi,
Yetirir hər naz-nemətin, Layısqı.
Ətlasa bürünən dağlar meşəsi,
Göstərir xoş səxavətin, Layısqı.

Çəkiləndə qışın dumanı, çəni,
Yağır leysan, yuyur çölü, çəməni,
Gəlintək bəzəyir təbiət səni,
Bir aləmdir lətafətin, Layısqı.

Qalıb yaddaşımda körpəlik çağım,
Uşaqlıq illərim, gənclik növrağım,
Əziz ana yurdum, ana torpağım,
Kim unudar məhəbbətin, Layısqı?

Sazımın, sözümün ilk təməlisən,
Könül rübabımın incə telisən,
Molla Cümə vətənisən, elisən,
Məşəlisən səadətin, Layısqı.

Yetirmisən alim, aşıq, ziyalı,
Qız-gəlinin xoş ismətli, həyalı,
İnsan təfəkkürü, insan xəyalı,
Artırıbdır mətanətin, Layısqı.

Hər kəsin gələndə əziz qonağı,
Zövq ilə bəzənir qonaq otağı,
Açılır süfrələr Hatəm sayağı,
Başlanır şən ziyafətin, Layısqı.

Adəm dünyasına burda gəlmişəm,
Çalıb-çağırmışam, deyib-gülmüşəm,
Hər yerdən müqəddəs səni bilmişəm,
Kəsmə məndən ünsiyyətin, Layısqı.

Müqəddəs ruhların nurlu sayəsi,
Üstündədir, bilir Moğal məhləsi,
Nurullahın, Şeyx Mütüşün türbəsi,
Olub şərəf, şan-şöhrətin, Layısqı.

Hacısalahdır, müqəddəs pirin, ocağın,
Saxlayır zavaldan elin, oylağın,
Odur havadarın, ümid çırağın,
Şəfa verən ziyarətin, Layısqı.

Siracam, qoynuna demişəm cənnət,
Qədir-qiymətini bilməz müxənnət,
Mən necə özümü sanmayım xoşbəxt,
Sakiniyəm bu cənnətin, Layısqı.

Yaradıcılığının ideya-bədii dəyərini, həmişəyaşarlılığını duyan Aşıq Sirac “Mən” rədifli qoşmasında yazır:

Kamil ustadıyam dövri-zamanın,
Hikmət dəryasının qəvvasıyam mən.
Aşıqlar anası Molla Cümənın,
Müəmma, təcnisi, cinasıyam mən.

Cinasdan yaratdım nöqtəsiz təcnis,
Divani, dildönməz, hər biri nəfis,
Nadanlar sözümə qoy desin naqis,
Sənət binasının bənnasıyam mən.

İnanırıq ki, Aşıq Siracın rəngarəng janrlarla zəngin yaradıcılığı tədqiqatçıların diqqətini cəlb edəcək, aşıq poeziyamızın tarixində öz layiqli yerini tutacaqdır.

“OZAN YURDU” jurnalı

(ardı var…)

    Yazıya (657) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.