Xələf Azərinin yeni şeirləri

Xelef Azeri

Dilə sən

Çox ağlamaq, insan ömrün azaldır,
Nə deyim ki, bircə dəfə güləsən?
Günəş olub parlayasan hər səhər,
Dost olasan hər çiçəyə, gülə sən.

Ömür keçə, yenə dönə o günlər,
Xoşbəxt aya, günə dönə o günlər.
Mən sevdiyim sənə dönə o günlər,
Sən sən olub bizə qonaq gələsən.

Arzun oldum, çin olmadım, bağışla,
Saçlarında dən olmadım, bağışla,
Məndə sənsiz mən olmadım, bağışla,
Nə çəkirəm? Kaş ki, özün biləsən.

Daha gecdi, at adımı dilindən,
Ocaq sönüb, nə gəzirsən külündən?
Çalış mənim izlərimi əlindən,
Nəfəsimi dodağından siləsən.

Toza çıxdı, hansı dağı ələdim,
Qismətimi göy əskiyə bələdim.
Sənə ömür, xoş arzular dilədim,
Gəl mənə də bir xoş ölüm dilə sən!!

 

Səni istəyir

Yollarına boylanıram hər axşam,
Kor olubdu gözüm səni istəyir.
Ucalanda göy üzünə fəryadım.
Kəlməm səni, sözüm səni istəyir.

Qərib qalıb bağçamızda bir çiçək,
Boynu bükük, qəlbi qırıq, yetimtək.
Tor üstündə bəslədiyin hörümçək,
Bu ot basan izim səni istəyir.

Qəm üstündə köklənmişəm bu səhər,
Ağılarla bəslənmişəm bu səhər.
Mavi bulud, yağan yağış, boş şəhər,
Dağım, dərəm, düzüm səni istəyir.

Dağılmışam, fikrim ,hissim dərbədər,
Gülər üzüm sənsiz olub qəm, kədər.
Göz yaşımdan suya dönən cümlələr,
Ağ vərəqdə yazım səni istəyir.

Kədər məni daşa basıb bu evdə,
Yağmalayıb, kəsib, asıb bu evdə,
Dön geriyə! Sənsiz kasıb bu evdə,
Çoxum səni, azım səni istəyir.
Kor olubdu gözüm, səni istəyir.

 

Qonağım oldun

Bu gecə sən bizə qonaq gəlmişdin,
Dedin ki, otağın oyuq-oyuqdur.
Nə edim, otağım sənin qəlbintək,
Yaman səliqəsiz, yaman soyuqdur.

Divarlar üstümə gəlir elə bil.
Hissli çırağımın piltəsi sönüb.
Döşməm üstündə ayaq izləri,
Qəlbimdə iz qoyan yaraya dönüb.

Nahaq əl uzatma, açılmaz qapım,
O qapı lap çoxdan pas atıb artıq.
O qapı dalında sənin həsrətin,
Gündə milyon dəfə yaşanıb artıq.

Bağışla çayım da soyuq olacaq,
Səfillər isti çay içməzlər gülüm.
Sənin həsrətinlə söndü bu ocaq,
Sovruldu göylərə, sovruldu külüm.

Qalıb paltarlarım küncdə, bucaqda.
Səliqə onları çoxdan tərk edib.
Ütüsü yox olmuş bu köynəklərin,
Boynunu illərin həsrəti didib.

Daha yox əlacım getsəm də hara,
Mənim həyat eşqim səsini kəsdi.
Sənli xatirələr tökülüb bura,
Bağışla otağım səliqəsizdi.

Yazıya 871 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.