Aysel Abdullazadə – İndi bildinizmi əsl əxlaqsız kimdir?

12108797_10207817971677409_4302331997601798134_nBu günlərdə hamı əxlaqdan, mənəvi keyfiyyətlərdən danışır. Kişili-qadınlı bu kəlmə yaman dilimizə pərçimlənib. Elə bil, bu sözü işlətməklə daha yaxşı insan olduqlarını göstərmək istəyirlər. Bəli, yalnızca göstərmək. Var olan zatən, özlüyündən görünər, heç bir səy göstərmədən günəş kimi doğub ixtiyarsız, iradəyə tabe olmadan varlığını isbatlayar. Olmayanlar isə dilinə bir kəlməni düyünləyib varmış kimi gözə soxmaqla məşğul olur.

İndi gəlin, araşdıraq, nədir əxlaq, əxlaqlı kimdir, əxlaqsız kim?

Əvvəlcə bu sözün ifadə etdiyi mənanı qeyd edək. Yazaq ki, əxlaqı yalnız dildə söz olaraq əzbərləyənlər işlətdikləri sözün kökünü, necə yaranmasını bilsinlər.

Əxlaq - “xülq” sözünün cəmidir. “Xülq” insanın daxili xüsusiyyətləri, “xəlq” isə zahiri forma deməkdir. İnsanlarda müşahidə olunan hər bir əməl, daxili keyfiyyət, hərəkət əxlaq və əxlaqi rəftar adlanır.

“Xəlq” və “xülq” sözləri ərəb mənşəli olub, eyni kökdən götürülmüşdür, lakin məna etibarı ilə bu sözlər bir-birindən fərqlənir.

Əxlaq alimləri insanın nəfsani sifətlərini iki hissəyə bölmüşlər:
1. Fitri (təbii)
2. İktisabi (kəsb edilmiş, qazanılmış və ixtiyari)

Əxlaq norma kimi səciyyələnsə də, tamamilə fərdi xarakter daşıyır. Cəmiyyət üçün əxlaqlı və əxlaqsız olmaq individual nümayişkarlıqdır.

Çayxanalarda vaxt keçirib, məhəllədə tum qabıqlarını yerə tüpürərək insanların ardınca boş-boş danışıb əxlaqsız damğası vuranlara buradan bu dəyəri izah etmək istəyirəm.

1. Əxlaq geyimlə səciyyələnə bilməz!
Geyim əxlaq göstəricisi deyil. Açıq-saçıq geyim sərgiləyən bir qadın sənin üçün əxlaqsız hesab olunursa, sən ən cahil, ən nadan insansan. Bəlkə sən çayxana köşələrində domino oynayıb, nərd taqqıldadanda o açıq geyimli qadın yaxşı bir əməlin sahibi olub, bir kimsəsizə yardım edib, bir çarəsizə kömək olub, birinin qarnını doyurub. Açıq geyinibsə, onun mini ətəyi sənin mini beynini bulandırıbsa, burada sorun yenə sənin “başındadır”.
Yaxud səliqəli, qiymətli bir geyim içindəki kişi əxlaqlı insandır deyə bir kredo yoxdur.

Və ya əksinə…

2. Əxlaq cins tanımır, insan tanıyır!

Əxlaq, yalnızca qadın üçün nəzərdə tutulmuş və əməl edilməli bir nəsnə deyil. İnsan üçündür. Nədənsə, bizim cəmiyyətdə namus da, əxlaq da deyəndə qadın düşünülür. Kişinin əxlaqsızı olmurmu? Hər iki cins insandırsa, niyə yalnız qadına şamil olunur?

İş saatı çox olduğuna görə evinə gec saatlarda gələn qadın niyə əxlaqsız adlandırılır?
Hava qaralanda yola çıxan qadına niyə əxlaqsız deyilir? Niyə hara getdiyi şübhə altında qalır beyinlərdə, beynimiz bu qədərmi cılız və bəsit hormonlar ürətir?

3. Sərbəst davranmaq, komplekssiz olmaq əxlaqsız olmaq anlamı daşımır!

O qədər süniliklərə öyrəşmişik ki, özü kimi olan insanları cəmiyyət olaraq əxlaqsız sayırıq. Çünki çox az halda insanımız olduğu kimi, özü olaraq davranır. Bu da bir növ kompleksdir. Niyəmi? İnsanlara damğa vurulacağını, üzünə deyilməsə də, arxasında “pozğundur, əxlaqsızın biridir” deyiləcəyini bildikləri üçün. Doğal halımızı itiririk, gizləyirik, içimizdə yeni bir “mən” yaradırıq, topluma, insanlara “əxlaqsız” olmadığımızı göstərmək üçün, arxamızca vedrə qoşmasınlar deyə özümüzdən imtina edirik.

4. Sevgilinin olmağı (qızın sevgilisi olmağı) əxlaqının olmamağı demək deyil!

Aytac Babayeva cinayətində çox müşahidə etdim. Öldürən bir tərəfə, ən çox öldürülən ittiham olundu. Çünki qız idi. Və sevgilisi tərəfindən öldürülmüşdü. Hətta bəzilərinin, “yaxşı olub, eləsinə o da azdır, nə hala qalmışdı sevirdi, sevgi deyib gədə ilə düşüb yolların canına” deyənləri gördüm.
Mənə çox maraqlıdır, belə deyənlərin qızı, bacısı yoxmu? Necə sığortalayır ki, sabah da onun yaxını olan bir qız kimisə sevməyəcək, sevgilisi ilə əl-ələ gəzib, şəkillər çəkdirməyəcək? Buna kim, necə zəmanət verir?

Aytac bir qız idi və bu cəmiyyətin insanları qızın sevgilisi olmağına daş yağdırdı göydən, qatilə haqq verənlər belə oldu. Aytac oldu əxlaqsız, öldürən isə yaddan çıxdı. Bu cəmiyyət bir kişiyə ictimai qınaq yaratmaqda, onu ittiham etməkdə acizdir, həmin kişi səhv olsa belə…

Hər iki cins əxlaqı daxilində formalaşdırmalı və onu şəxsi nəzdində göstərməlidir.

5. Qadının həyatında (istənilən yaxınlıqda) bir kişinin olmağı, onun əxlaqsız olduğunu göstərməz, göstərə bilməz!

Ən azı bunu demək özü əxlaqsızlıqdır. Öncəliklə, qeyd edim ki, insan həyatına müdaxilə birbaşa şərəfsizlikdir, istər qadın ol, istər kişi. Kiminsə yaşamını müzakirəyə çıxarmaq, ittiham etmək, insanlıq dışıdır. Bəyənməyə bilərsən, amma söz demək kimsəyə düşməz.

Digər tərəfdən, insana fahişə damğasını yapışdırmadan öncə fahişə sözünün mənasını tam anlamı ilə araşdırın, etimologiyasını öyrənin. Bundan sonra, müəyyən bir qiymət qarşılığında bədənini satışa çıxaran birinə fahişə terminini brend olaraq möhürləyin.
Əks təqdirdə, dəb halını almış bu sözü kimə gəldi ünvanlamaq fahişəlikdən də betərdir.

Həyatında bir kişi olan qadın nə əxlaqsız, nə də fahişədir. Bunu düşünmək və belə qəbul etmək absurtdur. Əsasını yuxarıda qeyd etmişəm.

6. Kişinin ailəsinə, qadınına azadlıq verməsi, qısıtlamaması onun əxlaqsızlığı deyil!

Kişilər qadağalara, azadlığı – həyatı oğurlamağa öyrəşiblər. Qadını mənimsəmək, sahiblənmək onun arzularını oğurlamaq, istəklərini qısıtlamaq demək deyil. Bunu anlayan insanlar da var. Amma çoxluq qeyd etdiyimiz situasiya üzərindədir. Qadına hörmət edən kişini, elə öz həmcinsləri əxlaqsız, qeyrətsiz adlandırır. Bu düşüncə nə qədər boş təfəkkürün, cılız mənəviyyatın göstəricisidir. Bir az daha geniş düşünməyə illərmi lazımdır?

7. Və son olaraq, vərdişlər əxlaqla əlaqəli bir məsələ deyil! Buna siqaret çəkmək, içki içmək, yüksək səslə musiqi dinləmək və. s daxildir.

Ən çox yenə qadınlara şamil edilən bu vərdişlər əxlaq normasını tənzimləmir. Qadın siqaret çəkirsə, bu əxlaqsızdır deməyə heç bir halda əsas verə bilməz (sadəcə səhhətə ziyanı var).
Və ya özəl bir gündə içki içirsə, yaxud yolda yüksək səslə musiqi dinləyirsə… Bunlar tamamilə fərdi xüsusiyətlərdir və heç bir halda əxlaqsızlıq kimi göstərilməsinin əsası və məntiqi yoxdur. (Məsələni içkiyə aludəçilik formasında müzakirəyə qapalı təqdim edirəm)

Əxlaqsız kimdir bilirsinizmi?

- Müəllimə (həkimə) 150-180 manat, rüşvətxor məmura 1800-2000 manat məvacib təyin edən insanlar
- Məktəbdə dərs saatını satan direktorlar
- Başqalarının həyatını müzakirə obyektinə çevirən, qınayan, ittiham edən və başını yaşamlardan çıxara bilməyən insanlar
- Seçkilərdə qalaq-qalaq bülleten atanlar
- Sekretar-referent vakansiyası ilə qadın təcavüzünü həyata keçirənlər
- Həyatını Rusiyada keçirib, kefini çəkib gəlib, Azərbaycanda yeddi arxa dönənini araşdırıb bakirə qız alıb evə həbs edənlər
- Məhəlləsində çalışan və sərbəst bir qadın olduğu üçün həmcinsini həzm edə bilməyib, adına min cür söz çıxaran qadınlar
- Qızını 15 yaşında ərə verən valideynlər
- 15 yaşlı qızın toyunda qol qaldırıb oynayan, amma 17 yaşlı bir qızın sevgilisi olduğunu eşidəndə yolunu azıb deyənlər
- Dostundan gəlin nömrəsi istəyən “kişilər”
- Qadın alveri ilə məşğul olan həmcinslərimiz
- Ər evində övladını işgəncəyə, zülmə məruz qoyan valideynlər
- Boşanmış qadına insan kimi yox, potensial fahişə kimi baxanlar
- Boşanmış oğluna ikinci dəfə (hətta üçüncü dəfə) bakirə qız axtarıb, “bax, oğluma qız uşağı aldım” deyən qadınlar
- Toplumda insana mədəni halına görə dəyər verənlər
- Geyimə görə qiymət verən və bu kontekstdə səslənən fikirlər
- İnsanlara cibinə görə hörmət edənlər

Qısacası, əxlaq dediyiniz şey sizin özünüzsünüz. Başqalarını mühakimə etmədən öncə, dönüb öz əxlaqınıza baxın! İnsan üçün əxlaq vacibdir, insanlığı ortaya qoyan faktordur.

İndi bildinizmi əsl əxlaqsız kimdir?

Yazıya 772 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.