“Qafiyəsiz baxışlar”

İnqilab İsağın “Canım sənə desin” şeirlər kitabını oxuyandan sonra…

Oyatdım canımdakı
Ağrıların şahını.
Anamın göz yaşını,
Atamın günahını…

Canındakı ağrıları, anasının göz yaşını və atasının günahını oyadaraq söz-söz əriyən, misra-misra dirilən İnqilab İsaqdan danışmaq xoşdur. Çünki İnqilab müəllim mənə çox doğma olan Gəncə Ədəbi mühitinin özündədir. O mühitdə sevilən şairin şeirləri sərhədlərini aşaraq ərazisini genişləndirməyi də bacardı.
Bu yaxınlarda müəllifin yeni kitabı – “Canım sənə desin” şeirlər toplusu işıq üzü gördü. Bu kitab da əvvəlki poeziya nümunələri kimi oxucuların və söz adamlarının diqqətini cəlb etdi.
“Canım sənə desin” də İnqilab İsağın əvvəlki kitabları kimi uğurlu oldu, oxucu diqqətini özünə çəkə bildi. Lakin bu kitab əvvəlkilərdən fərqli olaraq ağrıyla, həsrətlə daha çox yükləndi. Bilmirəm, bu ötən illərin yanğısıdırmı, ya ümidini yollarda gecikən görən bir ürəyin fəryadıdırmı, ya ümumiyyətlə insan müdrikləşdikcə, yaşa dolduqca daha kövrək olmasındandırmı… ortadakı həqiqət isə bu; “Canım sənə desin”dəki şeirlərin əksəriyyəti kədərlidir:

Mənim ümidlərim gecikən yola,
Mənim ağrılarım əlli çatacaq.

O şeirlər ağrılarla elə yüklənib ki, bu yükün altındakı şair ürəyi sızıldamaya, göynəməyə bilməz. O ürək təkcə öz dərdini, öz ağrısını yaşamır. O ürək bütün bəşəriyyətin, insanların iztirabına yanır. O ürək qara günlərində qara çörəyini dilim-dilim edərək, qara günlülərin gününü özününküləşdirir, özünü əridir:
Bölərdim qara çörəyimi
Qara günlərimlə
Dilim dilim…

O ürək içində bahar gəzdirsə də çölündəki xəzana tapınır, ondan imdad diləyir, o bahar yaralansa belə baharının xatirinə yaralarını gizlətməyə çalışır, ağ-qara, adi günlərinə sözlə boyaq vuraraq al edir, yaşıl edir (yaxud etməyə çalışır), içindəki löyün-löyün (löyün-löyün nə gözəl sözdü deyilmi. Bu səmimi, şirin, lakın artıq arxaikləşmiş ifadəni poeziyaya gətirərək yenidən diriltmək nə gözəldir. Bunun üçün də İnqilab İsağı alqışlamağa dəyər) ümidləri oyatmağa çalışır. Fəqət o ümidlər oyandımı, göyərdimi, bunu oxucu sonda görür və göyərməyən ümidlərə təəssüf edir:

Xəzan yeli, baharımı darama,
Öz içimdə ögey oldum yarama.
Söz boyadım hər ağıma, qarama,
Löyün-löyün ümidləri oyatdım.

Ölümə tapınmaq, çarəni ölümdə bulmaq hər bir yazarın yaradıcılığında əks olunub. Lakin İnqilab İsaq yaradıcılığında ölümü arzulamaq kimi pessimist duyğulara rast gəlmirik. Aşağıdakı bənddə isə o, ölümü arzulayır, ancaq elə gözəl, elə cilalı arzulayır ki, ölüm gözümüzdə ölümsüzləşir. O Torpaq evinə, qəbirə anamgil deyir. Burada oxucu məzardan irpənmir, hətta məzarı sevir, axı ora anagildi….

Loğman olsa, çarə qılmaz
Hər dərdimi bilə-bilə.
Dünya mənə ana olmaz,
Durum gedim anamgilə…

Aşağıdakı misrada isə şair bədii dillə dərdinə elə gözəl sığal çəkir ki, onun sükut içərisindəki dərdini də sevməyə bilmirik:

Dərdlərim hardadı, sükütüm orda,
Məni axtaranlar sükutda tapar.

“Düşüncə” şeirinə nəzər salaq:
Unudulmaz sevdalar
Həsrətinə boyanıb.
Bir körpə yuxusunda
Köhnə divar oyanıb.

Burada mücərrədlik hökm sürsə də, körpə yuxusundakı ecazkarlığa heyran qalır, susan, köhnələn daşı-divarı dilə gətirməsinə inanır, eyni zamanda mışıl-mışıl yatan körpənin bütün sevdaları, həsrəti kölgədə qoyaraq, işıqlı bir sabahı gətirəcəyinə ümid edirik.
Ömür yoldaşına yazdığı şeirdə isə müəllifin xanımını Vətəninə, məmləkətinə bənzədərək Vətəni, məmləkəti kimi əzizləməsinə, oxşamasına heyran qalırıq:

Ilim-günüm bitə-bitə,
Yollarına yetə-yetə,
Qızlarımı öpə-öpə
Məmləkətim dedim sənə.

Və bu heyranlıq aşağıdakı misrada zirvəyə çatır. O sevdiyi insanın gözlərindəki kədəri söküb atmaq, silmək istəyir. Lakin bir həqiqəti də bilir ki, bir ana ürəyi kədərsiz, bir qadın siması qəmsiz ola bilməz. Elə buna görə də şair ömür yoldaşını qəmi ilə bahəm sevir, qəmi ilə oxşayır, onun üzündəki qəmi öpüşlərə qərq edir:

Heç bilmirəm baxışından
Necə söküm kədəri.
Bir nişanə qalmasın bu
kədərin izindən.
Həsrət işığı sönməz,
Buludlar yaman dolub,
Gözlərini yum daha,
Öpüm qəmin üzündən.

Bəzən bir ömrü bir romana, poemaya sığışdırmağa çalışan yazarlar bu istəyinə nail ola bilmir. əslində bir insan ömrünü sətirlərə sığdırmaq elə də asan deyil. “Neyləyim” şeirində isə İnqilab İsaq bir ömrü bir bəndə sığışdırmağı bacarıb:

Saçının rəngini gecə hörərdi,
Heyif, boyağını payızdan alıb.
Elə bil, dünyanın acığı tutub
Bütün heyifini bu qızdan alıb.
İnqilab İsağın bir özəlliyi də şeirdəki qohum sözləri (qafiyələri) ustalıqla sıralaması, yan-yana düzməsi, cilalamasıdır:

Qara günüm yazılsa da ağ şama,
Demə, yolum daha düşüb axşama.
Bu sevdanı təsəlliylə oxşama,
Ovcumdakı çiçəyə bax bu yaşda.

Bu nübarı kim saxladı son aya,
Nə söyləyim o gözələ, sonaya.
Nə çatacaq bu ömürdən sonraya?
Ovcumdakı çiçəyə bax bu yaşda.

Burada “ağ şama”, “axşama”, “oxşama”, “son aya”, “sonaya”, “sonraya” həmqafiyələrinin harmoniyası şeirə lətafət verir, sözü dildə pərvazlandırır.
“Qafiyəsiz baxışlar” şeirinin adı bir poeziyadır, poetik nümunədir. Baxışları məhz qafiyəylə müqayisə etmək məncə İnqilab İsağın poetik kəşfidir. Həm də gözəl kəşfdir, baxış dalğalanır, fikrə yollanır, dağılır, düzülür, qafiyəsini itirir.
Həm də burada metafora artıq metanomiyaya keçir, fərqli bir metanomiyaya.

Eyni dalan, eyni künc,
Qafiyəsiz baxışlar.
Çirkablarda boğulur,
Heyif, körpə yağışlar.

Yalan öpmüş yanaqda,
Körpə günah közərir.
Aldanmış görüşləri,
İndi ayrılıq dərir.

İnqilab İsaq tənhalığını sevir, tənhalığını qoruyur. O, bilir ki, Öz olması, yaratdığı şeirləri, dünyaya fərqli baxışı… məhz tənhalığının bəhrəsidir. Ona görə də hamıya çatmaq, hamıyla bir sırada durmaq istəmir, tənhalığını puç etməkdən çəkinir:

Hamıya gedib çatsam,
Tənhalığım puç olar,

– deyir.
Elə mən də şairin bu arzusuna qoşuluram, tənhalığınızı qoruyun, qoruyun ki, hamıdan biri olmayasınız, deyirəm. Və İnqilab İsağın yeni yazılacaq şeirlərini, kitablarını gözləyirəm. /adalet.az/

Yazıya 994 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.