Akif ABBASOV – Ürəyə girməyi bacarmaq azdır…

AKİF SON ŞƏKİL(“Aldanma sözlərə” romanından)

 

 

Ürəyə girməyi bacarmaq azdır,

Ürəkdə qalmağı bacarmalısan

Məmməd Araz

 

 

Əzizə get-gedə haldan çıxır, tez-tez saatına baxaraq öz-özünə danışırdı: “Belə də məsuliyyətsizlik olar”. O, pəncərənin qarşı­sın­da dayanmışdı, yanında da 3-4 yaşlı qız uşağı. Hər ikisinin baxışları pəncərədən yollara dikilmişdi. Badam xanım gəlib onun yanından keçəndə:

-  Əzizə, getmirsən?- deyə soruşdu.

Əzizə çevrilib müdirəni gördü, gülümsədi:

 – Deyəsən, bir az lən­giməli olacağam. Saat səkkizə işləyir. Valideyni gəlib çıxmayıb. Uşaqla qalmışam.

Badam xanım ayaq saxladı:

-  Kimin uşağıdır?

Əzizə cavabında dedi:

-  Xuraman xanımın. Sarışın qadındır, tanıyırsınız. Qaradin­məz, qaşqabaqlı qadın…

Badam xanım qaşlarını çatdı:

-  Hə yadıma düşdü. Bəlkə, bir hadisə baş verib.

-  Bilmirəm.

Badam xanım:

-  Çarə nədir, gərək, gözləyəsən, – deyə ona səbirli olmağı tapşırdı. -Bəlkə zəng edəsən?

Əzizə təəssüf  hissilə dilləndi:

-  Telefonu yoxdur. Amma ünvanı var.

Badam xanın yoluna düzəldi:

-  Yaxşı, sağ ol, mən getdim.

Badam xanım kaşmir paltosunun başlığını qaldırıb həyətə çıxdı. Çiskin yağış yağır, xəfif külək əsirdi.

Uşağın anası gec gəldiyi üçün, bayaqdan Əzizə özündən çıxırdı. Badam xanımın sözlərindən sonra öz-özünü qınadı: “Biz insanlar qəribə məxluquq. Hərə öz hayındadır. Hamı özünü düşünür. Fikirləşirlər ki, təki, onların işləri qaydasında olsun, düz gətirsin, günü xoş keçsin. Rahatlığı olsun. Başqasının  dərdini çəkmək onlara qalmayıb ki… Hərə öz dərdinə çarə axtarsın.  Mən də onlar kimi. Nə var beş-on dəqiqə işdə yubanacağam, bu məni haldan çıxarır».

Əzizə uşağın başını sığallayaraq:

-  Darıxma, – dedi, -anan harada olsa, bu saat gəlib çıxar.

Uşaq doluxsunmuşdu. Odur ki, tez soruşdu:

-  Anam gələcək?

Əzizə  mehribanlıqla və qayğı ifadə edən bir səslə:

- Niyə gəlmir, a bala? – dedi.  -Əlbəttə, gələcək.

Əzizə yenidən düşün­cələrə daldı: “Görəsən, insanlar bir-birinə niyə bu qədər etina­sızdırlar? Niyə bir-birlərinə qənim kəsilirlər? Bəzən başqasına əzab verməkdən həzz alırlar. Badam xanım demişkən, bəlkə bir ha­disə baş verib… Amma Badam xanım da öz münasibətini bildir­mək­lə kifayətləndi. Bir demədi ki, zəng edib nəticəsini mənə çatdı­rar­san.  Ha­mımızda  nəsə çatışmayan, qüsurlu cəhət var. Bu da, gö­rünür, on­dandır ki, məsuliyyət hissimizi duymuruq, başa düşmək istəmirik.

Saat səkkizin yarısı idi. Əzizə geyinib çıxmaq istəyəndə telefon zəng çaldı. Arzunun anası idi. Salam verib:

-  Əzizə xanım lazımdır, – dedi.

Danışanın Əzizə olduğunu biləndə üzrxahlıq elədi:

- Bağışlayın, siz Allah, qızdırmanın içində yanıram. Neçə dəfə həkim gəlib. Qonşu qıza tapşırmışdım ki, uşağı bağçadan götürsün.  İndi zəng edib ki, institutda tədbir keçirilir. Heç cür çıxa bilməyib. İcazə verməyiblər. Bu saat geyinib çıxıram, taksiyə minsəm, uzağı 5 dəqiqəyə ordayam.

Əzizə əvvəl istədi  desin ki, gözləyirəm, gəlin. Lakin insanlıq borcu ona başqa  şey diktə edirdi. Allah-taala öz bəndələrini  bir-birinə həyan durmaq, bir-birini sevmək, bir-biri üçün yaşamaq, xeyirxahlıq göstərmək üçün yaradıb. Çətin anlarda bir-birinə kömək etməyi buyurub. İnsanlar yaxşılıq etdiyi anlarda, yardım əli uzatdığı, bir-birinə sevinc bəxş etdiyi, biri digərinə öz kədərini, köməksizliyini unutdurduğu anlarda gözəldir.

Əzizə öz insanlıq borcunu yerinə yetirməli idi. Xuramana yataqdan qalxmaq olmazdı. Ayaq üstə olan yıxılana, sağlam xəstəyə, varlı kasıba, xoşbəxt bədbəxtə, bəxtiyar qüssəliyə əl uzatmalıdır. Bu həmişə həyatın qanunu, insanlığın borcu,  daxili tələbatı, vicdanın səsi olmalıdır! Odur ki, Əzizə tez:

- Xuraman xanım, siz yataqdan qalxmayın, -dedi. -Biz Arzu qızımla gəzə-gəzə, söhbət edə-edə, ana-bala kimi yavaş-yavaş özümüz gələcəyik. Ünvanınızı bilirəm. Yəqin zəng etmək üçün qonşuya getmisiniz. Əziyyət çəkməyin. Onsuz da mən uşağı gətirəcəkdim. Narahat olmayın…

Əzizə hiss etdi ki Xuraman qəhərlənib, danışa bilmir…  O, qrup otağına keçib Arzunu geyindirdi, sonra özü də dəri gödəkcəsini geydi. Qapını bağlayıb Arzu ilə yolun ağzına düşdü. 

Bakı əvvəllər daha gözəl idi. Təmizliyə, səliqə-sahmana, abadlığa fikir verirdilər. Doğrudur, kommersiya ilə məşğul olanlar zirzəmiləri – mağaza, ofis, valyutadəyişmə məntəqəsi, nə bilim nə edib gözəlləşdiriblər. Qabaq bu zirzəmilər üfunət mənbəyi idi. Pullu adamlar mənzillərin birinci mərtəbələrini alır, yaxşı xərc qoyub pul götürürlər. Mağazalara, ofislərə, restoranlara, kafelərə baxırsan, göz oxşayır. Amma şəhərin özündə toz-torpaq, tullantı, kağız parçaları. Bir balaca külək qalxanda tozu qaldırıb adamın başından tökür. “Yaxşı ki, yağış yağır, heç olmasa toz-torpağı bir az yatırar. Pal-paltarı yuyub, ütüləyirsən, hamamlanıb çıxırsan, axşam qayıdanda özün-özünü tanımırsan. Paltarını çırpırsan – toz qalxır, əlini sifətinə, boyun-boğazına çəkirsən – əlin qapqara olur” – deyə Əzizə öz-özünə düşünüb, təəssüf hissi keçirirdi. “Amma yağışın, qarın da bizim şəhər üçün öz dərdi-səri var. Küçələr, yollar, dalanlar yaman gündədir.  Asfalt dağılıb, baxan yoxdur. Pullu adamlar öz dükan-bazarlarının, restoran və barların qarşısına mərmər döşəyir, bax, ürəyin açılsın. Amma elə ki, yağış yağdı, su – dağılmış yola, küçəyə dalana yığılır. Palçıq və su əlindən tərpənmək olmur. Maşın suyu  üstünə sıçradır.

Nə olsun ki, səhər tezdən ayaqqabılarını silib çıxırsan, özünü metroya, avtobusa çatdırana kimi toz-torpağa, yağışlı havalarda palçığa batır. Baxıb, xəcalət çəkirsən.

Küçə süpürənlər də alatoran durub işlərini görməkdənsə, saat 8-dən, 9-dan sonra küçələrə çıxır, tozu qaldırırlar. Bəziləri gələn  olduğunu görəndə əl saxlayır. Amma gəlib-gedənin sayı birdirmi – ikidirmi? Ona görə də bəzi süpürgəçilər heç adamlara məhəl də qoymur. Məcbur olub yolunu dəyişirsən.

Əzizə elə bu xəyallara qapılmışdı ki, ayağı çökəyə düşdü və su ətrafa sıçradı. Həm özünün, həm də Arzunun üst-başı batdı. Tez Arzunu qucaqladı:

-  Üstünü islatdım, deyəsən …

Arzu uşaq sadəlövhlüyü ilə:

-  Eybi yoxdur, müəllimə,- dedi.

Əzizə öz-özünə: “Bəxtəvər xaricdə yaşayanların başına. Onlarçın hər cür şərait yaradır, küçələrini də şampunla yuyurlar…” – deyə düşündü.

Əzizə yolda ayaq saxlayıb Arzu üçün konfet və peçenye aldı. Qız götürmək istəmirdi. Əzizə təkid etdi, inciyəcəyini bildirdi. Arzu aldı. O, tərbiyəçini sevirdi. İstəməzdi ki, ondan incisin.

Evə çata-çatda Əzizə Arzuya müraciətlə soruşdu:

-  Yəqin atan da işdədir, ona görə  dalınca gələ bilməyib…

Arzunun sifətinə kədər çökdü:

-  Atam yoxdur… 

Əzizə səhvə yol verdiyini anladı. Artıq gec idi və onlar çatmışdılar. Qapını qonşu qadın açdı:

-  Allah Xuramana kömək olsun… Bayaq nə billah elədim, məni uşağın dalınca getməyə qoymadı. Dedi, özüm gedəcəyəm. Çox sağ olun, müəllimə, Allah sizi xoşbəxt eləsin. Mən gedim…

Qonşu qadın çıxdı. Xuraman yataqda uzanmışdı. Göz qapaqlarını güclə açıb:

-  Gəldiniz? – deyə soruşdu.

Arzu anasının üstünə qaçıb onu qucaqladı:

-  Ana, müəllimə bizə gəlib…- dedi və sonra özünü saxlaya bilməyib göz yaşlarını axıtdı. – Nə olub sənə, anacan?

Arzu həm sevinirdi, həm də qüssəli idi. Sevinirdi ki, tərbiyəçi evlərinə gəlmişdi. Kədərlənirdi ki, anası xəstə idi, özü də belə bir gündə,    Əzizə xanım qonaq gəldiyi bir vaxta. Tez:

-  Müəllimə, oturun, sizə çay verim, – dedi.

Əzizə onun başını tumarladı:

-  Əziyyət çəkmə, qızım.

Arzu cəld mətbəxə keçdi. Qonşu qadın, dərman alıb gətirmiş, Xuraman üçün zoğallı çay süzmüşdü.

Əzizə irəli yeriyib əlini onun alnına qoydu. Xuraman qızdırmadan yanırdı.

-  Can bacı, nə lazımdır?

Xuraman:

-  Heç nə, əzizim, – dedi. -Çox sağ ol. Əziyyət verdim sənə. İndi bacım gələcək.

Arzu çay, konfet gətirdi.

Əzizə ayağa qalxmaq istədi:

-  Mən gedim, evdə nigaran olarlar.

Arzu cəld dilləndi:

-  Müəllimə, çay için, sonra. Siz birinci dəfədir bizə gəlirsiniz.

-  Ay sağ ol, qızım.

Uşaq qonaqpərvərlik göstərmək, tərbiyəçisinin qulluğunda durmaq istəyirdi. Əzizə Xuramanla söhbət edə-edə çayını içməyə başladı. Birdən gözü yan divardakı qara haşiyəyə alınmış şəklə sataşdı. Elə bil onu ildırım vurdu: öz-özünə pıçıldadı: “Ola bilməz, ola bilməz”.

Onun rəngi avazımış, nitqi kəsilmişdi. Xuramandan soruşmaq istəyirdi, soruşa bilmirdi. Qara haşiyəli şəkil “O”nun idi, dünyalar qədər sevdiyi, yolunda canını belə fəda etməyə hazır olduğu bir insanın idi. “O” jurnalist idi, altı aylıq ezamiyyətə getmişdi. Tez-tez zəngləşirdilər. Gah “O”, gah Əzizə zəng edirdi. Bir müddət olardı ki, əlaqə saxlamamışdılar.

Qəhər onu boğdu. Valideynin, Arzunun yanında halını büruzə verməməyə çalışırdı. Əzizə “O”nun qohum-əqrəbasını tanıyırdı. Bu qadın «O»nun nəyidir görəsən? Bu maraqla, səsində qüssə, kədər və titrəyiş soruşdu:

-  Bağışlayın, şəkildəki oğlan sizin nəyinizdir?

Xuraman qəhərli:

-  Ərimdir, – dedi, -avtomobil qəzasında həlak olub…

Əzizə ilan vurmuş adam kimi yerindən dik atıldı. Əllərilə başını qamarlayıb  hönkürdü:

-  Ola bilməz, ola bilməz !!! – deyib cəld çıxdı.

Xuraman başını dikəltdi: “Nə ola bilməz?” Sonra: “Əzizə xanım, Əzizə xanım!” – deyə harayladı. Mətbəxdən qaçaraq gələn və çaş-baş qalan Arzu:

- Anacan, müəllimə getdi? Heç mənimlə sağollaşmadı. Onunçun yemək hazırlayırdım.

Xuraman sonsuz heyrət içərisində dilləndi:

-Getdi, balacan, getdi.

Sonra yaranmış vəziyyətdən qızını xəbərdar etməmək üçün ona heç nə demədi, öz-özünə fikirləşdi: “Birdən-birə bu qıza nə oldu? Necə yəni “ola bilməz!”. Lap təəccüb qalınası işdir. Ancaq burda nəsə bir sirr var. Yoxsa, o birdən-birə o hala düşməzdi.

                                 (ardı var)

 

Yazıya 742 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.