Oktyabrın 31-də Atatürk Mərkəzində dünyaşöhrətli Azərbaycan şairi, ədəbiyyatımızın görkəmli nümayəndəsi Məmməd İsmayılın xatirəsinə həsr olunmuş “Bir Məmməd İsmayıl səfər eylədi” adlı kitabın təqdimatı və şairin anım mərasimi keçirildi. Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavini Namazəlı Məmmədovun maddi dəstəyi ilə ərsəyə gələn, şair-publisist Ehtiram İlhamın tərtibçisi və redaktoru olduğu kitab Məmməd İsmayılın ədəbi irsini, poeziyasının dərin fəlsəfəsini və onunla bağlı xatirələri özündə əks etdirir.
Tədbirdə Azərbaycanın tanınmış ziyalıları, ədəbiyyat və mədəniyyət xadimləri, aşıqlar, sənət adamları və media nümayəndələri iştirak edirdi.
Mərasimin aparıcısı Xalq şairi Sabir Rüstəmxanlı Məmməd İsmayılın həyat və yaradıcılığından geniş söz açaraq bildirdi ki, şairin poeziyası Azərbaycan söz sənətinin ən dəyərli səhifələrindən birini təşkil edir: “Məmməd İsmayılın yaradıcılığı Vətəni, xalqı və insanı sevən bir ruhun aynasıdır. Onun misralarında təbiət, torpaq, kök və yaddaş bir-birinə qarışır. O, təkcə şair yox, həm də bir millətin ruhunun daşıyıcısı idi.”
Daha sonra tədbirdə çıxış edən ədəbiyyat və mədəniyyət xadimləri — Qəzənfər Paşayev, Səfər Alışarlı, Bahəddin Həzi, Azad Qaradərəli, İbrahim İlyaslı, Şakir Göyüşov, Elxan Zal Qaraxanlı, İlham Süleymanoğlu, Rəfail Qəribov, Mikayıl Bozal, Mübariz Məsimoğlu, İradə Aytel və başqaları Məmməd İsmayılın zəngin yaradıcılığından, onun poeziyasında milli ruhun, vətən sevgisinin və humanist dəyərlərin təcəssümündən danışaraq, şairin Azərbaycan ədəbiyyatında qoyduğu izləri dəyərləndirdilər.
Çıxışlarda qeyd olundu ki, Məmməd İsmayıl təkcə Azərbaycanın deyil, həm də türk dünyasının sevilən şairlərindən biri kimi sözün, sənətin, milli kimliyin qorunmasına ömrünü həsr edib. Onun şeirləri həm türk dövlətlərində, həm də dünyanın bir çox ölkələrində oxunur, sevilir və tədqiq olunur.
Təqdimat mərasimində Aşıq Elməddin Məmmədli və Aşıq Roman Azaflı Məmməd İsmayılın şeirlərini saz havası üstündə ifa etdilər.
Sonda şairin qızı İntizar İsmayıl çıxış edərək kitabın ərsəyə gəlməsində əməyi keçənlərə və tədbir təşkilatçılarına təşəkkürünü bildirdi. O, atasının yaradıcılığının unudulmaması və bu cür tədbirlərlə yaşadılmasının ailə üçün böyük mənəvi dəyər daşıdığını vurğuladı.
Yazıya 22 dəfə baxılıb
























